“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu—respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün
Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”.
Heydər ƏLİYEV
Ümummilli lider
...Toran düşür, arabir atəş səsləri eşidilir, kənd camaatı daha çox uşaqları güllə yağışından qorumağa çalışır. Bir azdan atışma səngiyir, kənd yenə sakit həyatına qayıdır. Bütün bu çətinliklərə baxmayaraq, cəbhəyanı ərazilərdə əhali sabaha inamla yaşayır, çünki onların güvənc yeri cəbhədə Vətəni qoruyan Azərbaycan əsgəridir. Gənclərimizin xidmət etdiyi ordumuzun yaranması və formalaşması tariximizin qürurverici səhifələrindəndir.
1918-ci il mayın 28-də Azərbaycan xalqı öz istiqlaliyyətini dünyaya elan etməklə, suveren, müstəqil və demokratik hökumət qurmağa nail oldu. Müstəqil dövlətin-Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun formalaşması, hərbi kadrların hazırlanması, eləcə də ölkəyə qarşı təhlükələrin qarşısının alınması əsas prioritet məsələ kimi qoyulurdu. Doğrudur, çar hakimiyyəti dövründə müsəlman-türk kişiləri hərbi xidmətə çağırılmır, bununla da xalqımızın uzun illərdən bəri formalaşmış genetik və hərbi ruhunu öldürmə siyasəti yürüdülürdü. Ancaq 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Az bir vaxt ərzində Azərbaycanda Milli Ordu quruculuğunda müsbət irəliləyişlər hiss edildi. Cümhuriyyət ordusunun formalaşmasında çar Rusiyası ordusunda hərbi təhsil almış və xidmət keçmiş bəy, xan nəslinə mənsub peşəkar zabitlərimiz – xüsusilə də generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Xosrov bəy Sultanov və başqalarının rolu böyük oldu.
1918-ci ilin martında müxtəlif şəhər və bölgələrdə erməni daşnak-bolşevik qüvvələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi kütləvi soyqırımı, şəhər və kəndlərin viranə edilməsi xalqı və dövlətin təhlükəsizliyini qoruyacaq Milli Ordunun qurulmasını zəruri edirdi. Bakının bolşevik-daşnak qüvvələrinin əlində olması və ölkənin şərq hissəsinə nəzarətin zəifliyi vəziyyəti çətinləşdirirdi. Osmanlı hərbiyyə naziri Ənvər paşanın göstərişi ilə Nuru paşa başda olmaqla bir qrup Osmanlı əsgər və zabitinin qardaş Azərbaycan xalqının köməyinə yetişməsi və onu erməni-daşnak zülmündən xilas etməsi isə hərb tariximizdə dönüş nöqtəsi oldu. Məhz Qafqaz İslam Ordusu və könüllü azərbaycanlı döyüşçülərin birgə mübarizəsi sayəsində Bakı daşnak-bolşevik töküntülərindən xilas edildi. Bununla da dövlətin paytaxtı Gəncədən Bakıya köçürüldü. Qafqaz İslam Ordusu həm də Milli Ordunun qurulmasına öz töhfələrini verdi.
Cümhuriyyət dövründə hərbi məktəblər
Hökümət hərbi məktəblər açmağa, əsgərliyə yararlı vəntəndaşların hərbi xidmətə cəlb edilməsi işinə başladı. İlk olaraq, 1918-ci il iyun ayında Gəncədə gizir məktəbi yaradıldı. Gəncə gizir məktəbindən əvvəl 1918-ci ilin martında Tiflisdə unter-zabit məktəbi-müsəlman praporşiklər məktəbi fəaliyyətdə idi. Həmin məktəbə bir müddət Cahangir Nəsirbəyov rəhbərlik etdi. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra məktəb Gəncəyə köçdü. Məktəbin statusu yüksəldildi və ona Qafqaz İslam Ordusunun hərbçisi Atıf bəy rəhbər təyin edildi. Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun zabitlərinin köməyi sayəsində qurulan gizir məktəbi azərbaycanlı zabit kadrlarının hazırlanmasında mühüm addım oldu. Məktəb ibtidai təhsildən yuxarı təhsili olan vətəndaşlar üçün nəzərdə tutulmuşdu. 1918-ci ilin oktyabr ayında məktəbdə sürətləndirilmiş təlim kursunun ilk buraxılışı tarixə düşdü. 1919-cu ilin noyabr ayında isə gizir məktəbi hərbi məktəbə çevrildi. Məktəbdə ümumqoşun, artilleriya və mühəndis sahələri üzrə kadrlar hazırlanmalı idi. İlk iki sahə üzrə kadrlar hazırlansa da, mühəndis bölməsini açmaq mümkün olmadı. Gəncə gizir məktəbinin təşkili əhali arasında böyük maraqla qarşılandı. Digər bölgələrdə də bu cür hərbi məktəbin yaradılması təklifləri səsləndirildi.
Şəki (Nuxa) şəhərinin nümayəndələri hərbi nazirə müraciət edərək, Gəncədə olduğu kimi, şəhər xəzinəsi hesabına gənclər üçün hərbi məktəb açmağı xahiş etmişlər. Müraciətdə deyilirdi: “Vətəni müdafiə etməyin hər bir azərbaycanlının müqəddəs borcu olduğunu nəzərə alaraq istəyirik ki, məktəbyaşlı uşaqlarımızın əksəriyyəti hərbi məktəb kursu keçərək Vətənin müdafiəçiləri sıralarında dursunlar”. Bu müraciəti, sözsüz ki, insanların milli şüuru və əqidəsi ilə yanaşı, Vətənə sədaqətin, dövlətçiliyə olan ehtiramın yüksək göstəricisi kimi dəyərləndirmək olar. 1919-cu il mayın 2-də Gəncə gizir məktəbinin rəisi Ə.Şıxlinski “Azərbaycan” qəzeti redaksiyasının rəhbəri Rüstəmbəyova hərbi məktəbə qəbulla bağlı teleqram ünvanlamışdı. Gəncədən vurulan teleqramda qəzetin növbəti sayında beş dəfə elan verilməsi və ödənişin nə qədər olacağının bildirilməsi xahiş edilirdi: “ Gəncə praporşik məktəbinə qəbul prosesi mayın 20-nə kimi uzadılıb. Praporşik məktəbinin dəftərxanası.” Mudros sazişinin şərtlərinə əsasən türk ordusu Azərbaycanı tərk etdikdən sonra məktəbə rəhbər Şirin bəy Kəsəmənski təyin edilmişdir. Gələcəkdə Gəncə gizir məktəbində təhsil almaq üçün müdavimlər hazırlamaq məqsədilə Bakıda yunker məktəbi də açılmışdı. 1919-cu ilin sonlarında - 1920-ci ilin əvvəllərində digər profilli hərbi təhsil ocaqları—süvari, artilleriya və snayper, aviasiya (keçmiş dəniz aviasiyası məktəbinin bazası əsasında), pulemyot-qrenad, hərbi dəmir yolu və hərbi-feldşer məktəbləri açıldı. Azərbaycan Ordusunun ixtisaslı kadrlarla təmin edilməsi məqsədilə digər işlər də görülürdü. Kadr hazırlığı uzun çəkdiyinə görə, bir qrup rus və gürcü zabitləri hələlik orduya cəlb edilmiş, onların təcrübəsindən istifadə edilmişdir. Bütün bunlara baxmayaraq, ordunun kadr hazırlığında milli düşüncə və əqidəli, peşəkar hərbçilərdən istifadə edilməsi əsas məsələ idi. Uzun illərdir, çar Rusiyasında türk-müsəlman əhalinin hərbi xidmətə çağırılmaması, hərb peşəsindən qəsdən uzaqlaşdırılması bir xalqın döyüş ruhunu, mübarizlik əzmini qırmaq məqsədindən irəli gəlirdi. Odur ki, sadəcə bəy və əsilzadə nəslinə mənsub oğullarımız hərbi təhsil ala bilir, öz bacarıqlarını nümayiş etdirir, müxtəlif mükafat və ordenlərə layiq görülürdülər.
Arxiv sənədləri onu deməyə əsas verir ki, nizam-intizama önəm verən Milli Ordumuz xalqımızın əziz bayramlarını, eləcə də Novruz bayramını qeyd etməyi unutmamışdır. 1919-cu ilin Novruz bayramı— martın 22-də Gəncənin Artilleriya Meydanında Milli Ordumuzun hərbi nümayişi keçirilmiş, müdafiə naziri general S. Mehmandarov Azərbaycan parlamenti adından gənc ordu heyətini təbrik etmişdir. Bu bayram nümayişi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının bir illiyinə həsr edilmişdi.
Ulu öndərin uzaqgörənliyi
Qırmızı ordunun işğalçılıq siyasəti nəticəsində ADR-in süqutu hərbi sahəyə də öz təsirini göstərdi. İşğal faktı ilə barışmayan Milli Ordunun sərkərdələri müxtəlif bölgələrdə xalq üsyanlarına rəhbərlik etdilər. Milli Ordunun bir çox ali rütbəli zabiti Nargin adasında güllələndi, bir qrup ziyalı və zabit mühacirət etdi. Yeni yaranan imperiya-SSRİ “beynəlmiləlçilik” “birlik və bərabərlik” şüarlarını bayraq etməklə, digər sahələrdə olduğu kimi, orduda da “islahatlar” aparırdı. İndi azərbaycanlı gənclər Milli Orduda deyil, qırmızı ordunun “qırmızı əsgərlər”inə çevrilmişdi. Sovet dövründə azərbaycanlı gənclərin hərb sənətinə olan marağı və orduda hərbi ixtisaslı kadr kimi yüksəlməsi o qədər də asan deyildi. Bunun obyektiv və subyektiv səbəbləri vardı. Bu baxımdan ömrünün çox hissəsini dövlət təhlükəsizliyi orqanlarında xidmətə həsr etmiş, müxtəlif ali dövlət vəzifələrində çalışmış ulu öndər Heydər Əliyev hər zaman azərbaycanlı zabit və əsgərlərin hərbi hazırlığına diqqətlə yanaşaraq, ordu quruculuğuna xüsusi fikir vermişdir. Məhz onun bu diqqəti sayəsində hələ sovet dövründə respublikamızda hərbi kadrların peşəkarlığının artırılmasında ciddi irəliləyiş əldə edilmişdi. Azərbaycan hərb tarixini, hərbi salnaməmizin sovet dövrünə kimi keçdiyi kəşməkəşli, şərəfli yola dərindən bələd olan müdrik şəxsiyyət Azərbaycan xalqının müdafiəsində məhz azərbaycanlı zabit və əsgərlərin dayanmalı olduğunu gözəl anlayırdı. Çünki dar gündə məhz millətin öz qəhrəman oğulları xalqı hər cür bəladan qoruya bilər, yeri gələndə canlarını fəda edərlər. Bu səbəbdən Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə hərbi kadr hazırlığı məqsədilə bir çox azərbaycanlı gənc SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu hərbi məktəblərə göndərilmiş, məzun olduqdan sonra ordu sıralarında xidmətlərini uğurla davam etdirmişlər. Əgər o vaxta qədər ölkədə milli zabit kadrlarının sayı çox az idisə, görülən işlərdən sonra bu göstəricilər artdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 21 iyun 1967-ci il tarixli qərarı ilə Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edildi. 14 iyul 1969-cu il tarixinə qədər bu vəzifəni tutan Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanlarının milliləşməsinə, peşəkar, vətənpərvər kadrların hazırlanmasına və bu işə cəlb edilməsinə xüsusi önəm verirdi. SSRİ dövründə əksər strateji əhəmiyyətli vəzifələrin ruslar və digər millətlər tərəfindən icra edilməsinə baxmayaraq, Heydər Əliyevin öz ağlı, qətiyyəti, fitri istedadı sayəsində dövlət təhlükəsizliyi orqanlarında qüsursuz fəaliyyətinə görə həm respublika, həm də İttifaq səviyyəsində DTK rəhbərliyi tərəfindən dəfələrlə təltif edilməsi, ictimai-siyasi fəaliyyətindəki yüksəliş və nailiyyətləri həm də xalqımızın uğuru idi. Heydər Əliyev Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda MK-nın birinci katibi seçilməsi ilə respublikamızın ictimai-siyasi həyatı yeni mərhələyə qədəm qoydu. Bu illərdə hərbi sahəyə marağı olan azərbaycanlı gənclərin zabit kimi yetişdirilməsi də diqqət mərkəzində idi. Ulu öndər respublikamızda SSRİ-nin hər yerində mövcud olan hərbi təmayüllü orta məktəblər—Suvorov məktəbləri tipli yeni təhsil ocağı yaratmaq qərarına gəldi. Lakin onun fikrincə, Bakıda yaradılacaq məktəb milli xarakterli olmalı idi. Mərkəz isə bunu istəmirdi. Heydər Əliyev öz qətiyyəti və iradəsi ilə Moskvanın müqavimətini qıra bildi. Beləliklə 1971-ci ildə C.Naxçıvanski adına hərbi məktəbin açılması Azərbaycan hərb tarixində önəmli bir hadisə kimi yadda qaldı. Bu təntənəli açılış o dövrdə Kremlin digər xalqlara qısqanclıqla yanaşdığı illərdə məhz Heydər Əliyev kimi Vətənini, xalqını sevən rəhbərin qətiyyəti sayəsində baş tutmuşdu. Bu məktəbin yaradılması o zaman çox böyük cəsarət tələb edirdi. Belə ki, Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan məktəbin açılması o vaxtkı SSRİ rəhbərliyini narahat edirdi. Bu səbəbdən bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə “ehtiyac” olmadığını əsaslandırmağa çalışırdılar. Lakin Heydər Əliyevin mahir diplomatiyası, qətiyyəti və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almağı bacardı.
Ulu öndər həmçinin azərbaycanlı gənclərin Bakı Ümumqoşun Komandirləri və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdu. Təsadüfi deyildir ki, müstəqillik illərində C.Naxçıvanski adına hərbi məktəb Azərbaycanın ordu quruculuğunda əsas bazalardan birinə çevrilmişdir.
Müharibənin od-alovunda yaranan ordumuz
Müstəqilliyin ilk illərində erməni silahlılarının Dağlıq Qarabağa və həmsərhəd ərazilərə hücumu, işğalçılıq siyasəti vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan Ordusu, demək olar ki, Ermənistanla müharibənin gedişində formalaşdı. Ordunun qurulmasında, ondan əvvəl isə özünümüdafiə batalyonlarının yaradılmasında və kəndlərin qorunmasında məhz Sovet dövründə SSRİ-nin nüfuzlu ali hərbi məktəblərinin məzunları olmuş zabitlər əvəzsiz rol oynadılar. Qarabağda erməni işğalçılarının kənd və rayonları viranə qoyması, paytaxta köçkün axını, mürəkkəb ictimai-siyasi və hərbi şəraitdə ölkəyə olan təhdidlər Azərbaycanın müstəqilliyini də təhlükə altına qoyurdu. Xalqı bu qan-qadadan xilas edə biləcək güclü bir liderə ehtiyac duyulurdu. Odur ki, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə ayrı-ayrı siyasi qüvvələrə xidmət edən hərbi birləşmələr əvəzinə, vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Onun ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaratdı. Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli maraqlarını qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Bütün siyasi və diplomatik vasitələrin işə salınması nəticəsində 1994-cü ilin mayın 12-də atəşkəs əldə edildi. Atəşkəsin elan edilməsi Azərbaycanın dövlət olaraq, iqtisadi, sosial, siyasi və hərbi baxımdan dirçəlməsi, qüdrətlənməsi, ordusunu dünya standartlarına uyğun formalaşdırması baxımından çox önəmli idi. Məhz ölkədə nisbi sakitlik bərpa edildikdən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanıldı. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin sistemləşdirilməsi başa çatdırıldı. Orduya çağırışla bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, gənclər arasında hərbi vətənpərvərlik duyğularının artırılması istiqamətində işlər görüldü. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Ölkədə hərbi kadr hazırlığı və beynəlxalq standartlara cavab verən hərbi təhsil sistemi formalaşdırıldı.
Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bu addım həm də dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, yarımçıq qalmış milli dövlətçilik ideyalarına sahib çıxmaq məqsədini nümayiş etdırirdi. Azərbaycanın müxtəlif xarici ölkələrlə hərbi sahədə əməkdaşlığı, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulması hərbi strukturumuzun beynəlxalq hərbi qurumlarla əlaqələrinin daha da güclənməsi, ölkəmizin bu sahədə təcrübə qazanmasına hesablanmışdı. Əsgərlərimizin Kosovo, İraq, Əfqanıstan kimi münaqişəli və təhlükəli bölgələrdə sülhməramlı qüvvələrin tərkibində uğurla xidmət etməsi hərbçilərimizin təcrübə və uğurlarının artmasına təsir göstərir. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil ocaqlarında oxuması, hərb sənətinin sirlərinə yiyələnməsi savadlı, qabaqcıl hərbi kadrlarımızın hərtərəfli inkişafında əsaslı dönüş yaratdı. Beynəlxalq və regional hərbi təlimlərdə ölkəmizin fəallıq göstərməsi də bu işə öz töhfəsini verdi. Qardaş Türkiyə ilə hərbi sahədə əməkdaşlıq, gənclərimizin Türkiyənin nüfuzlu hərbi məktəblərində təhsil alması da bu qəbildən olan fəaliyyətlərdəndir.
Güclü ordu – güclü dövlət
2001-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə ulu öndər dövlət başçısı və Ali Baş Komandan kimi tarixi çıxışında ordunun missiyasını və üzərinə düşən vəzifələri bir daha xatırlatmışdı: “Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin, yarış, forum və konfransların keçirildiyi mühüm məkana çevrilməklə, dövlətimizin iqtisadi qüdrətini, mədəni irsini dünyaya təqdim edir. Artıq Azərbaycan istənilən zəruri anda dövlətə olan təhdidlərin vaxtında qarşısını almaqla bərabər, düşmənə istər diplomatik, istərsə də hərbi arenada layiqli cavab vermək iqtidarına malikdir. İşğal altında olan torpaqlarımızın azad edilməsi təkcə ordumuzun deyil, hər bir vətəndaşın şərəf məsələsidir və hər kəsin üzərinə müəyyən vəzifələr qoyur. Bu gün dünya Azərbaycan Ordusunu ciddi nizam-intizamlı, peşəkar, hazırlıqlı, müasir standartlara cavab verən, eləcə də hər an işğal altında olan torpaqları azad etmək qüdrətinə malik hərbi qüvvə kimi görür. Bu da təbiidir. Mütəmadi olaraq, Bakının küçələrində Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən paradlar dövlətimizin hərbi qüdrətini dünyaya bəyan edir. Əsgər və zabit heyətinin çıxışları, hava şahinlərimizin səmada bacarıqları, ən əsası, ordumuzu dəstəkləmək üçün küçə və meydanlara axışan vətəndaşların sevgisi ordumuzun qüdrətinin və ona olan inamın göstəricisidir.
2013-cü ildə cənab Prezident, Ali Baş Komandan İlham Əliyev paradda çıxışında ordumuzun vəzifələrinə və döyüş potensialına toxunması yəqin ki, hər kəsin yandındadır: “...Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır”.
Ali Baş Komandanın Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü uzaqgörən və uğurlu diplomatik siyasət artıq münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq qurumlara çatdırılmasında mühüm təsir göstərir, bir sıra ölkələr yeri gəldikcə, nüfuzlu mötəbər tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini pisləyir, işğal altında olan torpaqların azad edilməsini səsləndirirlər.
Prezidentin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması dövlətin ordunu hərbi məhsullarla təminatında əsaslı dönüş oldu. Məqsəd ordumuzu zəruri silah, sursat və texnika ilə təchizatına yüksək səviyyədə nail olmaqdır. Artıq Azərbaycanın istehsal etdiyi hərbi məhsulların dünya sərgilərində nümayişi və marağa səbəb olması ölkəmizin düzgün hərb siyasəti yeritdiyini bir daha sübut edir. Azərbaycanla Cənubi Afrika Respublikasının birgə istehsalı olan “Matador” və “Marauder” tipli zirehli maşınlar, 12,7 və 14,5 mm-lik “İstiqlal” snayper tüfəngləri beynəlxalq sərgilərdə ən çox diqqət çəkməsi dövlətimizin hərbi sənayedə uğurlarının perspektivlərinin göstəricisidir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun mütəmadi olaraq, cəbhəyanı ərazilərə səfərləri, orduda aparılan islahatlar dövlətin ordu siyasətinin reallaşmasına yardım edir.
Qloballaşan dünyada, informasiya müharibəsinin mövcud olduğu dövrdə Azərbaycanın ordu və təhlükəsizlik siyasətində təkcə dövlətin deyil, vətəndaş cəmiyyətinin, eləcə də medianın üzərinə də vəzifələr düşür. Çünki bu gün media Azərbaycanın iqtisadi, siyasi uğurlarını, hərbi sahədə nailiyyətlərini dünyaya bəyan etmək, Qarabağ münaqişəsinin həqiqətlərini çatdırmaq baxımından ən güclü vasitədir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin “Mən bütün jurnalistləri vətənpərvərliyə çağırıram, ” – deməsi və Milli Mətbuat Günündə jurnalistlər üçün tikilmiş binanın açılışında “Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə çox böyük rolu vardır.”-söyləməsi ilə bütün qələm sahibləri vahid dövlətçiliyə, milli maraqlara xidmət etməyə çağırılır.
Bu gün istər mediadakı “söz əsgərləri”, istərsə də ön cəbhədəki əsgərlər Azərbaycan dövlətçiliyinin, ərazi bütövlüyünün qorunmasında ayıq-sayıqdırlar. Təmas xəttində əllərində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitlərimiz var. Cəbhənin o tayında əsgərlərimizə boylanan el-obamız, cəbhənin bu tayında isə Ali Baş Komandanın əmri ilə o yurd yerlərini qaytaracaqları günü gözləyən oğullarımız var. Bu gün onların bayramıdır və sözümüz də onlaradır: Tezliklə Qələbə sorağı ilə bizləri sevindirin, Azərbaycan igidləri!
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.