Prezident İlham Əliyevin AŞPA-dakı çıxışı beynəlxalq aləmdə böyük əks-səda yaratmışdır

Dövlətimizin başçısı işğalçı Ermənistanı və ikili standart nümayiş etdirən beynəlxalq təşkilatları sərt tənqidə məruz qoydu

Son illər bir-birinin ardınca böyük uğurlara imza atan Azərbaycan  bu il mayın 14-dən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Buna qədər isə respublikamız bir sıra nüfuzlu beynəlxalq qurumların tədbirlərinə, o cümlədən, BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Göründüyü kimi, artıq ölkəmiz dünya birliyində etibarlı və inamlı dövlət kimi tanınmaqdadır.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması ilə əlaqədar Strasburq Meriyasında mərasim keçirilmiş və Azərbaycanın dövlət bayrağı qaldırılmışdır. Ölkəmizin bu  təşkilatda sədrliyi Azərbaycan üçün çox  əhəmiyyətli  hadisədir. Bu il  mayın 14-dən noyabrın 14-dək olan sədrlik müddətində Azərbaycan Avropa Şurasının proiritet kimi  üç əsas məsələyə- insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək  göstərəcək və bu dəyərlərin irəliləməsinin təşviqi üzrə səylərini artıracaq. Həmin sahələr Avropa Şurasının gündəliyində duran ən vacib məsələlərdən hesab edildiyinə görə, Azərbaycanın bu sahədə malik olduğu spesifik təcrübə əsasında verə biləcəyi töhfə nəzərə alınaraq müəyyən edilmişdir.

Avropa  Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında  Azərbaycan artıq  qurumun Nazirlər Komitəsinin sədri kimi iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin sessiyada çıxışı böyük maraqla gözlənilirdi. İlk növbədə ona görə ki, dövlətimizin başçısı prezidentlik fəaliyyətinə qədər AŞPA-da Azərbaycan parlamenti nümayəndə heyətinə rəhbərlik etmiş, bu qurumun büro üzvü və vitse-prezidenti olmuşdur. AŞPA-dakı səmərəli fəaliyyətinə və Avropa ideallarına sədaqətinə görə 2004-cü ilin aprelində isə Azərbaycan Prezidenti bu qurumun fəxri üzvü diplomu və qızıl medalı ilə təltif olunmuşdur.

Avropa Şurası Parlament Assambleyasının   sədri xanım Ann Brasör Azərbaycan Prezidenti İlham Əliyevi sessiyada salamladıqdan sonra  Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin uğurlu olacağına əminliyini ifadə etmişdir. AŞPA sədri ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün Avropa Şurası üçün vacib məsələ olduğunu diqqətə çatdırmışdır. A.Brasör Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində həllini arzuladığını bildirmişdir. AŞPA-nın sədri münaqişə tərəfləri arasında etimad mühitinin yaradılması istiqamətində Avropa Şurasının fəaliyyətini davam etdirəcəyini vurğulamışdır.

Son illərdə ölkəmizdə güclü iqtisadi inkişafın getdiyini, Azərbaycanın ötən dövrdə onlarca Avropa Konvensiyasına qoşulduğunu  diqqətə çatdıran  AŞPA-nın sədri insan hüquqları, söz azadlığı və digər sahələrdə əldə olunan nailiyyətlərdən söhbət açmışdır.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti Avropa Şurasında, habelə, bu qurumun Parlament Assambleyasında böyük nüfuz sahibidir. Dövlətimizin başçısı sessiyada çıxışa başlayan zaman da bunun şahidi olduq. Çıxış üçün sözü  Azərbaycan Prezidentinə verən Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör deputatlara xəbərdarlıq edərək demişdir: “Mən toplantı iştirakçılarından cənab Prezidentin çıxışını səbrlə dinləməyi, heç bir emosiya və münasibətlərini bildirməmələrini xahiş edirəm. Cənab Prezident, bu vacib xatırlatmanı etməkdən ötrü sözünüzü kəsdiyim üçün üzr istəyirəm”.

Prezident İlham Əliyev  Avropa Şurası Parlament Assambleyasının sessiyasına  dəvətə görə təşəkkürünü bildirərək müstəqillik illərində respublikamızın iqtisadi sahədə qazandığı uğurlardan söhbət açmış, Azərbaycanın Avropa Şurasına üzvlüyü dövründə  bir çox nailiyyətlərə imza atdığını və bu qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirdiyini diqqətə çatdırmışdır.

Analitik mühakimə və sistemli təhlil üzərində qurulan çıxışına davam edən  dövlətimizin başçısı Azərbaycanın son illərdə yüksək inkişaf yolu keçən dövlət olduğunu demiş,  müstəqilliyin ilk dövrlərində yaşanan çətinliklərdən  də bəhs etmişdir: “Azərbaycan Avropa Şurasına düşünülmüş şəkildə üzv olub və Avropa ilə yaxınlaşma siyasəti bundan sonra da davam edəcək. Ölkəmizdə 90-cı illərin ortalarından ciddi islahatlara başlanıb, ciddi siyasi, iqtisadi islahatlar həyata keçirmişik və bundan sonra da keçirməkdə qərarlıyıq. Bu, sadəcə bizim Avropa Şurası qarşısında öhdəliyimiz olduğuna görə deyil. Bilirsiniz ki, Azərbaycan Avropa Şurasının 600-dən artıq Konvensiyasına qoşulub. Bu, ona görədir ki, biz sivil, inkişaf etmiş dünyanın bir parçası kimi olmaq istəyirik. Azərbaycan gənc dövlətdir. Bizim illərlə yığılan problemlərimiz vardı. Ölkə siyasi, iqtisadi, sosial, hərbi böhran içərisində idi. Bizdən qabaqkı iqtidar durumu son dərəcə çətin bir mərhələyə gətirib çıxarmışdı. Nəticədə Azərbaycanda vətəndaş savaşı baş verdi, Azərbaycan dövlətinin mövcudluğu sual altına düşdü. Bu, Azərbaycanın çağdaş tarixinin ən ağrılı səhifələri idi. Ancaq biz ölkəni bu böhrandan çıxararaq iqtisadi islahatlara başlaya bildik. İslahatlar nəticəsində Azərbaycanda müsbət atmosfer yaranıb. Biz demokratiyanın inkişafına çalışırıq. Azad bir cəmiyyət qurmuşuq,  – söz azadlığı, siyasi azadlıqlar təmin olunub”.

Azərbaycanda azad fikrə, müstəqil mətbuata yaradılan şəraitin yüksək səviyyədə olduğunu diqqətə çatdıran respublikamızın rəhbəri bildirmişdir ki, məhz demokratik prinsiplərin inkişafına yüksək önəm verilməsinin nəticəsidir ki, bu gün ölkədə  40-a yaxın gündəlik, 200-dək  həftəlik və aylıq media orqanı var, telekanallar müstəqildir, 14 regional telekanal açılıb və ölkədə senzura yoxdur. Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycanda  internet sərbəstdir və  hər kəndə, qəsəbəyə internetin çatımlı olması üçün bir sıra proqramlar həyata keçirilir. Bundan başqa, ölkədə yüzlərlə siyasi institut fəaliyyət göstərir, siyasi partiyalar sərbəstdir. Bəzən Azərbaycanda azad sözlə bağlı problemlər olduğu iddia edilsə də, bu fikirlərin heç bir əsası yoxdur. Azərbaycanda azad söz də, sərbəst toplaşmaq azadlığı da var. Ölkəmizin rəhbəri diqqətə çatdırmışdır ki,  sonuncu prezident seçkilərində müxalifət tam sərbəst fəaliyyət göstərmiş, mitinqlər keçirmişdir.

Dövlət başçısı ölkəmizdə  dini və etnik zəmində heç bir problem olmadığını vurğulamış və  bu sahədə Azərbaycanın dünyanın bir sıra ölkələrinə örnək olacağını demişdir: “Multikulturalizmin dəyərlərinə sayğı bizim cəmiyyətin təməlində var. Azərbaycanda əsrlərlə müxtəlif millətlərdən və dinlərdən olan insanlar sərbəst yaşayır. Bu gün bu problem dünyanın, Yaxın Şərqin bir sıra ölkələri üçün, ümumiyyətlə, regionun təhlükəsizliyi üçün narahatlıqlar yaradır. Avropaya sürətlə inteqrasiya edən Azərbaycan bir tərəfdən də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz sanki sivilizasiyalar arasında kiçik bir körpüyük və bu, hər iki sivilizasiya üçün Azərbaycanın dəyərini artırmaqdadır.”

Prezident İlham Əliyev çıxışı zamanı  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuş və  Avropa Şurasının ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirmişdir. Onu da qeyd edək ki, AŞPA  Azərbaycanın ən ağrılı probleminə  çox həssas münasibət göstərərək, bu barədə ayrıca sənəd qəbul etmişdir. Ədalətli və obyektiv  münasibətin nəticəsi olan  həmin sənəd 2005-ci il yanvarın 25-də AŞPA-da təsdiqlənmiş Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana təcavüzü haqqındakı 1416 nömrəli qətnamədir. Bu qətnamədə birmənalı şəkildə Azərbaycanın dünya birliyi tərəfindən qəbul edilmiş ərazi bütövlüyü tanınır, ölkəmizin torpaqlarının qonşu dövlət tərəfindən işğal olunduğu bəyan edilir. Bundan başqa, digər nüfuzlu beynəlxalq qurumlar da Ermənistanı təcavüzkar dövlət kimi rəsmən tanımış və işğal etdikləri Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etmələri barədə qətnamələr qəbul etmişlər. Lakin beynəlxalq aləmdə ikili standartların nəticəsi olaraq bu vaxta qədər həmin qətnamələr hələ də icra olunmur. Azərbaycan Prezidenti bu barədə  AŞPA-nın  yay sessiyasında ətraflı məlumat verərək demişdir: “Ermənistan 20 ildən artıqdır Azərbaycan torpaqlarını işğal edib. Dünyanın bütün beynəlxalq qurumları Qarabağı Azərbaycan torpağı kimi tanıyıb. BMT Təhlükəsizlik Şurası başda olmaqla, demək olar, bütün mötəbər qurumlar Ermənistanın işğalı dayandırması ilə bağlı sənədlər qəbul ediblər. Ermənistan həmin sənədlərə əməl etmir. Biz bu qətnamələrin tətbiq mexanizmini mütləq tapmalıyıq. Bəzən bu münaqişəni dondurulmuş münaqişə adlandırırlar, ancaq bu, doğru deyil. Bu münaqişə var və o çözülməlidir. Bu məsələdə dünya birliyinin ikili standartlar tətbiq etməsi məsələsinə də toxunmaq istəyirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələri çox qısa zamanda, hətta bir neçə saat ərzində reallaşdırılır. Azərbaycanla bağlı qətnamələr isə 20 ildən artıqdır sənəd olaraq qalıb. Azərbaycana bu yanaşma mütləq dəyişilməlidir”.

Prezident İlham Əliyev ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizənin aparıldığına diqqəti cəlb edərək bu sahədə dövlət səviyyəsində islahatların həyata keçirildiyini bildirmişdir. Azərbaycan üçün prioritet məsələlər sırasında təhsilin  də olduğunu bildirən ölkə rəhbəri demişdir ki, ölkəmizdə vətəndaşların təhsil səviyyəsi 100 faizə yaxınlaşmaqdadır.

Ölkəmizin Avropa ilə bundan sonra da əməkdaşlığını davam etdirəcəyini söyləyən Prezident İlham Əliyev demişdir: “Avropa ilə iqtisadi münasibətləri artırmaq siyasətimizi bundan sonra da davam edəcəyik. Bu gün Azərbaycan Avropanın ehtiyacı olan neftin 40 faizini təmin edir. Artıq biz təbii qaz üzrə də nəhəng bir projenin gerçəkləşməsinə başlayırıq. Bu, dəyəri 45 milyard avro olacaq Trans-Anadolu qaz kəməridir. Bu kəmərlə biz Azərbaycan qazını Avropaya çıxaracağıq”.

Avropalı  parlamentarların suallarına cavab verən Prezident İlham Əliyev qərəz və böhtanlar üzərinqə qurulmuş suallara qətiyyətli cavablar verərək demişdir: “Azərbaycanda siyasi məhbus yoxdur. Bu, Azərbaycanın uğurlu inkişafına kölgə salmaq istəyən qüvvələrin heç bir əsası olmayan uydurmasıdır”.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında