Azərbaycan intibahının əsasını qoymuş lider

 

Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.

 Nikolay BAYBAKOV,

keçmiş SSRİ Nazirlər Soveti  Sədrinin müavini,  Dövlət Plan Komitəsinin sədri (1965 - 1985)

 

 

 

 

Hər bir xalqın tarixində nadir şəxsiyyətlər olur. Adları cəmiyyətin  yaddaşına həkk olunmuş böyük dövlət xadimləri öz xalqlarının, bəzən də digər xalqların və dövlətlərin inkişaf xəttini müəyyənləşdirir, bəşəri problemlərin həllində mühüm rol oynayırlar. Belə parlaq şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyi üçün təhlükəli bir dövrdə xilaskar lider missiyasını öz  üzərinə götürərək xalqımızın və dövlətimizin tarixində dönüş yaratmış və keyfiyyətcə yeni bir inkişaf mərhələsinin əsasını qoymuşdur.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr öz əzəmətli inkişaf göstəricilərilə dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rolunu göstərən gözəl nümunədir. Azərbaycan SSR-ə rəhbərlik etdiyi 13 il ərzində ulu öndər iqtisadiyyatın inkişafında və xalqın həyat səviyyəsinin yüksəldilməsində böyük uğurlara nail oldu. Güclü iradə sahibi olan müdrik dövlət xadimi bütün sağlam qüvvələri ətrafına toplayaraq, əvvəllər az tanınan, durğunluq dövrünü yaşayan Azərbaycanı dinamik inkişaf edən, cəmiyyətin bütün problemlərini müvəffəqiyyətlə həll edən, böyük addımlarla irəliləyən qabaqcıl respublikaya çevirdi.

Daha sonra müstəqillik dövrünün ilk illərində Azərbaycanda bütün sahələrin dərin böhran içində olduğu, dövlət kimi mövcudluğu sual altında qaldığı 1993-cü ildə Heydər Əliyev şəxsiyyətin tarixdə böyük rolunu bir daha təsdiq edərək xilaskar və qurucu lider missiyasını üzərinə götürüb xalqının taleyində dönüş yaratdı. Azərbaycana rəhbərliyinin ikinci dövründə ulu öndərin qarşısında mahiyyəti və xarakteri etibarilə daha böyük və mürəkkəb vəzifələr durmuşdu: başlanmaqda olan qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almaq, ölkədə siyasi sabitliyə, cəbhədə atəşkəsə nail olmaq və s. Bu vəzifələr qan tökülmədən, siyasətçi müdrikliyi və diplomat məharətilə həll edildi. Ölkədə demokratik dəyərlərə məxsus bazar münasibətlərinə əsaslanan genişmiqyaslı iqtisadi islahatların keçirildiyi vətəndaş cəmiyyəti quruculuğu başlandı və qısa müddətdə böyük nailiyyətlər əldə edildi.

Heydər Əliyev ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimizə əbədilik qazandırdığına, milli dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdiyinə, ölkədə başlanmaqda olan vətəndaş müharibəsinin qarşısını aldığına, şəxsən özünün işləyib hazırladığı yeni neft strategiyasının icrası nəticəsində ölkə iqtisadiyyatında möhtəşəm inkişafa nail olduğuna, eləcə də gənc müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiyasını reallığa çevirdiyinə görə adı milli tariximizə əbədilik yazılmış şəxsiyyətdir. Müstəqilliyimizin bərpasından sonra yaşadığımız ilk illərdə ulu öndər Azərbaycanı parçalanmaqdan, xalqımızı milli fəlakətdən, təbii sərvətlərimizi talandan xilas etdi. Bununla yanaşı, onun müasir tariximizdə xidməti çağdaş Azərbaycanın intibahının əsasını  qoymasıdır.

Ümummilli liderimizin böyük tarixi şəxsiyyət olduğunu bir sıra tanınmış insanlar təsdiqləmişlər. Görkəmli dövlət xadimi, Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl demişdir: “Heydər Əliyev kimi insanlar bu dünyanın naxışı, əşrəfidir. Zatən, bu cür insanların varlığıdır dünyanı çökməyə qoymayan”.

15 İyun - Milli Qurtuluş Günü münasibətilə qələmə alınan bütün məqalələrdə olduğu kimi, bu yazıda da müstəqilliyimizin 1993-cü ilin yayına qədərki dövründə üzləşdiyimiz çoxsaylı məhrumiyyət və məşəqqətlərin bir neçəsini yada salmaq istəyirik. Mixail Qorbaçovun başladığı “yenidənqurma”nın fəsadlar verməyə başladığı illərdə Azərbaycana rəhbərlik edən şəxslərin zəifliyi ölkəmiz üçün çoxsaylı problemlər yaratmışdı. Ermənilərin Azərbaycana qarşı irəli sürdükləri ərazi iddialarına ciddi cavablar verilməmiş, xalqın azadlıq hərəkatının “beşikdəcə boğulmasını” təşkil etməkdən ötrü Bakıya qoşun çağırılmış, Xocalı soyqırımı kimi faciə həm ölkə əhalisindən, həm də dünya ictimaiyyətindən gizlədilmiş, ölkədə yaranmış xaos və anarxiyadan istifadə edən qüvvələrin respublikamızı bir neçə yerə parçalamaq planları ortaya atılmış, vətəndaş müharibəsinə “start” verilmişdi. Bütün bunların nəticəsində xalqın həyat şəraiti kəskin şəkildə pisləşmiş, ən başlıcası, milli dövlətçiliyimiz ikinci dəfə itirilmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Bu, bir faktdır ki, ümummilli liderimiz Heydər Əliyev ölkədə siyasi hakimiyyətə qayıtmasaydı, Azərbaycanın dövlət müstəqilliyinin əldən getməsinə çalışanlar mütləq öz məqsədlərinə çatacaqdılar. Heydər Əliyevin qayıdışı ilk növbədə həmin bədxahlarımızın arzularını gözlərində qoydu.

Heydər Əliyevin 1993-cü ildə möhtəşəm qayıdışından başlanan quruculuq illəri  qüdrətli, müstəqilliyi əbədi, dönməz və sarsılmaz olan Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Ümummilli liderin həyata keçirdiyi  xilaskarlıq və quruculuq missiyası öz gözəl bəhrəsini verdi: 2003-cü ildə Azərbaycan özünü tam doğrultmuş siyasi strategiyaya malik, inamla irəli  gedən, iqtisadiyyatını, sosial həyatının bütün sahələrini inkişaf etdirən, beynəlxalq aləmdə tanınan və nüfuz qazanmış gənc  müstəqil dövlət idi.  Heydər Əliyev şərəfli ömrünün son anlarına qədər öz həyatını doğma xalqına həsr etdi. Xalqın taleyini, ölkənin gələcəyini ən çox inandığı, etibar etdiyi, o vaxtlar respublikanın Baş naziri vəzifəsində işləyən İlham Əliyevə tövsiyə etməsi onun Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biri oldu. Möhtərəm Prezidentimiz İlham Əliyev müasir Azərbaycanın lideri olaraq ümummilli liderin siyasətini sadəcə davam etdirməklə kifayətlənmədi, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı, müasirləşdirdi və inkişaf etdirdi. Bu gün ölkəmizin qazandığı hər uğurun, hər qələbənin əsasında Heydər Əliyevin siyasi müdrikliyi, uzaqgörənliyi və onun davamçısı Prezident İlham Əliyevin iradəsi, zəkası, cəsarəti və xalqına dərin məhəbbəti dayanır.

 Yaşadığımız dövrdə ölkəmizin sürətli inkişafı qürur doğurur. Lakin  bu uğurları dəyərincə qiymətləndirmək üçün yenə də 21 il əvvələ - başlanğıc nöqtəsinə qayıtmalıyıq.

Bir təhsil sistemi təmsilçisi kimi qeyd etməliyəm ki, o dövrdə cəmiyyət həyatının bütün sahələrində ağır problemlər olsa da, bəlkə ən sarsıdıcı zərbələr təhsil sektoruna dəymişdi. Bu sahəyə rəhbərlik edən diletantların “islahatları” nəticəsində təhsil və elm müəssisələri bərbad vəziyyətə gətirilmişdi. Təhsilə maraq sönmüş, təhsil müəssisələri tənəzzül bataqlığına qərq olmuşdu. Milli Elmlər Akademiyasının fəaliyyətinin dayandırılacağı barədə fikirlər səsləndirilirdi. Guya, hansısa xarici ölkədə belə akademiyaların olmadığına görə Elmlər Akademiyasının bağlanmasının zəruri olduğunu söyləyən dövlət rəsmiləri də var idi. Xalqın tələbi və təkidi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə cəmiyyətin bütün sahələri kimi təhsil sektoru da nicat tapdı.

Ümumiyyətlə, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsil sektoru onun ən çox diqqət ayırdığı sahələrdən biri olub. Fikrimizcə, Milli Qurtuluş Günü münasibəti ilə qələmə aldığımız yazıda ulu öndərin milli təhsilimizin inkişaf etdirilməsi üçün həyata keçirdiyi tədbirlərin tarixçəsinə daha çox yer ayrılması təhsil işçisi kimi nümayiş etdirdiyimiz qədirbilənlik kimi qiymətləndiriləcək.

Öncə qeyd edək ki, ümummilli liderimizin respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəmizdə 414 məktəbəqədər tərbiyə müəssisəsi, 792 ümumtəhsil məktəbi, 132 texniki peşə məktəbi tikilib istifadəyə verilmişdi. Nəzərə alaq ki, həmin illər bütün bu işlərin görülməsi üçün Moskvanın razılığı və SSRİ büdcəsindən vəsait ayrılması lazım idi. Heydər Əliyev bütün bunları özünün şəxsi nüfuzu hesabına reallaşdıra bilirdi. Bundan başqa, ulu öndər ölkə iqtisadiyyatında və cəmiyyət həyatında daha böyük ehtiyac olan ali təhsilli kadrların yetişdirilməsi məsələsini daim diqqət mərkəzində saxlayır və həmin sahədə çox böyük nailiyyətlərə imza atırdı. 1970-80-ci illərdə respublikanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültə açılmışdı. O dövrdə ölkənin ali məktəblərində 100-ə qədər yeni ixtisas üzrə ali təhsilli mütəxəssislərin hazırlanmasına başlanmışdı. Həmin illərdə respublikada 6 yeni ali məktəb yaradılmışdı. Bunlar Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (1975-ci il), Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu (1973-cü il), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (1973-cü il) və başqaları idi. Bundan başqa, həmin illərdə ölkəmizdə 12 yeni texnikum yaradılmışdı ki, bu da orta ixtisas məktəblərində təhsil almaq istəyənlərin arzusunun gerçəkləşməsinə bir yardım idi.

Müstəqillik dövründə ölkəyə rəhbərlik etdiyi 10 il ərzində də təhsil sahəsi ulu öndərin diqqət mərkəzində olmuşdur. Ölkənin ağır vəziyyətdə olduğuna,  siyasi sabitlik yaratmaq, iqtisadiyyatı canlandırmaq, ölkəni dünyaya tanıtmaq kimi nəhəng vəzifələrlə məşğul olduğuna baxmayaraq, Heydər Əliyev təhsili millətin gələcəyi kimi qiymətləndirərək, bu sahənin inkişafı üçün ardıcıl siyasət aparmışdır. 1995-2001-ci illərdə müəllimlərin maaşı 9 dəfə artırılmış, 1998-ci ildə müəllimlərin qurultayı  keçirilmiş, bir sıra ali məktəblərə maliyyə müstəqilliyi verilmiş, 2 yeni ali məktəb yaradılmış, 7 ali məktəb universitet statusu almış, 700 nəfərdən artıq təhsil işçisi fəxri adlara və başqa dövlət təltiflərinə layiq görülmüşdür.

Ali məktəblərə yüksək balla qəbul edilmiş tələbələrə Prezident təqaüdünün verilməsi, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar xüsusi Prezident sərəncamının imzalanması və başqa bu kimi tədbirlər dövlət başçısının təhsilə, təhsil alanlara və təhsil işçilərinə böyük qayğı və diqqətinin parlaq təzahürüdür.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2014-cü illərdə həmin tendensiya bilavasitə Heydər Əliyevin arzu etdiyi səviyyədə davam etdirilmişdir. Cəmi on ildə Azərbaycanda 7 yeni ali məktəb yaradılmışdır. Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Turizm İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və başqaları bunlardandır.

Təhsil sahəsində dövlətimizin siyasəti Prezident İlham Əliyevin  diqqətindədir və bu gün də uğurla davam etdirilir. Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsidir ki, təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

Azərbaycan Boloniya prosesinə qoşulmuş, Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atılmışdır. “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər həyata keçirilmişdir.

Ali təhsilin normativ-hüquqi bazası yeniləşdirilmiş, bakalavriat və magistratura səviyyələri üzrə beynəlxalq tələblərə cavab verən ixtisas təsnifatları hazırlanmışdır. Bakalavriat səviyyəsi üzrə təsnifata müvafıq kredit sisteminə uyğunlaşdırılmış yeni nəsil təhsil proqramları hazırlanır. Hazırda bütün ali məktəblərdə tədris Avropa Kredit Transfer Sisteminin tələbləri əsasında təşkil olunmuşdur.  

Müasir maliyyələşdirmə mexanizmi tətbiq edilmişdir. Universitetlərdə yeni idarəetmə strukturları, keyfiyyəti təmin edən akkreditasiya mexanizmi yaradılmış, özünüidarəetmə orqanlarının təşkilinə başlanmışdır. Təhsil müəssisələrin beynəlxalq əlaqələri və beynəlxalq proqramlarda iştirakı genişlənmişdir. Ali məktəblərdə İKT-nin tətbiqi genişləndirilmiş, semestr və buraxılış imtahanlarının İKT-dən istifadə etməklə keçirilməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Heydər Əliyevin ideyalarını müasir müstəvidə həyata keçirən ölkəmiz bu gün təhsil sahəsində daha ciddi hədəflər qarşısındadır. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf konsepsiyasının, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunması və həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin yaratdığı baza əsasında ölkəmizdə təhsil sahəsinin keyfiyyətcə yeniləşməsini və müasir, savadlı, yüksək potensiala malik gənc nəslin formalaşmasını təmin edəcək. Bu isə Azərbaycanın intibah dövrünün davam edəcəyinə  əmin olmağa əsas verir.

 

Gülçöhrə MƏMMƏDOVA,

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru,

memarlıq doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında