Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Silahlı Qüvvələrimizin yaradılmasından 96 il keçir. Bu münasibətlə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi bir daha sübut etdi ki, Azərbaycan Ordusu müasir dünyanın ən nizamlı və qüdrətli ordularından biridir. Azərbaycan Demokratik Respublikasının 1918-ci il may ayının 28-də qəbul etdiyi İstiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlət həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci il may ayının 28-də yaradılan ilk kabinetdə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilmişdi. Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları hərbi qulluğa çağırıldılar. 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra respublikanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verildi. Milli Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi.
Çox təssüf ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə də biz orduda problemlərin şahidi olduq. Dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas vəzifə ərazi bütövlüyümüzün qorunması uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi. Həmin dövrdə bu vəzifələr çox çətinliklə həyata keçirilirdi. Çünki ölkədə Milli Ordu formalaşmamışdı və hakimiyyətdə olanlar bu işin öhdəsindən gələ bilmirdi. Ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı qruplaşmalar tam sərbəst hərəkət edir və sərhədlərimizdən çox xidmət göstərdikləri şəxslərin mənafelərini qoruyurdular.
AXC-Müsavat hakimiyyəti dövründə ölkədə baş alıb gedən özbaşınalıq, anarxiya, mənəm-mənəmlik, intizamsızlıq orduya da sirayət etmişdi. Ayrı-ayrı şəxslərin tabeçiliyində olan silahlı qruplaşmalar düşmənin hərbi təcavüzünün qarşısını almaq, sərhədlərimizi qorumaq əvəzinə, hakimiyyəti ələ keçirmək uğrunda mübarizə aparır, silahlı qarşıdurma yaradırdılar. AXC-Müsavat iqtidarının Milli Qəhrəman səviyyəsinə yüksəltdiyi, hətta, korpus komandiri təyin etdiyi Surət Hüseynov tabeçiliyində olan silahlı əsgər və zabitləri sərhəd bölgələrindən geri çağıraraq Bakıya istiqamətləndirmiş, hakimiyyəti ələ almaq üçün ciddi münaqişə yaratmışdı. Ordunun maddi-texniki təminatı ciddi problemlərlə müşayiət edilirdi. Torpaqlarımız hissə-hissə işğal olunurdu. Ermənilərin hücumlarının qarşısını almaqda aciz qalan hakimiyyət rəhbərləri ümidlərini könüllü batalyonlara bağlamışdılar. Burada isə nizam-intizamın olmaması ölkəni uçuruma aparırdı.
1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə orduya olan münasibət tamam dəyişdi. Ordunun hər bir dövlətin müstəqilliyi üçün həlledici amil olduğunu daim diqqət mərkəzində saxlayan ümummilli liderimiz hələ XX əsrin 70-ci illərindən başlayaraq Azərbaycan xalqının unudulmaqda olan hərbi ənənələrini dirçəltmiş, azərbaycanlı gənclərin hərbi məktəblərə, ali hərbi təhsilə cəlb edilmələri, orduya çağırışların bayramsayağı qeyd olunması barədə dövlət orqanlarına xüsusi tapşırıqlar vermiş, dövlət və ordu quruculuğunun möhkəm əsaslarını və ənənələrini yaratmışdı. Təəssüf ki, 1987-1993-cü illərdə Azərbaycanda bu ənənələr unuduldu. Həmin illərdə ölkədə yaranmış anarxiya, özbaşınalıq və xaos torpaqlarımızın 20 faizinin işğalına gətirib çıxardı. Nizami ordu əvəzinə, bir milyondan çox qaçqın və köçkünlər “ordusu” yarandı. Bütün bunlar ölkəmizin siyasi taleyinə birbaşa təsir göstərirdi.
Məhz ulu öndərin ciddi səylərindən sonra – 1993-cü ilin sonlarında ölkəmizdə peşəkar ordu quruculuğunun əsası qoyuldu. Həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, Silahlı Qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə, qruplaşmaya, qeyri-qanuni silahlı dəstələrə son qoyuldu. Heydər Əliyev həm Prezident, həm də Ali Baş Komandan olaraq, Milli Ordunun formalaşdırılmasını və qüdrətli olmasını prioritet vəzivə kimi qarşıya qoydu. Ulu öndər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olduğu kimi, ölkəmizdə ordu quruculuğunun, Silahlı Qüvvələrin də yaradıcısıdır. Bu, bir faktdır ki, Heydər Əliyevin sarsılmaz iradəsi olmasaydı, Azərbaycan Silahlı Qüvvələri bugünkü səviyyəyə gəlib çata bilməzdi.
Ümummilli lider Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Güclü iqtisadiyyatı olan ölkənin güclü orduya malik olması onun mövqelərini daha da möhkəmləndirir, gücləndirir, dünya birliyindəki nüfuzunu artırır, milli maraqlarının qorunmasında böyük rol oynayır. Güclü ordu isə güclü dövlət deməkdir. Məhz bu baxımdan Azərbaycan Prezidenti dövlət üçün xüsusi əhəmiyyət kəsb edən ordu quruculuğu sahəsinə xüsusi diqqət yetirir, müdafiə və təhlükəsizlik məsələlərini daim ön plana çəkirdi.
Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeniləşdirdi. Doxsanıncı illərin ortalarından başlayaraq Azərbaycan və NATO arasında sıx və səmərəli əməkdaşlığın yaradılması ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxardı. Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu.
1997-ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçmişdir. Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə sülhməramlı tabor NATO xəttilə həyata keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına əsgəri dəstək verirlər.
Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu.
Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Ulu öndərin ideyalarını layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş hazırlığı ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Bu gün iqtisadi yüksəlişi ilə dünya birliyinin diqqətini özünə cəlb edən Azərbaycan həm də qüdrətli orduya malikdir. Milli Ordumuz hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib.
Milli Ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmış, orduda peşəkarlıq, döyüş qabiliyyəti artırılmışdır. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi müxtəlif hərbi təyinatlı məhsullar Milli Ordumuzun maddi-texniki bazasını daha da gücləndirmişdir. Yeri gəlmişkən, qeyd edək ki, bu ilin aprel ayında Malayziyada Azərbaycan istehsalı olan silahların da nümayiş etdirildiyi beynəlxalq sərgidə 55 ölkənin 830 şirkəti iştirak etmişdir. Həmin sərgidə ölkəmiz zəngin stendlə təmsil olunmuşdur. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 132 adda silah-sursat nümayiş etdirmişdir.
Sərgidə iştirak etməkdə əsas məqsəd Azərbaycanda istehsal olunan silah-sursatı dünya bazarına çıxarmaq, aparıcı ölkələrlə əməkdaşlıq etmək idi. Bununla yanaşı, müasir texnologiya və avadanlıqları Azərbaycana gətirməklə, yeni müdafiə təyinatlı məhsullar istehsal etmək də qarşıya qoyulan əsas vəzifələrdən biri olub.
Qeyd edək ki, Ermənistan bu sərgidə müşahidəçi kimi iştirak edirdi. Bu fakt artıq Azərbaycanın gücünün açıq ifadəsidir. Respublikamızın müdafiə sənayesinin beynəlxalq sərgilərdə uğurla təmsil olunmasının nəticəsidir ki, ölkəmiz ilk dəfə olaraq, bu ilin sentyabrında bu tipli sərgiyə ev sahibliyi edəcək.
Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan son illər xaricdən silah alınmasına böyük vəsaitlər xərcləməklə yanaşı, özünün müdafiə sənayesini də inkişaf etdirir. Azərbaycanın ordu quruculuğunda gedən müsbət inkişaf xarici mətbuatın da diqqətindən yayınmır. 2013-cü il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad bir daha Milli Ordumuzun gücünü, qüdrətini nümayiş etdirdi. Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərlik şəxsi heyəti, 300-dək hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarəsi və vertolyot, 40-dək gəmi iştirak edirdi. Paradda, həmçinin, Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Gürzə” patrul maşını, “Matodor” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri keçid etdi. Xüsusi təyinatlı qüvvələrin istifadəsində yer alan, pulemyot və tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış “Gürzə” maşını ilk dəfə paradda nümayiş olundu.
Bundan başqa, hərbi keçiddə “Cobra”, “Land Rover Defender”, ZPT, “Storm Sufa” tipli zirehli və zirehsiz hərbi maşınlar, “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatları, nəqliyyat vasitələri üzərində Azərbaycan müəssisələrində istehsal edilmiş 82 mm çaplı minaatan da nümayiş etdirilib.
Paradda operativ taktiki raketlər, müxtəlif çaplı yedəkdə daşınan haubitsalar ən müasir reaktiv yaylım atəş sistemləri, 120 mm çaplı TR-122 “Sakarya”, “Qrad-1M”, “Leysan”, “Ekstra”, 300 mm çaplı 9K58 “Smerç”lər, “Toçka-U” raket kompleksləri tribunanın önündən keçdi. Bu raket kompleksləri ən uzaq dərinlikdə günün istənilən vaxtında düşmənin hərbi təyinatlı strateji obyektlərinə tələfat vermək üçün nəzərdə tutulmuşdur.
120 mm çaplı İsrail istehsalı olan “Cardom” avtomatik minaatanı, İsrail istehsalı olan 120 və 160 mm çaplı reaktiv atəş sistemləri, “Qvozdika”, “Pion”, “Msta-S” özüyeriyən haubitsaları, TOS-1A “Solntsepyok” reaktiv alovsaçanı, modernləşdirilmiş T-72 “Aslan”, silahlanmaya yeni daxil olmuş “T-90 C” tankları, “BMP-2” və “BMP-3” tipli piyadaların döyüş maşınları tribuna önündən keçdi. Bununla yanaşı, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus modernləşdirilmiş S-125 “Peçora”, “Strela-10”, S-200, S-300 “Favorit” zenit raket kompleksləri, eləcə də, silahlanmaya yeni daxil olmuş “Buk-MB” zenit-raket kompleksi də qatıldı.
Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25, L-39 döyüş və təlim təyyarələri, Mi-24 və Mi-8/17 helikopterləri, DSX-nın Mi-35M, FHN-in Ka-32 və Mi-8 helikopterləri də hərbi keçiddə iştirak etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğu sahəsində aparılan islahatlardan danışarkən demişdir: “Azərbaycan ordusu bölgədə, hətta, dünyada ən güclü ordulardan biridir”. Ordu quruculuğunun dövlət üçün ən zəruri sahələrdən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki, bu, bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu, hər bir ölkə üçün belə olmalıdır. Çünki hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusilə müharibə şəraitində yaşayan ölkələr üçün bu, çox böyük əhəmiyyətə malik olan məsələdir. Azərbaycan müharibə şəraitində yaşayır. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatmışdır. Bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin.
Ordu qurucuğuna bundan sonra da xüsusi diqqət göstəriləcəyini bildirən Ali Baş Komandan mütəmadi olaraq hərbi hissələrə getdiyini də diqqətə çatdırmışdır: “Bizim mövqeyimiz güclü ordu ilə tamamlanır. Bu məqsədlə son illər ərzində ordu quruculuğuna çox böyük diqqət göstərilmişdir. Ordumuz inkişaf edir. Bu inkişaf daimi prosesdir. Mən hərbi hissələrə tez-tez gedirəm, vəziyyətlə tanış oluram və görürəm ki, ordumuzun döyüş qabiliyyəti artır. Nizami ordumuz vardır. Ordumuzun peşəkarlığı artır. Bütün cəmiyyətdə olduğu kimi, orduda da vətənpərvərlik ruhu yüksək səviyyədədir. Orduda xidmət edənlərin mütləq əksəriyyəti gənclərdir. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə alırlar. Orduda xidmət edənlər Vətəninə, xalqına bağlı olan, Vətənini sevən insanlardır. Bu amillər ordumuzu daha da gücləndirir. Eyni zamanda, son illər ərzində ordumuzun texniki təchizatında da çox böyük inkişaf vardır. Son illər ərzində ən müasir texnika, silah-sursat alınmışdır. Son illər ərzində alınan və Azərbaycanda istehsal olunan texnikanın bir hissəsi bugünkü paradda nümayiş etdiriləcəkdir. Burada mövcud texnikanın sadəcə olaraq cüzi bir hissəsi göstəriləcəkdir.
Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə hərbi büdcəmiz 163 milyon dollar idi, keçən il bu rəqəm 3,6 milyarda, bu il isə 3,7 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir”.
Azərbaycan Ordusunun Cənubi Qafqazda ən güclü ordu olması artıq dünyanın aparıcı kütləvi informasiya vasitələrində də öz əksini tapır. Çünki artıq bu reallıqdır. Rusiyada dərc olunan “Velikaya epoxa” qəzetində Azərbaycan Ordusunda həyata keçirilən islahatlarla bağlı dərc olunmuş məqalədə son illərdə respublikamızda aparılan ordu quruculuğu, ölkəmizin xaricdən silah idxalını artırması, ordumuzun döyüş hazırlığının güclənməsi və s. məsələlərə geniş yer verilib. Məqalə müəllifi Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin (DSTTM) məlumatına əsasən qeyd edir ki, 2013-cü ildə Azərbaycan xaricdən 1 milyard 257 milyon dollar dəyərində silah-sursat alıb və bu göstəriciyə görə dünya ölkələri arasında 15-ci yerdə qərarlaşıb. Ümumiyyətlə isə, son 10 ildə respublikada silah idxalı 155 faiz artıb.
Məqalədə Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında ən güclü orduya malik olması xüsusi qeyd olunur. Bildirilir ki, son bir neçə ildə Azərbaycan Prezidenti respublikanın hərbi gücünü artırmağı hədəf alıb. Hazırda dövlətin hərbi xərcləri Ermənistanın ümumi büdcəsindən artıqdır. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimində iştirak edən Ali Baş Komandan İlham Əliyev ordunun döyüş hazırlığını yüksək qiymətləndirdi. Xüsusilə qeyd edilməli məqamlardan biri də o idi ki, Ali Baş Komandan xidmətdə fərqlənən hərbçilərdən bir neçəsini bilavasitə təlim meydançasında mükafatlandırdı.
Azərbaycanın iqtisadi qüdrəti artdıqca Milli Ordumuz daha da güclənir. Dövlətimizin başçısı, Ali Baş Komandan İllham Əliyev də bu barədə öz fikrini bildirərkən qətiyyətlə demişdir: “Həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Biz indi iri layihələri icra edirik. Azərbaycan ordusu indiyədək bölgədə, hətta dünyada ən güclü ordulardan biridir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır. Mən ali baş komandan kimi ordu quruculuğuna dəstəyimi verəcəyəm”.
Bu gün Dağlıq Qarabağ problemindən başqa heç bir problemin qalmadığını deyən Prezident Xankəndidə, Şuşada Azərbaycan bayrağının dalğalanacağı günün uzaq olmadığını bildirib.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.