Rusiya ilə Azərbaycan arasındakı münasibətlər dostluğa, mehriban qonşuluğa, xalqlarımızın tarixinə, onların ortaq taleyinə, bu gün isə həm də qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Rusiyanın çoxdankı və ənənəvi tərəfdaşıdır. Əminəm ki, bütün bu işlər bizim gələcək fəaliyyətimiz üçün faydalı və perspektivli olacaq.
Vladimir PUTİN
Rusiya Federasiyasının Prezidenti
2014-cü ilin iyun ayı Azərbaycan – Rusiya dostluq və tərəfdaşlıq münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində atılmış bir sıra tədbirlər və əlamətdar hadisələrlə yadda qaldı. Onlardan ikisi barədə daha çox yazıldı və həmin faktlar ekspertlər, politoloqlar tərəfindən geniş müzakirə olunaraq dəfələrlə gündəliyə gətirildi. Birinci məqam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanladığı 11 iyun tarixli təbrik məktubu idi.
Dost ölkənin milli bayramı - Rusiya Günü münasibətiylə göndərilən məktubda qeyd olunurdu ki, xalqlarımız arasındakı çoxəsrlik dostluq və və mehriban qonşuluq münasibətləri müxtəlif sahələrdə ümumi maraqları ehtiva edən uğurlu əlaqələrin möhkəm təməlini təşkil edir. Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz , çoxplanlı Azərbaycan- Rusiya qarşılıqlı əlaqələri və strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın firavanlığı, regionda sülh və sabitlik naminə bundan sonra da uğurla inkişaf edəcək və möhkəmlənəcək.
Qeyd etmək istədiyimiz ikinci məqam isə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun, iyunun 18-də, bir gün sonra isə Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin Bakıya səfərləridir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda keçirdiyi görüşlər barədə söz açmazdan əvvəl dövlət başçımızın Rusiya Prezidentinə göndərdiyi məktubu yada salmağımız təsadüfi deyildi. Çünki hörmətli qonağın Azərbaycan paytaxtında keçirdiyi görüşlərdə səsləndirilən fikirlər və dilə gətirilən arqumentlər bilavasitə cənab Prezidentin bir həftə əvvəlki məktubunda qeyd olunan məqamlar idi. Bu məqamı xüsusilə qabartmaq istəyirik. Çünki, müasir Rusiya diplomatiyasına rəhbərlik edən məşhur bir simanın Bakı səfərindən qabaq həm işğalçı qonşularımız, həm də bəzi bədxahlarımız ağızlarını açıb gözlərini yumurdular ki, Lavrov Bakıya filan məqsədlə gəlir, filan təklifləri gətirir və sair. Eynilə ötən ilin avqustunda Prezident Vladimir Putinin Bakı səfəri öncəsi olduğu kimi, yenə də qaragüruhçular çox məsələləri körüklədilər və son nəticədə məlum oldu ki, Azərbaycan - Rusiya dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Sergey Lavrovun səfərindən sonra da eynilə Vladimir Putinin səfərindən sonrakı anlar yaşandı. Dünənə qədər dil boğaza qoymayanlar səfərin ertəsi günündən susmağa üstünlük verdilər. Çünki rusiyalı diplomat Bakıda rəsmi Moskvanı və Bakını maraqlandıran əksər məsələlərin geniş müzakirəsini aparmış və bütün məqamlarda tərəflərin maraqlarının üst-üstə düşdüyü söylənilmişdi.
Xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri çərçivəsində müzakirə olunmuş məsələlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, bu məqsədlə yaradılmış Minsk qrupunun həmsədrlərinin fəaliyyəti, adı çəkilən məsələyə beynəlxalq təşkilatların münasibəti, Azərbaycanın beynəlxalq aləmdə və xüsusən, region ölkələri arasında artan rolu, Xəzərin statusu, eləcə də tərəfləri maraqlandıran digər məsələlər var idi. Ən başlıcası, hər iki tərəf Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişafına yeni təkan verəcək məqamların axtarılıb tapılmasını qarşıya məqsəd kimi qoyurdu. Tərəflər, eyni zamanda, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ötən ilin avqustundakı Bakı səfərindən sonra qarşıda duran vəzifələrin icrası barədə də fikir mübadiləsi ediblər. Qeyd olunub ki, ölkələrimiz parlamentlər və nazirliklər səviyyəsində də geniş əməkdaşlıq edirlər. Eyni fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də səslənmişdir.
Bir sözlə, Azərbaycan – Rusiya münasibətləri dünyanın harasındasa, kiminsə necə arzulamasından asılı olmayaraq özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Geridə isə mükəmməl bir dostluq, tərəfdaşlıq tarixçəmiz vardır. Həmin tarixçəni vərəqləyərkən görürük ki, Bakı ilə Moskva arasındakı indiki münasibətlərin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Məxsusi olaraq qeyd olunmalı məqam isə ondan ibarətdir ki, müasir dünya siyasətinin bütün sferalarında baş verən prosesləri ən incə məqamlarına qədər mükəmməl şəkildə bilən Prezident İlham Əliyev ulu öndərin həmin siyasi kursunu sədaqət və yaradıcılıqla davam etdirir. Vladimir Putinin ötənilki səfəri zamanı da biz bu məqamın şahidi olduq. Dövlət başçılarının bəyanatlarından, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması mərasimlərində səslənən səmimi sözlərdən də aydın oldu ki, münasibətlər bir çox sahələri əhatə edir. “Sizin səfərinizin əlaqələrimizin inkişafında, əlbəttə ki, xüsusi yeri vardır. Əminəm ki, səfərdən sonra əlaqələrimizin müsbət dinamikası davam edəcəkdir”, – söyləyən Prezident İlham Əliyevin səmimiyyətini Rusiya rəhbəri yüksək dəyərləndirmişdi. Vladimir Putinin Bakıda qeyd etdiyi kimi, həqiqətən ölkələrimiz arasında münasibətlər kifayət qədər uğurla inkişaf edir: “Rusiya Azərbaycan ilə ticari-iqtisadi əlaqələrdə liderlərdəndir və ikinci yeri tutur, ticarət dövriyyəsi artır. Həm Rusiya, həm Azərbaycan tərəfindən ticarət dövriyyəsinin strukturu kifayət qədər sanballıdır. Əlaqələrimiz bir çox sahələr üzrə inkişaf edir. Burada tam əminliklə demək olar ki, bu əlaqələr şaxələndirilmiş xarakter daşıyır və təşəbbüslərin çoxluğu, o cümlədən, Azərbaycan tərəfindən humanitar sahənin inkişafına yönələn təşəbbüslər sevindiricidir”.
Vladimir Putinin Bakı səfəri zamanı imzalanan sənədlərdən, aparılan əhəmiyyətli müzakirələrdən də aydın oldu ki, ölkələrarası əməkdaşlıq çoxplanlı və çoxtərəfli olmaqla iqtisadi, humanitar, nəqliyyat, regional təhlükəsizlik və bütün sahələri əhatə edir. İmzalanan sənədlərdən də görünürdü ki, həqiqətən əməkdaşlığın gələcək inkişafı üçün qarşılıqlı etimad və etibarlı potensial mövcuddur. Məsələn, “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə ”Rosneft" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş", “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə ”Rosneft" Açıq Səhmdar Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri" və sair. Ümumiyyətlə, imzalanan hər bir sənəd gələcək münasibətlərin, tərəfdaşlığın uğurla davam edəcəyinin göstəricisi kimi maraq doğururdu. “2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı”nı isə iki gün əvvəl Bakının qonağı olmuş xarici işlər naziri Sergey Lavrov imzalamışdı.
Qeyd edək ki, bu gün Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycanla sıx, işgüzar əlaqələr saxlayır. Azərbaycanda 500-dən çox Rusiya şirkəti işləyir, onların fəaliyyəti sosial-iqtisadi inkişaf üçün ən mühüm sahələrin geniş spektrini əhatə edir - yanacaq-energetika kompleksi, avtomobil sənayesi, maliyyə, sığorta fəaliyyəti, səhiyyə və sair sahələrdə Rusiya şirkətləri azərbaycanlı tərəfdaşları ilə çox səmərəli fəaliyyət göstərirlər.
Bir sözlə, Azərbaycan – Rusiya dostluq və tərəfdaşlıq münasibətləri dövlətlərimizin və xalqlarımızın maraqları baxımından hər iki tərəfə yüksək səviyyədə sərf edən bir məcrada inkişaf edir. Hər iki dövlət başçısının fikrincə, bu əməkdaşlığın daha böyük potensialı mövcuddur və tərəflər həmin potensialı işə salmaq əzmindədirlər.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.