Müstəqilliyi və inkişafı şərtləndirən tarixi hadisələr
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan ümummilli lider Hedər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin ayrıcındakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoydu. Ulu öndərin dahi şəxsiyyəti çoxsaylı problemlərə və çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardı. Ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı. Ümummilli lider bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirdi. Müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında öz layiqli yerini tutdu. O, yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşündü. Onun ürəyi hər zaman Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınırdı. Böyük öndər böyük dövlət xadimi olaraq Azərbaycanın ən çətin zamanlarında siyasi iradə ortaya qoyaraq xilaskarlıq missiyasını yerinə yetirdi.
Şəxsiyyətin gücü
Ulu öndərin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə yenidən qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Yürüdülən müdrik siyasət sayəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu, ölkədə tüğyan edən cinayətkarlığın qarşısı tədricən, lakin xalqın və dövlətin milli maraqlarına uyğun olaraq kəsərli formada alındı.
Ümummilli liderin tərcümeyi-halı və taleyi elə yazılmışdı ki, zaman-zaman dağıdılmış və bərbad edilmiş iqtisadiyyatı, sosial və mədəni həyatı yenidən qurmaq, aşınmaya məruz qalmış mənəvi dəyərləri saflaşdırmaq, saxtalaşdırılmış tarixi qara ləkələrdən təmizləmək, ölkəsinin real müstəqilliyini təmin etmək və ona əbədi ömür vermək, dövlətini dünya birliyinin layiqli üzvlərindən birinə çevirmək kimi fövqəladə çətin vəzifələri yerinə yetirməli idi. Bu fikrin alternativi yoxdur və ola da bilməz. Tarix sübut etdi ki, böyük öndərin ölkə rəhbərliyinə yenidən qayıdışı sayəsində nəinki Azərbaycanın uğurlu gələcəyi təmin olundu, həm də tamamilə düzgün yol seçildi.
Müharibəni səngərdən diplomatiya cəbhəsinə keçirməyə, “Əsrin müqaviləsi”nin təşkilatçısı və banisi olmağa, dünyanın maraqlarını Azərbaycana cəlb etməyə, dağıdılmış, viran edilmiş, talan olunmuş Azərbaycanı sabit inkişaf xətti tutan milli demokratik dövlət quruculuğu yolu ilə irəli aparmağa, vaxtilə Azərbaycanın beynəlxalq imicinə vurulmuş ləkələri fəal surətdə təmizləməyə yalnız və yalnız böyük Heydər Əliyevin gücü çatardı. Onun həyatı və fəaliyyəti bütün dünyanın önündə sübut etdi ki, öndər öz fəaliyyəti ilə milli maraqlar çərçivəsinə sığmayan, beynəlxalq siyasətdə, bəşəri dəyərlərin insanlığa xidmət etməsində fəal iştirak edən dahi siyasətçi, nəhəng dövlət adamı idi.
Fakt odur ki, “Azərbaycanın müstəqilliyi yolunda özümün də övladlarımın da həyatını, lazım gələrsə, qurban verməyə hazıram” - deyən dahi şəxsiyyət ömrünü müstəqil Azərbaycan yolunda, sözün əsl mənasında, şam kimi əritdi. Mən bir Azərbaycan vətəndaşı olaraq özümü çox xoşbəxt hesab edirəm ki, təxminən 13 il ərzində görkəmli dövlət xadimi və böyük siyasət adamının rəhbəriyi altında çalışdım, tövsiyələrini dinlədim. Xalqa və dövlətə xidmət etməyin örnəyi olan Heydər Əliyev məktəbinin müdavimlərindən biri olmaq çox məsuliyyətli, həm də qürurvericidir.
Mən, o cümlədən də on minlər şahiddir ki, ulu öndərin Naxçıvana qayıdışına qədər muxtar respublikaya səfər edən Vəzirovu (1990-cı il yanvarın 2-də) xalq didik-didik etməyə qalxdı, Mütəllibovun (1990-cı il mayın 10-da) isə başına ləçək bağlamaq istədi. Onların hər ikisi əshabələri ilə birlikdə xalqın əlindən canlarını birtəhər götürüb qaçdılar. Lakin Heydər Əliyevin Naxçıvana dönüşü bir el bayramı kimi qeyd olundu.
Ümummilli lider 1990-cı il iyulun 22-də saat 10:35-də Naxçıvan aeroportunda təyyarədən düşdü. Onun Naxçıvana gəlişindən ailə üzvlərindən başqa heç kəsin xəbəri yox idi. Bununla belə, doğma Vətən torpağına qədəm basandan sonra Hüseyn Cavidin məzarını ziyarət edən Heydər Əliyevin sorağı bir anda ildırım sürətilə bütün Naxçıvana yayıldı. Artıq minlərlə adam onun görüşünə tələsirdi. Həmin günün axşamı Naxçıvan şəhərindəki mərkəzi meydana 80 min nəfərdən çox adam toplaşdı. Hətta o dövrdə partiya nəzarətində olan mətbuat böyük öndərin Naxçıvana qayıdışı ilə bağlı öz səhifələrində aşağıdakı cümlələrə yer ayırmışdı: “Ayağının altında onlarca qurban kəsilən Heydər Əliyevə ağır müharibə və iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar özlərinin nicatı və son ümid yeri kimi baxırdılar. Heydər Əliyev meydana xalqın görüşünə gəldi. Bu böyük şəxsiyyətlə görüşə gələnlərin, onu uzaqdan müşahidə edənlərin şadlığını təsvir etmək çətindir. Heydər Əliyevin sevinc dolu alqışlar altında etdiyi qısa çıxış xalqına sonsuz məhəbbətlə dolu böyük ürəyinin səsi idi. Beləcə, bütün ömrünü Azərbaycan xalqına xidmətlə keçirən, öz rahatlığını, dincliyini, gecə-gündüz xalqının xoşbəxtliyinə sərf edən Heydər Əliyev onu dünyalar qədər sevən xalqı ilə vahid bir tam kimi birləşib qovuşdu”.
Məncə, ümummilli liderin Naxçıvana dönüşündən Qurtuluş Gününədək olan zamanı əhatə edən həyat və fəaliyyəti politoloqların, siyasi araşdırmaçılar və tarixçilərin, bəlkə də, az tədqiq etdikləri dövrdür. Halbuki nəzərə almaq lazımdır ki, bir tərəfdən düşmənlər, digər tərəfdən də Azərbaycanın mərkəzi hakimiyyətinin özü Muxtar Respublikanı blokadaya almışdı. Naxçıvanda qanuni hakimiyyəti devirmək üçün 1992-ci ilin avqust-oktyabr aylarında silahlı cəhd də göstərildi. Lakin Heydər Əliyevin polad iradəsi istənilən təxribatı təslim etdirə bilirdi. Çünki o, xalqa arxalanır, xalqdan güc alır və xalqa xidmət edirdi. Ümummilli lider özünü sadə vətəndaşlardan ayrı görmürdü. Sözün əsl mənasında, o, blokada şəraitində olan Naxçıvanda məşəqqətlərə dözürdü. Bu dözümün özü də ona xalq və dövlət yolunda, Azərbaycanın real müstəqilliyi uğrunda mübarizə aparmaq üçün böyük güc verirdi. Naxçıvanda böyük öndərin hansı şəraitdə yaşadığını və işlədiyini bilən, şahid olan minlərlə insan var. Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren xatirələrində belə yazır: “Heydər Əliyev Naxçıvanda məni və həyat yoldaşımı qızdırılmayan otaqdakı soyuqla təzad təşkil edən bir hərarətlə qarşıladı”. O, sözün əsl mənasında, Naxçıvanın taleyi ilə bağlı bütün zərbələri üzərinə alır, bütün yükü çiyinlərinə götürürdü. Muxtar Respublikanı ikiqat blokadadan çıxarmaq üçün öz nüfuzundan istifadə edərək Türkiyə və İranla birbaşa əlaqələr yaradırdı. Humanitar köməklik məhz böyük şəxsiyyətə olan hörmət əlaməti olaraq Muxtar Respubilkaya daxil olurdu. Naxçıvan-Türkiyə sərhədində Ümid körpüsünün açılışı o dövr üçün, bəlkə də möcüzə idi–Heydər Əliyev möcüzəsi. Bütün təxribatlara baxmayaraq, Ermənistan tərəfdən ikinci cəbhənin açılmaması da Heydər Əliyevin Vətən qarşısında tarixi xidmətlərindən biridir.
Ən dəhşətlisi o idi ki, vaxtilə Heydər Əliyevin yetişdirdiyi, ərsəyə gətirdiyi, yüksək vəzifələrə irəli çəkdiyi, mükafatlar və imtiyazlar verdiyi bəzi adamlar dönük çıxdılar. Lakin böyük şəxsiyyət hakimiyyətə qayıdışından sonra “Yenə də deyirəm, mən hamını bağışlamışam. Günahkarları da, mənə sədaqətsiz, vəfasız çıxanları da”, - deyərək mövqeyini bütün Azərbaycan xalqının qarşısında elan etdi.
Həmin dövrdə böyük öndərin köməkçilərindən biri olmaq böyük iftixardır. Onun əziz xatirəsinin heykəli milyonlardan biri kimi mənim də qəlbimdə ucalmışdır.
Böyük öndərin Azərbaycanın gələcəyini necə gördüyünü şərtləndirən bir məqama diqqət çəkmək istəyirəm. Hələ SSRİ dövrü idi. Bununla belə, 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası öz işinə başladı. Sessiya “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul etdi. Noyabrın 21-də isə Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə qiymət verilməsi haqqında” qərar qəbul etdi. “SSRİ-nin saxlanmasına dair ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə” Ali Məclisin qərarı böyük tarixi hadisələrin başlanğıcının sübutu idi. Naxçıvanın sərhədyanı rayonlarına edilən amansız hücumlar dahi rəhbərdən əlavə tədbirlər görməyi tələb edirdi. Onun təklifi ilə 1991-ci il sentyabrın 7-də “Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi təşkil etmək haqqında” qərar qəbul olundu.
Qısa zaman kəsiyində qazandığımız bütün uğurların yalnız ümummilli liderin gərgin və müstəsna fəaliyyətinin nəticəsi olduğunu dərk və qəbul edən Azərbaycan xalqının tələbi ilə böyük öndərin Azərbaycan Respublikasının Ali Sovetinə sədr seçildiyi 1993-cü ilin 15 iyunu Milli Məclisin 27 iyun 1997-ci il tarixli qərarı ilə Qurtuluş Günü kimi tarixə düşdü.
Milli Qurtuluş Günü ilə Azərbaycan polisi də çox dəhşətli bir mərəzdən - hakimi-mütləqlik, üstqurum orqana çevrilmək iddiasından xilas edilərək özünün müstəsna səlahiyyətləri və vəzifələrini həyata keçirməyə başladı.
Milli Qurtuluş Günü vaxtilə sabitliyi pozan, ölkəni anarxiya və xaosun girdabına sürükləyən, insanları qorxu altında saxlayan, yarıkriminal qurum kimi ad qazanan bu orqanın imicinə vurulmuş ləkələri qısa müddətdə təmizləməyin əsasını qoydu.
Milli Qurtuluş Günü DİN və onun strukturlarında polis orqanları ilə heç bir əlaqəsi olmayan, saxta diplomlar təqdim etməklə DİN-də və onun strukturlarında zabit vəzifələrinə irəli çəkilmişlərin, dəhşətli kriminal keçmişi olanların yolunu həmişəlik bağladı.
Milli Qurtuluş Günü Azərbaycan polisinin həyatı və fəaliyyətinin xüsusi çəkisi olan və sabiq iqtidarlar dövründə sıradan çıxarılan peşəkar özəyi reabilitasiya etdi.
Milli Qurtuluş Günü vaxtilə meydan sulayan onlarla mütəşəkkil cinayətkar dəstələri ədalət məhkəməsinin qarşısına gətirdi, qanunsuz silahlı birləşmələri ləğv etdi.
Milli Qurtuluş Günü Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri olan, sabiq iqtidarlar dövründə hüquqları kütləvi surətdə pozulmuş minlərlə polis əməkdaşının tapdanmış hüquqlarını bərpa etdi, xüsusi məkrli məqsədlə iflic edilmiş strukturlara həyat verdi.
Alternativi olmayan siyasət uğurla davam etdirilir
XXI əsr haqqında proqnozlar səsləndirən sanballı araşdırma mərkəzləri qeyd edirdilər ki, yeni yüz ildə bəşəriyyət yeni kəşflərin, siyasi, iqtisadi və mədəni sahədə inkişafin zirvəsinə doğru irəliləyə biləcəyi kimi, qlobal problemlərlə - transmilli cinayətkarlığın, beynəlxalq narkomaniya və terrorun yeni formada təzahürləri ilə də üzləşəcək. Beynəlxalq aləmdə gedən proseslər yeni dünya nizamının hələ tam həllini tapmamasından xəbər verir. Qloballaşma, strateji maraqlar, nüfuz dairəsi üzərində hərbi toqquşmalar, dondurulmuş müharibə ocaqları, separatizm və digər məsələlər bir sıra ölkələri ağır imtahana çəkir. Təbii ki, Asiya və Avropanı birləşdirən və xüsusi geopolitik mövqeyi olan Azərbaycan üçün XXI əsrin əvvəlləri çox mühüm uğurlar gətirə biləcəyi kimi, ciddi problemlər də yarada bilərdi. Bu məsələdə həlledici amil yeni yüz ildə Azərbaycana kimin rəhbərlik etməsi idi. Başqa sözlə, 2003-cü ildə keçirilən prezident seçkisi “uğurları genişləndirmək, yoxsa problemlərin cənginə düşmək?” sualına cavab verməli idi. Cənab İlham Əliyevi ölkə rəhbəri seçən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasətə sadiqliyini bir daha təsdiqlədi - sabitliyə, demokratik inkişaf xəttinə, hüquqi dövlət quruculuğu yolunun davam etdirilməsinə səs verdi.
Dövlət başçısının böyük öndərin siyasətini uğurla davam etdirməsi Azərbaycanın taleyində elə parlaq səhifələr açır ki, bir vaxtlar onları ancaq xəyal etmək olardı. Hələ Baş nazir olarkən “İzvestiya” qəzetinə müsahibə verən cənab İlham Əliyev deyirdi: “Biz hər şeyə müvəffəq olacağıq”. Bu, doğrudan da belə oldu. Həyat sübut etdi ki, Prezidentin ölkə həyatının bütün sahələrini inkişaf etdirmək üçün konkret proqramları var. Bu proqramların arxasında böyük öndərin irsinin layiqli davamçısının qətiyyəti, dünya birliyi tərəfindən qəbul edilən prinsipial, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən dövlətçi şəxsiyyəti durur. Azərbaycanın bu gün iqtisadi inkişafına görə dünyada lider mövqeyə çıxması da deyilənlərin əyani təzahürüdür. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, demokratikləşmə prinsipinin irəli aparılması, hüquqi dövlətin daha əzmkarlıqla qorunması və inkişaf etdirilməsi, vətəndaşların təhlükəsizlik və sabitlik şəraitində yaşaması Prezidentin siyasətinin kökündə durur.
Ölkə rəhbərinin yürütdüyü siyasət tam halda xalqın və müstəqil respublikamızın milli maraqlarına köklənib. Bu səbəbdən də Azərbaycan xalqı əmindir ki, gec-tez respublikanın ərazi bütövlüyü təmin ediləcək, məcburi köçkünlər öz dədə-baba yurdlarına dönəcək, hər bir vətəndaş sülh, təhlükəsizlik və rifah şəraitində yaşayacaq. Bu gün Azərbaycan nəinki regionda, nəinki keçmiş postsovet məkanında, hətta dünyada ən sabit və təhlükəsiz ölkələrdən biri sayılır. MDB məkanına daxil olan ayrı-ayrı dövlətlərdə, habelə dünyanın bir çox inkişaf etmiş ölkələrində baş verən qarşıdurmalar, daxili çaxnaşmalar və rəngli inqilabların nəticələrinin necə böyük fəlakətlər gətirdiyinin şahidiyik. Azərbaycanda isə böyük nailiyyətlərə elə də asanlıqla müvəffəq olunmadı. İndi yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli qaldığından “obıvatel” tərəfindən həmin taleyüklü məsələlərin çözümü sıradan problemlərin həlli kimi qələmə verilə bilər. Amma həmin problemlərin yoluna qoyulması ümummilli liderin gecəli-gündüzlü ağır zəhmətinin, qətiyyətinin, şəxsiyyətinin məğlubedilməzliyinin, alternativi olmayan daxili və xarici siyasətinin, müstəqil dövlətin Azərbaycan modelini işləyib hazırlamasının və həyata keçirməsinin hesabına başa gəldi. Biz sizlərlə adı müstəqil, özü isə marionet olan respublikaları, onların bugünkü durumunu görürük. Elə dövlətlərin gələcək talelərini proqnozlaşdırmaq da çətin deyil. Ölkəmizin isə real müstəqilliyi ona görə sarsılmazdır ki, böyük öndərin irsi xalq tərəfindən hifz olunub saxlanılır, möhtərəm Prezidentimiz tərəfindən isə ümummilli liderin onilliklərə hesablanmış strategiyası ləyaqətlə, qətiyyətlə, qüsursuz yerinə yetirilir. Respublika rəhbəri, sözün əsl mənasında, ölkəsinin və xalqının milli maraqları naminə böyük siyasətçi qətiyyəti ilə deyir: “Milli maraqlarımıza zidd olan mövqe nümayiş etdirənə biz hansı mövqeyi nümayiş etdirə bilərik?! Əgər bizim maraqlarımız pozulursa, maraqlarımızı pozanın maraqlarını necə müdafiə edə bilərik, necə dəstəkləyə bilərik?! Ölkələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq dünyada hər şey qarşılıqlıdır. Bunu biz kəşf etməmişik. Dünya birliyi bu əsasda fəaliyyət göstərir”. Prezident İlham Əliyevin 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda söylədiyi bir fikir Heydər Əliyev kursuna sadiqliyin daha bir bariz nümunəsidir. O dedi: “Azərbaycan daxili və xarici siyasətdə sözü ilə əməli arasında heç bir fərq olmayan ölkədir. Ona görə bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir. Əgər söz veririksə, onu yerinə yetiririk. Əlbəttə ki, qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik”.
İndi isə ümummilli liderin iki görüşündən bəzi fraqmentləri xatırlatmaq istəyirəm. 1995-ci ilin sentyabrında ABŞ-a səfəri zamanı senator Şelbi ilə görüşündə ölkəmizin rəhbəri demişdir: “Biz demirik ki, ABŞ zorakılıq edənlərə qarşı ciddi münasibət göstərsin. Biz ədalətli münasibət istəyirik. Bəli, Amerikada ermənilər çoxdur. Prezident Klinton dedi ki, burada 1 milyon erməni yaşayır. 260 milyon əhalisi olan bir ölkəyə 1 milyon adam necə təsir göstərə bilər. Onlar ABŞ-ın adından danışa bilməzlər”. Bu, ulu öndərin Birləşmiş Ştatların özündəcə ABŞ administrasiyasına, Konqresinə və Senatına ünvanlanmış açıq və ədalətli tənqidi idi.
1996-cı il iyunun 13-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul edərkən 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığın Müdafiəsi Aktı”na edilmiş düzəlişə diqqət çəkərək belə demişdir: “Bizim siyasətimiz o deyil ki, 907-ci düzəliş aradan qaldırılsın. İndiyə qədər biz ABŞ tərəfindən edilə biləcək humanitar yardımsız yaşamışıq və bundan sonra da yaşayacağıq. Söhbət ədalətsizlikdən gedir. Ədalətsizlik etmək isə olmaz. Sizin vasitənizlə Azərbaycanın adından, Azərbaycan dövlətinin başçısı kimi ABŞ hökumətinə qarşı öz ciddi narazılığımı bildirirəm”. ABŞ səfiri ilə belə sərt formada yalnız Heydər Əliyev danışa bilərdi. Çünki o, ərazisi kiçik bir ölkənin böyük dövlət başçısı idi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın milli maraqları naminə eynən ümummilli lider kimi prinsipial mövqe ortaya qoyur, qətiyyət nümayiş etdirir. Ali Baş Komandan deyir: “Mən hər hansı problemə münasibət zamanı düşünürəm ki, görəsən, Heydər Əliyev belə vəziyyətdə necə hərəkət edərdi?” Bax, budur, alternativi olmayan siyasətin davamı! Budur doğru yol! Azərbaycan doğru yolda olduğundan respublikamız günbəgün, aybaay, ilbəil inkişaf edir, yeniləşir, demokratikləşir. Təbii ki, qazanılan uğurların kökündə ölkədə böyük çətinliklər hesabına yaradılan ictimai sabitlik durur. Sabitlik olmayan yerdə nə demokratiyadan, nə insan haqlarının qorunmasından, nə iqtisadi inkişafdan, nə sosial problemlərin həllindən, nə də dövlətlərarası normal münasibətlərdən danışmaq olar.
Ümummilli liderin irsi qorunub saxlanılmalı və gələcək nəsillərə çatdırılmalıdır
Ötən tarixə bir nəzər salıb qeyd etmək istəyirəm ki, sovet dönəmində xalqımızın daxili işlər orqanlarında yüksək vəzifələrdə çalışmış, general rütbəsini daşımağa layiq, ləyaqətli oğulları az olmayıb. Lakin keçmiş SSRİ-nin, həm də SSRİ DİN rəhbərlərinin ögey münasibət bəsləməsi üzündən onların çoxu bu rütbəni ala bilməyiblər. Keçmiş SSRİ DİN Azərbaycan DİN-nə general rütbəsi almaq üçün ildə bir yer ayırarmış. Lakin bu norma da formal xarakter daşıyıb və ona əməl edilməyib. Bax buna görə də sovet hakimiyyətinin 70 illik dövründə respublikamızın daxili işlər orqanlarında işləyib general rütbəsi alanların sayı 30 nəfərdən də az olub. Bu məsələdə də dönüş nöqtəsi çox çətinliklə də olsa, ümummilli liderin hakimiyyətə gəlişi ilə yavaş-yavaş öz həllini tapıb, ölkə üçün milli kadrların yetişdirilməsinə xüsusi diqqət verilib. Fakt. Əgər ulu öndərə qədər Azərbaycandan SSRİ-nin ali məktəblərində təhsil almaq üçün göndərilənlərin yalnız 17%-i milliyyətcə azərbaycanlılar idisə, onun hakimiyyəti dövründə bu rəqəm 79%-ə qədər yüksəldi. Söhbət yalnız təhsil almaqdan getmir. Həm də respublikada milli kadrların irəli çəkilməsi prioritet vəzifə kimi müəyyənləşdirilir.
1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Hüquq-mühafizə orqanları sahəsində də yüksək biliyə və təcrübəyə malik ümummilli lider yaxşı bilirdi ki, ölkədə ictimai sabitliyi bərpa etmədən heç bir müvəffəqiyyətdən danışmaq olmaz. Lakin bu vəzifəni həyata keçirmək elə də asan deyildi. Baş nazir Surət Hüseynova məxsus hərbi birləşmələri, Əlikram Hümbətovun silahlı dəstələrini, DİN-in tərkibində siyasi hakimiyyətə iddialı olduğunu gizlətməyən Rövşən Cavadovun rəhbərliyi ilə fəaliyyət göstərən, əvvəlki şöhrətini itirmiş, cəmiyyəti xof və qorxu içərisində saxlayan XTPD-ni qanunlara tabe etdirmək həlli asan problemlər deyildi. Ancaq vəziyyət daha elə davam edə bilməzdi. Təkcə 1993-cü ildə Azərbaycanda 22.440 cinayət hadisəsi törədilmişdi. DİN qarşısında duran vəzifələri nəinki yerinə yetirə bilmir, əksinə nazirliyin ətrafında yaranan qeyri-sağlam mühitin rəngi daha da tündləşirdi. Radikal islahatlara start verilməli idi.
Burada incə bir məqam var. Maraqlıdır ki, ulu öndər hakimiyyətə həm birinci, həm də ikinci dəfə gəlişində dərhal daxili işlər nazirlərini əvəzləməyib. O, 1969-cu ilin iyulunda Azərbaycan rəhbəri seçilsə də təxminən 8 ay (19.03.1970-ci ilə qədər) Məmməd Əlizadəni tutduğu vəzifəsində saxlayıb. Bu məsələdə iki versiya haqqında fikir yürütmək olar. Onlardan biri vəziyyəti nizama salmaq üçün nazirə vaxt vermək, digəri isə o vaxt Brejnevin yaxın adamı hesab edilən SSRİ daxili işlər naziri Şelekovun razılığını almaqla bağlı ola bilər.
Ümummilli lider hakimiyyətinin ikinci dönəmində müharibənin dəhşətləri və olduqca gərgin ictimai siyasi proseslər zəminində elə təxminən bir o qədər vaxt sədaqətli, peşəkar, etibarlı bir kadrı nazir təyin etmək üçün manevr etməli oldu. Böyük öndər ölkənin taleyi naminə ambisiyalı qüvvələri cilovlamaq üçün onlarla müvəqqəti “atəşkəs”ə getməli idi. Ona görə də Vaqif Novruzov daxili işlər, Nəriman İmranov milli təhlükəsizlik naziri, Əli Ömərov Baş prokuror vəzifəsinə təyin olunmuşdular. Bu o dövr idi ki, bəzi xarici ölkələrin respublikanın daxili işlərinə müdaxilə riski kifayət qədər yüksək idi. Amma artıq keçən müddət ərzində Prezident müəyyən işləri qaydasına qoymuşdu və həlledici addımı atmalı idi. 1994-cü ilin məlum 29 aprel müşavirəsi DİN-in tarixində dönüş nöqtəsi oldu.
Ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizə ulu öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanla başlayıb. Həmin fərmanın tələblərindən irəli gələn vəzifələri həyata keçirən DİN və onun strukturları tərəfindən yalnız 1994-1998-ci illər ərzində 10.659 odlu silah, minlərlə döyüş sursatı aşkar edilərək müsadirə olundu. Həmin müddət ərzində vətəndaşları qorxu içərisində saxlayan 7143 mütəşəkkil cinayətkar qrup aşkar edilərək zərərsizləşdirildi. İstintaqdan gizlənən 22055 nəfər tutuldu.
Bu gün hər bir Azərbaycan vətəndaşı siyasi mənsubiyyətindən, mənşəyindən və mənsəbindən asılı olmayaraq 21 il əvvələ nəzər salıb belə bir suala cavab verməlidir: biz haradan haraya gəlib çatdıq və bu, hansı siyasətin və idarəetmənin nəticəsində mümkün oldu? Əminəm ki, bu suala qərəzsiz cavab tapan hər kəs gələcəyimiz üçün narahatlıq keçirməyəcək.
Müasir demokratik cəmiyyətlərin ən xarakterik xüsusiyyətlərindən biri və bəlkə də başlıcası insan hüquq və azadlıqlarına verilən önəm, onların təminatı mexanizmlərinin yaradılmasıdır. Qətiyyətlə demək olar ki, yaradıcısı ümummilli lider olan ilk milli Konstitusiyamızda “Üçüncü nəsil” hüquqlar da daxil olmaqla ən müasir insan və vətəndaş hüquqları təsbit edilmişdir. Konstitusiyanın 158 maddəsindən 48-i insan hüquqları və azadlıqlarının qorunmasını özündə ehtiva edir. “Polis haqqında” Qanunun 40 maddəsindən 14-ü insan hüquqlarının və vətəndaş azadlıqlarının qorunması ilə bağlıdır. Bu istiqamətdə müəyyənləşdirilən strateji xətt müvafıq qanunlar, hüquqi normativ aktların tələbi ilə həyata keçirilir.
1999-cu ildə “Polis haqqında” Qanunun qəbul olunması hüquq-mühafizə orqanları sistemində mühüm yer tutan, polisin fəaliyyətini nizama salan, qanunvericiliyin əsaslarının yaradılmasına və bu sahədə mövcud olan hüquqi boşluqların aradan qaldırılmasına xidmət etdi.
Azərbaycan Respublikası Prezidentinin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli fərmanı, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” 11 dekabr 1998-ci il tarixli və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fıziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası qanunları, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun ümumbəşəri dəyərlərin ölkəmizdə ən ali nemət olmasını bir daha təsdiqləyir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli fərmanı ilə “Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu”nun təsdiq edilməsi də polisin fəaliyyətini müasir standartlara uyğun qurmaq üçün olduqca mühüm əhəmiyyət kəsb edən sənəddir. Fərmanların və qanunların tələblərindən irəli gələn vəzifələrin icrası istiqamətində insan hüquqlarının müdafiəsi üzrə 2004-2008-ci illər üçün Dövlət Proqramı hazırlanmış və həyata keçirilmişdir. Eyni zamanda, Avropa Komissiyası, Avropa Şurası, ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar üzrə Bürosu, İnsan Hüquqları üzrə Beynəlxalq Amnistiya Təşkilatı, Helsinki Vətəndaş Assambleyası və digər bu kimi beynəlxalq təşkilatlarla əlaqələrin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün əlavə tədbirlər görülmüş və bu iş bu gün də davam etdirilməkdədir.
Cinayətkar aləm daim artan hüquq-mühafızə təzyiqini hiss etməkdədir. Aparılan iş proqnozlaşdırılan nəticələri təsdiqləyir. Ağır cinayətlərin, qəsdən adamöldürmələrin, quldurluqların, azyaşlılar tərəfindən törədilən hüquq pozuntularının sayı aşağı düşür. Müasir informasiya mənbələrini, DİN-in məlumat bankına daxil olmaq imkanlarını nəzərə alaraq statistik rəqəmləri sadalamağa ehtiyac duymuram.
Lakin reallıq həm də odur ki, cəmiyyətin demokratik inkişaf tendensiyası arzu etdiklərimizlə üst-üstə düşmür. Reallıq utopik sosializm və utopik kommunizmin uydurduğu “cinayətsiz cəmiyyət” ideyalarını rədd etsə də, bəzi xəyalpərvər qüvvələr, nöqsanlı və qərəzli düşüncə sahibləri hələ də cinayətkarlıq olmayan ölkə və cəmiyyət təfəkkürünün girovlarıdır. Dünyanın hansı ölkəsində cinayət və cinayətkarlıq yoxdur? Məsələn, dünyanın ən demokratik ölkəsi hesab edilən Amerikada ağır cinayətlər bir yana, cinayətkarlar az qala ildə 1-2 dəfə təhsil ocaqlarına basqın düzənləyir, partlayışlar və qətllər törədir, müəllimləri və tələbələri girov götürürlər. Küçənin ortasında adamları güllələyirlər. Avropanın göbəyində - Fransada, İspaniyada gah tələbələr, gah da azğınlaşmış gənclər şəhərləri oda qalayıb, maşınları və mağazaları yandırmırlarmı? Uzağa getməyək. Qonşu Dağıstanda və Şimali Osetiyada ardı-arası kəsilməyən gurultulu cinayət hadisələrini efirdən seyr etmirikmi? Bütün bu faktlar onu təsdiq edir ki, Azərbaycanda dayanıqlı sabitlik var, asayiş keyfiyyətli şəkildə qorunur, cinayətkarlığa qarşı ciddi mübarizə aparılır, kriminoloji durum nəzarətdədir.
Ali Baş Komandan konkret vəzifə qoymuşdur: “Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır”. Bu tələblərə cavab verməyən əməkdaşın daxili işlər orqanlarında xidmət etməyə nə hüquqi, nə də mənəvi haqqı var.
Məşhur bir deyim var: “Cəzalandırılmış cinayətkar bütün yaramazlar üçün nümunədir. Günahsız cəzalandırılmış isə bütün namuslu insanların vicdan məsələsidir”. Bu deyimin qayəsində haqqın, ədalətin zəfər çalmasının labüdlüyü durur. Ölkənin hüquq-mühafızə orqanlarının, o cümlədən də Azərbaycan polisinin məhz bu prinsip əsasında fəaliyyət göstərməsi dövlət başçısının bir nömrəli tələbidir.
DİN və onun strukturları əgər obrazlı dillə desək, “şəffaf evdə yaşayır, işləyir və daim müşahidə olunurlar”. Şəksiz, DİO hər hansı tədbir keçirəndə, yaxud DİN hansısa qərar qəbul edəndə kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq qanunlardan çıxış edir. Lakin DİN qərar qəbul edərkən sosial konteksə əhəmiyyət verməyə bilməz. Hüquq və onu formalaşdıran cəmiyyət arasındakı münasibətlərdə hər zaman bir balans olmalıdır. Azərbaycan polisi bu balansın qarşılıqlı etibar, qarşılıqlı səmimiyyət, qanunlara qarşılıqlı hörmət əsasında formalaşmasının tərəfdarı olduğunu fəaliyyəti ilə təsdiqləyir. Heç kim belə bir iddianı sübut edə bilməz ki, DİO dəyişməyib, yeniləşməyib, müasir dövrün tələblərinə uyğun islahatlar aparılmayıb. DİN-in rəhbərliyi də iddia etmir ki, Azərbaycan polisinin fəaliyyəti tamamilə Avropa standartlarına cavab verir və hər şey əladır. Ancaq çox şeyə nail olunub - desəm, zənnimcə, müvəffəqiyyətlərin rəngini tündləşdirmiş olmaram. DİO cəmiyyətdən təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. O, cəmiyyətin tərkib hissələrindən biridir. Canlı orqanizm olan bu struktur bütövlükdə cəmiyyətin özü kimi dəyişir, inkişaf edir, yeni forma və məzmun kəsb edir.
Azərbaycan dövlətçiliyi üçün əvvəllər mövcud olan bəzi təhlükələr bu gün də tamamilə aradan qalxmayıb. Ümummilli liderimiz Heydər Əliyevin müstəqil, bölünməz və demokratik Azərbaycan uğrunda başladığı mübarizə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfındən uğurla davam etdirilir. Bəzi qüvvələr isə Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında maraqlıdırlar. Onlar rəngarəngdir, fəaliyyət göstərdikləri məkanlar da fərqlidir. Ona görə də Azərbaycan polisi kriminogen duruma daim nəzarət etmək, sabitliyin pozulmasına yönələ biləcək fitnəkarlıqları önləmək, zamanında qətiyyətli tədbirlər görmək üçün ən müxtəlif layihələr həyata keçirməklə spesifik tədbirlər də görür. Respublika Daxili İşlər Nazirliyi və onun strukturları Azərbaycan dövlətçiliyi və xalqın mənafeyi naminə ən mürəkkəb və çətin vəzifələri layiqincə yerinə yetirməyi bacardıqlarını dəfələrlə sübut ediblər. 1994-1995, 2003 və 2005-ci illərdə ictimai-siyasi sabitliyi pozmağa, qeyri-qanuni yollarla hakimiyyətə gəlməyə cəhd göstərən qüvvələr və onların təhrikçiləri ilk növbədə Azərbaycan polisinin qətiyyəti ilə rastlaşdılar. Bəzi siyasətbazların başı əhlət daşına dəydi də. Ancaq bəziləri qanunsuzluğun tüğyan etdiyi zamanların xiffətini çəkmək mərəzindən xilas ola bilmir, “stəkanda da olsa, fırtına qoparacaqlarını” dilə gətirirlər. Mən elələrinə Çörçillin bir deyimini xatırlatmaq istərdim. O deyirdi: “Siyasətçi başını itirməkdən yox, simasını itirməkdən qorxmalıdır”. Hər kəs aydın dərk etməlidir ki, demokratiya qanunlara hörmət və onlara riayət deməkdir. Azərbaycan cəmiyyətinə qanundan kənar heç nəyi həzm etdirmək olmaz. Çünki qanunun aliliyinin təminatçısı olan dövlət başçısı və qanunların işləməsinə, tətbiq olunmasına məsul olan hüquq-mühafizə orqanları var. Azərbaycan DİN də onlardan biridir.
Bəzən biz nəyin şahidi oluruq? Milli kimliyi böyük şübhə doğuran, fəaliyyəti şəffaflıqdan uzaq, əlaqələri qaranlıq, qrantlarından iy gələn qondarma hüquq müdafiəçiləri və onlara dəm tutanlar, on illər ərzində düşüncələri dəyişməyən radikal siyasi partiyaların nümayəndələri polisə, o cümlədən də bütövlükdə Azərbaycanın hüquq-mühafizə orqanlarına çamur atmağa çalışır, çirkaba bulaşmış paltarını kimin əliyləsə soyunub atmağa cəhd göstərirlər. Qara-qışqırıq salır, köməyi illərlə şahidi olduğumuz ikili standartların müəlliflərinin vətənlərində axtarır, bəziləri də çıxış yolunu aradan çıxıb qaçmaqda görürlər. Amma unudurlar ki, dövlətlə hədə-qorxu ilə danışmaq, öz xeyrinə qanunlardan yan keçmək olmaz. Təbii ki, elələri 20-25 il bundan əvvəl oxşar hərəkətlər ediblər. Amma gör aradan nə qədər vaxt keçib? Ayılmaq zamanı ötməyibmi?
Biz bilirik ki, dövlət və dövlətçiliyimizə sədaqətlə xidmət edən Azərbaycan polisi ilə həm bəzi xarici dairələrin, həm də daxildə sabitliyi pozmağa cəhd göstərən destruktiv qüvvələrin hesabı var. Ancaq bu hesab heç vaxt onların xeyrinə dəyişməyib. Çünki Azərbaycan polisi dövlətin və xalqın milli mənafelərinə xidmət edir. Həmişə ABŞ demokratiyasından, ABŞ-dakı hüquq və azadlıqlardan örnək götürməyin vacibliyini söyləyən bəzi siyasətbazlar, sözün əsl mənasında, əllaməçilik edənlər nə əcəb fundamental bir məsələni gözardı edirlər? Az-çox siyasətdən, insanların hüquq və azadlıqlarından, müstəqil və azad mətbuatdan baş çıxaran hər kəs yaxşı bilir ki, ABŞ-da söz və mətbuat azadlığı da, insanların hüquq və azadlıqları prinsipləri də yalnız və yalnız Amerika dövlətinin və xalqının milli mənafelərindən keçir. Bəlkə, inkişaf etmiş Avropa ölkələrində elə deyil?
Bəziləri tez-tez təkrarlayır ki, Azərbaycan polisi hakimiyyətin sifarişini yerinə yetirir. Söhbət nədən gedir? Söhbət ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, sabitliyin qorunmasından gedir. Polis Konstitusiya ilə üzərinə qoyulan vəzifələri yerinə yetirir. Azərbaycanın milli mənafelərinin, xalqın rəyinin əksinə gedənlərə, ona qarşı cinayət törədənlərə qarşı polis adekvat tədbirlər görüb, görür və görəcək.
Bu gün tam əsasla demək olar ki, Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən mütərəqqi qanunlar, həyata keçirilən təşkilati və praktiki tədbirlər zamanında ölkəmizdə demokratik-hüquqi dövlətin möhkəm əsaslarını yaradıb. Obrazlı dillə desək, həmin əsaslar üzərində Heydər Əliyev siyasi kursunun və dövlətçilik xəttinin davamçısı olan cənab İlham Əliyev tərəfindən Şərq-Qərb memarlığının bütün gözəlliklərini özündə əks etdirən Azərbaycan adlı əzəmətli və yaraşıqlı bina tikilir. Bu möhtəşəm “bina” müstəqil, hüquqi, demokratik dövlət quruculuğunun bütün tələblərinə cavab verəcək. Dünyanın istənilən yerindən bu “bina”ya baxan soydaşlarımız qürurla böyük öndərin bu məşhur deyimini təkrarlayacaqlar: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”
Bu yazını ulu öndərin Azərbaycan polisinin 84-cü illik yubileyində söylədiyi bu fikirlərlə tamamlamaq, zənnimcə, tamamilə yerinə düşər. Ümummilli lider demişdir: “Polis, DİN Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir. Mən, Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram. Bu güc ilə və bu qüvvə ilə biz müstəqil Azərbaycanı günü-gündən inkişaf etdirəcəyik və gələcək nəsillərə daha da gözəl Azərbaycan bəxş edəcəyik”.
Əsgər ƏLƏKBƏROV,
Daxili işlər nazirinin müavini, polis general-leytenantı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.