Heydər ƏLİYEV: QALİBİYYƏT missiyası, QƏLƏBƏ rəmzi

Dünya tarixinin ən həyəcanlı epizodlarını göz önünə gətirərək, Heydər Əliyevin hakimiyyətə qayıdışını təbii və qanunauyğun hal kimi dəyərləndirmək olar. Çünki bütün xalqların tarixində ən ağır sınaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoymaq instinkti vardır. Bir qayda  olaraq, qarşısının alınması mümkün görünməyən real təhlükə ərəfəsində bu instinkt  siyasi baxışlarından asılı olmayaraq cəmiyyətin bütün təbəqələrini yeganə ümid ətrafında birləşmək üçün sonuncu cəhdə səfərbər edir.

Yenə də bir qayda olaraq, yeganə ümid rolunda toplumun ən müdrik şəxsiyyəti çıxış edir və cəmiyyətin bir müdrik şəxs ətrafında kütləvi səfərbərliyi həlledici gücə çevrilir. Belə bir monolit güc o zamanadək qeyri-mümkün görünən bütün sədləri aşır, çıxılmazlıqdan xilas yolları tapır, cəmiyyətin və dövlətin varlığını təhdid edən ən böyük təhlükəni bir həmlədə böyük məsafəyə uzaqlaşdıra bilir. 

Dünya tarixində buna bənzər bir sıra ibrətamiz hadisələr var. Məsələn, birinci dünya müharibəsində didilib parçalanmış və tamamilə məhv olmaq təhlükəsi qarşısında dayanan Türkiyə ən çətin sınaq məqamında öz ümidini türk dünyasının böyük şəxsiyyəti Mustafa Kamal Atatürkün zəkasına və məharətinə bağladı. Məhz onun şəxsiyyəti ətrafında səfərbər olan ümummilli mübarizə əzmi Türkiyəni qələbəyə apardı.

 İkinci dünya müharibəsində ingilis xalqının alman faşizminə qarşı mübarizə ruhu Çörçilin şəxsiyyəti üzərində öz təcəssümünü tapdı. Yenə də ikinci dünya müharibəsində işğal altında olan Fransada fransız xalqının azadlıq mübarizəsinin nüvəsində Şarl de Qol şəxsiyyəti dayandı.

1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış hərbi - siyasi vəziyyət sadaladığım hadisələrdən daha gərgin və təhlükəli idi. Zaman da dəyişmişdi. Mürəkkəb siyasi texnologiyaların təşəkkül tapdığı, ifrat dərəcədə differensiallaşmış çoxqütblü qlobal siyasi məkanda hadisələrin axarını istənilən səmtə yönəltmək artıq o qədər də asan deyildi. Belə bir mürəkkəb vəziyyətdə ölkəmizdə xalqın azadlığını və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası  ümummilli lider Heydər Əliyevə nəsib oldu.  Bu dövrün mürəkkəbliyi ondan ibarət idi ki,  dünyanın təşkil olunduğu iki qütblü qlobal siyasi sistem özü dağılmışdı. Bu dağıntılar içərisində xalqların öz azadlığına qovuşmaq və öz dövlət müstəqilliyini əldə etmək arzularıyla o zamanadək dünyada söz sahibi olan supergüclərin məqsədləri bir-birinə tərs mütənasib idi.

Doğrudan da, böyük güc sahibləri üçün dünya siyasi xəritəsində çoxsaylı xırda dövlətlərin meydana gəlməsi və onlarla ayrı-ayrılıqda işbirliyi qurmaq və ya mübarizə aparmaq məcburiyyətində qalması böyük dövlətlərin marağında deyildi.  Bir tərəfdən, xalqların azadlıq ideallarını, onların müstəqilliyə qovuşmaq arzularını təqdir edərək onların demokratik dünya birliyinə can atmasını alqışlasalar da, digər tərəfdən, gündən-günə sayı çoxalan milli dövlətləri  öz təsir dairələrində saxlamağın çətin olacağını bilərək böyük dövlətlər bu prosesləri  dəstəkləməyə o qədər də tələsmirdilər. Sovet imperiyası hələ dağılma prosesinin içində ikən özündən qopan milli dövlətlərin yenidən hansı yolla itaət altına salınmasının yollarını düşünürdü.  Bu məqsədini, heç olmasa, gələcəkdə həyata keçirmək üçün son nəfəsində olan imperiya müstəqilliyə qovuşmaq arzusunda və ərəfəsində olan gənc milli dövlətlər arasında süni ziddiyyətlər yaradır, onları imperiyadan asılı saxlaya biləcək bütün ipləri əlində saxlamağa çalışırdı.

Bu ziddiyyətlər özünü SSRİ-nin bütün periferiyasında baş verən lokal müharibələr şəklində göstərirdi. Yenicə yaranmaqda olan milli dövlətlərdə imperiya siyasətinin bütün bu incəliklərini anlayacaq qədər zəngin təcrübə, dərin siyasi düşüncə və siyasi iradə sahibləri çox az idi. Moldovada, Gürcüstanda, Qazaxıstanda və Baltikyanı ölkələrdə baş verən proseslərlə yanaşı, Azərbaycanda cərəyan edən hadisələr xeyli mürəkkəb, çoxgedişli və müstəqilliyimizi önləmək baxımından daha təhlükəli idi. 

Dağlıq Qarabağ ərazisinin tamamilə itirilməsi, ətraf rayonların mühasirə şəraitində hər cür kömək göstərilməkdən məhrum olduğu bir şəraitdə, xarici qüvvələr tərəfindən ölkənin müxtəlif hissələrində separatçılıq fəaliyyətinin qızışdırılması və hərtərəfli dəstəklənməsi, qeyri-müəyyənlik məngənəsində imperiya casuslarının ölkəni vətəndaş müharibəsinə sürükləməsi Azərbaycan dövlətçiliyinin mövcudluğunu ciddi sual altına qoymuşdu.

Məhz belə bir təhlükə qarşısında bütün xalq və eləcə də bir-birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın yetişdirdiyi ən müdrik şəxsiyyətə – Heydər Əliyevə yönəltdilər. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan o zamankı hakimiyyət  israrla Heydər Əliyevi hakimiyyətə dəvət edərək daşıya bilmədikləri yükün məsuliyyətindən yaxalarını qurtarmaq üçün hakimiyyəti buraxıb qaçdılar.

 Beləliklə, möhtəşəm  Qayıdış baş verdi. Əslində, 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi bir qədər gecikmiş qayıdış oldu. İdeal vəziyyət o ola bilərdi ki, Heydər Əliyev sovet hökumətində tutduğu yüksək vəzifədən istefa verdiyi an Azərbaycan hakimiyyəti tərəfindən milli siyasətə - müstəqil Azərbaycan dövlətinin quruculuq proseslərinə cəlb olunaydı. Təəssüf ki,  o zamankı Azərbaycan hakimiyyəti həmin dövrdə dünya siyasətinin nəhəng simalarından biri hesab olunan Heydər Əliyevin hadisələrə lap başlanğıcda ikən müdaxilə etməsinə şərait yaratmadı, əksinə, Heydər Əliyevin  Azərbaycanda aktiv siyasətə qayıtmasına əngəllər törətmək fikrinə düşdü.

Lakin hadisələrin sonrakı gedişi onu göstərdi ki, belə bir mürəkkəb hərbi - siyasi şəraitdə ölkəni idarə etmək və ən başlıcası, Azərbaycanın yenicə bərpa olunmuş müstəqilliyini qoruyub saxlamaq Heydər Əliyevsiz mümkün olmayacaq. Məhz bunu dərk edərək öz dövlətçiliyini itirmək təhlükəsi qarşısında Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. O zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət edib siyasi hakimiyyəti ona təhvil verməkdən başqa yolu qalmadı. Bu prosesin özü də rahat keçmədi. Ümummilli lider Heydər Əliyevin Bakıya qayıdışından sonra onun hakimiyyətinə qarşı xarici və daxili qüvvələr tərəfindən törədilən təxribatlar, planlaşdırılan sui-qəsdlər diqqəti yayındırır, gərginlik vəziyyətini aradan qaldırmağa və ölkəni kritik vəziyyətə salan səbəblərin çözülməsinə ciddi maneə yaradırdı. Bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyevin zəkası Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş xarici və daxili təzyiqlərin, hərbi müdaxilənin qarşısını ala bildi. Xalq da məhz bunu gözləyirdi və buna inanırdı.

Bu inamı yaradan Heydər Əliyevin Azərbaycan xalqının gözləri qarşısında keçən həyatı və fəaliyyəti olmuşdu. Hələ 1969-cu ildə Heydər Əliyev respublikada hakimiyyətə gələnə qədər Azərbaycan Sovet İttifaqının tənəzzül içində boğulan, geridə qalmış əyalətlərindən biri idi. Həmin ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyevin fəaliyyəti nəticəsində cəmi on il ərzində ölkə iqtisadi, mədəni, sosial inkişafına görə ittifaq daxilində ən yüksək pilləyə qalxa bildi.

 Məhz o dövrdə ittifaq çərçivəsində olsa da, Azərbaycanın milli dövlətçilik strukturlarının təşəkkül tapması, Azərbaycan vətəndaşının sovetlər birliyi çərçivəsində yüksək mədəni, intellektual potensiala yiyələnməsi baş tutmuşdu. Bütün bunları zamanında həyata keçirən Heydər Əliyevin siyasi təcrübəsi yeni və çox mürəkkəb bir şəraitdə Azərbaycanın sonrakı inkişafının yolunu düzgün istiqamətləndirmək üçün kifayət qədər zəngin potensial yaratmışdı.  Həmin dövrdə Azərbaycan xalqının və dövlətinin mövqeyini doğru-düzgün müəyyənləşdirib ortaya qoymaq, bunu lazımi şəkildə dünya birliyinin diqqətinə təqdim etmək və dünya dövlətlərinin yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini təmin etmək başlıca vəzifə idi.

Belə bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi və 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqına  bu nadir fürsəti verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəldi. O, qısa bir müddət ərzində atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisadi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu.

Son 20 il ərzində Azərbaycanın həm beynəlxalq siyasətdə və həm də iqtisadi, mədəni, sosial və humanitar inkişafda əldə etdiyi nailiyyətlər həmin dövrdə Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün və ən uğurlu yol olduğunu göstərir. Bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu dövlətin apardığı siyasi kurs məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi xəttin - dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi kursunun davamıdır.

Heydər Əliyev bir şəxsiyyət kimi qələbə rəmzi, uğur timsalıdır. O, özünün bütün yaş dövrlərində zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir lider idi. Bu fədakarlıq onun öz xalqına məhəbbətindən və öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi.

Zamanın sınaq anında o, bu missiyanı şərəflə və ləyaqətlə yerinə yetirdi. Məhz onun sayəsində bu gün dövlətimizin müstəqilliyi dönməz və sarsılmazdır. Heydər Əliyevin Şəxsiyyət obrazı isə Azərbaycanın əbədi Qələbə məşəlidir.

 

Cavanşir FEYZİYEV,

millət vəkili, fəlsəfə doktoru

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında