Azərbaycanın qurtuluşunun və yüksəlişinin dönüş nöqtəsi

Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!

Heydər ƏLİYEV

Ümummilli lider

 

Azərbaycanın tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən bizi 21 illik zaman ayırır. İllər biri-birini əvəzlədikcə hadisələrin mahiyyətini, onun bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq. Bu mənada, 23 ilə yaxın müstəqillik tarixi olan Azərbaycanın həmin günlərini bir daha nəzərdən keçirək.

 

 

1993-cü il – real müstəqilliyimizin ilk ili

Məlum olduğu kimi, 1991-ci il 18 oktyabrda Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək milli azadlığına, dövlət müstəqilliyinə tam mənada nail oldu. Amma müstəqilliyin qorunmasının əldə edilməsinin nə qədər çətin olduğunu isə sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki cəmi 2 il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən, total xaosdan, Ermənistanın işğalçılıq siyasətindən, ən nəhayət, səriştəsiz, dövlət idarəçiliyindən xəbərsiz iqtidarın özbaşınalığından cana doymuşdu. Müstəqilliyin elan olunmasından iki il keçməsinə baxmayaraq, hələ də ölkəmizdə o zamankı iqtidarlar tərəfindən siyasi-hüquqi və institusional islahatlar həyata keçirilmir, planlı iqtisadiyyatdan, totalitar və avtoritar siyasi sistemdən bazar münasibətlərinə, demokratik idarəçiliyə keçid üçün heç bir cəhdlər göstərilmirdi. Əksinə, vətəndaşlarla siyasi-ictimai institutlar arasında əlaqələr itir, dövlətlə xalq arasında uçurum dərinləşirdi. Belə bir hal ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyin itirilmə təhlükəsinin yaranmasına gətirib çıxarırdı. Bu səbəbdən də, insanlar ölkənin düşdüyü ağır vəziyyətdən xilas edilməsini istəyirdi.

Əlbəttə ki, istər zor tətbiqi ilə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdi ki, hadisələr bu cür davam edə bilməz. Ona görə də insanlar ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı və Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular.

Ümummilli lider Heydər Əliyev həm Azərbaycanın daxili destabilliyinin gücləndiyi, həm də region ətrafında geosiyasi vəziyyətin mürəkkəbləşdiyi bir zamanda xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Həmin vaxt isə Azərbaycanda məlum Gəncə hadisələri baş vermişdi və ayrı-ayrı siyasi qruplaşmaların mənafeyi naminə qardaş qanı axıdılırdı. Məhz ulu öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə yerində ətraflı tanış oldu, şəhər sakinləri ilə və hərbi qulluqçularla görüşdü. Beləliklə, çoxsaylı təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyevin Gəncə səfəri Azərbaycanın qurtuluşu yolunda həlledici addım oldu. Ulu öndər iyunun 15-də respublika Ali Sovetinin növbəti iclasında Gəncə hadisələri barədə qəti sözünü dedi və bununla da, meydanlarda Vətən və xalq adından danışan, lakin buna mənəvi haqqı olmayan AXC-Müsavat cütlüyü hakimiyyətdən getməyə məcbur oldu. Bu, xalqın tələbi idi.

2014-cü il mayın 27-də 28 May Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda dövlət başçısı İlham Əliyev bir daha diqqəti ölkəmizin həmin dövrdə yaşadığı ağır duruma yönəldərək dedi: Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etdi, müdriklik göstərdi və ulu öndərə üz tutub onu hakimiyyətə dəvət etdi. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Ona görə 1993-cü il, əslində müstəqilliyimizin ilk ili oldu. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı.

Sabitlik – inkişafın təməl daşı

Aydındır ki, hər bir dövlətin inkişafı və tərəqqisi onun siyasi sabitliyindən, bu faktorun üzərində qurulmuş güclü iqtisadiyyatdan asılıdır. Elə bu səbəbdən də ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan xalqının yekdil səsi ilə prezident seçildikdən sonra müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün çox əhəmiyyətli addımlar atdı. Ulu öndər Heydər Əliyev, bütövlükdə, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq məqsədilə bütün resursları səfərbər etdi və 1994-cü il mayın 12-də erməniləri və havadarlarını atəşkəs haqqında sazişi imzalamağa məcbur etdi.

Azərbaycanın inkişafı naminə Heydər Əliyevin ətrafında sıx birləşmiş xalq isə dahi şəxsiyyəti müdafiə edən sipərə çevrilirdi. Məhz xalq-Heydər birliyi xarici antiazərbaycan dairələrinin dəstəyi ilə 1994 və 1995-ci illərdəki dövlət çevrilişlərinə cəhdlərin, eləcə də fiziki məhvetməni qarşısına məqsəd qoymuş terrorların qarşısını aldı. Nəhayət, ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılmış komissiya tərəfindən hazırlanmış və ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bununla da, Azərbaycan demokratik dövlət olaraq dünyaya açıldı və Heydər Əliyev xalqımızın milli kimliyini beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etdi.

YAP cəmiyyətin ictimai-siyasi səfərbərliyini reallaşdırdı

Təkzibolunmaz faktdır ki, ölkəmizin ictimai-siyasi sabitliyinin təmin edilməsində, müasir siyasi sistemin formalaşdırılmasında və dövlət idarəçiliyinin sivil metodologiyasının ortaya qoyulmasında dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının rolu müstəsna idi. Bu mənada, 1992-ci il noyabr ayının 21-də xalqın istəyi və zamanın tələbi ilə yaranan YAP-ın keçdiyi 22 illik dövr müstəqil Azərbaycanın müasir tarixi kimi də dəyərləndirilir.

O zaman Yeni Azərbaycan Partiyasının qarşısında ölkəni düşdüyü ağır durumdan, dövlət müstəqilliyini itirmək kimi təhlükədən xilas etmək, ictimai-siyasi gərginliyi, iqtisadi böhranı aradan qaldırmaq, ən əsası xalqın sabaha olan ümidini bərpa etmək missiyası dururdu. Partiyanın yaradılması ilə bağlı xalqın istəyini özündə ifadə edən 91 ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı müraciətdə “indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz!.. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar” kimi fikirlərin əks olunması cəmiyyətin ictimai-siyasi baxımdan təşkilatlanmaya nə qədər ehtiyac duyduğunu ortaya qoyurdu. Ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında isə “əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”, — deyə bəyan etməsi xalqda sabaha inam yaratdı, Azərbaycanın bugünkü reallıqları üçün bünövrə rolunu oynadı. Məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul etdi. Ona görə də YAP müxalifət partiyası kimi yaransa da, daim dövlətçiliyə, xalqa sadiq oldu. Eyni zamanda, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtidar partiyasına çevrilən YAP proqram və nizamnaməsinə uyğun olaraq, qarşısına qoyduğu missiyanı uğurla yerinə yetirdi. Bu səbəbdəndir ki, Azərbaycanın uğurlarına ilbəil bələdçilik edən Yeni Azərbaycan Partiyası milyonların sevgisini qazandı, sıralarını isə kəmiyyət və keyfiyyət baxımından günbəgün daha da möhkəmləndirdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, YAP bu gün nəinki ölkənin, hətta bölgənin aparıcı siyasi təşkilatıdır.

Hazırda Yeni Azərbaycan Partiyası sıralarında 630 mindən çox üzv birləşir. Məhz 1992-ci ildə təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən partiyanın ötən dövr ərzində sıralarında müşahidə olunan dinamik artım insanların Heydər Əliyev ideyalarına sədaqətinin və ölkədə həyata keçirilən siyasətin gələcəyinə inamının təsdiqidir.

Bu günün reallıqları bir daha bizləri müstəqilliyimizin ilk illərinə, Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salıb, bu faktı təsdiqləməyə sövq edir ki, əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı, xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq qeyri-mümkün olardı. Elə buna görə də bu gün əminliklə deyə bilərik ki, Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxaran əsas amil ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətdir.

Möhtərəm Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında bəyan etdiyi kimi: “Bu gün biz – ulu öndər Heydər Əliyevin siyasi varisləri, davamçıları onun ölməz xatirəsi qarşısında bir daha söz verir və and içirik ki, bu yolla gedəcəyik, bu yoldan dönməyəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik!”.

İctimai-siyasi sabitlik xarici sərmayələrə yol açdı

Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət mərkəzində olub. Müstəqilliyimizin ilk illərində ölkədə müşahidə olunan ictimai-siyasi vəziyyətin gərginliyi bu diqqət və marağa təsirsiz ötüşməyib. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər, müasir beynəlxalq münasibətlər sisteminin aktoruna çevrilmiş transmilli şirkətlər ölkə iqtisadiyyatına qoyacaqları vəsaitlərin təhlükəsizliyinə əmin olmadıqları üçün müəyyən tərəddüdlər içərisində idilər. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin yaranması, müharibənin qarşısının alınması bu tərəddüdlərin aradan qaldırılmasına səbəb oldu. Ümummilli lider Heydər Əliyev “Azərbaycanın qapıları bura xoş niyyətlə ayaq basan bütün iş adamlarının üzünə açıqdır”,— söyləməklə bir daha xarici investorları qoyacaqları sərmayələrin təhlükəsizliyinə tam əmin olmağa çağırdı. Məhz bu çağırış, eyni zamanda ölkədə mövcud olan sabitlik xarici investorların Azərbaycana olan marağına, əlaqələrin inkişafında göstərdikləri səylərə müsbət təsir etdi.

Bu il 20 illiyini qeyd edəcəyimiz “Əsrin müqaviləsi”nin 1994-cü il sentyabrın 20-də imzalanması Azərbaycana olan inamı bir daha ortaya qoydu. Ölkəmizin beynəlxalq aləmdə sabitlik diyarı kimi nüfuz qazanması qısa müddətdə böyük investisiya axınına yol açdı, Azərbaycan böyük sərmayələr məkanına çevrildi. Təbii ki, bu uğur ölkə iqtisadiyyatının sürətli inkişafına və digər sahələrə öz müsbət təsirini göstərdi.

Azərbaycan dünyaya Günəş kimi doğdu

Neft sənayesini iqtisadiyyatın onurğa sütunu adlandıran ulu öndər Heydər Əliyevin neft amilinə verdiyi dəyər bu günümüz üçün hesablanmış addımlar sırasındadır. Heç bir ölkənin qarşılıqlı səylər, təcrübə mübadiləsi olmadan iqtisadiyyatını təkbaşına inkişaf etdirmək imkanında olmadığını bildirən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasına yol açdı, ölkəmizin gələcəyinə olan inam daha da artdı. 2014-cü il iyunun 3-də keçirilmiş XXI Beynəlxalq xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi-konfransının açılışında möhtərəm Prezidentimiz İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, son 20 il ərzində Azərbaycan neft-qaz sənayesinin inkişafı üçün və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə diqqət mərkəzindədir: “1994-cü ildə ilk sərgi keçirilmişdir və ondan bir neçə ay sonra bizim bugünkü uğurlu inkişafımızı böyük dərəcədə müəyyən edən ”Əsrin kontraktı” imzalanmışdır. Bu, tarixi hadisə idi. Çünki bu gün təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı — Azərbaycanın pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənaye inkişafından söhbət gedə bilməzdi — bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı olaraq qalacaqdı”.

Beləliklə, Azərbaycanın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış əlverişli investisiya iqlimi, xarici investorların sərmayələrinin qorunması, güclü siyasi iradə və qurulan möhkəm beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etdi.

Neft təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur

Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Bu mənada, fond ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir.

Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin edilməsi təşkil edir. Məhz bu prinsipin yüksək səviyyədə qorunmasının nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atılır.

Əlbəttə, dünyada neftlə zəngin çox ölkələr var. Amma bu resurslar onlara bəzən heç də uğur gətirmir. Həmin ölkələrdə bir qrup həddindən artıq varlanır, digər sosial təbəqələrdə isə rifah halı yüksəlmir. Beləliklə də, uçurum və bərabərsizlik sosial partlayışlara gətirib çıxarır. Elə ümummilli lider Heydər Əliyevin Azərbaycanın neft strategiyasını və iqtisadi inkişaf konsepsiyasını müəyyənləşdirərkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə etməsi Azərbaycanın bu kimi problemlərdən yan keçməsinə səbəb oldu. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin əsas xəttini təşkil etdi. Daim xalqına güvənən, xalqına arxalanan ümummilli lider  iqtisadi islahatların əsasında vətəndaş amilini saxlamaqla, sosial problemləri aradan qaldırdı. Bu siyasət hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməkdədir.

Demokratiya Azərbaycan xalqının həyat tərzidir

Azərbaycanda demokratik təsisatlar da məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradıldı, möhkəmləndirildi. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir: “Azərbaycan demokratiya yolu ilə gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz”.

Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərin ölkəmizdə bərqərar olması istiqamətində atılan bir-birindən əhəmiyyətli addımlar dövlətimizin bu məqsədin gerçəkləşməsində maraqlı olduğunu təsdiqlədi.

Ölkədə söz, ifadə, mətbuat azadlığının təmin olunması, insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, plüralizmin təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi bir daha təsdiqləndi ki, demokratiya prinsiplərinə sadiqlik sözdə deyil, əməldədir.

Konstitusiyamızın qəbulundan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi prosesi geniş vüsət aldı. Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən öhdəliklər tam aydınlığı ilə müəyyənləşdirildi.

(ardı var)

 

Vüqar RƏHİMZADƏ,

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru,

əməkdar jurnalist

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında