Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini Avropa İttifaqı ilə əməkdaşlıq təşkil edir. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmlidir. Bu model region dövlətləri ilə nüfuzlu qurumlar arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəlib.
Avropa İttifaqı ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsası 1993 - cü ildə qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bu münasibətlər getdikcə inkişaf etdirilmişdir. Əsası möhkəm özüllər üzərində qurulmuş Azərbaycan - Avropa İttifaqı əlaqələri son illər qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir.
Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Qarşılıqlı münasibətlərin inkişafında atılan mühüm addımlardan biri də 2000-ci ilin aprelində Avropa İttifaqı yanında Azərbaycan Respublikası Nümayəndəliyinin təsis edilməsi və 2003-cü ilin iyulunda Avropa İttifaqının Cənubi Qafqazda öz xüsusi nümayəndəsini təyin etməsi oldu. 2008-ci ilin fevralından etibarən isə Avropa Komissiyasının Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir.
2003-cü ildən başlayaraq Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 2004-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Baş katibi Xavyer Solana ilə Brüsseldəki görüşündə vurğulamışdır ki, Azərbaycan gələcəyini Avropa ailəsində görür. Əlbəttə ki, biz əlimizdən gələni edəcəyik ki, Avropanın bütün meyarlarına cavab verə bilək.
Elə həmin il Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Avropa İttifaqı Şurasının qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. Avropa İttifaqı ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən Avropa Qonşuliq Siyasəti ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ təşkil etmişdir.
Hazırda Azərbaycan Avropa İttifaqı ilə bir sıra sahələrdə də faydalı əməkdaşlıq edir. Avropa İttifaqı Azərbaycanın ümumi xarici ticarətində təxminən 30 faiz təşkil edərək, ölkəmizin əsas ticarət tərəfdaşıdır.
2006-cı ilin noyabrında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun imzaladıqları Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu tərəflər arasında münasibətlərin yeni müstəviyə daxil olmasının göstəricisi sayıla bilər.
Bu anlaşma memorandumunun icrası Azərbaycanın Avropa İttifaqının enerji bazarlarına daha tez inteqrasiyasına kömək etməklə yanaşı, Xəzər hövzəsindən enerji daşıyıcılarının nəqli ilə Avropa İttifaqının enerji təhlükəsizliyinin daha da güclənməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə danışarkən demişdir: “Bu gün, nəhəng neft və qaz ehtiyatları, müasir infrastruktur, boru kəmərləri və önəmli məkanda yerləşən Azərbaycan əlbəttə ki, regional enerji təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyində mühüm rolunu davam etdirir. Avropa Azərbaycanın böyük tərəfdaşıdır.”
Prezident İlham Əliyevin Avropa İttifaqına beş dəfə səfər etməsi bu qurumla ölkəmizin ikitərəfli əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi 17,9 milyard avroya çatıb. Bu isə Azərbaycanın ümumi xarici ticarətinin 42 faizi deməkdir.
Demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsi, iqtisadiyyatın sürətli inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması, hüquqi dövlət quruculuğu, davamlı ictimai-siyasi proseslərin yaradılması və müxtəlif sahələrdə qazanılan uğurlar dünyanın inkişaf etmiş dövlətlərinin, həmçinin nüfuzlu beynəlxalq qurumların diqqət mərkəzindədir. Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun bu günlərdə ölkəmizə səfərinin əsas səbəblərindən də biri məhz bu olmuşdur.
Avropa Komissiyası sədrinin respublikamıza səfəri Azərbaycan - Avropa İttifaqı əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından önəmli hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyev də bu səfəri yüksək dəyərləndirərək Avropa İttifaqı ilə əlaqələrin respublikamız üçün prioritet olduğunu vurğulamış və ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Azərbaycan Prezidenti demişdir: “Bizim əlaqələrimiz bir çox sahələri - siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrini əhatə edir. Biz yaxşı tərəfdaşlar kimi çox fəal işləyirik. Biz əvvəllər də görüşlər keçirmişik - Bakıda, Brüsseldə, başqa yerlərdə. Mən əməkdaşlığımızın səviyyəsindən çox razıyam. Ümidvaram ki, Sizin səfərinizdən sonra bu əməkdaşlıq daha da genişlənəcək, daha çox sahələri əhatə edəcək və inkişaf edəcəkdir”.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri ilə apardığı müzakirələrin nəticələrindən məmnun qaldığını ifadə edərək demişdir ki, bu günə qədər görülən işlər müsbət əməkdaşlığın nümunəsidir. Ölkəmizin başçısı bildirmişdir ki, bu gün biz Azərbaycanda siyasi islahatlarla və demokratikləşmə prosesi ilə bağlı vəziyyəti müzakirə etdik. Fundamental azadlıqların təmin edilməsi hökumətimizin başlıca prioritetlərindəndir. Çünki biz ölkəmizin müasirləşməsini həyatımızın bütün sahələrinin müasirləşməsi ilə bağlayırıq. Azərbaycan Prezidenti demişdir:"Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir. Azad media, azad internet mövcuddur. Cənab sədrə dediyim kimi, Azərbaycan əhalisinin 70 faizi fəal internet istifadəçisidir. Ölkəmizdə toplaşmaq azadlığı, təşkilatlanma azadlığı tam şəkildə təmin olunur. Din azadlığı da ölkəmizdə təmin olunur. Azərbaycan çoxmədəniyyətli ölkə və cəmiyyətdir. Bizim ən böyük sərvətlərimizdən biri ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşamasıdır”.
Avropa Komissiyasının sədri ilə aparılan müzakirələr əsnasında Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinə xüsusi önəm verilmişdir. Təəssüflə qeyd olunmuşdur ki, danışıqların 20 il davam etməsinə baxmayaraq, bu sahədə hələ ki, heç bir irəliləyiş əldə olunmamışdır. Bunun başlıca səbəbi Ermənistanın qeyri - konstruktiv mövqeyi, atəşkəs sazişinə əməl etməməsi, işğalçılıq siyasətindən əl çəkməməsi və Azərbaycanla sülh əldə etmək istəməməsidir. Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edərək hələ də status-kvonun dəyişməsini istəmir.
Ermənistanın beynəlxalq hüququn normalarına laqeyd münasibətini diqqətə çatdıran Azərbaycan Prezidenti demişdir: “Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçıları status-kvonun qəbuledilməz olması ilə bağlı bir necə dəfə bəyanatlar vermişlər, Ermənistan hələ də buna məhəl qoymur, vəziyyəti dondurmaq və status-kvonu saxlamaq üçün hər şeyi edir. Torpaqlarımız işğal altındadır. Beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi Ermənistanın nəzarətindədir. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini tələb edən 4 qətnaməsi hələ də icra olunmamışdır. Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul etmişlər, lakin onların heç biri icra olunmamışdır.
Beləliklə, münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunması regionumuz üçün mühüm əhəmiyyətli məsələdir. Bu münaqişənin nizamlanması Cənubi Qafqaz regionunda yeni mühit, sülh və əməkdaşlıq ab-havası yaradacaqdır".
Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığının da yüksək səviyyədə olduğu qeyd edilmişdir. Üç il öncə Bakıda Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə enerji əməkdaşlığına dair tarixi Bəyannamə imzalanmasının uğurlu icrasına başlanması ikitərəfli enerji əməkdaşlığını yeni mərhələyə yetirmişdir.
Azərbaycanın sürətli inkişaf yolunda olduğunu yüksək dəyərləndirən Joze Manuel Barrozu Bakının əhəmiyyətli dərəcədə müasirləşdiyini bildirmiş, 2011-ci illə müqayisədə yaxşılığa doğru çoxlu fərqlər olduğunu qeyd etmişdir. Bu inkişafdan məmnun qaldığını vurğulayan Avropa Kimissiyasının sədri demişdir: “Mən bununla bağlı Sizi təbrik edirəm. Mən, cənab Prezident, Sizin, hakimiyyətin və Azərbaycan xalqının daha müasir, sabit, inkişaf edən ölkə uğrunda səylərinizi görürəm. Mən, həmçinin Sizi təkcə diplomatik deyil, mühüm beynəlxalq uğurlarınız - “Eurovision” mahnı müsabiqəsi, Azərbaycanın dəstəklədiyi komandanın İspaniya çempionatında qələbəsi münasibətilə təbrik edirəm".
Barrozu ölkəmizin zəngin enerji resurslarına malik olmasını yüksək dəyərləndirmiş və demişdir ki, Azərbaycan bu gün Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir. Təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini verməkdədir. Bununla yanaşı, Barrozu Azərbaycandan olan çoxsaylı alim və tələbələrin Avropa İttifaqının təhsil ocaqlarında, elm mərkəzlərində çalışmasından və təhsil almasından məmnun qaldığını bildirmişdir. O, demişdir ki, bu da çox ümidverici sahədir. Avropa İttifaqının Azərbaycan ilə əlaqələri genişləndirmək arzusunda olduğunu diqqətə çatdıran Barrozu bu mənada assosiativ üzvlüklə bağlı dəvətin qüvvədə qaldığını qeyd etmişdir.
Joze Manuel Barrozunun ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədrinin iştirakı ilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında ölkəmizin bu qurumun proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi imzalanmışdır.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.