Korrupsiyaya qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir

Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur. Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulmaqla qanunvericilik bazasını tam müasirləşdirmiş və institusional islahatlar həyata keçirmişdir.

İlham ƏLİYEV

 Azərbaycan Respublikasının Prezidenti

 

Korrupsiya cəmiyyətin sosial bəlası olduğundan ona qarşı mübarizə daim dövlətin diqqət mərkəzində saxlanılır. Azərbaycanda korrupsiya ilə mübarizənin əsası ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə imzaladığı xüsusi fərmanla qoyulmuşdur. Həmin vaxtdan başlayaraq  insanları ciddi narahat edən bu sosial bəlaya qarşı mübarizə getdikcə güclənmişdir.

Korrupsiyaya  qarşı təkcə inzibati mübarizə aparmaqla  bu sahədə hər hansı bir effektli nəticə gözləməyə dəyməz. Korrupsiyaya qarşı mübarizədə siyasi iradənin olması vacib amil kimi qəbul olunur. Bu sahədə əldə olunan uğurlar və ölkəmizin adının nüfuzlu beynəlxalq təşkilatların hesabatında ön sıralarda olması, ilk növbədə, Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsinin, dövlət orqanları qarşısında qoyduğu konkret vəzifələrin, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir.

 2003-cü ildən başlayaraq, korrupsiyaya qarşı mübarizə məqsədilə qanunlar qəbul edilmiş, beynəlxalq sənədlər ratifikasiya olunmuşdur. Bununla da Azərbaycanda korrupsiyaya qarşı mübarizədə siyasi iradə ortaya qoyulmuşdur. Həmin vaxtdan mütəmadi olaraq korrupsiyaya qarşı mübarizənin hüquqi bazası təkmilləşdirilmiş və bu sahədə daha qətiyyətli addımlar atılmışdır. Digər tərəfdən, dövlət başçısı bütün çıxışlarında korrupsiyaya qarşı mübarizə ilə bağlı öz fikirlərini açıq şəkildə bildirmiş, tövsiyələrini vermiş və qəti tələblərini qoymuşdur. Ölkə başçısı bütün tədbirlərdə bildirir ki, korrupsiyaya qarşı mübarizədə səngimə olmamalıdır. Azərbaycan Prezidentinin bu mövqeyi korrupsiyaya qarşı mübarizədə ciddi siyasi iradə kimi qiymətləndirilməlidir. Çünki dövlət başçısı bununla bəyan etmiş olur ki, siyasi iradə ortadadır, korrupsiyaya qarşı mübarizə dövlətin siyasətinin prioritet istiqamətidir.

Bu fikirlər Bakıda  “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilmiş beynəlxalq konfransda da səslənmişdir.  Belə bir əhəmiyyətli tədbirin məhz Bakıda keçirilməsi heç də təsadüfi hesab oluna  bilməz. Çünki bəşəriyyətin sosial bəlasına çevrilmiş, insanları daha çox narahat edən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə son illər  dünya səviyyəsində genişlənmiş və ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir. Respublikamızda keçirilən tədbirdə  35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndənin iştirakı  da  ölkəmizdə korrupsiyaya qarşı mübarizənin Azərbaycanın dövlət siyasətinin prioritet istiqaməti olmasının nəticəsidir. Bu sahədə respublikamızda həyata keçirilən tədbirlər digər ölkələr üçün nümunə ola bilər. Azərbaycan Prezidenti İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda da bu fikri xüsusi olaraq vurğulamışdır: “ Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulmaqla qanunvericilik bazasını tam müasirləşdirmiş və institusional islahatlar həyata keçirmişdir. Təəssüflər olsun ki, korrupsiya bütün dünya, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır. Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bununla bağlı Azərbaycanda tətbiq edilən dövlət xidmətlərinin göstərilməsində korrupsiyanı tam istisna edən və şəffaflığı təmin edən təcrübə digər ölkələr üçün də müsbət nümunə ola bilər”.

Avropa Şurasına üzv ölkələrlə Azərbaycan arasında əlaqələr daim inkişaf etdiyini, müxtəlif sahələrdə genişləndiyini diqqətə çatdıran ölkə başçısı, həmçinin bildirmişdir ki,  mayın 14-dən Azərbaycan Respublikası Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Ölkəmiz sədr olduğu dövrdə korrupsiyaya qarşı mübarizəni prioritet elan etmiş və üzv ölkələrin qarşılaşdığı problemlərlə ciddi şəkildə məşğul olmaq niyyətindədir.

Azərbaycan Prezidenti əminliklə bildirmişdir  ki, korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin gücləndirilməsinə xidmət edən bu konfrans fəaliyyətimizin daha səmərəli təşkilinə və əməkdaşlığımızın möhkəmlənməsinə töhfə verəcəkdir.

 Respublikamızda son illər korrupsiyaya qarşı mübarizənin  daha da güçləndirilməsi nüfuzlu beynəlxalq qurumların hesabatlarında da öz əksini tapmışdır.  Fakt üçün qeyd edək ki, “Transparency İnternational” Təşkilatı 2013-cü il “Qlobal Korrupsiya Barometri” hesabatını açıqlamış və bu sənəddə Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlər əldə etdiyi bir daha təsdiq olunmuşdu. Hesabata görə, Azərbaycanda respondentlərin 68 faizi hesab etmişdir ki, dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəli olmuşdur. Bu, dünya ölkələri üzrə müəyyən edilmiş 22 faiz göstəricisindən 3 dəfə artıqdır. İkinci nümunə isə dünyada korrupsiyanın səviyyəsi ilə bağlı olan göstəricidir. Belə ki, dünya üzrə respondentlərin 50 faizdən çoxu hesab edir ki, korrupsiyanın səviyyəsi son iki ildə artmışdır. Azərbaycanda isə respondentlərin 73 faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi azalmışdır.

Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar həyata keçirilən  tədbirlər Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının aidiyyəti qurumları tərəfindən də yüksək dəyərləndirilib və nəticələr təqdirəlayiq hesab edilib. Həmin hesabatlar ictimaiyyət üçün açıqdır və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən praktik tədbirlərə kənardan verilən müsbət qiymətdir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərinin əsas istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır və bu sahədə  mütəmadi olaraq davamlı tədbirlər həyata keçirilir. Belə ki, ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün əhəmiyyətli beynəlxalq sənədlərə qoşulub və beynəlxalq təşəbbüslərin fəal iştirakçısıdır. Ölkəmiz  BMT-nin “Korrupsiya əleyhinə Konvensiyası”, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” konvensiyalarına qoşulmuş və onların yerli səviyyədə tam icrasını təmin edib.

Göründüyü kimi, ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlətimizin diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Bakıda  “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilmiş beynəlxalq konfransda  səsləndirilən fikirlər bu baxımdan böyük əhəmiyyət kəsb edir. Konfransa Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan, Monako və Lixtenşteynin baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiyanın ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun prezidenti, IACA-nın icraçı katibi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) baş katibi və digərləri qatılmışdılar.

Qeyd edək ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə ölkəmizdə keçirilməsi nəzərdə tutulan 18 mühüm tədbirdən birincisinin məhz korrupsiyaya qarşı mübarizə ilə əlaqədar olması təqdirəlayiq  hesab edilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyev konfrans iştirakçılarını salamlamış, bir çox ölkənin korrupsiyaya qarşı mübarizə sahəsində yaxşı təcrübə qazandığını vurğulamışdır. Akademik R.Mehdiyev  ölkəmizin də korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük təcrübə qazandığını, Azərbaycan Prezidentinin sərəncamı ilə mühüm qurumların yaradıldığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu qurumlar arasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, dünyada nadir təcrübə olan “ASAN xidmət”in  çox böyük əhəmiyyəti vardır. Azərbaycanda olan yüksək səviyyəli qonaqların “ASAN xidmət”in fəaliyyətini böyük maraqla müşahidə etdiklərini vurğulayan Prezident Administrasiyasının rəhbəri onların bu qurumun işini yüksək qiymətləndirdiklərini, respublikamızda korrupsiyaya qarşı güclü mübarizə sisteminin yaradıldığını bildirdiklərini demişdir. Prezident Administrasiyasının rəhbəri “ASAN xidmət”in yaradılmasını və onun fəaliyyətini Azərbaycan vətəndaşlarının da böyük razılıqla qarşıladıqlarını diqqətə çatdırmışdır.

Korrupsiyanın qarşısının alınmasında onu yaradan şəraitin-bürokratiya, süründürməçilik və digər halların aradan qaldırılması əsas amillərdən biridir. Bu şəraitin öhdəsindən gələ bilən bir qurumun Azərbaycanda artıq mövcud olması korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsindən xəbər verir. Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış “ASAN xidmət” bu sahədə həyata keçirilən islahatların ayrılmaz hissəsidir. Müxtəlif dövlət xidmətlərinin vahid məkandan təmin olunduğu “ASAN xidmət”də hazırda on dövlət qurumu tərəfindən xidmətlər göstərilməsi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Konfrans içtirakçılarının diqqətinə çatdırılmışdır ki, dövlət xidmətlərinin vətəndaşlara birbaşa çatdırılması, göstərilən xidmətlərin açıqlığı və şəffaflığı, əhalinin rahatlığı, etik davranış qaydalarına yüksək səviyyədə əməl olunması, xidmətlər zamanı  novatorluq və digər hallar  “ASAN xidmət”in əsas prinsiplərindəndir. Hazırda ölkəmizdə 6 səyyar “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyi qeyd edilmiş və ilin sonunadək bu xidmətlərin sayının 10-a çatdırılacağı bildirilmişdir. Konfrans iştirakçılarına bəlli olmuşdur ki,  gündə orta hesabla iki min insan “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən istifadə edir.   Konfrans iştirakçıları yarandığı gündən indiyədək “ASAN xidmət”in imkanlarından 2 milyon insanın istifadə etməsini yüksək qiymətləndirmişlər. 

Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin baş direktoru Filip Buoya, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) antikorrupsiya şöbəsinin müdiri Patrik Moulette, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner  Azərbaycanda korrupsiyaya qarşı mübarizənin yüksək səviyyədə olduğunu bildirmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının iclasında korrupsiyaya qarşı mübarizənin ölkəmizin sədrliyi dövründə əsas prioritetlərdən biri olacağı barədə sözləri xüsusi vurğulanmışdır.

Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner   Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində korrupsiyaya qarşı mübarizəni prioritet istiqamətlərdən biri kimi bəyan etməsinin və bu çərçivədə Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfransın keçirilməsinin, eləcə də ölkəmizin Beynəlxalq Antikorrupsiya Akademiyasının üzv dövlətlərinin assambleyasının III sessiyasına ev sahibliyi etməsinin Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq səyləri yaxından dəstəkləməsinin bariz nümunəsi olduğunu vurğulamışdır.

Bu gün ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Göründüyü kimi, bu sahədə həyata keçirilən tədbirlər beynəlxalq aləmdə yüksək səviyyədə qiymətləndirilir.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında