Azərbaycan Prezidentinin Strasburqda möhtəşəm çıxışı ölkəmizin diplomatiyasının tarixi uğurudur

Siyasi liderlərin çıxışları həmişə geniş dairələrdə xüsusi əks-səda yaradır. Bu da təbiidir. Çünki onların fikirləri, davranışları təmsil etdikləri xalqın, dövlətin əhval-ruhiyyəsini ifadə etməklə hər kəs üçün maraq kəsb edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 24-də AŞPA sessiyasındakı çıxışı da yüksək səviyyədə diqqətçəkəndir.

Cənab Prezidentin sözü gedən çıxışının məğzi haqqında bugünlərdə beynəlxalq səviyyədə geniş danışılır və orada qaldırılan məsələlər geniş çözülür. Bu baxımdan mənim diqqətimi daha çox çəkən bir neçə məqamın üzərində dayanmaq istərdim. Əvvəla, ayrıca qeyd edim ki, Azərbaycan liderinin Avropa evindəki çıxış öz dolğunluğu, ardıcıllığı, məntiqli və əsaslı olması baxımından onu salonda dinləyən və videoyazını izləyən hər kəsi heyran qoydu, təsirləndirdi, hamının təqdirini qazandı.

Prezident İlham Əliyevin öz çıxışında böyük bir bölümü Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, işğal altındakı torpaqlar və qaçqınlar məsələsinə ayırması bir daha göstərdi ki, onun bu məsələni prioritet elan etməsi xalqının köklü maraqlarına dərindən bağlı olmasındadır, sözdə deyil, əməldədir. Ermənistanın işğalçı siyasətinin belə bir nüfuzlu tribunadan tam çılpaqlığıyla tənqid edilməsinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu xatırlatmağa gərək yoxdur . Dövlətimizin başçısı məhz bu məsələnin önəmini nəzərə alaraq bütün yüksək tribunalarda həmin mövzuya geniş yer ayırır. Burada diqqətçəkən həm də odur ki, cənab İlham Əliyev, AŞPA da daxil olmaqla, bir sıra beynəlxalq qurumların Qarabağ məsələsindəki sonucsuz fəaliyyətini kəskin ittiham etdi.

Prezidentin öz çıxışında beynəlxalq qurumların ikili standartlarını da pisləməsi cəsarət və qətiyyət nümunəsi kimi vurğulanmalıdır. Çünki , Azərbaycanı, bir qayda olaraq, bu standartlar pərdəsi arxasında küncə sıxışdırmağa çalışırlar. Aşkar görünən bir suçda başqalarına haqq qazandıranlar ölkəmizi xırda bir məsələni şişirtməklə yerdən-yerə vurmaq üçün can qoyurlar. Prezident İlham Əliyev də o yüksək tribunadan bu ikili yanaşmaya “yox!” deməklə, əslində, həm də öz gözündə tiri görməyib başqalarının gözündə tük axtaran aparıcı dövlətlərə bir mesaj vermiş oldu.

Ölkəmizin rəhbəri məhz belə bir yanaşmanın hökm sürdüyü mühitdə aşkar işğalçı dövlətin himayə olunaraq başa çıxardılmasını siyasi riyakarlıq, beynəlxalq rüsvayçılıq olaraq tam çılpaqlığı ilə qınadı. Möhtərəm İlham Əliyev yığcam, çevik, kəskin bir üslubda Ermənistanın bütün qondarma iddialarının əsassızlığını bir daha ortaya qoydu. Bəşəri düşüncəli rəhbər mövqeyindən çıxış edən Azərbaycan rəhbəri həqiqətə arxa çevirənlərin yalan, riya pərdəsini qoparıb Avropa xalqları vəkillərinin ayaqları altına atdı.

Çıxışı maraqlı edən əsas amil isə onun inandırıcı, qətiyyətli, həqiqətə əminliklə təqdim edilməsi idi. Üstəlik, nitqin ingilis dilində, səlis bir şəkildə təqdim edilməsi də Azərbaycan rəhbərinin intellektinin, siyasi bəsirətinin bir çox dünya dövlətinin liderlərini də kölgədə qoyacaq səviyyədə olmasının göstəricisidir. Bir Azərbaycan vətəndaşı olaraq şəxsən buna çox sevindim və bir daha əmin oldum ki, bizə bizi məhz bu səviyyədə təqdim və təmsil edəcək lider lazımdır.

Azərbaycandakı sürətli iqtisadi inkişaf, işsizliyin, yoxsulluğun ən inkişaf etmiş ölkələrin belə qibtə edəcəyi həddə qədər aşağı salınması da Prezidentin həmin çıxışında qeyd edildi. Ancaq təvazökar bir şəkildə. Halbuki o, çıxışının önəmli bir hissəsini bu məsələlərin ayrıntılarına da həsr edə bilərdi. Azərbaycan Prezidenti uğurların kölgəsinə sığınıb özünü təbliğ etmək haqqında düşünmür, bu cür tribunalardan və ümumiyyətlə, yüksək səviyyəli görüşlərdən, bir qayda olaraq, işğal altındakı torpaqların dinc yolla azad edilməsi və qaçqın-köçkünlərimizin dərdinə çarə tapılması üçün istifadə edir.

Maraqlıdır ki, Prezident Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi üçün qanunların Avropa standartlarına uyğunlaşdırılması, ümumiyyətlə, ifadə azadlığına hər hansı əngəlin tətbiqinin ölkəmizdə mümkünsüz olması üçün dövlətin təminatlı şərait yaratdığını AŞPA sessiyasında qətiyyətlə söylədi. Ancaq öncədən hazırlanmış və kağıza yazılmış sualla müraciət edən AŞPA üzvlərindən biri təkidlə iddia edirdi ki, Azərbaycanda ifadə azadlığı yoxdur. Elə cənab Prezidentin ona və onunla eyni tərzdə etik hədləri aşaraq sual ünvanlayan başqa bir deputata cavabının kəskin və fakt əsaslı olması da bundan qaynaqlandı.

Bu isə onu göstərir ki, ölkəmizin rəhbərinin haradasa cavabını verə bilməyəcəyi kimsə və hansısa sual yoxdur. Prezident İlham Əliyev hər bir yüksək tribunadan istənilən suala parlaq zəka ilə, özünə əminliklə və qətiyyətlə cavab vermək gücündədir . AŞPA sessiyasındakı son olaylar da bunu təsdiq edir. Bunu təsdiq edən başqa bir məqam da ondan ibarətdir ki, cənab Prezident ona çıxış üçün ayrılmış vaxtın böyük bir hissəsini suallara saxladı. Suallardan və tənqidlərdən çəkinən başqa bir lider olsaydı , o, ayrılmış vaxtı , yəqin ki, öz çıxışına sərf edər, Azərbaycanın xəritədə yerini bilməyən hansısa deputatın qərəzli sual verməsinə şərait yaratmazdı. Bununla o, bir daha sübut etdi ki, həqiqətin tərəfindədir, Azərbaycan dövləti və onun rəhbəri bəşəri dəyər və normalara sonadək sadiqdir.

Bu çıxışı hadisəyə çevirən bir məqam da cənab Prezidentin yüksək natiqlik qabiliyyətidir. Buna görə də onu “borclu çıxarmaq” üçün dəridən-qabıqdan çıxanlar az “zəhmət” çəkmədilər. Ancaq niyyətləri boşa çıxdı, səyləri hədər getdi. Hədəf seçdikləri Azərbaycan lideri isə bu savaşda bir daha qalib çıxdı və göstərdi ki, bu ziyanlı ünsürlər ölkəmizi seçdiyi kursdan heç cür döndərə bilməzlər. Görünür, onlar qarşılarında kimin olduğunu ya hələ də anlamırdılar, ya da anlayırdılar, sadəcə, ağalarına hesabat vermək üçün uduzacaqlarını bilə-bilə bu əməllərə əl atdılar. Belə siyasət dəllallarının həqiqət savaşında bir daha məğmun olması bu yola can atanlar üçün, nəhayət, bir ibrət dərsi olmalıdır.

Ümumi qənaətim bundan ibarətdir ki, Prezident İlham Əliyevin AŞPA-nın son sessiyasındakı möhtəşəm çıxışı Azərbaycan diplomatiyasının beynəlxalq aləmdə daha bir ciddi uğurudur. Bu həm də Azərbaycan dövlətinin, dövlətçiliyinin çatdığı yüksək səviyyənin göstəricisi olaraq qəbul edildi. Bizim belə uğurlara çox və hər zaman ehtiyacımız var. Elə isə niyə bu uğurları bizə bəxş edən liderin arxasında olmayaq?

 

Azər HƏSRƏT,

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri,

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında