Azərbaycan hazırda dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Son on ildə xarici siyasətdə, iqtisadi və mədəni sahələrdə əldə edilən uğurlar ölkəmizin sürətli inkişaf yolunda olmasından xəbər verir. Artıq dünyanın nüfuzlu qurumları da öz tədbirlərini Azərbaycanda keçirməyə üstünlük verirlər. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir. Bu, ölkəmizə olan inam və etimadın göstəricisidir.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Avropanın “Neurope.eu” informasiya portalında dərc olunmuş müsahibəsində bu barədə daha ətraflı məlumat verilmiş, ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulması faktı öz əksini tapmışdır. Son 10 ildə əldə olunan uğurlar, iqtisadi, siyasi və mədəni sahələrdə qazanılan nəticələr 23 illik müstəqillik tarixi olan bir ölkə üçün, təbii ki, böyük nailiyyyətdir. Keçmiş SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış MDB dövlətləri arasında məhz Azərbaycanın beynəlxalq aləmə sürətli inteqrasiyası, reytinqinin getdikcə artması siyasi uzaqgörənliyin, davamlı və məntiqli strategiyanın nəticəsidir. Ölkəmizin sürətli inkişafı, xalqın ulu öndər Heydər Əliyev siyasi xəttinə inamını daha da artırmış və bu siyasi kursun alternativi olmadığı barədə inam yaratmışdır. Ümummilli lider Heydər Əliyevin möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Artıq Azərbaycan iqtisadi inkişaf templəri baxımından dünyada lider dövlətə çevrilmişdir. İqtisadi qüdrətimizin getdikcə möhkəmlənməsi ölkəmizi daha da gücləndirmişdir. Bəzi faktlara əsaslanaraq respublikamızın son 10 ildə qazandığı nailiyyətləri diqqətə çatdırmaq istərdik. Düşünülmüş proqramlara əsaslanan məqsədyönlü fəaliyyət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artmış, həmçinin strateji valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçmişdir. Milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə yatırılmışdır. Təbii ki, bütün bunlar əhalinin yaşayış tərzinin yaxşılaşmasına böyük təsir göstərmişdir. Bunun nəticəsidir ki, son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı isə 5,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə, işsizlik isə 5 faizə düşmüşdür.
Bir neçə il əvvəl dünyanı iqtisadi və maliyyə böhranı ağuşuna aldığı bir vaxtda Azərbaycanda həyat öz axarınca davam etmiş, üstəlik əhalinin pensiyaları, əmək haqları, sosial müavinətləri artırılmış, aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu uğurlara siyasi və iqtisadi strategiyanın düzgün müəyyənləşdirilməsi nəticəsində nail olunmuşdur. Onu da qeyd edək ki, ölkəmizin qazandığı nailiyyətlər dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də yüksək dəyərləndirilir. Məsələn, Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə Qlobal Rəqabətlilik Hesabatına görə Azərbaycan dünya ölkələri arasında 39-cu sıradadır.
Əhalini ən çox narahat edən işsizlik probleminin aradan qaldırılması Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri olub. Bu barədə “Neurope.eu” informasiya portalının əməkdaşının “Regionların sosial iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram 2014-2018-ci illəri əhatə edir. İlk iki proqramın həyata keçirilməsini necə qiymətləndirirsiniz və üçüncü proqramdan nə gözlənilir”– sualını cavablandıran dövlətimizin başçısı demişdir: “2004-cü ildə ilk regional inkişaf proqramını qəbul edərkən məqsədimiz bölgələrin hərtərəfli inkişafını təmin etmək və paytaxtla ölkənin qalan hissəsi arasındakı uyğunsuzluğu aradan qaldırmaq olmuşdur. Hətta 2003-cü ildə keçirilən seçkilərdən öncə demişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk növbədə, regionların inkişafı məsələsi ilə məşğul olacağıq və bu məqsədlə xüsusi dövlət proqramı qəbul ediləcək. Bu, baş verdi. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki dövlət proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata keçirilməsi regionların inkişafında dönüş nöqtəsi olmuş və bölgələrimizin sosial-iqtisadi mənzərəsini dəyişmişdir. Nəticədə, regionlardakı ictimai xidmətlərin keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə təkmilləşmiş, biznes mühiti daha əlverişli olmuş, sərmayələr artmış, minlərlə yeni müəssisə istifadəyə verilmiş və 900 mini daimi olmaqla, 1,2 milyondan artıq yeni iş yeri yaradılmışdır. Son 10 ildə regionlarda məhsul buraxılışı 3,2 dəfə, sənaye istehsalı isə 3,1 dəfə artmışdır. Azərbaycanın bütün regionları və qəsəbələri abadlaşmış və müasirləşmişdir. İnamla qeyd edə bilərəm ki, həyata keçirilmiş proqramlar ölkəmizin regionlarının, ümumilikdə Azərbaycanın iqtisadi potensialının inkişafına böyük töhfə vermişdir”.
Respublikamızda dünya standartlarına uyğun istehsal və sənaye müəssisələrinin yaradılması xarici ölkə vətəndaşlarının da diqqətindən yayınmamışdır. Onlar işləmək üçün ölkəmizə üz tutmuş və hazırda da bəzi müəssisələrdə çalışırlar. Halbuki, bir vaxtlar soydaşlarımız iş axtarmaq üçün müxtəlif ölkələrə üz tuturdular. Ölkəmizdə yaradılmış davamlı ictimai-siyasi sabitlik çoxlu sayda iri investorun Azərbaycana sərmayə qoymasına geniş imkanlar açmışdır. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait də buna təkan vermişdir. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycanda işləmək istəyən xarici şirkətlərin sayı getdikcə artmaqdadır.
Son on ildə xarici siyasət sahəsində qazanılan uğurları müstəqillik tariximizin zirvə nöqtəsi hesab etmək olar. Ancaq bu uğurlar bizim üçün son hədd olmayacaq. Azərbaycan Prezidenti “Ölkənin həm iqtisadi, həm də sosial inkişafı, eyni zamanda, həm də güclü beynəlxalq status deməkdir. Xarici siyasətinizin uğurları barədə nə deyə bilərsiniz”— sualına cavab verərkən son 10 ildə bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək demişdir: “Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərlə və beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi olan və böyük beynəlxalq nüfuza malik bir ölkə hesab edilir. 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tarixi nailiyyət və xarici siyasətimizin böyük uğuru, həmçinin dünyadakı nüfuzumuzun göstəricisi olmuşdur. Aydın görünür ki, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə çıxış edir və öz maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasına ikiillik üzvlüyümüz, həmçinin təşkilata sədrlik dövründə Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərpasına, ölkələr və sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini vermişdir”.
Bu gün hər bir soydaşımızı narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasıdır. Bunun əsas səbəblərindən biri Ermənistanın bu gün də işğalçılıq siyasətindən əl çəkməməsi, qeyri-konstruktiv mövqe nümayiş etdirməsi, digər səbəb isə özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi tanıdan bəzi beynəlxalq təşkilatların ikili standart nümayiş etdirməsidir. Ermənistan dövləti 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Bu işğal nəticəsində bir milyondan artıq soydaşımız öz doğma ocaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları barədə nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin bu vaxta qədər icra olunmaması da ikili standartların nəticəsidir. Dünya birliyinin bu ədalətsizliyə hələ də göz yumması erməniləri daha da azğınlaşdırır və onlar hər gün atəşkəs rejimini pozurlar. Ermənistan dünya birliyində artıq işğalçı və terrorçu dövlət kimi tanınır. Onların qəddarlığı artıq beynəlxalq aləmdə məlumdur. Dövlətimizin başçısı müsahibədə bu məqamları da vurğulayaraq demişdir ki, artıq bəzi Latın Amerikası ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişlər. Ümumilikdə, dünyanın 10 ölkəsi Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi qırğını soyqırımı aktı kimi tanımışdır. Bu ölkələrin parlamentləri müvafiq qərarlar qəbul etmişlər.
Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınacağını qətiyyətlə bildirən Azərbaycan Prezidenti qeyd etmişdir: “Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəkdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Münaqişə həll olunmadıqca, Ermənistan dövləti bütün transmilli və regional layihələrdən kənarda qalacaq, erməni xalqının acınacaqlı vəziyyəti daha da pisləşəcək və ölkənin bütün imkanları tamamilə tükənəcəkdir”.
“Qarşınıza qoyduğunuz strateji məqsəd nədir”– sualına dövlətimizin başçısının verdiyi cavab da çox tutarlı olmuşdur: “Gündəliyimizdəki strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirmək və ölkəmizi dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. İnanıram ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.
Bütün bu uğurlardan sonra ölkəmizdə keçirilən sonuncu prezident seçkilərində prezidentliyə namizədlər arasında xalqın düzgün seçim etməsi labüd idi. Xalq Heydər Əliyev siyasi xəttinə inanır və böyük ümid bəsləyir. Uzun illərdir ki, bu inam və etimadın şahidi olan xalq 2013-cü ildə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə yenidən cənab İlham Əliyevi dəstəklədi. Sonuncu seçkilər ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə hesab olunur. Bu seçkinin nəticəsi beynəlxalq birlik tərəfindən də yüksək qiymətləndirilib. AŞPA, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər nüfuzlu təşkilatlar, həmçinin seçkilərin gedişini izləmiş beynəlxalq müşahidəçilər və siyasi ekspertlər seçkilərin azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçirildiyini bildirmişlər.
Bütün bunlar seçkilərlə bağlı xalqımızın və beynəlxalq ictimaiyyətin fikirlərinin üst-üstə düşdüyünü göstərir. Azərbaycan xalqı əksəriyyətlə verdiyi səslə bu günədək həyatda müşahidə etdiyi siyasətə öz dəstəyini nümayiş etdirmiş və bu siyasətin davamlı olması üçün bundan sonra da ölkə Prezidentinin ətrafında sıx birləşəcəyini bildirmişdir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.