Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir

Azərbaycan dünyaya Günəş kimi doğacaq.

Heydər ƏLİYEV

Ümummilli lider

Dahi filosof, klassik alman fəlsəfəsinin yaradıclarından olmuş Hegel, özünün “Fəlsəfə tarixi” əsərində tarixi şəxsiyyətlərin xarizması haqqında belə qeyd edirdi: “Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük, özü də təxəyyüldə canlandırılan və saxta işlər deyil, ədalətli və zəruri işlər görmək istəmiş və görmüşlər”. Hegelin yazdığı bu sətrləri oxuyanda istər-istəməz göz önündə ulu öndərimiz Heydər Əliyevin obrazı canlanır. Heydər Əliyev Azərbaycan dövlətinin mövcudluğunu, tərəqqisini, güclü olmasını şərtləndirən bütün zəruri addımları atmışdır. Onun bütün fəaliyyətinin ana prinsipini isə həmişə ədalət təşkil etmişdir.

Görkəmli tarixi şəxsiyyətlər hər xalqın və hər bir dövlətin tarixinin fəal yaradıcılarıdır. Həmin şəxsiyyətlər hətta dünyalarını dəyişdikdən sonra da onların xatirəsi milyonların ürəyində, müstəqillik və azadlıq uğrunda mücadilənin qalibləri kimi xalqın qəlbində yaşayır. Necə ki, bu gün Heydər Əliyev irsi, ideyaları, inkişaf strategiyası Azərbaycanın tərəqqisi yolunda sönməz məşəl kimi yanmaqdadır, onun əziz xatirəsi isə hər bir azərbaycanlının qəlbində yaşamaqdadır. Bildiyimiz kimi, xalqların, dövlətlərin tarixində liderliyə cəhd edənlər və ya iddialı olanların sayı həmişə çox olur. Heydər Əliyev isə heç vaxt liderliyə iddialı olmamışdır. Təbiət onu elə lider yaratmışdır. Tanrının bu uca şəxsin talehinə yazdığı missiya dövlətini, xalqını qorumaq və yaşatmaqdan ibarət olmuşdur.

Heydər Əliyev bəşər tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi.  Heydər Əliyevin şəxsiyyəti, siyasi portreti, liderliyi o qədər zəngin elementlərlə səciyyələnir ki, onu tam öyrənib başa çıxmaq çox çətindir. Ulu öndər çıxılmaz hesab olunan vəziyyətlərdən çıxış yolunu tapmaq kimi əlahiddə bacarığı ilə hamını heyran qoyurdu.

Azərbaycanda 1991-1993-cü illər dövrünü siyasi kataklizmlər dövrü adlandırmaq üçün kifayət qədər əsas vardır. Həmin dövrdə ölkəni idarə edənlərin bacarıqsızlığı və səriştəsizliyi, siyasi mübarizənin mahiyyətini yalnız vəzifə kürsüsü əldə etməkdə görmələri Azərbaycanı sözün əsl mənasında uçuruma sürükləyirdi. Belə şərtlər daxilində nəinki ölkənin inkişaf trendlərini müəyyən etmək mümkün idi, hətta gələcək mövcudluğumuz böyük bir sual altında idi.  Belə ki, həmin zaman kəsiyində ölkə real parçalanma təhlükəsi qarşısında idi.  Daxili separatçılıq meyilləri günü-gündən güclənirdi və silahlı qruplaşmaların hakimiyyət uğrunda barışmaz mübarizəsi dərinləşirdi. Üstəlik, ermənilər də yaranmış şəraitdən ermənilər işğalçılıq siyasətini həyata keçirmək üçün “məharətlə” istifadə edirdilər.  Bu cür acınacaqlı bir  vəziyyətdə xalqın özünə xilaskar axtarması təbii idi. Xalqı bu təhlükədən xilas edəcək tək bir insan vardı- Heydər Əliyev.  Bunu Azərbaycanın o dövrdəki rəhbərləri də etiraf etmişdilər. Prezident Əbülfəz Elçibəy bununla bağlı sonralar yazırdı: “Mən həbsxanaya getdim, həbsxanada onun əleyhinə oldum, çıxandan sonra da bir-iki il onun əleyhinə idim. Sonralar ki, onun bəzi çıxışlarını, bəzi manevrlərini gördüm, inandım ki, o çox idraklı şəxsiyyətdir, onun güclü şəxsiyyət olduğunu  qəbul etdim. Doğurdan da, etiraf edirəm ki, Heydər Əliyevin təqribən 6-7 il əleyhinə danışdığım halda sonradan elə olub ki, 6-7 il də onu tərifləmişəm. Öz-özümə də boynuma almışam ki, onun əleyhinə danışmaqla səhv etmişəm”.

Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ildə siyasi hakimiyyətə möhtəşəm  qayıdışı Azərbaycan tarixində həlledici rol oynadı. Heydər Əliyev öz dönüşü ilə dövlətimizi və xalqımızı xilas etdi. Ulu öndər həyatının ən böyük missiyasını yerinə yetirmiş oldu. Bu tarixi dönüş olmasaydı, bəlkə bugünkü Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı unikal siyasi taktikalarla etibarlı şəkildə alınmışdır.  Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, stabillik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq hər bir cəmiyyət üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Çünki dövlətimizin idarəçilik sükanının arxasında  dahi Heydər Əliyev dayanırdı. Azərbaycan Respublikasında çevik, mütərəqqi və demokratik elementlərlə zəngin idarəetmənin əsasını qoymaqla, ümummilli lider Heydər Əliyev həm də unikal hərtərəfli inkişafa, mökəm dövlətçiliyə sarsılmaz zəmin hazırlamış oldu. Məhz ulu öndərin hazırladığı bu zəmin əsasında Azərbaycan öz inkişafının ən uca məqamlarını davamlı olaraq fəth edir,  regional güc və təhlükəsizlik mərkəzinə çevrilməkdədir. Heydər Əliyevin  siyasi, iqtisadi və mədəni irsinin qorunub saxlanılması, ona istinad edilməsi qlobal müstəvidə Azərbaycan Respublikasının nüfuzunun, şöhrətinin və etibarının durmadan artmasını şərtləndirmişdir. Müasir dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biri olan Əsas qanunumuz dahi Heydər Əliyev zəkasının məhsuludur. Azərbaycan Respublikasının Konstitusiyasında istisnasız olaraq bütün müddəaların demokratik prinsiplərə söykənməsi beynəlxalq ictimaiyyətin diqqətindən kənar qalmamış  beynəlxalq müstəvidə ölkəmizə böyük rəğbət qazandırmışdır. Belə ki, bu gün bütün dünyada Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət imici kifayət qədər möhkəmlənmişdir. Azərbaycan dövləti beynəlxalq təmaslarda postsovet respublikaları içərisində ən etibarlı tərəfdaş kimi qəbul olunur. Böyük əzm və iradə sayəsində yaradılmış tam  sabitlik, ölkə həyatının bütün sferalarında hərtərəfli islahatların reallaşdırılmasının bir tendensiya halını alması Azərbaycana dünya dövlətləri arasında özünəməxsus yer qazanmasını təmin etmiş və beynəlxalq aləmlə qarşılıqlı faydalı əlaqələrimizin genişlənməsini şərtləndirmişdir. Heydər Əliyev gənc Azərbaycan Respublikasının xarici siyasət strategiyasını hazırlayarkən bərabərlik və qarşılıqlı mənafe prinsiplərini başlıca istinad məqamları kimi müəyyənləşdirmişdir. Heydər Əliyevin bu unikal strategiyası və bu gün də onun irsinə sadiqlik sayəsində Azərbaycan Respublikası bütün dünya dövlətləri üçün açıq bir ölkəyə çevrilmişdir, böyük etimad sahibi olmuşdur.

Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi və müstəqil dövlət quruculuğu dövrü kimi səciyyələndirilir. Ümummilli liderin həyatının ən böyük uğuru və fəaliyyətinin ən böyük nəticəsi xalqımıza mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasını bəxş etmişdir.

1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisinin toplantısındakı çıxışı bu mənada böyük əhəmiyyət kəsb edir: “Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimnz tam demokratik hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan İslam dini - hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək”.

Heydər Əliyev bütün daxili, regional və beynəlxalq faktorları nəzərə alaraq Azərbaycanın təkrarsız milli inkişaf modelini yaratmışdır və milli inkişaf modeli əsasında ölkəmiz dönməz inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanın milli inkişaf modelinə diqqət yetirəndə heyrətlənməmək, ulu öndərin zəkasının sərhədlərinin genişliyinə qibtə etməmək qeyri-mümkündür. Çünki Azərbaycanın milli inkişaf modeli müəyyənləşdirilərkən regionda və beynəlxalq aləmdə cərəyan edən və edəcək proseslərin xarakteri dəqiqliklə nəzərə alınmışdır. Hər bir vəziyyətə uyğun çoxtərəfli fəaliyyət proqramı hazırlanmışdır. Bu baxımdan, Azərbaycanın milli inkişaf modeli Heydər Əliyev irsinin ən qiymətli elementlərindəndir.  Bu modelin unikallığı ondan ibarətdir ki, mövcud problemlərin dinamik şəkildə aradan qaldırılması, davamlı tərəqqinin təmin olunması ilə bərabər, Azərbaycanın sabahına, gələcək nəsillərə böyük qayğı məsələsi də diqqət mərkəzindədir.

Ölkədaxili siyasətdə Heydər Əliyevin milli inkişaf strategiyasının prioritet hədəfləri: cəmiyyətdə sabitlik və sistemyaradıcı siyasi, iqtisadi parametrlər diapazonunun müəyyən edilməsi, onların mümkün və düzgün inkişaf trayektoriyalarının izlənilməsi, sabitliyi poza biləcək amillərin təsirinin zərəsizləşdirilməsi, həm siyasi, həm də iqtisadi baxımdan hər cür təzyiqlərə davamlı müstəqil dövlətin qurulması olmuşdur .

Göründüyü kimi, Heydər Əliyev irsi bu gün Azərbaycanı yaşadır, inkişaf etdirir. Heydər Əliyevin siyasi, iqtisadi və mədəni irsinin etibarlı qoruyucusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  ulu öndərin müəyyənləşdirdiyi unikal mövcud olma və inkişaf strategiyasını dinamik dəyişən zamanın tələblərinə uyğun elementlərlə zənginləşdirməklə davam etdirərək, ölkəmizi inamla irəli aparır. Artıq Azərbaycan cəmiyyətində və bütün dünyada Prezident İlham Əliyevin intellektual-yaradıcı lider obrazı formalaşmış və möhkəmlənmişdir. Hələ, öz bacarığı, uzaqgörənliyi və siyasi iradəsi sayəsində ən ali vəzifəyə yüksəlməmişdən xeyli əvvəl proqnozlaşdırılırdı ki,  Azərbaycan cəmiyyəti gələcəkdə Prezident İlham Əliyevin kapitan olduğu “common brain” komandasını seçəcək. Çünki Heydər Əliyevdən sonra Azərbaycanın mövcudluğunu və sürətli inkişafını davam etdirməyə imkan verəcək ali keyfiyyətlərə yalnız İlham Əliyev malikdir. 

Ölkə başçısı qısa bir zaman kəsiyində ona bəslənilən bütün ümidləri tam doğrultmaqla, cəmiyyətin bütün gözləntilərinin reallaşması istiqamətində yorulmadan çalışmaqla,  sübut etdi ki, təlatümlü dünya dənizində “Azərbaycan adlı gəmini” ən təhlükəsiz şəkildə idarə edəcək, hamının taleyi ilə bağlı cavabdehlik missiyasını uğurla yerinə yetirəcək  yeganə şəxs onun özüdür. Dövlətimizin başçısının ictimai şüurdakı yüksək intellekli, qurucu, ədalətli, çevik idarəçilik bacarığına və böyük iradəyə malik lider obrazı hər ötən gün daha da möhkəmlənməkdədir. Onun atdığı hər bir addım, verdiyi  hər bir qərar cəmiyyət üzvlərinin maraq və istəklərinin təmin olunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına və iqtisadi tərəqqinin davamlılığına hesablanmışdır. Belə ki,  Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilmiş, iqtisadi, siyasi və sosial sahədə islahatlar paralel şəkildə aparılmışdır. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf etmiş vətəndaş cəmiyyətinin və möhkəm demokratiyanın olduğu dövlət qurmaq istiqamətində durmadan irəliləyir.

Daim öz fəaliyyətində Heydər Əliyev dəst-xəttinə sadiq qaldığını və onu davam etdirəcəyini qarşıya məqsəd qoyan ölkə başçısı, atdığı addımlarla da bunu bir daha nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il martın 10-da imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” fərman dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlı üçün fəxr, iftixar,təsəlli mənbəyi oldu. Bununla da ölkə rəhbəri Heydər Əliyev xatirəsinə, onun müəyyənləşdirdiyi kursa sadiq qalacağını, bu yolla fəaliyyət göstərəcəyini, Heydər Əliyev irsini yaşatmaqla Azərbaycanı yaşadacağını bir daha sübut etmiş oldu.

Prezident İlham Əliyevin innovativ-islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış miqyaslı nailiyyətlər bariz şəkildə ümummilli lider Heydər Əliyevin irsinə,  dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir azərbaycanlının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da möhkəmləndirmişdir.

Ulu öndər vaxtilə demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən də, Prezident İlham Əliyevin sayəsində ölkəmiz dünyaya bir Günəş kimi parladı. Bundan başqa, 2003-cü ilin prezident seçkiləri ərəfəsində ümummilli  liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamı reallıqda tam təsdiqini tapdı. 

 

Elşad MİRBƏŞİROĞLU,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti,

siyasi elmlər üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında