Prezident İlham Əliyevin AŞPA-dakı çıxışı milli maraqlarımızın yüksək səviyyədə qorunması deməkdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Fransada səfərdə olarkən Avropa Şurasının bir sıra rəsmiləri ilə görüşmüş, Avropa Şurasının Parlament Assambleyasında çıxış etmişdir. Dövlətimizin başçısının AŞPA sessiyasında Azərbaycanın milli maraqlarının müfafiəsi baxımından olduqca böyük əhəmiyyət daşıyan çıxışı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət və razılıq hissi ilə qarşılanmışdır.

Cənab İlham Əliyev əvvəllər beynəlxalq təşkilatlarda etdiyi başqa çıxışları kimi, budəfəki çıxışında da ermənilərin, əsasən də erməni diasporunun yüz illərlə dünyanın müxtəlif ölkələrində türk dünyası və Azərbaycan əleyhinə apardığı məkrli düşmənçilik siyasətini mötəbər bir beynəlxalq təşkilatda bir həmlə ilə alt-üst etdi. Prezident növbəti dəfə cəsarətlə bildirdi ki, “Azərbaycanın tarixi bölgəsi olan Dağlıq Qarabağa ermənilər sonradan gəlmişlər və bu ərazilərin Azərbaycana məxsus olduğunu tarixi abidələr də təsdiq edir. İrəvan isə iyirminci əsrin əvvəllərində Ermənistana paytaxt kimi verilmişdir”.

Müstəqil Azərbaycan dövlətinin müasir baxışlı dövlət başçısı belə kəsərli və tam həqiqəti əks etdirən çıxışları ilə əslində yüz illik erməni siyasətinin bel sütununu sındırır. Məhz vaxtilə ulu öndər Heydər Əliyevin, sonrakı illərdə isə cənab İlham Əliyevin tarixi həqiqətə və beynəlxalq hüquqa əsaslanan bu cür çıxışları riyakar və böhtançı erməni siyasətinin dünyada iflasa uğraması ilə nəticələnməkdədir. Əlbəttə, dövlət başçımızın qeyd etdiyi kimi, ermənilər işğal etdikləri Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır, bu ərazilərdə yaşamış dinc Azərbaycan əhalisinə qarşı etnik təmizləmə və amansız soyqırımı siyasəti aparmışdır. Dinc və günahsız Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımı dünyada baş vermiş ən qəddar insanlıq faciəsidir. Bu barədə cənab İlham Əliyev beynəlxalq təşkilatlarda dönə-dönə danışmışdır. Bu gün Qarabağda mövcud olan status-kvonun qəbuledilməzliyi haqqında dünyanın aparıcı dövlətlərinin başçıları əbəs yerə fikirlər söyləmirlər. Bu fikirlər, əlbəttə, Azərbaycan Prezidentinin bu qəbildən olan cəsarətli çıxışları, bu istiqamətdə yorulmaz mübarizəsi nəticəsində formalaşmışdır.

Cənab İlham Əliyev elə AŞPA sessiyasındakı çıxışında da bir daha bu məsələyə qayıtdı və bildirdi ki, bəzi ölkələrlə bağlı BMT-nin qəbul etdiyi qərar və qətnamələr cəmi bir neçə saat ərzində icra olunduğu halda, təşkilatın Dağlıq Qarabağla bağlı 4 qətnaməsi artıq 20 ildən çoxdur ki, icra olunmur. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədri olan üç dövlətin - ABŞ, Rusiya və Fransanın prezidentləri status-kvonun saxlanmasının mümkünsüzlüyünü bəyan etmişlər. Ona görə də Azərbaycan Prezidenti qəti şəkildə tələb etdi ki, BMT və digər beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurasının, İslam Konfransı Təşkilatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə və qərarlar icra olunmalıdır.

Cənab İlham Əliyevin ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktları, tarixi-mədəni abidələrin, hətta qəbirlərin dağıdılması ilə bağlı dedikləri isə, şübhəsiz ki, hər bir azərbaycanlının ürəyindən oldu. Təbii ki, bu çıxış bir daha sübut etdi ki, İlham Əliyev, özünün vəd etdiyi kimi, hər bir azərbaycanlının Prezidentidir və məhz onun rəhbərliyi, Ali Baş Komandanlığı ilə yaxın vaxtlarda ədalət qalib gələcək və erməni əsarətində olan torpaqlarımız azad ediləcək.

 

Siyavuş QARAYEV,

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru,

akademik, əməkdar elm xadimi

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında