Heydər ƏLİYEV: Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir

 Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,  Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir,  əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Heydər ƏLİYEV

Ümummilli lider

 

Şuşa qalasının salınmasının tarixi 1750-1751-ci illərdən hesablanır. Qarabağ tarixçilərinin verdikləri məlumata görə, 1750-ci ildəki Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və qala 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Pənahəli xan Şuşanı paytaxt edib möhkəmləndirmiş, qala-şəhərə çevirmişdi. Şəhər bir müddət xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

1751-ci ildən sonrakı siyasi hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur. “Qarabağnamə” müəllifləri göstərirlər ki, XVIII əsrin 50-ci illərində Pənahəli xan Şuşa qalasının möhkəmləndirilməsi ilə məşğul olarkən – 1751-ci ildə İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum etmiş və şəhəri bir aya qədər mühasirədə saxlamışdır. Lakin qalanın möhkəm istehkamları İran şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi. Bir neçə il sonra isə – 1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə hücuma keçmiş, 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi. Bu fakt onu göstərir ki, Şuşanın alınmaz qalaları və bürcləri cəmi bir neçə ay və il ərzində tikilib başa çata bilməzdi.

Bundan əlavə, Azərbaycanın görkəmli maarifçiləri A.Bakıxanov və F. Köçərli öz əsərlərində Şuşa şəhərinin Pənah xan tərəfindən “təmir və binasının vaqe olmasından” söhbət açmışlar. Deməli, Şuşa XVIII əsrdə, həm də boş yerdə yox, daha qədim tikililərin özülü üstündə yenidən bərpa edilmişdir. Şuşanın bir çox köhnə bina və küçələri Pənahəli xanın dövründə təmir olunmuşdur.

Bununla yanaşı, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli  mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R. Burter  isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Qədim Şuşa haqqında Ə.Şükürzadənin Azərbaycan SSR Elmlər Akademiyasının “Məruzələri”nin 1981-ci il 7-ci sayında dərc olunmuş  “Qarabağ xanlığının şəcərə cədvəli” məqaləsində deyilir: “Pənah xan monqollar tərəfindən dağıdılmış qədim Şuşanın yerində 1751-ci ildə yeni şəhər saldı”. Deməli, Şuşa XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən olmuşdur.

Şuşa XVIII əsrin ikinci yarısında  Azərbaycanın qədim şəhərləri sırasında yenidən öz yerini tutmuşdur. Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən bu şəhər yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarlarına çıxmış, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə sataraq regionda kifayət qədər tanınmış və bununla da böyük şöhrət qazanmışdı.

Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də, məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu.

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Onun ölümündən sonra İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə Qarabağ xanlığı daha da gücləndi. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının hasarı və s. strateji əhəmiyyətli qalalar tikildi. Şəhər qısa müddət ərzində xeyli böyüdü, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb edirdi.

 XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə  möhtəşəm qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilirdi.

XIX əsrin birinci yarısında şəhər əhalisinin sayı ətraf regionlardan ora gələn peşə sahibləri, alim və sənətkarların hesabına 20 minə çatmışdı.  1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Bu da ən azı 1500 sənətkar demək idi. Tarixi mənbələrdə XVIII əsrin sonu-XIX əsrin  əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturanın  və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir.

1832-ci ildə Şuşa qəzasında fəaliyyət göstərən sənaye obyektlərinin sayı belə idi: ipək parça istehsal edən 42 müəssisə;  pambıq parça toxuyan 28 karxana; 20 gön-dəri zavodu; 1 kərpic və 1 sabun zavodu; 3 boyaqxana sexi. XIX əsrin  60-cı illərində Şuşada ümumi istehsal gücü ildə 78 milyon rubla bərabər olan ipəksarıma fabrikləri fəaliyyət göstərirdi. Çox keçmədən həmin müəssisələrin illik istehsal gücü 117 milyon rubla çatdı. Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin ayrıca məscidi, bulağı və hamamı vardı.

Şuşada “Bazarbaşı” deyilən yerdən “Şeytanbazara” qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi “Rastabazar” adlandırılırdı. “Rastabazar”ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar, həm də şəhərə xüsusi yaraşıq verirdi. Ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin “Meydan” deyilən əsas hissəsi Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarət idi. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmışdı ki, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı.

Bununla yanaşı, Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə, çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. Bunu XIX əsrdə yaşamış Qarabağ tarixçisi Əhməd bəy Cavanşir də təsdiqləyir: “Cənub tərəfdən, Girs dağından Şuşaya nəzər saldıqda, ətəklərində yerləşdiyi alınmaz qaya ilə şəhərin yarımdairəvi görünüşü duman arasından içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı xatırladır... Cənub-şərq tərəfdən Şuşanı sıldırım qayalı dərə əhatə edir”.

1903-cu ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsində yazılmışdı: “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”.  Bundan əlavə, “Qafqaz” qəzetinin  24 may 1868-ci il tarixli nömrəsində dərc edilmiş məqalədə qeyd olunmuşdur: “Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adamlar axışıb gəlməkdədir. Beləliklə, şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar”. Bu illərdə Qafqazın siyasi-inzibati mərkəzi olan Tiflisdə əhalinin sayı 60776-ya, Yelizavetpolda (Gəncə) 36485-ə, Şamaxıda 29525-ə, Bakıda isə 14897-yə çatırdı.

1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar əcnəbilərdə dərin maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov, “Kavkazski sbornik” kitabının II cild, 457-ci səhifəsində yazırdı: “Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 adamın 24 min 522 nəfəri Şuşanın payına düşür”.  1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinə (“Andlı öhdəlik”) görə Şuşa qalasında rus qoşun dəstələri yerləşdirildikdən sonra, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilib əvəzində eyni adlı əyalət yaradıldı və 1840-cı il islahatı ilə Qarabağ əyaləti yerində yaradılmış və Kaspi ( Xəzər) vilayətinə daxil edilən Şuşa qəzası 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verilmişdir. Bu vəziyyət 1920-ci il Azərbaycan sovetləşənə qədər davam etmişdir. Şuşa qəzası 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil edilmişdi.

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da məhz sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. Azərbaycanın tərkibində DQMV-nin yaradılması ermənilərin Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir zəmin oldu. DQMV yaradılarkən Azərbaycanın inzibati ərazi bölgüsü kobudcasına pozulmuşdu. Çünki DQMV yaradılana qədər Azərbaycanda Stepanakert, Martuni, Mardakert, Hadrut adında nə şəhər, nə də rayon olmuşdur. 1923-cü ildə qəbul edilən bir qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı. DQMV yaradılan gündən Azərbaycanın iqtisadi potensialı Xankəndinin inkişafına yönəldildi. 10-15 evdən ibarət Xankəndi tarixi şəhər olan Şuşanı geridə qoyub böyük iqtisadi gücə malik qurumun mərkəzi olan “Stepanakert”ə çevrildi. Vilayətin tərkibinə daxil olan Şuşa şəhəri bir çox məsələlərdə Xankəndindən asılı vəziyyətə salındı. Ağdam-Şuşa magistral avtomobil yolu Əskəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salınmışdı.

Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş,  eləcə də, erməni iddiaları hər zaman iflasa uğramışdı. Bu dövrdə erməni milllətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına olan əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Ulu öndərimiz hələ Azərbaycan SSR DTK-nın sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısını qətiyyətlə almışdı. Ümummilli lider Heydər Əliyev hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl 1967-ci ildə Şuşada olmuşdu. O vaxt Xankəndində (Stepanakert) azərbaycanlılarla ermənilər arasında münaqişə olmuş və qan tökülmüşdü. Dağlıq Qarabağda olan bəzi millətçilər 3 azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərindən araşdırmaq üçün Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuşdu. Şuşada olarkən 1905-1907, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi.

Lakin 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra ulu öndər Şuşanı abadlaşdırmaq, şəhərin başına gətirilən müsibətlərin izlərini ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə iş aparırdı. Qarabağın tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər bu məsələyə çox həssaslıqla yanaşırdı. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyev şəhərə çox böyük qayğı göstərərək, onun  inkişafına çalışırdı. Eyni zamanda, ümummilli lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı.

1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi. Qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikilmişdi. Eyni zamanda, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılmış, həyat səviyyəsi yaxşılaşmışdı. Eyni zamanda, ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular. Qeyd etmək lazımdır ki, 1920-ci ildən 1970-ci ilə qədər Şuşada heç vaxt belə geniş miqyaslı tikinti işləri aparılmamışdı. Şəhərdəki “Qala divarları”nın və “Gəncə qapısı”nın bərpasına təkcə 1975-ci ildə 25 min manat vəsait xərclənmişdi. Azərbaycanın mədəniyyət, incəsənət və elm xadimlərinin məzarı qaydaya salındı.

1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu çəkildi  və ümummilli liderin iştirakı ilə istifadəyə verildi. Nəticədə, dəmir yolu xəttinin işə düşməsi ilə muxtar vilayətin iqtisadi cəhətdən respublikanın digər rayonları ilə daha sıx əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Dəmir yolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Ulu öndər eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlandı, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşudbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış oldu.  Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə ümummilli lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikililəri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyi nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu.

Ümummilli liderin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq onun  Dağlıq Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada “Poeziya evi”ni açaraq, Vaqif poeziya günlərində iştirak etdi. Eyni zamanda, ulu öndər Üzeyir bəy Hacıbəyovun və Bülbülün Şuşadakı ev- muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafıq göstərişlər verərək, işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Ümummilli liderin  eyni zamanda, Şuşa məscidinə getməsi, bir tərəfdən, onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən, azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi.

1987-ci il oktyabrın 21-də ümummilli lider Sov.İKP Mərkəzi Komitəsinin plenumunda tutduğu vəzifəsindən istefa verməsindən bir neçə gün sonra M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü.

XX əsrin 80-ci illərinin sonlarında SSRİ hökuməti, xüsusilə, onun başında duranların qətiyyətsizliyi və Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. Belə ki, 1989-cü il avqustun 13-də ermənilər Şuşaya gələn su kəmərini partlatdılar. Ayın 17-də Əskəranda Şuşa-Ağdam marşrutu üzrə işləyən avtobusa ermənilərin hücumu, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama və respublikanın digər rayonlarına gedən 9 avtobus və 1 yük maşını karvanının ermənilər tərəfindən atəşə tutulması nəticəsində 20-yə qədər adam yaralandı. Oktyabrın axırı və noyabrın əvvəllərində isə Şuşa yaxınlığında Ağa körpüsünün ermənilər tərəfindən partladılması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsildi və şəhər blokada vəziyyətinə düşdü.

Nəticədə Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin əvvəllərindən etibarən vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laşın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.  Şuşanın Xankəndindən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsildi, şəhər və digər azərbaycanlılar yaşayan kəndlər tamamilə ətraf aləmdən təcrid olundu. Nəticədə, Xocalı və Şuşa mühasirədə qalmışdı. Eyni zamanda, Şuşa şəhəri hər gün erməni mövqelərindən intensiv top və raket atəşinə tutulurdu.

Xocalı keçmiş sovetlərə məxsus 366-cı alayın fəal köməyi ilə ermənilər tərəfindən ələ keçirildikdən sonra aydın idi ki, növbəti hücum Şuşaya olacaq. Martın sonu-aprelin əvvələrindən başlayaraq Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. Aprelin 24-də ermənilərin Şuşaya hücumu gözlənilirdi. Belə ki, ermənilər aprelin 29-da Şuşa ətrafında Hacı talası və Daşaşıran adlanan ərazilərə güclü hücuma keçdilər. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən “Qrad”, “Kristal” tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutulduqdan sonra düşmən Xankəndi, Şuşakənd və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdi. Şəhər mayın 8-də axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər.

Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazisində növbəti cinayət törədərək, yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal etdilər. Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Ermənilərin öz məlumatlarına görə Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

Nəticədə, 289 kvadratkilometr ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa həbsxanasında saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi.

Ermənistan silahlı qüvvələrinin  təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin yerli filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət rəsm   qalereyası, uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Bütün bunlarla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidələr də erməni vandalları tərəfindən dağıdılmış, məbədgah və məscidlər təhqirlərə məruz qalmış, çox sayda nadir əlyazma nümunələri məhv edilmişdir.

Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.Haqverdiyevin, Q.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, “Realnı” məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş və dağıdılmışdır.

Bununla yanaşı, ümummilli lider Şuşanın, Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu  bildirərək demişdir: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə mailk böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab Prezident İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Dövlət başçısı İlham Əliyev bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Azərbaycan Prezidenti İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. Dövlət başçısı cənab İlham Əliyev bəyan etmişdir ki, “Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya  qayıtdıqdan sonra  status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

“Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti,

“Azərbaycan  Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı  İcması” İctimai Birliyi Qarabağ Araşdırmalar Mərkəzinin müdiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında