Azərbaycan – Monteneqro əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Azərbaycanın son 10 ildə nail olduğu siyasi, sosial-iqtisadi, beynəlxalq əməkdaşlıq və mədəniyyət sahələrindəki uğurları, həm regionda, həm də dünyada artan nüfuzu, istər-istəməz, yaxın və uzaq ölkələrin diqqətindən kənarda qalmır.

Şübhəsiz, ölkəmizin təbii ehtiyatlarının, enerji mənbələrinin həcmi, onların rasional hasilatı və istifadəsi, respublikada bərqərar olan siyasi sabitlik və iqtisadi artım göstəriciləri, sosial rifah və hər bir sahənin inkişafı üçün işlənib həyata keçirilən əlverişli layihələr dünyanın müxtəlif ölkələrinin respublikamıza marağının artmasını şərtləndirir. Eyni zamanda, Azərbaycanın da bir sərmayəçi kimi bir sıra ölkələrin iqtisadiyyatına sərmayə qoymağına münbit şərait yaranmışdır. Bütün bunlar, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində mümkün olmuşdur.

Lakin müxtəlif profilli tədqiqat və monitorinqlər göstərir ki, Azərbaycan xarici ölkələrin təkcə iqtisadi maraqlarında deyil. Buradakı geosiyasi mövqe, ölkə əhalisinin əksəriyyətinin müsəlman və eyni zamanda, dünyəvi baxışlara malik olması, Avropa dəyərlərinə hörmət və ehtiram, nümunəvi tolerantlıq modelinin dövlət tərəfindən tətbiq edilərək dəstəklənməsi, xalqın qədim tarix və orijinal mədəniyyətə sahib olması Azərbaycanı, nadir və əməkdaşlıq nöqteyi-nəzərdən ecazkar bir ölkə kimi tanınmasına gətirib çıxarmışdır.

Bu baxımdan son illər Azərbaycan və Balkan yarımadası ölkələri arasında sıx əməkdaşlıq müşahidə olunur. Balkan ölkələrindən olan Monteneqro bu əməkdaşlıqda mühüm yerlərdən birini tutur. Monteneqro gənc bir dövlətdir. Lakin Monteneqro xalqı da Azərbaycan xalqı kimi əsrlər boyu müstəqillik və azadlıq uğrunda mübarizə aparmış və yalnız XXI əsrdə öz tarixi suverenliyinə nail ola bilmişdir. Azərbaycan Monteneqronun müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.

24 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası və Monteneqro arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol imzalandıqdan sonra ölkələr arasındakı mövcud münasibətlər yeni müstəviyə qədəm qoymuşdur. Buna əlavə olaraq, iki ölkə başçısının qarşılıqlı rəsmi səfərləri və dostluq münasibətləri xalqlar və dövlətlər arasındakı əlaqələri daha da sıx və perspektivli etmişdir.

Ölkələrimiz arasında çoxsaylı paralellər aparmaq mümkündür. Bunun başlıca səbəbi hər iki ölkədə elə həmin geosiyasi mövqe və cəlbedici investisiya mühitinin olmasıdır. Məsələn, Monteneqro Balkan yarımadasının turizm baxımından ən inkişaf etmiş və güclü turizm potensialı olan ölkələrindən biri və demək olar ki, regionda Yunanıstan və Bolqarıstandan sonra üçüncüdür. Turizm infrastrukturu qurulub genişlənməkdə olan Azərbaycan üçün Monteneqro təcrübəsi çox maraqlıdır. Buna görə müxtəlif ikitərəfli biznes və turizm layihələrin həyata keçirilməsinə böyük ehtiyac vardır.

Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, son dövr ərzində Monteneqroda aparılan siyasi və demokratik islahatlar, yeni iqtisadi modellərin nəzərdən keçirilməsi onu Avropanın sürətlə inkişaf edən ölkəsinə çevirmişdir. İnkişafda olan Azərbaycan və Monteneqro sosial-siyasi, iqtisadi və mədəniyyət sahələrinə qarşılıqlı faydalı cəhətləri tətbiq edərək, özlərinə məxsus inkişaf yolu seçmişlər.

Bunu layiqincə qiymətləndirən İlyas Əfəndiyev Beynəlxalq Fondu 2013-cü ildə Monteneqro Respublikasının Prezidenti cənab Filip Vuyanoviçi ölkəsində sülhün və demokratiyanın inkişafında göstərdiyi xidmətlərə görə İlyas Əfəndiyev Beynəlxalq Mükafatına layiq görmüşdür.

Dünyada çoxillik aktiv fəaliyyəti olmuş və 2011-ci ildə Avropa İttifaqı ərazisində qeydiyyatdan keçərək beynəlxalq status almış İlyas Əfəndiyev Beynəlxalq Fondu müxtəlif məzmunlu və irihəcmli sosial-humanitar və infrastruktur layihələri işləmiş və onların həyata keçirilməsi üçün ilkin razılıq əldə etmişdir. Layihələrin həyata keçirildiyi ölkələrdən biri də elə Monteneqrodur. Fond öz məqsədlərinə çatmaq üçün təcrübəsi və beynəlxalq əlaqələrindən, eləcə də partnyorları olan iri maliyyə istitutlarının və özünün təsis şirkətinin potensialından istifadə edir.

Fond Monteneqro üçün irihəcmli layihə işləyib hazırlamışdır ki, bunun da həyata keçirilməsi yaxın bir zamanda reallaşacaqdır. Burada əsas diqqət, yaxın zamanlarda Monteneqronun sosial və humanitar sahədə olan problemlərin həllinə, digər tərəfdən isə Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin tanıdılmasına yönəldilmişdir.

İlyas Əfəndiyev Beynəlxalq Mükafatınının Prezident Filip Vuyanoviçə təqdimetmə mərasimində laureatın söylədiyi nitqdə Monteneqronun Azərbaycan üçün dost bir ölkə olması vurğulanmış və əməkdaşlığa hər iki tərəfdən lazımi iradə və şəraitin olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun, eləcə də Monteneqronun dövlət və hökumət adamlarının iştirak etdikləri bu mərasimdə cənab F.Vuyanoviç çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevlə dostluq münasibətindən və Azərbaycanın Monteneqro üçün vacib tərəfdaş olduğundan bir daha söz açmışdır. Elə oradaca Monteneqro Prezidenti tərəfindən İlyas Əfəndiyev Beynəlxalq Fondunun Monteneqroda planlaşdırdığı layihələrinə rəsmən dəstək verilmişdir. Onların arasında xüsusən çoxmərhələli “Monteneqro - XXI  əsrin imici”  humanitar layihəni qeyd  etmək olar. Bundan başqa, fondun təşəbbüsü ilə onunla bağlı olan tərəfdaş şirkətlər tərəfindən ölkədə bir sıra konkret iqtisadi və infrastruktur layihalərin keçirilməsi də nəzərdə tutulmuşdur.

Ötən həftə İlyas Əfəndiyev Beynəlxalaq Fodnunun nümayəndə heyəti Monteneqronun paytaxtı Podqoritsa şəhərində işgüzar səfərdə olmuş və layihələrin icrası ilə bağlı görüşlər keçirmişdir. Görüşlərin yekununda İlyas Əfəndiyev Beynəlxalq Fondu və Monteneqro Respublikasının Nazirlər Kabineti yanında İnvestisiyaların Təşviqi Agentliyi arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda BMT-nin Minilliyin Məqsədlərinin nəzərdə tutduğu davamlı inkişaf və sosial dəyərlər layihələri və proqramlarına uyğun fəaliyyət göstərərkən fond üçün lazımi şəraitin və biznes mühitinin yaradlması barədə agentlik tərəfindən zəmanət verilir.

Bununla yanaşı, İlyas Əfəndiyev Beynəlxalq Fondunun rəhbərliyi Monteneqro Respublikasının maliyyə naziri cənab Radoje Zugiclə görüşərək təhsil, mədəniyyət və sosial müdafiə sahələrinin inkişafına yönəlmiş “Monteneqro - XXI əsrin imici” layihəsi çərçivəsində görüləcək işlərin planlaşdırılması və icrası ilə bağlı məsələlər ətrafında  müzakirələr aparmışdır.

Beləliklə, İlyas Əfəndiyev Beynəlxalq Fondu öz missiya və məqsədlərinə sadiq qalaraq, öz nüfuzu, təcrübəsi və güclü beynəlxalq tərəfdaşlıq əlaqələr potensialına əsaslanıb faydalı sosial-humanitar layihələrin coğrafiyasını bir qədər də genişləndirməyi planlaşdırır. Bu işdə fonda azərbaycançılıq ideyalarını tərənnüm etmək, vətənpərvərlik, möhkəm iradə, humanizm, dini, irqi və etnik müxtəliflik  prinsiplərinə hörmət və sadiqlik kömək edir. Ümidvarıq ki, Vətənimiz Azərbaycanda İlyas Əfəndiyev Beynəlxalq Fondunun uğurları hər bir vətəndaşımızı qürurlandıracaq.

 

Tural ƏFƏNDİYEV,

İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidenti,

fəlsəfə doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında