Azərbaycan Respublikası regional lider kimi beynəlxalq birliyin əsas subyektlərindən biridir

Avropa Şurasına qoşulmaq bizim düşünülmüş seçimimiz oldu. Çünki biz islahatların genişləndirilməsi üçün bu təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa Şurasına qoşulmağımız, həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər biz öhdəlikləri yerinə yetiririk. Xanım sədrin qeyd etdiyi kimi, biz demək olar ki, 60-a yaxın konvensiyaya qoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Strasburq, 24 iyun 2014-cü il

 

Gənc müstəqil respublikamızın sosial-iqtisadi inkişafı, iqtisadi qüdrəti və hərbi gücü artdıqca Azərbaycan beynəlxalq aləmdə daha çox söz sahibi olur və səsimizi eşidənlərin çevik reaksiyasını görürük. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı və parlamentarilərin suallarını cavablandırması zamanı bir daha bunun şahidi olduq. Sessiyada iştirak etmiş nümayəndə heyətimizin üzvlərinin dediklərinə və dünya mətbuatının yazdıqlarına görə, Azərbaycanı Avropada nəinki 10 il əvvəki, heç beş il əvvəlki kimi də deyil, tamamilə fərqli bir şəkildə qarşılayırlar. İndi artıq Avropada hamı Azərbaycana böyük hörmət və ehtiramla yanaşır. Təbii ki, köhnə qitədəki erməni lobbisinin çörəyi ilə yaşayan bir qrup avantürist istisna olmaqla.

Respublikamızın təkcə regionda deyil, eləcə də bütün dünyada aparıcı söz sahibinə çevrilməsinin əsas səbəbləri ölkə daxilində həyata keçirilən islahatların dünya təcrübəsi səviyyəsində nəticələr verməsi, sivil, hüquqi, demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər, beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərin mərhələli şəkildə, prinsipiallıqla yerinə yetirilməsidir. Bu sırada Azərbaycanın BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilata sədrlik etdiyi dövrdə ortaya qoyduğu qətiyyət və bəşəri dəyərlərə söykənən prinsipiallıq da öz sözünü demiş, Bakının ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin xüsusi rolu olmuşdur. Ona görə də beynəlxalq aləmi təmsil edən politoloq və siyasi ekspertlər bu fikirdədirlər ki, Azərbaycan AŞPA Nazirlər Komitəsinə sədrlik müddətində də özünəməxsus nümunə formalaşdıracaq. Elə Prezident İlham Əliyevin AŞPA Nazirlər Komitəsinə sədrliyimizin başlandığı sessiyadakı çıxışı və sualları cavablandırması bir daha sübut etdi ki, qarşıdakı aylarda AŞPA tribunasına yeni nəfəs gələcək.

Dövlət başçımız özünün tarixi çıxışında Azərbaycan həqiqətlərinin bütün məqamlarına toxundu. Prezidentin nümayiş etdirdiyi qlobal düşüncə tərzi, beynəlxalq aləmdə yaşanan ictimai-siyasi proseslər haqqında məlumatlılıq səviyyəsi, müxtəlif məsələləri təhlil edərkən göstərdiyi prinsipiallıq, qabiliyyət, qətiyyət onun dəmir iradəsi ilə təqdim olunurdu. Məhz bu keyfiyyətlər üzərində qurulmuş tarixi çıxış təkcə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə növbəti dəfə olduğu kimi təqdim edilməsi ilə deyil, həm də Ermənistan dövlətinin işğalçılıq siyasətinin və bəşəri dəyərlərə qənim kəsilən ermənilərin ikrah yaradan əməllərinin ifşa olunması ilə yaddaşlarda qaldı.

Təbii ki, bu gün Avropanın və bütövlükdə dünyanın ən çox diqqət yetirdiyi məsələlərdən biri də əsas insan hüquq və azadlıqlarının qorunmasıdır. Ona görə də dövlət başçımız öz geniş çıxışının əvvəlində bu məsələlərə toxunaraq əhatəli məlumat verdi : “Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır. Qırxdan artıq gündəlik və təxminən iki yüz həftəlik və aylıq qəzet çıxır. Respublika səviyyəsində doqquz televiziya kanalı vardır. On dörd bölgə və on dörd kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad internet vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz böyük sərmayələri tələb edən layihəni həyata keçirməkdədir: genişzolaqlı internet hər bir şəhər və kənd üçün təmin edilməlidir. Digər sözlə, azad internetin mövcudluğu, senzuranın olmaması şəraitində biz mətbuat azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, biz mətbuat azadlığının tərəfdarıyıq, çünki media azadlığı demokratiya deməkdir. O, hökumətə çatışmazlıqlara diqqət yönəltməyə yardım edir. O, hökumət ilə cəmiyyət arasında zəruri əlaqələrin qurulmasına zəmin yaradır. Bu, Azərbaycanın, müasir Azərbaycanın ən böyük zənginliklərindən biridir. Biz bundan qürur hissi duyuruq. Bu səbəbdən, biz bir daha söyləyə bilərik ki, mətbuat azadlığı tam şəkildə təmin edilir”.

“Yüz illər boyu ölkəmizdə tolerantlıq mühiti qorunub saxlanılır” – deyə öz fikirlərini davam etdirən Prezident gənc müstəqil dövlətimizin bu sahədə əldə etdiyi uğurlardan danışmışdır: “Bizdə dini azadlıq vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çox dinlərin olduğu cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürüblər. Multikulturalizm dəyərləri sədrliyimiz zamanı diqqət yetirəcəyimiz prioritetlərdən biri olacaqdır. Azərbaycan 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında başlamış Bakı prosesinin təşəbbüskarı olub. Biz həmin tədbirə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini dəvət etdik. Bu, tarixdə ilk dəfə idi ki, iki mühüm beynəlxalq təşkilatın nümayəndələri Bakıya toplaşmışdılar. Növbəti il, 2009-cu ildə əksinə etdik: biz Avropa Şurasının mədəniyyət nazirlərini İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən tədbirinə dəvət etdik. Bir sözlə, multikulturalizm üstünlüklərdən, böyük varlıqlardan biridir. Sədrliyimiz zamanı biz bu məsələyə birmənalı olaraq diqqət yetirəcəyik”.

Azərbaycan Prezidenti liderlik və ümumxalq rəhbəri keyfiyyətlərini nümayiş etdirərək bilavasitə Avropa siyasətçilərinin qarşısında dünya siyasətinin konturlarını cızan bəzi dairələrin gizlədə bilmədiyi ikili standartları da ciddi şəkildə tənqid etmişdir: “Digər prioritetlərə gəldikdə, biz diqqətimizi beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasına yönəldəcəyik. Çünki bizə gəldikdə, Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmayıb. Beləliklə, nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmi olmalıdır. Bu mexanizm hamımız tərəfindən yaradılmalıdır. Digər halda, bu qətnamələr öz mahiyyətini itirir. Biz beynəlxalq hüququn norma və prinsiplərini qəti şəkildə təşviq edəcəyik".

Prezident Avropa rəsmilərinə çox ciddi şəkildə xəbərdarlıq etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır: “ Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə, əslində, donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə iki yüz ildən az müddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu tərəfindən dağıdılıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir”.

Azərbaycan Prezidenti haqlı olaraq öz etirazını bildirdi ki, “Dünyanın ən ali beynəlxalq orqanı - BMT-nin Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, öncə qeyd etdiyim kimi, bu qətnamələr icra edilməyib. Bu, bir daha ikili standart siyasətini göstərir. Çünki bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən çox çəkir. Mexanizm isə yoxdur. Ermənistan əraziləri tərk etmək istəmir. Onlar işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Onlar hər bir şeyi olduğu kimi saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Bu, beynəlxalq vasitəçilərin göstərdiyi səylərə tam ziddir. ATƏT-in Minsk qrupu və həmsədrləri, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri - Birləşmiş Ştatlar, Rusiya və Fransa - onların prezidentləri dəfələrlə aydın bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, Ermənistan işğal edilmiş ərazilərdən öz işğalçı qüvvələrini çıxarmağa başlamalıdır”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Strasburqdakı tarixi çıxışından iki gün sonra - iyunun 26-da Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən möhtəşəm hərbi təlimdə iştirak edən zabit və əsgərlərlə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının yolverilməz olduğunu, rəsmi Bakının ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün bütün variantları məqbul saydığını söyləmişdir. Bunun üçünsə, təbii ki, güclü ordu lazımdır. Belə bir ordunun Azərbaycanda formalaşdırıldığını söyləyən Prezident demişdir: “Bu gün təmas xəttində əldə etdiyimiz üstünlük artıq reallıqdır. Azərbaycan cəmiyyətində, Azərbaycan Ordusunda ruh yüksəkliyi müşahidə olunur. Ermənistanda, Ermənistan ordusunda ruh düşkünlüyü müşahidə olunur. Əgər belə olmasaydı, təkcə birinci rübdə 40 min erməni öz ölkəsini həmişəlik tərk etməzdi. Ermənistanda ciddi demoqrafik böhran yaşanır. Bu böhranın əsas səbəbi onların işğalçı siyasətidir. Onlar hesab edirlər ki, müharibədə üstünlük əldə ediblər. Hanı bu üstünlük? Erməni xalqı səfalət içində yaşayır. Ermənistan sadəcə olaraq müstəqil ölkə kimi sayıla bilər. Amma real müstəqilliyi əldən verib. Nəyə görə? İşğalçı siyasətinə görə.

Azərbaycan isə müstəqil siyasət aparır. Azərbaycan güclənir, regionda güc mərkəzidir. Bizim iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu biz bu gün də edə bilərik".

Keçirilən hərbi təlimin nəticələrindən məmnunluq ifadə edən Ali Baş Komandan 20 ildən bəri ürəyi yurd göynərtisi ilə sızıldayan çoxsaylı qaçqın-köçkünlərimizə məhz dövlət başçısının dilindən səslənən bir ümid verdi: “Bugünkü təlimlərdə göstərilən peşəkarlıq, bizim texniki imkanlarımız, cəmiyyətdə yaşanan və güclənən vətənpərvərlik ruhu istənilən anda məsələnin tezliklə, hərbi yolla həll edilməsinə şərait yaradır. Düşmən bunu bilir və ona görə qorxu içindədir. Biz hələ ki, danışıqlara sadiq qalacağıq. Ancaq bir daha demək istəyirəm ki, səbrimiz tükənir və Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, buna qadirdir. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır. İşğal edilmiş torpaqlar ilk növbədə azad olunmalıdır, ondan sonra Dağlıq Qarabağ, - o da işğal edilmiş torpağımızdır, - Azərbaycan nəzarətində olmalıdır. Azərbaycan bayrağı işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə qaldırılmalıdır və qaldırılacaqdır. Bu, bizim əsas vəzifəmizdir. Biz bu vəzifəyə çatacağıq. Biz hər gün, hər an bu hədəfə yaxınlaşırıq. Bugünkü təlimlər bir daha onu göstərir ki, biz bu hədəfə bir addım da yaxınlaşmışıq”.

Bir daha AŞPA-nın adıçəkilən sessiyası barədə qeydlərə qayıdaraq xatırladaq ki, Prezident İlham Əliyev tədbirdəki çıxışından sonra sualları cavablandırarkən həm ermənilərin işğalçılıq siyasətindən əl çəkmədiyini, həm beynəlxalq aləmdəki bəzi qüvvələrin ikili standart siyasətini davam etdirdiyini, bütün bunların fonunda Azərbaycan iqtisadiyyatının və hərbi potensialımızın sürətlə artdığını söyləmiş, ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün variantlardan istifadə etmək hüququmuzun olduğunu xatırlatmışdı. Bunların hamısı qətiyyət nümunəsi idi. Ancaq siyasi ekspertlərin fikrincə, Azərbaycan Prezidenti ən böyük qətiyyəti öz ölkəsinə ünvanlanan şər və böhtanları eşidərkən nümayiş etdirib. Belə ki, Flin soyadlı bir deputat utanmadan bəyan edib ki, guya Azərbaycanda hansısa jurnalist əsassız olaraq cəzalandırılıb və seçkinin nəticələri düzgün hesablanmayıb. Azərbaycan Prezidenti ona çox kəskin və konkret cavab verdi: “Verdiyiniz qısa sualda iki dəfə yalan danışdınız. Siz iki dəfə yalan dediniz və mən bunu sübut edəcəyəm. İndi isə mənə qulaq asın. Azərbaycanda jurnalistlər ittiham olunmur və 2009-cu ildən bəri heç kəs böhtana görə həbs olunmayıb. Heç bir kəs. Bu, sizin birinci yalanınızdır. İkinci yalanınız isə seçkilərin saxta olması ilə bağlıdır. Avropa Şurasının Parlament Assambleyası seçkini müşahidə etmək üçün nümayəndə heyəti göndərmişdi və çox güman ki, siz bu nümayəndə heyətinin tərtib etdiyi hesabatla tanış deyilsiniz. Əgər siz hesabatla tanış deyilsinizsə, həmkarlarınızla əlaqə saxlayın. Onlar Azərbaycanda keçirilən seçkiləri müsbət dəyərləndiriblər. Mindən çox beynəlxalq müşahidəçi seçkilərdə iştirak etmişdir, beynəlxalq təşkilatlar tərəfindən bir neçə exit-poll keçirilib. Bütün bu təşkilatlar seçkilərin rəsmi nəticələrini dəstəkləyib. Beləliklə, onların da verdiyi qiymət fərqli olmayıb. Avropa Şurası Parlament Assambleyası nümayəndə heyəti göndərmişdi və onların tərtib etdiyi hesabat müsbət olub. O hesabat burada tərtib olunub. Avropa Parlamenti nümayəndə heyəti göndərmişdi, hesabat müsbət olmuşdur. ATƏT-in Parlament Assambleyası da nümayəndə heyəti göndərmişdi, bu da müsbət nəticə vermişdir. Niyə görə siz burada yalan danışırsınız? Seçkilər azad və ədalətli idi və seçkilərin nəticələri burada bu təşkilat tərəfindən təsdiq olunub. Ola bilsin ki, bu vəziyyət sizin ölkənizdə baş verir”.

Beləliklə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həm Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı, həm də Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilmiş hərbi təlimdən sonrakı çıxışları milli dövlətçiliyimizi sevən, onu qoruyub saxlamaq istəyən adamlar tərəfindən məmnunluqla, bədxahlarımız tərəfdən isə təlaş, təşviş və həyəcanla qarşılandı. Amma, bu məqamdan nəticə çıxarmalı olan üçüncü tərəf də var idi. Biz həmin ünvanı üçüncü tərəf adlandırsaq da oradakılar xalqlara və dövlətlərə münasibətdə həmişə ikili standartla fəaliyyət göstərən və yaşayanlardır. Fikrimizcə, nəticə çıxarmağın vaxtıdır.

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında