Xilaskarlıq missiyası

Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram.

 Heydər ƏLİYEV

Ümummilli lider

 

Azərbaycan xalqı müstəqillik tariximizin əsas səhifələrindən olan 1993-cü ilin 9 iyun gününü heç vaxt unutmayacaq. Həmin gün ümummilli liderimiz Heydər Əliyev canından əziz bildiyi doğma xalqının harayına yetişdi, Naxçıvandan Bakıya dönərək vətəndaş müharibəsinin qaçılmaz olduğu ölkədə baş verən proseslərin məcrasını dəyişdi. XX əsrdə ikinci dəfə itirilməkdə olan müstəqilliyimizi qoruyub saxladı və əbədiləşdirdi. Ulu öndərin hakimiyyətə qayıdışından sonra xalq, nəhayət ki, rahat nəfəs aldı, onun sabaha inamı yarandı. Çünki xalq onun qüdrətinə XX əsrin 60-cı illərindən bələd idi. Bu barədə aşağıda geniş söhbət açacağıq.

Onun ölkədə birinci dəfə hakimiyyətə gəldiyi zaman – 1969-cu ilin iyul ayında da ölkədə vəziyyət ürəkaçan deyildi. Həyatın bütün sahələrində geriləyən Azərbaycan müttəfiq respublikalar içərisində axırıncı sırada gedirdi. İqtisadiyyat dərin böhran keçirirdi, elm, təhsil, mədəniyyət, incəsənət məsələləri başlı-başına buraxılmışdı. Tələbkarlıq, məsuliyyət hissi, demək olar ki, yox dərəcəsindəydi. Belə bir kritik anda Heydər Əliyevin Azərbaycan KP MK-ya birinci katib seçilməsi çoxlarını təəccübləndirdi. Həyatını dövlət təhlükəsizliyi sisteminə həsr etmiş bir adamın qısa zamanda nəinki keçmiş İttifaqda, hətta bütün dünyada tanınması Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi qismət idi. Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda məram və məqsədini aydın şəkildə, bütün kəskinliyi ilə açıqlayan Heydər Əliyev ölkəni qabaqcıllar sırasına çıxaracağına söz verdi. Və bu məsuliyyətli işdə yalnız doğma xalqına arxalandığını bəyan etdi. Necə demişdisə, elə də etdi. 12 ildə Azərbaycanı elə zirvələrə qaldırdı ki, baxan heyrətini gizlədə bilmədi. Respublikanın sənayesi, kənd təsərrüfatı yüksək inkişaf mərhələsinə çatdı. Ölkədə analoqu olmayan sənaye sahələri yaradıldı. Tikinti-quruculuq işləri ilbəil genişləndirildi. Paytaxtımızda yeni yaşayış massivləri, bir-birindən abad, gözəl mikrorayonlar salındı. Elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin səsi beynəlxalq simpoziumlardan eşidildi. Zəhmətkeş xalqın öndə gedən, qabaqcıl oğul və qızları, zəka, istedad sahibləri Vətənin ən yüksək mükafatlarına, o cümlədən - Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüldülər.

Müstəqilliyimizin ilk illərində üzləşdiyimiz çoxsaylı məhrumiyyət və problemlərin kökünü aramaq üçün bəzi məqamlara diqqət yetirək. Azərbaycan inkişaf edib yüksəldikcə, onun ilhamvericisi və rəhbərinin şan-şöhrəti də artırdı. Heydər Əliyevin Sosialist Əməyi Qəhrəmanı adını alması, Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilməsi xalqımızı nə qədər qürurlandırırdısa, tarixi düşmənlərimiz olan erməniləri bir o qədər məyus edirdi. Lakin onlar ilk vaxtlar bunu büruzə vermir, mentalitetlərinə xas olan yaltaqlıqla vəziyyətdən çıxmağa çalışırdılar. 1982-ci ildə böyük öndərimizin İttifaq rəhbərliyinin ən yüksək pillələrindən birinə – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi ermənilərin yuxusuna haram qatdı. Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosuna üzv seçilməsi, ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi onlara daha bir ağır zərbə oldu.

Ümummilli liderimiz yeni vəzifənin də öhdəsindən layiqincə gəlirdi. Heydər Əliyevin şöhrəti artdıqca, ölkə rəhbərliyinin yüksək eşalonunda əyləşənlərdə də ona qarşı qısqanclıq hissləri güclənirdi. Bu, ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən sonra açıq-aşkar nəzərə çarpırdı. Artıq ermənilər tərəfindən onun vəzifədən uzaqlaşdırılması planı işə salınmışdı. Bu prosesə dünyada məşhur olan güclü erməni lobbisi də qoşulmuşdu. Öz əli ilə qurub-yaratdığı Azərbaycanda da bəzi qüvvələrin ona qarşı çıxması Heydər Əliyevi mənən ağrıdırdı.

1987-ci ilin oktyabrında vəzifədən istefa verən Heydər Əliyevin səhhətində ciddi problemlər yarandı. Siyasi həyatdan təcrid edilən ulu öndərimiz xeyli müddət müalicə olundu. Bu arada ölkədə yenidənqurma pərdəsi altında bir-birindən mürəkkəb proseslər baş verdi. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyası ortaya atıldı. Bununla əlaqədar Xankəndidə və Ermənistanda fasiləsiz mitinqlər başlandı. Terror aktlarına, təxribatlara geniş meydan açıldı. Ermənilərin özləri tərəfindən hazırlanıb həyata keçirilən Sumqayıt hadisələri dünyada azərbaycanlıların “vəhşi, qəddar, amansız, yırtıcı” obrazının yaradılmasına hesablanmışdı.

Dağlıq Qarabağ hadisələri Azərbaycanı da ayağa qaldırmışdı. Xalq Kremlin ermənipərəst siyasətinə etiraz səsini getdikcə gücləndirirdi. Moskvadan göndərilmiş Əbdürrəhman Vəzirov respublikada cərəyan edən proseslərin qarşısını almaqda aciz idi. Xüsusi tapşırıqları yerinə yetirən bu başabəla “rəhbər” Azərbaycanda sabitlik yaratmaq əvəzinə, Heydər Əliyevin kölgəsini qılınclamaqla, onun tərəfdarlarını sıxışdırmaqla məşğul idi. Ə.Vəzirov 1990-cı ilin yanvar ayında milli-azadlıq hərəkatını boğmaq və xalqın iradəsini qırmaq, itaətsizliyin qarşısını almaq məqsədilə Azərbaycana qoşun göndərilməsi barədə Kremlə müraciət etdi. Bunu gözləyən Qorbaçov tərəddüd etmədən ayın 19-dan 20-nə keçən gecə Bakıda qoşun hissələrinin qarşısına əliyalın çıxan xalqa divan tutmaq əmrini imzaladı. Yüz qırxadək günahsız insan amansızcasına məhv edildi, 700-ə qədər adam yaralandı, şikəst oldu.

Xalqın qəzəbindən qorxan Ə.Vəzirov gizlincə öz ağalarının yanına qaçdı. Azərbaycanlıların başına gətirilən müsibəti bütün kəskinliyi ilə tənqid edən Heydər Əliyev respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək geniş mətbuat konfransı keçirdi. Heç nədən qorxmadan bu qanlı cinayətdə əli olanları lənətlədi, dünya ictimaiyyətinin diqqətini Bakı hadisələrinə yönəltdi. Təəssüflər olsun ki, o vaxt Azərbaycanın rəhbərliyində təmsil olunanlar bundan özləri üçün nəticə çıxarmadılar. Əksinə, Ayaz Mütəllibov kimi mənsəbpərəstlər şəhid qanlarının üstündən adlayaraq yenidən Moskvaya üz tutdular.

Ancaq artıq gec idi. Kremlin xeyir-duası ilə hakimiyyət olimpinə yüksələn Ayaz Mütəllibov respublikanı idarə etmək iqtidarında deyildi. Xalq daha gur səslə Heydər Əliyevi Azərbaycana dəvət edirdi. Bunun qarşısını almaq üçün Mütəllibov iqtidarı min cür oyundan çıxdı. Ulu öndərin tərəfdarlarına sui-qəsdlər olundu, Heydər Əliyevin Bakıda yaşamasına maneələr törədildi.

Çox təəssüf ki, o vaxtlar ölkədə geniş yayılmış xalq hərəkatına rəhbərlik məsuliyyətsiz adamların əlinə keçdi. SSRİ-nin dağılması ilə əldən-ələ keçən ölkə miskin vəziyyətə düşdü. Od içinə atılmış xalq çaşbaş qalmışdı. Zülm ərşə dirənmişdi. Ümid Allaha qalmışdı.

Coşub-çağlayan xalqa, millətə bir başbilən, ağsaqqallıq etməyi bacaran lider lazım idi. Hamı yaxşı bilirdi ki, bu, Heydər Əliyevdir. Nə qədər acınacaqlı olsa da, 1988-1993-cü illərdə Azərbaycana rəhbərlik edənlərin korafəhm və qətiyyətsiz siyasəti nəticəsində ölkə dağılmaqda, parçalanmaqda, xarabazara çevrilməkdə davam edirdi. Bir il əvvəl Ayaz Mütəllibovu hakimiyyətdən salan AXC-Müsavat cütlüyü 1993-cü ilin iyununda qardaşı qardaşla üz-üzə qoymuşdu. Ölkədə vətəndaş müharibəsi başlanmışdı. Azərbaycan cəmiyyəti müxtəlif siyasi partiyalara bölünməklə parçalanmış, baş verən hadisələr qarşısında insanlar çaşıb qalmış, milli-mənəvi dəyərlər gözdən salınmışdı. Bir sözlə, elə həmin şəraiti yaradanlardan biri olan Pənah Hüseynovun dediyi kimi, “bespredel” baş alıb gedirdi.

 1991-ci ildə ikinci dəfə müstəqillik əldə edən Azərbaycanın başına qısa müddət ərzində çox bəlalar gəldi. Ermənistanın silahlı qüvvələri nəinki Dağlıq Qarabağı, eləcə də, başqa ərazilərimizi işğal etməyə başladılar. Onlar Naxçıvan Muxtar Respublikasına da çox həmlələr etdilər. Xaos içində çırpınan məmləkətdən fərqli olaraq Naxçıvan çətin iqtisadi şəraitdə yaşasa da, eyni zamanda, Ermənistan tərəfindən blokadaya alınsa da, orada sosial-ictimai sabitlik hökm sürürdü, düşmənin bütün hücumları heçə endirilirdi. Ona görə ki, doğma torpağın keşiyində böyük siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyev dayanmışdı. Dağılmaqda olan Azərbaycanda isə hamı Naxçıvana ümid yeri kimi baxırdı.

İqtidarda olanlar bunu hiss etdiklərindən min cür fitnə-fəsad qururdular ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıda bilməsin. Bu böyük şəxsiyyətin hakimiyyətə gəlməsini əngəlləmək üçün hətta, ölkənin Konstitusiyasına yaş həddi maddəsi saldırmışdılar ki, yaşı 65-i keçən vətəndaşın prezident seçilmək hüququ yoxdur. Demokratiya pərdəsi altında hakimiyyətə gələn, yerli-yersiz müstəqillikdən, azadlıqdan dəm vuran AXC-Müsavat başbilənləri də demokratiyanın prinsiplərini kobud surətdə pozan bu maddəni ləğv etmək fikrində deyildilər. Hətta, o vaxtkı daxili işlər naziri İ.Həmidov o qədər azğınlaşmışdı ki, Naxçıvana qoşun çəkib oranı dağıtmaqla hədələyirdi.

Böyük şəxsiyyət olan Heydər Əliyevin adı gələndə cəbhəçilərin rəngi qaçır, canlarına vəlvələ düşürdü. Çünki bilirdilər ki, ulu öndərin Bakıya qayıdışı onların idarəçiliyinin, siyasi karyeralarının sonu deməkdir. Ona görə də qorxurdular və cidd-cəhdlə Heydər Əliyevin ali hakimiyyət strukturlarında iştirakını istəmirdilər. Amma özlərinin yetişdirib başa çıxardıqları, Milli Qəhrəman etdikləri, prezidentin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsinə çevirdikləri “yun polkovniki” Surət Hüseynovla sözləri çəpləşəndə, Gəncədəki uğursuz “Tufan” əməliyyatından sonra canlarının hayında qalan AXC-Müsavat iqtidarının funksionerləri də xilas yolunu Naxçıvanda aradılar.

Əbülfəz Elçibəy, İsa Qəmbərov, Pənah Hüseynov gün ərzində bir neçə dəfə Naxçıvana zəng edərək Heydər Əliyevi Bakıya dəvət etdilər. Ancaq ulu öndər paytaxta qayıtmaq istəmirdi. Ölkədə isə vəziyyət gündən-günə pisləşirdi. Bütün xalq ayağa qalxmışdı, hamı çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. İyunun 7-də və 8-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy öz şəxsi təyyarəsini Naxçıvana göndərdi. Nəhayət, ayın 9-da təyyarə Bakıya ümummilli liderimizlə qayıtdı.

Həmin gün hava limanında, şəhərin küçələrində adam əlindən tərpənmək mümkün deyildi. Bakı əhalisi Azərbaycanın xilaskarının pişvazına çıxmışdı. Təyyarə limanından birbaşa parlamentə gələn Heydər Əliyev deputatlar qarşısında çıxış edərkən dedi: “Mən hiddətlənirəm ki, Azərbaycan bərbad vəziyyətdədir, bəzi adamlar barmaq-barmağa vurmayıblar. Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğuldurlar, indi də başlayıblar işarə vurmağa ki, kimsə kreslo tutmaq istəyir. Mən kreslo istəmirəm, mən vəzifə istəmirəm. Mən xalqımla bir yerdə olmaq və bu ağır günündə ona kömək etmək üçün respublikaya qayıtmışam. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

Heydər Əliyev parlamentdə ona təklif olunan Ali Sovetin sədri vəzifəsini qəbul etməzdən əvvəl, Gəncəyə getmək istədiyini bildirdi. Elə parlament binasından da İsa Qəmbərin, Pənah Hüseynovun bombalamaq istədikləri Gəncəyə bir qrup jurnalistin müşayiəti ilə yola düşdü. Ümummilli liderimizin bölgə sakinləri tərəfindən böyük sevinc və ehtiramla, sözün əsl mənasında, xilaskar kimi qarşılanması xalqımıza bir toxtaqlıq gətirdi. Barıt çəlləyini xatırladan Gəncədə Heydər Əliyevin belə qarşılanmasını televiziya vasitəsilə görən Azərbaycan xalqı rahat nəfəs aldı, hər şeyin yaxşılıqla qurtaracağına inamı artdı.

Məhz həmin inam və etimadın nəticəsidir ki, xalq 1993-cü ilin yayından etibarən ölkədə keçirilən bütün seçkilərdə Heydər Əliyev siyasi kursunu dəstəkləyir və hamı o kursun icraçısı kimi fəaliyyət göstərir. Heydər Əliyev siyasi kursu isə gənc müstəqil Azərbaycan dövlətini dünyanın qabaqcıl dövlətlərinin sırasına çıxarmaqda davam edir.

 

Telman ƏLİYEV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında