Böyük Qurtuluşun həyatımızdakı təcəssümləri

Sosial ədalət prinsipi ölkəmizin sürətlə inkişafına təkan verir

Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram.

Kraliça II ELİZABET

 

Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.

Toni BLEER,

Böyük Britaniyanın Baş naziri (1997-2007-ci illərdə)

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında çox mühüm vəzifələr dayanırdı. Ən başlıca vəzifələrdən biri müstəqil dövlətin iqtisadi modelini müəyyən etmək, dövlət quruculuğu prosesini uğurla həyata keçirmək idi. Dövlət quruculuğunda iqtisadi islahatlar, xüsusilə, ictimai mülkiyyətə (əslində, dövlət mülkiyyəti) əsaslanan sistemdən liberal iqtisadiyyata (bazar iqtisadiyyatına) keçid vacib amillərdən biri kimi öz həllini tapmalıydı. Əlbəttə, bu məsələ o qədər də asan deyildi.

Uzun müddət sovet iqtisadi sistemində yaşamış əhalinin birdən-birə bazar münasibətlərinə keçməsi müəyyən sosial, iqtisadi və psixoloji çətinliklər yaradırdı. Eyni zamanda, müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması vəziyyəti bir qədər də mürəkkəbləşdirirdi. Müstəqilliyin ilk illərində, daha konkret desək, 1991-ci ildən 1993-cü ilin iyun ayınadək ölkəyə rəhbərlik etmiş siyasi dairələrin idarəçilikdə yol verdikləri nöqsanlar, səriştəsizlik və sair bu kimi hallar dövlət quruculuğu prosesini ləngitmiş, qarşıda duran ümdə vəzifələrin həllinə mane olmuşdu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi, iqtisadi islahatlar və dövlət quruculuğu istiqamətində yeni mərhələnin başlanğıcını qoydu. Heydər Əliyevin müəyyən etdiyi iqtisadi model və prinsiplər bir tərəfdən liberal iqtisadiyyata keçidi təmin edirdisə, digər tərəfdən həmin mərhələdə vətəndaşların sosial müdafiəsini təmin etmiş olurdu.

Ümummilli liderimiz Azərbaycanın milli ideologiyasından, milli baxışlarından danışarkən qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının proqramında əks etdirilən prinsiplər, əslində, Azərbaycan xalqının, dövlətimizin söykəndiyi ana prinsiplərdir. Heydər Əliyev bu prinsipləri müəyyən edərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda, perspektivdə qarşımızda duran vəzifələri nəzərə almışdır.

Ümummilli liderimiz Azərbaycanın söykəndiyi dəyərlərdən danışarkən deyirdi: “Yeni Azərbaycan Partiyasının demokratik, hüquqi dövlət qurmaq istiqamətində irəli sürdüyü müddəalar Azərbaycan xalqının söykəndiyi əsas prinsiplər hesab olunmalıdır”. Bu prinsiplər 1992-ci ildə YAP-ın təsis konfransında qəbul edilən proqramda öz əksini tapmışdı. Proqramda Heydər Əliyev Azərbaycan dövlətçiliyinin söykəndiyi başlıca prinsipləri qeyd edib.

Onun müəyyən etdiyi dövlətçilik prinsipləri sırasında sosial ədalət prinsipi önəmli yer tuturdu. Partiyanın məqsədlərindən birini təşkil edən sosial dövlət yaratmaq ideyası, sosial ədalət partiyanın hal-hazırda ən əsas prinsipinə çevrilib. İnsanlar eyni ağıla, zəkaya, fiziki və mənəvi keyfiyyətlərə malik olmadığı kimi, cəmiyyətdə və həyatda da eyni mövqeyə və imkana malik deyildir.

Sosial müdafiə sistemi düzgün qurulmayan dövlətdə hər bir insan özünün fərdi keyfiyyətlərindən asılı olaraq, hamı üçün yaradılan bərabər şəraitdən, qanun və imkanlardan məharətlə istifadə edib maddi və mənəvi tələbatlarını eyni dərəcədə ödəyə bilmir. Lakin, sosialyönümlü iqtisadiyyata malik olan ölkələrdə dövlət vergi  və məqsədli sosial yardım mexanizmlərindən istifadə edərək, cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir. Belə cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir.

Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqəti cəlb edirdi. Bunlardan birincisi, sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə, onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Əslində, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə insanların rifah halının daim yüksəlməsinə, onların etibarlı sosial təminatına xüsusi önəm vermişdir.

Müstəqil Azərbaycana rəhbərlik etdiyi dönəmdə də Heydər Əliyevin bu istiqamətdə verdiyi fərmanlar ayrıca diqqət çəkir. Onlardan biri də “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 15 iyun tarixli fərmanıdır. Həmin fərmanın əsas məqsədlərindən biri Azərbaycanda mövcud olan inflyasiyanın qarşısının alınmasına yönəlmişdi və bu, həmin dövr üçün olduqca vacib əhəmiyyət kəsb edirdi. Çünki, ölkədə iqtisadiyyatın tənəzzülü ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq 90-cı illərin əvvəllərinə qədər davam etmişdi. 1992-ci ildən 1994-cü ilə qədər olan dövrdə  milli gəlir 50 faiz azalmışdı və bunun əsas səbəbi də müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, həyata keçirdikləri yanlış siyasət idi. Bu fonda inflyasiya həddi xeyli dərəcədə yüksəlmişdi və belə vəziyyət insanların maddi durumuna təsirsiz ötüşmürdü.

Hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin sosial sahədə dönüş yaratmaq məqsədilə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” fərmanı mühüm rol oynadı. Verilmiş həmin fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsinə nail olunması və yol verilən bəzi qüsurların aradan qaldırılması üçün ulu öndər “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” növbəti fərman imzaladı. Bu sənəd bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına xidmət edirdi.

Əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının güclənməsi istiqamətində ən mühüm addımlardan biri də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, Avropa dəyərlərinə, demokratiya və insan azadlığına söykənən, 1995-ci ilin 12 noyabrında  ümumxalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk konstitusiyasında bu məsələnin təsbit olunması idi. Ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olan konstitusiya Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığını ən yüksək səviyyədə bəyan edirdi. Konstitusiyanın 16-cı maddəsində deyilir: “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır”. Bununla da faktiki olaraq müəyyən edilirdi ki, bütün inkişaf etmiş sivil dövlətlərdə olduğu kimi, iqtisadiyyat fərdin, şəxsin maddi, sosial, mənəvi tələbatlarının ödənilməsinə istiqamətləndirilməlidir.

Sosial sferada ulu öndərin rəhbərliyi altında həyata keçirilən siyasətin tərkibində yer alan ən önəmli məqamlardan biri müasir dünya təcrübəsinə cavab verən sosial infrastrukturun yaradılması idi. Qeyd edilən istiqamətdə də mühüm nailiyyətlərə imza atıldı, bir çox köhnə sosial infrastruktur yeniləndi, həmçinin çoxlu sayda yenisi yaradıldı. Bu isə ulu öndərin həyata keçirdiyi  sosial siyasətin prioritet istiqamətlərinin düzgün müəyyən olunduğunu, elmi əsaslara söykəndiyini və mütərəqqi dünya təcrübəsinə cavab verdiyini qabarıq formada nümayiş etdirirdi. Bunun nəticəsi idi ki, Heydər Əliyevin yenidən  hakimiyyətə gəlişindən sonra əhalinin həyat səviyyəsinin yüksəlməsi prosesi başlandı. Sosial müavinətlər, xüsusən də vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Eyni zamanda, pensiya və müavinətlərin ödənilməsi və digər sosial ödənişlər üzrə xərclərin artımı davamlı xarakter aldı. Araşdırmalar göstərir ki, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı olub. Bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artıb. Bu, bir daha ulu öndərin həyata keçirdiyi sosial siyasətin nə dərəcədə effektiv xarakter daşıdığının yüksək göstəricisidir.

Ulu öndər yaxşı bilirdi ki, cəmiyyətdə sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Sosial ədalətlilik prinsipi bu gün də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərdən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır. Ədalətlilik, eyni zamanda, cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan vurmasının qarşısının alınması deməkdir. Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli bir prinsipdir. Cəmiyyətdə ədalət olmasa, qarşıdurma qaçılmazdır. Bütün cəmiyyətlərin tarixi göstərir ki, ədalət prinsipi pozulduqda qarşıdurma meyilləri güclənir. Bu isə xaosa və anarxiyaya gətirib çıxara bilər. Ölkədə sosial ədalət prinsipinin təmin olunması islahatlardan keçir. Daimi islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə insanların təbəqələşməsi fonunda müxtəlif siyasi və iqtisadi vasitələrlə sosial ədalətin təmin olunması bu gün ölkəmizdə uğurla gerçəkləşir.

Göründüyü kimi, Azərbaycanın müstəqil olduğu 23 il ərzində qazandığı nailiyyətlər bundan əvvəl bütün tarix boyu əldə edilən nəticələrdən daha üstündür. Bu isə “Ən əsas vəzifə Azərbaycanı müstəqil dövlət kimi yaşatmaqdır!” deyən ümummilli lider Heydər Əliyevin ideyalarının uğurla reallığa çevrilməsinin təsdiqidir. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev strategiyasından qaynaqlanan uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasəti bundan sonra da davam etməklə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin inkişafının daha da sürətlənməsini və nəticədə xalqımızın sosial rifahının davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.

 

Mübariz QURBANLI,

Milli Məclisin deputatı, YAP icra katibinin müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında