Yaxın Şərqdə nələr baş verir

Və yaxud “Ərəb baharı” nə vaxtdan “qışa” çevrildi

Bu gün Yaxın Şərqin siyasi mənzərəsinə nəzər yetirdikdə, şübhəsiz, ilk növbədə ağla gələn sual bu olur : Yaxın Şərqdə nələr baş verir ? Məqsədimiz təbii ki, bu suala cavab axtarmaqdır. Lakin bir sıra məqamlar var ki, bunları nəzərə çatdırmaqla, sadəcə, oxucunun öz məntiqinə söykənərək nəticə çıxarmağında yardımçı olmaq qərarına gəldik.

Hadisələrin başlanğıcına qısa ekskurs

“Ərəb baharı” adlanan bu inqlabi proseslər həlqəsində nə vaxtdan buzlaşma başladı?  Bildiyimiz kimi, 2011-ci ilin baharında ilk olaraq Tunisdə  başlayan etiraz nümayişləri nəticəsində dövlət başçısı istefa verməyə məcbur oldu. 223 nəfərin ölümü ilə olsa da “uğurla başa çatan” etirazlar ölkə rəhbəri Zeynalabdin ben Əlinin ölkədən qaçması, hakimiyyətin xalqın əlinə keçməsi ilə nəticələndi. Bu hadisə Şimali Afrikada və Yaxın Şərqdə tüğyan edən bir sıra diktatura rejimlərinə təsir etdi. Bundan sonra Misir, Liviya, Əlcəzair, Bəhreyn, Sudan, Oman, Mavritaniya, İordaniya, Suriya və digər ərəb ölkələrində nümayişlər başlandı. Bəzi siyasi ekspertlərin Qərbin strateji institutlarının “Böyük Orta Şərq layihəsi” kimi qələmə verdiyi bu zəncirvari proseslər nəticəsində bu günə qədər yüz minlərlə insan həlak oldu. Regionun bütün infrastrukturu dağıdıldı. Doğrudur, Qəddafi, Mübarək kimi diktatorlar hakimiyyətdən salınsa da, bütövlükdə region daha böyük bir dərdə – dəhşətli qeyri-sabitlik mərəzinə mübtəla oldu. Terrorizmi bəsləyən “bataqlıqları qurutmaq” məqsədilə ərsəyə gətirildiyi iddia edilən bu layihə, əslində, qloballaşmanın tərkib hissəsi, demokratiya pərdəsi arxasında gizlənən siyasi oyunlara daha çox bənzədi. 

Domino effektli çöküş harada dayandı?

 Ərəb ölkələrində gedən xalq etirazları üsyana çevrildikcə iştişaşlar və təxribatlar daha geniş əraziləri bürüməyə başladı. Bundan istifadə edən adları dünyanın terror təşkilatları siyahısına salınmış bir sıra qruplar bölgəyə soxuldular. Əvvəlcə sosial problemlərin və demokratiyanın yoxluğundan yaranan və siyasi etirazlar dalğasına çevrilən bu çıxışlar tədricən dini ekstremizmə yuvarlanaraq məzhəb ixtilaflarına çevrildi. Bu, əsasən, Suriyada özünü göstərdi. 26 yanvar 2011-ci ildə start götürən və ümumi şəkildə başlanan etirazlar nəticəsində dövlət binalarına hücumlar edildi. Siyasi məhbuslar azad edildi. Bundan əlavə bütün vilayət rəhbərləri işdən çıxarıldı. Lakin etirazçılar bununla kifayətlənməyərək birbaşa  Bəşər Əsədin istefasını tələb etdilər. Xüsusilə, cümə namazlarından sonra daha fəal müstəviyə keçən etirazları susdurmaq üçün şəhərlərə hökumət qoşunları yeridildi və xalqa atəş açıldı. Bununla da etirazlar silahlı qarşıdurmaya və daha sonra vətəndaş müharibəsinə çevrildi. Müxalifət tərəfi “Azad Suriya Ordusu” adlanan silahlı birliklər təmsil edirdi. Qərbin siyasi dəstəyi ilə ilk döyüşlərdə qələbə qazanan və Əsəd ordusuna zərbələr vuran müxaliflər sonralar çox irəliləyə bilmədilər. Bu, şübhəsiz ki, Rusiya və İranın Əsəd hakimiyyətinə  dəstəyindən sonra baş verdi. Region  Qərb ölkələri, Türkiyə, Rusiya və İran arasında siyasi aporiyaya çevrildi. Əgər bundan əvvəl etirazlarda məntiqi sonluq kimi diktatorlar hakimiyyətdən getdilərsə, Suriyada “ərəb baharı”nın bu domino gedişi bir növ dalana dirəndi. Artıq həlak olanların sayı yüz mini keçsə də, nə Əsəd öz postundan gedir, nə də  müxalifətin dirənişi dayanır.

Hadisələrin bu cür qarışıq xarakter almasının əsas səbəblərindən biri də münaqişəyə “dini don” geyindirmək cəhdləri oldu. Hər iki tərəf etdiyi zorakılıqlara əsasən din prizmasından təbliğat apararaq xalqın böyük bir qismini məzhəblər savaşına sürükləməyə cəhd etdi. Burada daha çox internetdə yayımlanan zorakılıqlar rol oynadı. Dövlət qoşunlarının etdiyi zorakılıqlar sünnilərə qarşı, müxalif tərəfin bəd əməlləri isə şiələrə qarşı təqdim edildi. Bununla da dini vəziyyəti nisbətən rəngarəng olan Suriya əhalisi üçün bunları ayırd etmək çətinləşdi və kor-koranə dini ekstremizmə qoşulmaq üçün əsas yarandı.  Bəşər Əsəd öz hakimiyyətini qorumaq üçün  daxildən güc almalı idi. O, bunu əsasən şiə-ələvi məzhəbli müsəlmanların onu dəstəkləməsi ilə əldə edə bildi. Əgər 2011-ci ildə Suriyada etirazlar başlananda ölkə əhalisinin məzhəb fərqi olmadan böyük əksəriyyəti Əsəd iqtidarının getməsini istəyirdisə, indi vəziyyət nisbətən başqa səmtə yönəldilmiş və şiə-ələvi əhalinin böyük bir qismi münaqişəyə cəlb edilmişdir. O cümlədən, müxalifət də sünni əhalini qıcıqlandıraraq Əsədə qarşı sanki “müqəddəs müharibə” elan etmiş və əhalinin sünnilər yaşayan hissələri bu mübarizəyə sosial deyil, dini konteksdən qoşulmuşdur.

Demokratiya, yoxsa “müqəddəs” dini müharibə ?

Bu gün istər Suriyada, istərsə də İraqda gedən qanlı proseslərin nə demokratiyaya dəxli var, nə də ki, İslama. Lakin hər iki ölkədəki proseslər bu şüarlar altında aparılır. “Azad Suriya Ordusu” adlanan qüvvələr əsasən keçmiş Əsəd döyüşçülərindən və ehtiyatda olan zabitlərdən, müxalif ərəb kütlələrindən təşkil olunmuş hərbi qruplaşmalardır. Mübarizənin əvvəllərində də daha çox Əsəd tərəfi media holdinqlərin hədəfinə tuş gəlirdi. Kütləvi insan tələfatı ilə nəticələnən aktlar həyata keçirməkdə, şübhəsiz ki, ən çox ittiham olunan tərəf Əsəd iqtidarı idi. Doğrudur, hakimiyyətini qorumaq üçün əhaliyə silah tuşlayan Əsəd iqtidarı buna haqq  qazandırmağa çalışırdı ki, bu da  dünya dövlətləri tərəfindən şübhəli görünürdü və heç bir vəchlə bəraətə layiq hesab edilmirdi. Lakin sonradan  sosial şəbəkələrdə müxalif birliklərində eyni vəhşi üsulllarla Əsəd tərəfdarlarına qarşı qətllərin törədildiyini əks etdirən görüntülər dolaşmağa başladı. Arada məzhəbi fərqli olduğuna görə sadə vətəndaşlar vəhşicəsinə edam olunur, gülləbaran edilirdi.

Bir müddət sonra sosial şəbəkələri “bəzəyən” bu vəhşilikləri törətməkdə adı hallanan mütəşşəkil və olduqca amansız bir terror təşkilatı —  “Ən Nusra” meydana çıxdı. “Ən Nusra”  Suriyada bəlkə də minlərlə insanın həyatına son qoydu. Bəzən də terrorçular insanlarla daha çox amansız davranaraq region əhalisində xof yaratmağa çalışırdılar. “ Ən Nusra” terror təşkilatı vəhhabi-sələfi dini baxışlarına sahib, lakin, xüsusi radikallığı və hətta amansızlığı ilə seçilən silahlı birləşmə idi.  Əsasən, “Əl-Qaidə”nin Suriya qanadı hesab edilir. Bir müddət sonra bir qrup vəhhabi onlardan ayrılaraq  İŞİD – mənaca İraq-Şam İslam dövlətinin yaradıldığını elan etdilər. Əgər Nusra regionu Əsəd hakimiyətindən təmizləmək və şiələrə qarşı konkret addımları ilə yadda qalırdısa, İŞİD -də bu, bir qədər fərqlidir. İŞİD amansızlığı, qəddarlığı ilə seçilsə də konkret məqsədlər ətrafında yaranmış, qarşısına şəriətə söykənən mühafizəkar bir dövlət yaratmaq qoymuş terrorçu birlikdir. İraq və Suriyada fəaliyyət göstərən bu silahlı təşkilat da sələfi baxışlara sahibdir. İŞİD-ın lideri Əbu Bəkr əl Bağdadinin ismi ABŞ, AB və Türkiyənin “terrorçu təşkilatlar siyahısı”ında yer alır. Əslində 2004-cü ildə “Tovhid və Cihad” adı ilə Əbu Musa Zərkavi tərəfindən İraqda qurulan bu təşkilat sonradan Üsamə bin Ladenin rəhbərliyindəki “Əl-Qaidə”yə qatıldı. “Əl-Qaidə”yə qatıldıqdan sonra adını “Mesopatamiyada Əl Qaidə” olaraq dəyişdirdi.

2006-cı ildə bir videoda Zərkavi “Mücahidlər Şurası”nı qurduğunu elan edərək ABŞ qoşunlarına qarşı keçirilən bir əməliyyatda öldürüldü. Hazırda isə təşkilatın əmiri funksiyasını Əbu Bəkr əl Bağdadi yerinə yetirir. Bu arada Məhəmməd Colani tərəfindən qurulan “Əl-Qaidə”nin Suriya qanadı olan Nusra cəbhəsi İŞİD-lə müttəfiq olduğunu açıqladı. Lakin qısa müddətdən sonra onların yolları ayrıldı və hətta Əsəd hakimiyyətinə qarşı mübarizə ilə paralel bir-birinə qarşı da vuruşdular. Colani səs yazılarında özünü “Əl-Qaidə”yə bağlı elan etdi. 2013- cü ildə “Əl- Qaidə” rəhbərliyi İŞİD-i tanımadığını bəyan etdi. Beləcə İŞİD-lə “Ən Nusra” arasında olan mübarizə Deyr-Əz-Zor şəhərinin birincinin əlinə keçməsi ilə nəticələndi. Daha sonra Rakka şəhəri də İŞİD-ın əlinə keçdi və beləcə getdikcə məqsədinə yaxınlaşan təşkilat əsas fəaliyyətini İraq ərazisinə keçirdi. 

Diktator Səddam Hüseynin devrilməsindən sonra bölgə xalqları elə zənn edirdilər ki, ölkədə siyasi sabitlik hökm sürəcək, zor, işgəncə aradan qalxacaq, İraq demokratik inkişaf yolunu qəbul edəcək. Lakin gözlənilənlər əbəs imiş. Artıq illərdir ki, İraqda siyasi sabitlik bərpa olunmayıb, hər gün terror aktları, çəkişmələr, şiə-sünni münaqişələri, kürdlərin yaşadıqları ərazilərin Bağdad tərəfindən idarə olunmasının çətinləşməsi və s. azmış kimi, indi də yeni terror dalğası ölkəni cənginə aldı. İŞİD İraqda sərbəst hərəkət etməyə başlamışdır. Təqribən 6-7 min civarında canlı qüvvəyə, modern hərbi silah-sursata malik bu təşkilat artıq Mosul, Fəllucə, Ramadidə möhkəmlənə bilmişdir. Bu tanınmamış dövlətin silahlıları indidə Kərkükü, Kərbəlanı hətta, Bağdadı almaqla hədələyir,  İrana, Türkiyəyə “barmaq silkələyir”, kim onlarla eyni düşünmürsə, onları kafir elan edirlər. İŞİD-in arxasında konkret hansı dövlətin durmasına gəlincə isə bir sıra siyasi ekspertlər burada ABŞ-ın, körfəz dövlətlərinin, Türkiyənin, hətta, Rusiyanın dayandığını iddia edirlər. Hətta, Bəşir Əsədin belə İŞİD-lə hərbi alış-verişinin olduğunu söyləyənlər var. Sözsüz ki, bu gün bölgədə vəziyyət o qədər qarışmışdır ki, kimin kim olduğunu müəyyənləşdirmək müşkülə çevrilmişdir.  Görünür, “müqəddəs müharibə” şüarı altında aparılan bu mübarizə hələ uzun illər bölgədə demokratiyanın bərqərar olmasına imkan verməyəcəkdir. Ən pisi isə odur ki, qan tökən  tərəflərin hər biri özünü bu mübarizədə haqlı hesab edir.

İŞİD-in əsas hədəfləri

Bu təşkilat  regionda hiss ediləcək gücə çevrilsə də, ənənəvi dini baxışlara söykənmir. Onlar əsasən, bu gün bölgədə nə sünni, nə də ki, şiə-cəfəri məzhəbli müsəlmanlar tərəfindən qəbul edilir. Baxmayaraq ki, özlərini “əhli-sünnə vəl cəmaat” hesab edirlər, bəzi sünni əşirətlərdən dəstək almaqla,  əsas rəqiblərinin şiə-ələvi müsəlmanların olduğunu bildirirlər.  Bir sıra sünni əşirətlərin onlara dəstək verməsinin əsl səbəbi isə İranın dəstəklədiyi  Nuri-əl Maliki hökumətindən narazılıqdır.  Buna görə də sosial və dini hüquqlarının pozulduğunu iddia edən bölgənin bir sıra sünni əşirətləri İŞİD-in məzhəb manipulyasiyasına və “təəssübkeşlik” hisslərinə aldanırlar. Lakin İŞİD-in terror əməllərini  ənənəvi hənəfi-maliki dünyagörüşünə müxalif hesab edən sünni ruhanilər də vardır ki, onların çoxu hazırda ya öldürülmüş, ya əsir götürülmüşdür. Çünki bölgənin ənənəvi sünni və  şiə dini dünyagörüşündə zorakılıq və məcburiyyət əsas götürülmədiyindən, günahsız insanlara zülm də məqbul hesab edilmir. Bu baxımdan İŞİD-in zorakılıqları və günahsız insanları qətlə yetirməsi bölgənin hər iki ənənəvi dini zümrəsi tərəfindən hiddətlə qarşılanır.  İŞİD-ın guya zorakılığa meyil etməsinin səbəblərindən biri də region əhalisinin Allahı unutması, ona şərik  (şirk) qoşmaları, ziyarətgahlara getməsi, düzgün ibadət etməməsi və sairədir. Təsadüfi deyildir ki, sosial şəbəkələrdə hələ bir neçə ay bundan əvvəl İŞİD-çilərin Suriyada bir neçə sürücünü “doğru” namaz qılmamaqlarına görə gülləbaran etməsinin videosu yayılmışdı. Bəzi ekspertlərin fikrincə, hazırda  onların məqsədlərindən biri də Kərbəlaya hücum etmək və oradakı İmam Hüseyn ziyarətgahını dağıtmaqdır.

Hazırda İraqda nəinki ərəblər, eyni zamanda türkmənlər, kürdlər İŞİD-in hədəfindədir. Bölgədə qaçqınların sayı durmadan artır. Əslində, bu təşkilatın amansızlığının səbəblərindən biri də məhz budur : qəddarlığı çəkib yaymaqla əhali arasında təşviş yaratmaq və boş qalmış yaşayış məntəqələrini döyüşsüz ələ keçirmək.  Fikir etibarilə, əsasən ərəb üləmaları İbn Teymiyyədən və Əbdül-Vəhhabdan qidalanan İŞİD özünü xilafətin davamı və Məhəmməd peyğəmbərin (s) əsl ardıcılları hesab edir və sünnilərin də, şiələrin də yolundan azdıqlarını və buna görə də onları cəzalandıracaqlarını bəyan edirlər. Onlar bu baxımdan terroru, zorakılığı halal hesab edirlər. Halbuki, Qurani- Kərimdə  “dində məcburiyyət yoxdur” ayəsinin üstündən sükutla keçirlər.

Beləliklə, guya bölgədə yeni bir İslam xəlifəliyi qurmağı hədəf götürən İŞİD, əslində, nəinki İraq və Suriya ərazisində, o cümlədən, “hizbullah”ın hakim mövqedə olduğu Livan, habelə İordaniya, Türkiyə, Ərəbistan, İran, Misir hətta, Azərbaycan ərazisində belə möhkəmlənmək iddiasındadır.  Bəs İŞİD bu cür iddianı hansı yolla gerçəkləşdirmək niyyətindədir ? Əlbəttə ki, hazırda bütün müsəlman ölkələrində az sayda olsa belə, bu terrorçu birləşmənin tərəfdarları mövcuddur. Onlar həmin ölkədə bu ideologiyanın  “canlı bomba”ları hesab edilməkdədir. Nə vaxtsa münbit şərait yaranarsa onların təxribatlar törətməyəcəyinə, ayağa qalxmayacağına heç kəs zəmanət verə bilməz. Çünki, onların nəzərində İŞİD-dən başqa çox nadir ölkələr var ki, “Darül-küfr” (yolunu azmış ölkə) hesab olunmur.  Bu baxımdan İŞİD özünü regionda olan sələfilərin şəriət qaydaları ilə qurulan qanuni dövlət və ayrı-ayrı ölkələrdəki tərəfdarlarını özünün sosial bazası hesab edir.

Bu gün qlobal güclərin pərdəarxası döyüş meydanına çevrilən Yaxın Şərq bölgəsi illərdir ki, sabitlik qazanmır. Arada isə milyonlarla insan məhv olmuşdur. Qərbin yürütdüyü ikili standartlar orada da öz işini görür. Böyük iqtisadi maraqlar, bölgədə təbii resursların ələ keçirilməsi və istismarı uğrunda gedən bu mübarizənin hələ nə qədər çəkəcəyi bəlli deyil. Lakin bəlli olan odur ki, regionun müsəlman əhalisinin elmdən uzaqlaşması və hələ də ucuz məzhəb ixtilaflarına baş vurması imperialist qüvvələrin hakim mövqeyə keçməsini asanlaşdırır və bununla da regionun gələcək inkişafına olan ümidləri heçə endirir.

 

Anar TURAN,“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında