Sizin – üz tutduğum milyonlarla soydaşımın arasında məndən yaşlısı da, məqamına, ömür təcrübəsinə görə “Siz” deyə müraciət etməli olduqlarım da az deyil. Amma Vətənimin hər övladı mənim üçün doğmadır və bu yazı əzizlərimlə, doğmalarımla, bütün yurddaşlarımla müasir dünya içərisindəki yerimiz, nüfuzumuz, sabaha səmt götürmüş heç də həmişə sadə olmayan yolumuz haqqında fikir bölüşməkdir, dərdləşmədir, səsləşmədir və o səbəbdən hamınıza “sən”lə müraciət edirəm.
Bu elə yazı deyil ki, onu kiminsə oxuyub, kiminsə oxumamasının fərqində olmayım. Bu, böyükdən-kiçiyə hər bir azərbaycanlıya ünvanlanan şəxsi məktubum, hər nəfərin tanış olmasını arzuladığım müşahidələrim, düşüncələrim və ürək sözümdür.
Hamıya səslənmək istəyimə təkan verən zahirən vaxtaşırı baş verən, xüsusi qeyri-adiliyi ilə seçilməyən bir hadisədir. Lakin həm də bütün ayrıntılarıyla tam qeyri-adi olan bir hadisə.
Hər yeni qədəmi bir imtahan olan istiqlalın çətindən-çətin və şanlı yolu ilə gələcəyə doğru getməkdəyik. Daha bir sınaq arxada qalıb və mən onu ən yaxın məsafədən, içəridən izləmişəm. Xəbər bülletenlərinin soraqları, hətta haqqında söz demək istədiyim tarixi 1 saatın bütöv stenoqramı belə əsl mahiyyəti açmaq, həmin 1 saatın içərisindəki Həyatı, Mübarizəni bilinməsi gərək olan səviyyədə təqdim etmək iqtidarında deyil. Bu isə elə tarixçədir ki, gərək ən xırda ayrıntıları ilə örtülü qalmaya.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi başlanıb və adətən, belə hallarda qəbul edilmiş qaydalara görə, həmin ölkənin rəhbəri Parlament Assambleyasının sessiyasında yarım saatlıq çıxış edir və yarım saat ərzində də müxtəlif deputatların ona ünvanladığı sualları cavablandırır.
2014-cü il iyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqda, Avropa Şurası Parlament Assambleyasının kürsüsündə idi, suallara cavab verirdi. Üzdən baxanda ənənəvi olan bu hadisə heç vəchlə adilik çərçivələrinə sığmırdı və niyə görə məhz belə olmasının isə mütləq izaha ehtiyacı var. İzaha ona görə ehtiyac duyulur ki, gərək hər bir vətəndaşımız öz Prezidentini yaxından tanısın, gərək millətin hər sıra nəfəri əvvəlcə həqiqətləri bilsin və sonra da qürurlansın, iftixar etsin ki, qüdrət sahibi olan üstün bir lideri var.
Bu, müasir Azərbaycan və Avropa siyasi həyatının son dərəcə əlamətdar, taleyüklü hadisəsi idi və işin axarında olan, təfərrüatlara bələd insan kimi mən müəyyən məqamları xırdalamaq istəyirəm ki, bir çox gizlinlər hər kəsə aydınlaşsın.
Prezident İlham Əliyev də, digər ölkələrin başçıları da vaxtaşırı beynəlxalq məclislərdə çıxış edirlər. Bəzən bu qəbildən olan toplantılarda gərginliklər də yaşana, köntöy suallar da verilə, fikir qarşıdurmaları da yarana bilir.
Elə Avropa Şurasının özündə son 14 il ərzində bizə dəfələrlə müxtəlif ölkələrin rəhbərlərinin, baş nazirlərinin çıxışlarını, onlarla sual-cavabları bilavasitə dinləmək nəsib olub. 2014-cü il iyun ayının 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının iclas zalında baş verənlər isə onların hamısından fərqlənirdi. Zənnimcə, bu, həm də Azərbaycan və Avropa Şurası arasında əlaqələrin, Azərbaycana qarşı xeyirxah və bədxah münasibətdə olanların ən yüksək və açıq səviyyədə saf-çürük edilməsinin zirvə nöqtəsi idi.
Siyasi diskussiya qaynama nöqtəsində idi və Prezident İlham Əliyev meydanda idi. Təkbaşına. Bu, əsl döyüş idi! Nə gizlətmək! Biləsiniz, Avropa Şurasında lap əvvəldən Azərbaycana qarşı düşmənlərimizin və bizi istəməyənlərin yürütdüyü bir xətt olub. Dəfələrlə demişəm və yazmışam, bir daha təkrar edirəm. Biz heç vəchlə bunu Avropa Şurasının, nüfuzlu bir beynəlxalq təşkilatın Azərbaycana qarşı mövqeyi kimi qəbul etməmişik. Belə hesab etsəydik, çoxdan orada olmazdıq.
Bu, Azərbaycan əleyhinə ardıcıl iş aparan, ölkəmizi siyasi təsir dairəsinə salmağa çalışan, iqtisadi və digər maraqlar güdən ayrı-ayrı xarici qüvvə və mərkəzlərin əli və yönəltməsi ilə baş verən əməllərdir.
2014-cü il iyunun 24-də baş verənlər uzun müddət alt qatda davam etmiş həmlələrin, ikili standartlarla yanaşmaların, nəhayət ki, açıq müstəviyə çıxması idi.
Bu, bir mövqe, təfəkkür savaşı idi. Bu mübarizədən Azərbaycanın siyasət və dövlət həyatındakı bir para mətləblərin gələcəyi, sabah necə olacağı asılı idi. Nabələdlər üzdən sezə bilməsələr də, bu, Azərbaycanın gələcəyi uğrunda növbəti siyasi nüfuz qarşıdurmalarından biri idi. Onlar çox, Prezident İlham Əliyev tək idi. Lakin əks-tərəf sayca çox olsa da, qüvvələr onların xeyrinə olmayaraq,qeyri-bərabər idi. Çünki Prezident İlham Əliyev bu meydanda ona qarşı, onun ölkəsinə, dövlətinin apardığı siyasətə qarşı çıxanların hamısından güclü idi. Ağlı ilə, məntiqi ilə, sərrast, səlis, hər cümləsi, hər sözü tam yerində olan parlaq nitqi ilə və nəhayət, həmişə insana arxa olan həqiqətləri ilə! Buna görə də bu çox vacib siyasət meydanında Prezident İlham Əliyevi təkləmiş kimi görünənlər məğlub idilər, hər verilən təxribatçı, iynəli, irinli suala qarşı elə sərt, şapalaq kimi gurlayan cavab gəlirdi ki,davam edən hər yeni dəqiqə ilə bu məğlubiyyət dərinləşirdi.
Onlar hazırlaşmışdılar, həm də ciddi, bütün detalları düşünərək hazırlaşmışdılar. Bu hazırlığın arxasında dayanan qüvvələr həmin hadisələrin baş verdiyi Avropa Evindən – Strasburqdan kənarlarda işlərini görmüşdülər. İndi yekun mərhələ idi.
Müəyyən qüvvələr hayıf almaq, öz aləmlərində Prezident İlham Əliyevə yerini göstərmək, hamının gözü qarşısında onu çətin vəziyyətə salaraq öz təsir dairələrində saxladıqları (və əslində, özlərinin təsir dairələrində olduqları) qruplara, çevrələrə mesaj vermək, Azərbaycandakı əks-elementlərə də “gördünüzmü!” siqnalı yetirərək “fəallaşın!” tapşırığı çatdırmaq idi.
Arxada buna gətirən enişli-yoxuşlu yol vardı.Digər yaxın və uzaq qonşu ölkələrdəki kimi,Azərbaycanda da ictimai-siyasi sabitliyə xələl gətirmək üçün çoxlu vəsaitlər sərf olunsa, son illərin bütün seçkilərində nəyəsə nail olmağa, bu, baş tutmasa, qarışıqlıqlar yaratmağa, alabəzək inqilablar törətməyə çox cəhdlər edilsə də,bu məkrli niyyətlərin heç biri baş tutmamışdı.
Avropa Şurası ilə Azərbaycan arasında isə lap elə son dövrlərdə bəzi gərginlik nöqtələri meydana çıxmışdı. Azərbaycan hökuməti Avropa Şurasında yüksək vəzifə sahibi olan, qurumun vitse-prezidentlərindən biri, fransalı deputat Rene Ruqeyə Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etdiyinə görə ölkəyə daxil olmaq üçün viza açmamışdı. Bundan daha əvvəlsə Azərbaycan Avropa Şurasının ardıcıl təkidlərinə, təzyiqlərinə, sərt davranışlarına baxmayaraq, ölkəmizə qarşı ikili standartlarla yanaşmanın bariz nümunəsi olan qondarma siyasi məhbuslar məsələsi üzrə məruzəçi Kristofer Ştrasserin Azərbaycana səfər etməsinə icazə verməmişdi.
Azərbaycan dövləti başçısının apardığı müstəqil siyasət, əyilməzlik, xalqın və dövlətin maraqlarını hər an qorumaq cəhdi və bacarığı çoxlarını qıcıqlandırır və söz yox, onların bir çoxunun görünməyən uzun əlləri Avropa Şurasına da gəlib yetişir.
Amma bir erməni lobbisi amili də var. İndi xeyli uzaqda qalmış 2001-ci ilin yanvarında Avropa Şurası qarşısında unudulmaz Heydər Əliyev milli bayrağımızı ucaldandan, bu təşkilatda tamhüquqlu üzv olaraq fəaliyyətə başladığımız ilk saatlardan etibarən bizə qarşı tələlər hazırlanmışdı və müəllifi, ilhamvericisi də həmin bədnam lobbi idi.
Aydın idi ki, bu quruma üzv qəbul edilmiş və təşkilata Ermənistanla eyni vaxtda daxil olmuşduqsa, ən birinci və ümdə vəzifəmiz Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ məsələsini qaldırmağımız olacaqdı. Həmin səbəbdən də elə ilk addımdaca bizi, guya, Azərbaycanda siyasi məhbuslar olması problemi ilə üz-üzə qoyacaq qondarma bir sənəd hazırlamışdılar ki, haçan təcavüz problemini qaldırsaq, dərhal onlar da bu mövzunu önə çəksinlər. Yəni əvvəl gedin özünüzün bu daxili probleminizi həll edin, sonra təcavüz məsələsinə baxarıq. Aydındır ki, bütün bunların arxasında birbaşa erməni barmağı gizlənirdi.
Məşhur Mark Tven vaxtilə özünəxas müdriklik və məzə ilə yazıb ki, tarix təkrarlanmır, qafiyələnir. Doğrudan da belədir. Heç vaxt dünənki hadisələr olduğu kimi, yenidən həyatda görünmür. Ancaq dünənki olmuşlarla həmqafiyə olanlar mütəmadi baş verir.
Azərbaycan da Avropa Şurası içərisində və müasir dünya siyasəti arenasında irəlilədikcə bunun yaxşı və pis nümunələrini az görməyib.
Bütün müqavimətlərə baxmayaraq, məhz elə Avropa Şurasında o zamanlar Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri olan İlham Əliyevin təşəbbüsü ilə Dağlıq Qarabağ məsələsi ayrıca məruzə hazırlanması səviyyəsində qaldırıldı, dünya beynəlxalq təşkilatları içərisində ilk dəfə mücərrəd erməni silahlı birləşmələrinin deyil, məhz Ermənistanın işğalçı olması, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğu, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmələr aparması haqqında 2005-ci ilin yanvarında ayrıca qətnamə qəbul edildi.
Prezident İlham Əliyevi onun Parlament Assambleyasında olduğu dövrlərdən tanıyanlardan bir qismi indi də deputatdır və onlar yaxşı bilirdilər ki, Azərbaycan rəhbəri hansı polemika istedadına, diplomatik səriştəyə, siyasi bəsirətliyə malikdir. Bilənlər vardı, amma buna yetərincə agah olmayanlar da az deyildi.
Bizimlə dost münasibətlərdə olan bir neçə nəfər həmin toplantıdan əvvəl nigaranlığını bölüşmüşdü ki, birdən aranı qatmaq, yöndəmsiz suallar vermək cəhdləri olar, pərtlik yaranar. Söyləmişdim ki, ayıq olmağına hamımız ayıq olaq, ancaq bilin ki, ekstremal vəziyyətlərdə bizim Prezident daha iti fikirləşə, ən optimal çıxış yollarını və cavabları daha tez tapa bilir. Əks getmək təşəbbüsündə olanlar özləri uduzacaqlar.
Hər şey arxada qalandan sonra dostlarımız etiraf edirdilər: “Haqlısınızmış!”
Beləliklə, 2014-cü il iyunun 24-də saat 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının zalına daxil oldu.
Təşkilatçılar tərəfindən ssenari xırda detallarınacan işlənib hazırlanmışdı. Amma istənilən halda bu tədarükçülər kiminlə üzbəüz olduqlarını yaxşı bilmirdilər. Onlar İlham Əliyevin KİM olduğunu az sonra bütünlüyü ilə anlayacaqdılar.
Adətən, ölkə başçıları assambleyaya gələrkən təhlükəsizlik tədbirləri gücləndirilir, giriş-çıxışda müəyyən məhdudiyyətlər olur və iclas zalında hər hansı arzulanmaz hadisələrin baş verməməsi üçün zəruri tədbirlər görülür.
Parlament Assambleyasının binasına daxil olmaq üçün xüsusi icazə lazımdır. Dəvətli kənar şəxslər də gedişata müdaxilə etməmək şərti ilə assambleyanın açıq eyvanından iclasları seyr edə bilərlər. Amma kim zəmanət verə bilər ki, orada əyləşmiş hansısa şəxs hansısa anda çığırmayacaq, kobud şəkildə zalda gedən diskussiyalara hansısa replikası ilə mane olmayacaq? Belələrinin – mümkün pozucuların orada əyləşməsinə imkan verilirsə, artıq bunun özü psixoloji təzyiq vasitəsidir, əlavə gərginlik mənbəyidir.
Yəqin ki, müvafiq təşkilati işlərin aparılmasının nəticəsi idi ki, Azərbaycan Prezidenti çıxışa başlayanda ölkədən gəlmiş bir dəstə müxalifətçi cavan seçilsinlər, deyə xüsusi geyimdə artıq assambleyanın üst qatındakı açıq balkonda əyləşmişdi.
İrəlicədən onu da diqqətə yetirim ki, Avropa Şurası Parlament Assambleyasının indiki sədri Ann Brasörlə mən xeyli müddət mədəniyyət, elm, təhsil, media, eləcə də hüquqi işlər və İnsan haqları komitələrində çalışmışam. Həm də, eyni zamanda, Avropa Naminə Liberal Demokratların Alyansı partiya qrupunda onunla yanaşı işləmişik. Bu müddətdə lüksemburqlu xanımı yaxından müşahidə etmiş, ölkəmizə qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşdum.
Assambleya sədri Ann Brasör sözü Azərbaycan Prezidentinə verməzdən əvvəl ənənəvi salamlama ilə başlasa da, manevr edərək dərhal irada keçdi: “Sizin nümayəndə heyətində yalnız kişiləri görürəm”.
Söhbət AŞPA-dakı Azərbaycan nümayəndə heyətindən getmirdi. Bizim heyətin 12 üzvünün 4-ü qadındır və həm də assambleyada kifayət qədər fəaldırlar. Prezidentləri müşayiət edən dəstədə, adətən, xarici işlər naziri, Prezident Administrasiyasının məsulları olur. Çox vaxt da həmin komandalar elə sırf kişilərdən ibarət olur və qətiyyən bu o anlama gəlmir ki, həmin administrasiyada qadınlar çalışmır. Konkret səfər üçün kim lazımdırsa, onları gətirirlər. Bir dəfə dəstədə qadın ola bilər, digər dəfə yox. Ona görə də indiyədək belə bir iradın dilə gətirilməsini assambleyada eşitdiyim olmayıb. İndi isə məqsəd başqa idi. Çıxışdan, suallara cavabdan öncə müvazinəti pozmaq üçün cəhdlər edilirdi və qarşı tərəf iddia edə bilər ki, belə deyil. Amma sonrakı olmuşları da sıralayanda məntiq mən deyəni təsdiqləyir.Assambleya sədri qısa nitqinə tənqid qatmağı və qarşıda çətin suallar olacağını vurğulamağı da unutmadı.
Sədr Prezident İlham Əliyevin assambleyada 2004-cü ildəki çıxışına istinad edərək söylədi ki, o vaxt iqtisadi inkişaf və demokratikləşmənin siyasətinizin iki əsas elementi olmasını bəyan etmişdiniz. Lakin bunlar bir-birindən ayrı mövcud ola bilməz. Siz iqtisadi baxımdan güclü ola bilərsiniz, ancaq demokratiya və şəffaflıq təmin edilməsə, insan haqları qorunmasa, ölkə heç vaxt uğur qazana bilməz. Başqa sözlə, ona işarə vurdu ki, bu sahədə axsayırsınız. Daha sonra o, Azərbaycan Prezidenti ilə may ayında Bakıda olan görüşündən bəzi məqamları xatırlatdı.
Prezident İlham Əliyev çıxışına başladı.
Və növbəti gözlənilməz, hələ-hələ rast gəlinməyən, rəsmi protokola yad, etik ölçülərə uyuşmayan narahatlıq yaşandı.
Bir qayda olaraq, prezidentlər nitqini başlayır, sona qədər davam etdirir və onların assambleyada sözünün yarımçıq kəsilməsi hallarına təsadüf edilmir.
Ann Brasör üzr istədi: “Cənab Prezident, sözünüzü kəsməli oluram. Mətbuatdan xahiş edirəm zalı tərk etsinlər, kameralar da deputatlara Prezidenti görməyə mane olmasın”... Və sair belə sözlər. Əlbəttə,bu, elementar mədəniyyət qaydalarının pozulması idi və assambleya sədri lazım bilərsə, Prezidentin çıxışına mane olmadan bunu yaxınlığında olan katiblik nümayəndələrinə çatdıra bilərdi. Amma, görünür, onlara belə kobudluq etmək lazım idi. Çünki bu da ümumi ssenarinin tərkib hissəsi kimi təsir bağışlayırdı.
Unudulmaz Heydər Əliyevi illər boyu beynəlxalq danışıqlarda çox seyr etmişəm. Qarşı tərəfdən söz deyənlərin hamısını sonacan səbirlə dinlədikdən sonra cavab nitqini başlardı və ondan əvvəl çıxış etmişlərin söylədiklərinin içərisindən keçmiş, cavab vermək lazım gələn bircə məqamı da qətiyyən boş buraxmazdı.
Və İlham Əliyev Heydər Əliyevin oğludur. Təmkinini zərrə qədər pozmadan, mədəni şəkildə, lakin qanan adamın kinayəsini də aşkar duyacağı bir tərzdə xanım Ann Brasörün qaba hərəkətinə münasibətini gizlətmədi: “Siz bu gün iki dəfə mənim sözlərimə istinad etdiniz. Deməli, bu gün ən azı iki dəfə sözümü kəsə bilərsiniz. Beləliklə, mən buna hazıram!”
Bu, əslində, “mən mübarizəyə, qarşıdurmaya hazıram!”, – demək idi və çox keçmədən də nümayiş etdirdi ki, necə, hansı səviyyədə hazırdır!
Amma əvvəlcə Prezidentin giriş nitqi haqqında. İlk növbədə assambleya üzvlərini Prezident İlham Əliyev bu yarım saatlıq çıxışındakı dərinlik, miqyas, bilik əhatəsi ilə valeh etdi.
Onların qarşısında rəhbərlik etdiyi xalqın və yurdun bütün problemlərinə incəliklərinə qədər vaqif olan, dövlətinin dünya ailəsində yerini dürüst görüb dəyərləndirən, ölkəsinin sürətli inkişafını uğurla təmin edən, baxışları müasir, davranışları ləyaqətli güclü bir lider dayanmışdı. Bu, o qədər aydın idi və dəqiqələr ötdükcə də elə dolğunlaşırdı ki, bunu görməmək, etiraf etməmək mümkün deyildi!
Prezident İlham Əliyev meydanda idi və həm də haqsızlığa, ədalətsizliyə, təhrifə, riyakarlığa, dünyada dəb olan fərqli subyektiv yanaşmalara meydan oxuyurdu. Bu, yalnız şəxsən onun, artıq dünyada kifayət qədər tanınan və etiraf edilən güclü bir siyasət və dövlət xadiminin deyil, həm də bütövlükdə Azərbaycanın dövlət və millət olaraq ən məsul şərəf imtahanlarından idi.
Mən tam qətiyyətlə, bu sözün bu gün və gələcək içərisində məsuliyyətini anlayaraq bəyan edirəm: Azərbaycan gerçəkliyində bizi bu səviyyədə, bu intellektdə, bu qətiyyətdə təmsil edə biləcək ikinci şəxs yoxdur.
Tək Azərbaycandamı? Avropa, Asiya, Amerika...və digər səmtlərə sarı boylanın, gözləriniz önündə tanıdığınız, bildiyiniz əcnəbi dövlət başçılarını sıralayın və vicdanla, insafla tutuşdurun.
Assambleyadakı həmin toplantıdan sonra – o gün və sabahısı – ən müxtəlif ölkələrdən olan deputatlar – nisbətən yaxın olduqlarım və sadəcə, elə üzdən tanıdıqlarım – yaxınlaşırdılar və Prezident İlham Əliyevə heyranlıqlarını ifadə edirdilər: “Superdir!”, “Xoşbəxtsiniz!”, “Kaş bizim də!..”.
Bunu çox təbii qəbul edirdim. Çünki parlaqlığın hərdən-hərdən elə səviyyəsi ilə tuş düşürsən ki, həsəd, qibtə səni yenə bilmir, heyrətini, məftunluğunu ifadə etməyə daxili bir ehtiyac duyursan.
Həminki gün Azərbaycan və Avropa Şurası arasında büsbütün yeni bir mərhələnin başlanğıcı demək idi.
Həminki gün tarix üçün elə belə olmalıymış kimi sakitcə ötüb keçməməli, Prezident İlham Əliyevin özü üçün də siyasi bioqrafiyasının əlamətdar lövhələrindən biri kimi hökmən yadda saxlanmalıdır.
Bu, bizə fərqli münasibətləri olanların hamısının Prezident İlham Əliyevi bütün ucalığı ilə birmənalı şəkildə misilsiz bir dövlət rəhbəri və siyasətçi kimi qəbul etməsi məqamı idi. Kiminin açıqca, kiminin ürəyində!
Dost da, qeyri-dost da aydınlığı ilə görüb agah oldu ki, kiminlə qarşı-qarşıyadır. Hər kəsə aydın oldu ki, Prezident İlham Əliyev bugünədək (hər halda, bizim orada olduğumuz 2001-ci ildən bəri) Avropa Şurası kürsüsünə qalxmış dövlət başçılarının hamısından şəxsiyyətində qovuşan universal dövlətçi məziyyətləri ilə üstündür.
Mən hələ situasiyanın özünün dramatizmini, ifadə tərzinin emosional qatını bir kənara qoyuram. Bütün illərin stenoqramları sözbəsöz yazıya alınıb və ortadadır. Dil bilənlər açsın Avropa Şurasının saytını, oxusun, tutuşdursun.
Prezident İlham Əliyev səlis ingiliscəsində, hansısa kağıza, irəlicədən edilmiş qeydlərə baxmadan, sinədən bir möhtəşəm Azərbaycan hekayəti danışırdı. Azərbaycanın müstəqillik içərisində keçdiyi yolun, Avropa Şurasına üzv olduğu müddətdə ölkədə demokratik təsisatların bərqərar olması səmtində görülən işlərin, beynəlxalq müstəvidə özünütəsdiq səmtindəki nailiyyətlərimizin ümumi mənzərəsini cızdıqdan sonra o, iqtisadi sahədəki sıçrayışlı yüksəlişimiz haqqında konkret rəqəmlər və dəlillərlə bəhs etdi. Və mülahizələrini belə bir vacib müddəa ilə yekunlaşdırdı ki, əgər Azərbaycan bunca möhkəm, sağlam, davamlı demokratik bünövrə yaratmasaydı, belə tərəqqi və rifaha da yetişə bilməz, dünyanın iqtisadi böhran içərisində çırpındığı mürəkkəb dövrdən də itkisiz, büdrəmədən çıxa bilməzdi.
Başqa sözlə, Prezident İlham Əliyevim bu qənaətləri həm assambleya sədrinin əvvəldə söylədiyi iqtisadi inkişaf və demokratiya mütənasibliyi iradına tutarlı cavab, həm də Azərbaycanın tərəqqisinin bütün səmtlər üzrə ahəngdar şəkildə getdiyinin parlamentarilərə və qonaqlara məntiqli, sübutlu şəkildə çatdırılması idi.
Təbii ki, Prezident İlham Əliyev nitqində Dağlıq Qarabağ, Ermənistanın Azərbaycana təcavüzü məsələsindən də ətraflı şəkildə bəhs etdi. Ermənilər və ermənipərəstlər cınqırlarını çıxarmadan dinləyirdilər və Prezident İlham Əliyev onlara üz tutmuşdu: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır. Oradakı bütün toponimlər Azərbaycan mənşəlidir. Ermənilərin tarixən Azərbaycanın olmuş torpaqlarda artıq bir dövləti vardır.
Bəlkə də burada assambleyanın bir çox üzvləri xəbərsizdir, amma erməni nümayəndə heyəti, əlbəttə, bunu yaxşı bilir ki, 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ilk fərmanlarından biri Azərbaycana məxsus İrəvanın paytaxt kimi Ermənistana verilməsi oldu. Bir sözlə, onların artıq öz dövləti vardır. Onlar bununla neçə erməni dövlətinə nail olmaq istəyirlər? Məgər onlar yaşadıqları hər bir yerdə öz dövlətini yaratmaq istəyirlər?”.
Həmin gün AŞPA tribunasından səslənən və son illərdə Azərbaycan Prezidentinin dəfələrlə dilə gətirdiyi bu fikirlər – Azərbaycanın yalnız hazırda zəbt edilmiş torpaqlarının deyil, həm də tarixi ərazilərinin qaytarılacağı bəyanatları ermənilərin canına həmişə olduğu kimi, yenə təşviş salmışdı.
Amma Prezident bütün bu bəlaların səbəbkarının erməni hakimiyyəti və siyasəti olduğunu da vurğuladı. Və erməni xalqının tamam yox olmaqdan xilasının da Ermənistandakı mövcud rejimdən qurtulmağa bağlı olduğunu bildirdi: “Azərbaycan ərazilərinin qəsb edilməsi məsələsi Ermənistanın tam məhvinə aparan bugünkü hökumətdən əziyyət çəkən erməni xalqının xeyri üçün də mümkün qədər tez həll olunmalıdır”.
Ümumiyyətlə, Prezident İlham Əliyev yalnız indi, son illərdə deyil, hətta dövlət başçısı olmadığı vaxtlarda da işğal problemini həmin qətiyyətlə, cəsarətlə, bütün kəskinliyi ilə qaldırıb. Xatirimdədir, hətta Avropa Şurasında fəaliyyətə təzə başladığımız çağlarda bir dəfə assambleya sədri növbəti kəskin çıxışından sonra ona irad tutdu ki, çox sərt tənqid edirsiniz. Cənab İlham Əliyev anındaca irada etirazını bildirdi: “Biz tənqid etmirik, ifşa edirik, söylədiklərimizin də hamısı inkarolunmaz həqiqətlərdir”.
Prezidentin nitqində səslənən ən əsas iradlardan biri ildən-ilə acı bağırsaq kimi uzanan münaqişənin həllinə beynəlxalq təşkilatların və beynəlxalq birliyin lazımi reaksiya verməməsi, ikili standartların burada da mövcud olması, bir situasiyada saatlar içərisində qərar qəbul edildiyi halda, burada illərlə gözləmə mövqeyi tutulması məsələsi idi.
Səbəbsiz deyil ki, Avropa Şurasının vebsaytında da Prezident İlham Əliyevin “beynəlxalq müstəvidə ikili standartlara qarşı mübarizə aparacağıq” sözləri ana səhifədə yer almışdı.
Şübhə yox, Parlament Assambleyasına Prezident İlham Əliyevin gəlişinin ən cəlbedici hissəsi onun suallara cavab verdiyi dəqiqələr idi. Suallardan öncəki yarımsaatlıq çıxışı ilə Prezident bu zalda artıq özünə tam rəğbət ab-havası oyada bilmişdi və irəlicədən həmləyə hazırlaşanlar suallar verərkən artıq yetərincə inamlı görünmürdülər. Onların ilk suallarından sonra Prezident İlham Əliyevdən gələn fikir zərbələri onları əvvəlcə nokdauna, sonra isə nokauta saldı. Amma sual-cavabı cızmış olduqları ssenari üzrə başlamışdılar.
Siyahı elə tərtib olunmuşdu ki, birinci sual verən irlandiyalı Maykl Maknamara oldu. O, iyunun 23-nün – AŞPA yay sessiyasının birinci iş gününün qalibi sayılırdı.
Çünki bazar ertəsi əvvəlcə AŞPA Bürosu onun təklifi üzrə Azərbaycanda siyasi məhbuslar problemi, insan haqlarının vəziyyətini araşdıracaq ayrıca məruzənin hazırlanması haqda tövsiyə üçün qətnaməni səsə qoyaraq sənədin sonrakı irəliləyişini dayandırmaq, həmin məsələnin elə Azərbaycan üzrə monitorinq aparan məruzəçilərin hesabatı çərçivəsində araşdırılması barədə qərar çıxarmışdısa da, sonra vəziyyət qəflətən dəyişmişdi.
Təbii ki, irəlicədən öz aralarında xəlvəti aparılmış danışığa əsasən, saat 13.04-də artıq assambleyada plenar iclas fasiləyə dayanarkən M.Maknamara söz istəmiş, iclası aparan xanım Brasör ona danışmaq fürsəti vermiş və o da büronun qərarı ilə razı olmadığını, təklif etdiyi problem üzrə məsələnin assambleyada səsə qoyulmasını xahiş etmişdi.
Yazılmamış bir qayda ilə plenar iclaslarda, adətən, büronun, komitələrin rəyi əsas götürülür və bu, hamıya başlıca yolgöstəriciyə çevrilir. Onlar “hə” deyibsə, hə olur, “yox” deyibsə, yox. Bu dəfə isə sanki möcüzə baş verdi. Maknamaranın təklifi səsə qoyuldu, keçdi, çünki artıq fasilə başlananda aparılan müzakirədə qalibiyyəti təmin etmək üçün o tərəfin zalda lazım olan sayda adamı vardı.
Və Maykl Maknamara özünü lap yaxın zamanlarda Azərbaycanda siyasi məhbus axtarışlarına başlayacaq qorxunc qüvvə kimi təsəvvür edərək uçurdu. Görəydiniz ermənilər onun sağına-soluna necə keçirdilər, hər dəqiqəbaşı əyləşdiyi masaya yaxınlaşıb cürbəcür kağızları ona necə canfəşanlıqla təqdim edirdilər.
İyunun 24-də Prezident İlham Əliyevə onun ilk sual verən kimi qabağa buraxılması da, ehtimal ki, əvvəldən ölçülüb-biçilmişdi.
Cavab verilməsi çətin olacağını düşündüyü sualında M.Maknamara “Amnesty International” təşkilatının Azərbaycanda siyasi məhbuslar olması iddiasını, Azərbaycanın bu məsələ üzrə məruzəçini ölkəyə buraxmaması epizodunu səsləndirir, guya dinc aksiyalar keçirdiklərinə görə həbs edilmiş “Nida”çıların adını çəkirdi. O, bunları deyəndə ssenari üzrə üst mərtəbədə oturmuş, sən demə, “Nida”çıları təmsil edən və aydındır ki, Bakıdan buraya gəlişlərini Azərbaycana zidd müəyyən dairələrin təşkil etdiyi, səfər xərclərinin də elə həmin “xeyirxahları” tərəfindən ödənmiş müxalifətçi cavanlar başladılar çəpik çalmağa və guya, umduqları şok effekti alınır.
Amma unudurdular ki, qarşılarında ASLAN dayanıb! Yaddan çıxarırdılar ki, kürsüdə İlham Əliyevdir!
Maykl Maknamara əlindəki vərəqdən sualı oxuyub qurtarınca Prezident İlham Əliyevin cavabından daha əvvəl ifşaedici zərbə gəldi: “İlk növbədə onu qeyd etmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur və sizin xatırladıqlarınızın hamısı yanlış məlumatlar əsasındadır, ya da ümumiyyətlə, Azərbaycana qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Birinci dəfə deyil ki, siz Azərbaycanı təhqir etməyə çalışırsınız. Lakin burada hər hansı nəzərəçarpacaq uğur əldə etməmisiniz. Əminəm ki, sizin dünənki təşəbbüsünüzün nəticəsi də eyni cür olacaqdır. Bu cəhdin də axırı 2013-cü ilin yanvarında cənab Ştrasserin burada fiaskoya uğraması kimi bitəcəkdir. Əfsuslar olsun ki, Azərbaycan məqsədyönlü təxribatlara məruz qalıb. Biz bunların mənbəyini və səbəbini bilirik. Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, geosiyasi məsələdir. Bir kağız parçasından üzündən oxuduğunuz sualı çox güman ki, sizə Azərbaycana hücum etmək marağı olan tərəflər veriblər”.
Bundan açıq, bundan tikanlı, bundan öldürücü demək mümkün deyildi və son sözləri eşidəndə Maknamara özünü lap itirdi, dili dolaşa-dolaşa cəld inkar etməyə, özünə bəraət qazandırmağa çalışdı: “Çıxışlarımı mən özüm yazıram”, – dedi. Prezidentsə, istehza qarışıq bir tonla ilə dilləndi: “Anlayıram, başa düşürəm”.
Prezident İlham Əliyevin hamının qarşısında mərd-mərdanə elan etdiyi mövqe tək Maknamaraya aid olan məsələ deyildi, bu sözlərdən çoxları payını götürməliydi. Və həmin proqnozunun həyata keçməsi, Maknamaranın və onabənzərlərin heç məruzəni hazırlamağa başlamazdan iflasa uğramaları vur-tut bircə gün çəkdi.
Qəsdləri bu imiş ki, M.Maknamaranın məruzəçi təyin edilməsini gələn sessiyada, bunun üçün münasib gün seçərək çoxlu tərəfdarlar yığandan sonra gerçəkləşdirsinlər. Amma Hüquqi İşlər və İnsan Haqları Komitəsinin ertəsi gün baş tutan toplantısında bu məsələ üzrə məruzəçi təyin edilməsinin gündəliyə salınmasına nail olduq və 51 nəfərin iştirak etdiyi həmin toplantıda mövzu üzrə Maknamaranın deyil, Pedro Aqramuntun məruzəçi olmasını 32 nəfər intixab etdi. Fiasko reallaşdı.
Bu, sabah olacaqdı, hələliksə iyunun 24-ü idi, Azərbaycan Prezidentinə suallar davam edirdi.
Əlbəttə, sualların hamısı heç də bu qəbildən deyildi. Azərbaycanın inkişafını maraqla izləyən, beynəlxalq enerji layihələrində ölkəmizin uğurlarını görüb dəyərləndirən, respublikamızla əməkdaşlığın hansı sərfəli perspektivlər vəd etdiyini öyrənmək istəyənlər də az deyildi. Di gəl, öyrədilmişlər, əllərindəki ermənilərin ötürdüyü “şparqalka”lardan “üfunətli” sualları səsləndirən buyruq qulları da ara-sıra pırtlayıb üzə çıxırdı.
Avropa Şurasındakı Böyük Britaniya nümayəndə heyəti arasında səviyyəli şəxslər, sanballı siyasətçilər çoxdur və onların əksəriyyəti də Azərbaycana rəğbətlə yanaşır, dostlarımızdır. Avropa Şurasında 2005-ci ilin yanvarında qəbul edilmiş və Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini ifşa edən 1416 saylı tarixi əhəmiyyətli qətnamənin də əsas müəllifi ingilislər Terri Devis və o, Baş katib seçildikdən sonra mətni tamamlamış Devid Ətkinson idi.
İndi ermənilər də axtarıb-axtarıb Böyük Britaniya nümayəndə heyətində hər səmtə əyilməyi bacaran 80 yaşlı bir qocanı qarmaqlarına keçiriblər. Hər sessiyada onu bir bəhanə ilə əleyhimizə danışdırırlar. Qocanın heyi və nəfəsi tam kəsilməmiş ondan bu dəfə də istifadə etdilər. Suallardan birini həmin o ipi ermənilərin əlində olan Pol Filin verdi. Dedi ki, sizdə jurnalistləri həbs edirlər, ölkənizdə seçkilər saxta olub. Bir az da üstünə qoydu ki, Azərbaycanın insan haqları üzrə standartları pisləşdirməkdə örnək ölkə olacağını gözləyə bilərikmi?
Erməni əlaltısı Azərbaycana həqarət edirdi, onu qocalığına bağışlamaq məqamı deyildi və Prezident İlham Əliyev də bu siyasət buqələmununa rəhm etmədi: “Qısa çıxışınızda siz iki dəfə yalan danışdınız və mən bu dəqiqə yalanlar danışdığınızı sübut edəcəyəm”,–dedi.
Prezident bəyan etdi ki, Azərbaycanda peşə fəaliyyətinə görə heç bir jurnalist həbs edilməyib, bu, sizin birinci yalanınızdır. İkinci yalanınız da seçkilərlə bağlıdır. Azərbaycanda prezident seçkilərinin ədalətli, obyektiv keçirilməsini dünyanın müxtəlif ölkələrindən mindən çox müşahidəçi izləyib. Avropa Şurasının, Avropa Parlamentinin, ATƏT-in müşahidə missiyaları gəliblər, araşdırıblar, müsbət rəylər yazıblar və AŞPA-nın rəyindən xəbəriniz yoxdursa, onda bunu həmkarlarınızdan xəbər alın.
Prezident ingilis deputatın ümumilikdə ölkəmiz haqqında mənfi danışmasını da ona bağışlamadı: “Görünür, sizin dedikləriniz elə öz ölkənizdə baş verir”.
Ya faktları təhrif edərək, guya Azərbaycanda gender bərabərliyi olmamasını bildirən, ölkəmiz barəsində çaşdırıcı yanlış təsəvvür yaratmağa səy edən polşalı deputat Robert Biedronu da hərzə sualına görə Prezident İlham Əliyev yerində oturtdu: “Azərbaycanda gender bərabərliyinin guya olmaması haqqında söylədikləriniz çox təəccüblüdür. Hələ 1918-ci ildə Azərbaycan Demokratik Respublikası qurularkən onun qəbul etdiyi ilk qərarlardan biri qadınlara seçkilərdə iştirak etmək hüququnu vermək olmuşdur. Bəlkə də bu, Azərbaycanda sizin ölkənizdən daha əvvəl baş verib”.
Elə maraq üçün açdım tarix kitablarını və gördüm ki, Prezidentimiz haqlıymış. Qadınların kişilərlə bərabər seçki hüququ alması Polşada bizdən 1 il sonra başlanıb.
Azərbaycana qərəzli baxışları əks etdirən hər yeni suala Prezident İlham Əliyev hər dəfə elə əsaslandırılmış, şübhəyə, tərəddüdə yer qoymayacaq inandırıcılıq və dəqiqliklə, həm də yetərincə elə sərt cavab verirdi ki, qarşı tərəf də, o cür düşünənlər də dərk edirdilər ki, bu Prezidentlə və bu ölkə ilə ağıl və güc mövqeyindən danışmaq, ona üstdən aşağı baxmaq mümkün deyil.
Prezidentin çıxışı boyu xüsusi önəm verdiyi, ən çeşidli problemlərdən bəhs edə-edə yenə qayıtdığı iki başılca mövzu Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ düyünü, bir də Azərbaycan hakimiyyətinin ölkədə demokratik fəzanı daha da genişləndirməyə, bu istiqamətdə nailiyyətlərin çevrəsini durmadan böyütməyə səmimiyyətlə çalışmaq bəyanatları idi.
Birinci məsələ, söz yox, ilk növbədə bizim özümüzün həyati maraqlarımızla bağlıdırsa, ikinci məsələ artıq çoxlarının diqqətini çəkirdi. Elə ona görə də bu qəbildən olan suallar çoxluq təşkil edirdi.
Parlament Assambleyasında prinsipial və obyektiv yanaşmaları ilə seçilən deputatlardan olan hollandiyalı Tini Koksun bu barədəki sualı və Prezident İlham Əliyevin həmin suala yerli-yataqlı cavabı əksəriyyətin ürəyincə idi.
Ölkəmizi yaxşı tanıyan, müxtəlif Avropa Şurası heyətləri tərkiblərində bir neçə dəfə Bakıda olmuş, insanlarımızla bilavasitə ünsiyyətə girmiş cənab Koks sualının başlanğıcında yetərincə incə bir çaları qabartdı ki, bəzən sizin demokratiya çağırışlarınızı, demokratik inkişafla bağlı müfəssəl təhlillərinizi ölkənizdəki gerçək durumdan tam hali olmayanlar dürüstlüyü ilə qavraya bilmirlər, bu fikirləri qəbul etməyənlər də olur. Və soruşdu: “Siz Azərbaycanda insan haqları ilə bağlı “dəyirmi masa” keçirməyə, ölkənizdə insan hüquqları sahəsinin təkmilləşdirilməsini zəruri sayan tərəflərlə şəffaf dialoq aparmağa hazırsınızmı?”.
Prezident Əliyevin siyasi nitq mədəniyyətinin bir seçilən özəlliyi də odur ki, o, hər sualı məmnuniyyətlə qarşılayır. Çünki qoyuluşundan asılı olmayaraq, hər bir sorğudan mühüm hesab etdiyi düşüncələri ifadə etməkdən ötrü körpü kimi yararlanmağı bacarır. T.Koksun sualı da, əslində, mövzu ətrafında yeni gəzişmələr etməkçün girəvəyə çevrildi. Prezident: “Nəinki hazırıq, daha artıq, biz bunu ürəkdən istəyirik”, - dedi. Və əlavə etdi ki, demirik demokratik islahatlar səmtində bizdə hər iş görülüb və problemlər yoxdur: “Lakin böyük bir irəliləyiş də var və biz konstruktiv tənqidə reaksiya göstərməyə hazırıq. Mən öz ölkəmizdə aparılan islahatların müsbət nümunəsinə diqqət yetirdim. Belə etdim ki, balans düzəlsin. Çünki, adətən, bu zalda diqqət əsasən mənfi məqamlara yönəldilir. Bəzən bu fikirlər Azərbaycanın nüfuzuna xələl gətirmək üçün süni olaraq yaradılır”.
Bu, həm etiraf idi - nöqsanlarımız da var; bu, həm giley idi - bizə qarşı ədalətli olun; bu, həm dəvət idi -istənilən dialoqa, müzakirələrə, öyrənməyə, yeni təcrübələr əxz etməyə açığıq.
Bu, Avropa Şurasının dilidir və Prezident İlham Əliyevin bir ümdə gücü də ondan ibarətdir ki, o, yalnız bir sıra əcnəbi dilləri deyil, bugünün dünyada anlaşılan ortaq demokratiya dilini və üslubunu da kamilcə mənimsəmişdir.
Prezident İlham Əliyev insan haqları, demokratiya məsələləri ilə bağlı Azərbaycan paytaxtında “dəyirmi masa”nın yalnız təşkilinə hazır olduğunu söyləmədi, həm də dəvət etdi: “Buyurun gəlin, danışaq, müzakirə edək, yeni yollar, təzə həll üsulları arayaq”.
Parlament Assambleyasının son iş günündə, adətən, büronun iclası keçirilir, sessiya dəyərləndirilir, həftənin ən diqqətəlayiq uğurları üzərində dayanılır.
İyunun 27-dəki büro iclasında Prezident İlham Əliyevin assambleyadakı çıxışı, suallara verdiyi cavablar, mülahizələri, vədləri yekdil təqdirlərlə yada salındı.
Büro üzvü, Birləşmiş Avropa Solları partiya qrupunun rəhbəri Tini Koks orada da söz aldı: “Prezident İlham Əliyevin təklif etdiyim “dəyirmi masa” ilə bağlı bu qədər həssas, ani müsbət reaksiyasının özü çox sevindiricidir. Deməli, bu ölkə cəmiyyətin bütün təbəqələrinə demokratiya dalğalarının yetişməsində, insan haqları məsələlərinin ən geniş spektrinin müzakirəsi və problemlərin həllində səmim-qəlbdən maraqlıdır”.
Azərbaycan Prezidentinin Parlament Assambleyasındakı ogünkü qələbəsi sübut etdi ki, Azərbaycan yalnız neft ölkəsi deyil, həm də İLHAM ƏLİYEV ÖLKƏSİdir.
Ağlın, istedadın, qətiyyətin, iradənin ogünkü təntənəsi isbat etdi ki, Azərbaycanın əsas sərvəti heç də neft yox, “qara qızıl”dan qat-qat dəyərli olan ZƏKAdır. İlham Əliyev Zəkasının Zəfəri o gün Azərbaycanın gücünə güc artırdı, boyunu bir az da uca elədi!
Avropa Şurasında da çoxları özünü yığışdırdı və inanıram ki, orada işlərimiz sabah dünənə qədər olandan daha yaxşı, daha rəvan davam edəcək.
Mən Vətənimin belə bir parlaq oğlunun olması ilə növbəti dəfə və bir daha qəlbən fərəhləndim, ölkəmə belə bir ötkəm, üstün düşünən şəxsiyyətin Prezident olmasından iftixar duydum. Kim, haçan, harada millətimi və dövlətimi bu cür parlaqlıqla təmsil etməyi bacaracaqsa, ona baş əyməyə hazır olacağam!
...Qədim Strasburqda, Avropa Evində, söz açdığım hadisələrin cərəyan etdiyi o anlarda düşünürdüm ki, kaş bütün bunları unudulmaz Heydər Əliyev də görəydi! Bunları görə bilsəydi, belə bir ləyaqətli oğlunun,yadigar qoyub getdiyi yolun belə bir etibarlı davamçısının varlığına, sevimli Vətəninin taleyinin bunca yenilməz əllərdə olmasına hədsiz sevinərdi, qürrələnərdi, ürəyi dağa dönərdi.
Görə bilsəydi!.. Amma kim bilir, bəlkə də, görür?!
Rafael HÜSEYNOV,
Azərbaycan Milli Məclisinin deputatı,
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.