Suverenliyinə Gülüstan müqaviləsi ilə son qoyulmuş Azərbaycan dövlət müstəqilliyini bərpa etmək üçün məqam gözləyirdi. Xalqın müstəqillik istəyini əngəlləyə bilməyən imperiya buxovları yavaş-yavaş sarsılmaqda idi. Tarix təsdiqləyir ki, imperiya bu və ya digər xalqın təkcə maddi varidatını — yeraltı və yerüstü sərvətlərini mənimsəməklə kifayətlənmir, həm də onun mənəvi-ideoloji zindanına çevrilir.
Bu şəraitlə barışmaq istəməyən öz varlığını qorumağa, itirilmiş dövlətçiliyini bərpa etməyə cəhd göstərən xalqın əzmi, iradəsi, istəyi həmişə imperiyanın ciddi siyasi-hərbi müqaviməti ilə qarşılaşır, azadlıq-müstəqillik mübarizəsi onun nüfuz məngənəsində sıxılır.
XX əsrin əvvəllərindən etibarən Azərbaycanda ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Xalqın iradəsini qırmaq, illərlə aparılan azadlıq, müstəqillik mübarizəsini sarsıtmaq məqsədilə mənfur erməni millətçi ekstremislərinin silahlandırılaraq ölkənin müxtəlif şəhər və qəsəbələrində dinc, əliyalın əhaliyə qarşı qətliamlar törədilməsi ilə imperiya hələ də öz çirkin niyyətlərindən əl çəkmədiyini göstərməyə çalışırdı. Lakin mətin, mübariz xalqımız bu çirkin, məkrli siyasətin iç üzünü tezliklə anlamağa başlamış və bütün xalq bu müqəddəs mübarizəyə səfərbər edilmişdi. Çarizm öz çirkin məqsədlərini və qəddar siyasətini həyata keçirmək üçün Azərbaycan ərazisində XX əsrin əvvəllərində bir tərəfdən köçürülmə siyasəti tətbiq edir, ruslaşdırma və xristianlaşdırma siyasəti yeridir, digər tərəfdən qanlı erməni-müsəlman qırğınları təşkil edirdi. Bir sözlə, çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilən Azərbaycan dözülməz ağrılara və dəhşətli qırğınlara sinə gərir və müstəqillik uğrunda mübarizəni davam etdirirdi. Xüsusilə, XX əsrin əvvəllərində türkləşmək, islamlaşmaq və çağdaşlaşmaq ideyalarının genişlənməsi və beləliklə, milli azadlıq hərəkatının güclənməsi Azərbaycan xalqının milli oyanış və milli özünüdərk şüurunu xeyli artırdı.
I Dünya müharibəsi beynəlxalq münasibətlər sistemində bir sıra dəyişikliklərin meydana gəlməsinə səbəb oldu. Başqa regionlarla yanaşı, Qafqazda yeni dövlətlərin yaranması üçün münbit şərait yetişmişdi. Belə ki, 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirilirdi. Gürcü nümayəndələri Seymdən çıxıb Gürcüstanın müstəqilliyini elan etdilər. Mayın 27-də isə Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq, yekdilliklə Azərbaycanın idarə olunması vəzifəsini öz öhdəsinə götürməyi qərara aldı və özünü Azərbaycan Müvəqqəti Milli Şurası elan etdi.
Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-dəki iclasında Azərbaycanın “İstiqlal bəyannaməsi” qəbul olundu. Milli Şuranın 24 səslə qəbul etdiyi qərar və 6 bənddən ibarət “İstiqlal bəyannaməsi”, yaxud “Misaği-milli” Azərbaycan dövlətinin varlığını bütün dünyaya bəyan etdi. “İstiqlal bəyannaməsi” ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşməklə yanaşı, Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini bərpa etdi, insan hüquq və azadlıqlarının təmin edilməsinə, irqi, milli, dini, sinfi və digər sosial bərabərsizliklərin ləğvinə, əsaslı şərait yaratdı.
Milli Şura Müvəqqəti hökuməti təşkil etməyi Fətəli xan Xoyskiyə tapşırdı. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi. Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövlətinin — Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq, iyunun 4-də ayrı-ayrılıqda müqavilə imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün ağır idi. Azərbaycanla Osmanlı dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Yeni yaranmış Azərbaycan hökumətinin xahişinə cavab olaraq, Osmanlı dövləti ilk yardım kimi Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit ayırmışdı. Azərbaycanda olan türk ordusunun ehtiyaclarına hər ay 50 min lirə xərclənirdi.
Cümhuriyyətin Tiflisdə elan edilməsinə baxmayaraq, ölkəmiz hələ də daşnakların tapdağı altında inləyirdi. Hökumətin Gəncə şəhərinə köçməsinə isə hələ yarım ay qalırdı. Tiflisdə qızğın təşkilati işlər gedirdi. Milli Şura, demək olar, günaşırı, Nazırlər Şurası isə hər gün yığışır, vəziyyəti dönə-dönə ölçüb-biçir, yer-yurd qayğılarının, yol-nəqliyyat, müdafiə-mühafizə məsələlərinin, yaxın-uzaq dövlətlərlə əlaqə-münasibət problemlərinin həllinə çalışırdılar.
Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar milli qüvvələr arasında mübarizə kəskinləşdi. Milli Şuradan kənarda qalan bəzi qüvvələr Türkiyənin Azərbaycanda olan ordusunun başçısı Nuru paşanın vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etdi. Azərbaycandakı türk qoşunların rəhbərliyi ilə Azərbaycan Milli Şurası arasında güzəştli bir qərar qəbul olundu. Milli Şura buraxılır, Ali qanunverici və icraedici hakimiyyət Fətəli xan Xoyski kabinetinin əlində cəmləşir. İyunun 17-də isə axşam Gəncədə F.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət təşkil edildi. İyunun 23-də Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. Bakı Xalq Komissarları Sovetinin liderləri Azərbaycan Xalq Cümhuriyyətini sıradan çıxarmaq üçün yollar arayırdılar. Hələ Gəncə üzərinə yürüşə başlamazdan əvvəl Leninin tapşırığı ilə Şaumyan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq üçün Gürcüstan hökumətinin başçısı N. Jordaniyaya müraciət etdi.
Azərbaycanın Şərqində kommunist diktaturası yaradan Şaumiyan Bakı Sovetinin ixtiyarında olan 18 min döyüşçü ilə Cənubi Qafqazdakı milli hərəkatı boğmaq üçün qəti hücuma başladı. Tamamilə erməni daşnak qüvvələrindən təşkil olunmuş ordu müsəlman əhalisinə qarşı hər cür amansızlığa yol verirdi.
İyunun 10-da Bakı Sovetinin Gəncə istiqamətində yürüşləri başladı. İyunun 12-də Kürdəmiri işğal edən qoşunlar iyunun 27-də Göyçaya yaxınlaşdılar. Dörd günlük gərgin vuruşma cəbhənin taleyini həll etdi. Qafqaz İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyunun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı azad edildi. İyulun sonunda S. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. Qafqaz İslam Ordusunun hərbi hissələri sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başladılar. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 15-də Bakı şəhərinə köçdü.
Bakının azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratında və xalqımızın şərəfli tarixində çox böyük strateji əhəmiyyətə malik olan bir hadisə oldu. AXC-nin yaranması şərəfli tariximizdə necə böyük əhəmiyyətə malikdirsə, Bakının azad edilməsi də bir o qədər önəmlidir. AXC hökumətinin Bakıya köçməsindən sonra hakimiyyət Azərbaycanın hər yerində (114 min kvadratkilometr ərazidə) bərqərar oldu və milli dövlət quruculuğu istiqamətində fəaliyyətini daha da genişləndirdi. 1918-ci il noyabrın 9-da AXC-nin dövlət bayrağı üzərində aypara və səkkizgüşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz edildi. M. Ə. Rəsulzadə deyirdi ki, Azərbaycan bayrağındakı mavi rəng - türklüyü, yaşıl rəng - müsəlmanlığı, al rəng - təcəddüd və çağdaşlaşmanı bildirir ki, bu da Ziya Göyalpın “türk millətindənəm, islam ümmətindənəm, Qərb mədəniyyətindənəm” düsturunu ifadə edirdi.
Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən I Dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. İki hərbi qruplaşma arasında gedən imperialist müharibəsində Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan edirdi. Türkiyə və Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Azərbaycanı tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. Ənzəliyə danışıqlar üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı, generel Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl Azərbaycan Xalq Cümhuriyyətini tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd etdi.
Bütövlükdə, Azərbaycan nümayəndə heyətinin Ənzəli danışıqları əhəmiyyətsiz olmadı. Ən əsası ona görə ki, Azərbaycanın Paris Sülh Konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə öhdəliklər götürdü. Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin Bakıya gəlişini şəhər əhalisi eyni cür qarşılamadı. Rus və erməni milli şuralarının tərəfdarları sevinc içərisində idilər. Noyabrın 16-da Milli Şura yenidən fəaliyyətə başladı. Azərbaycan höküməti təhrikçi hücumlara baxmayaraq, dövlət quruculuğu işini davam etdirir, parlamentin açılışına hazırlaşırdı. Parlament açılanadək onun funksiyasını Milli Şura yerinə yetirirdi. Parlament adını qəbul edən bu orqan yeni üzvlərin və azlıqda qalanların nümayəndələrinin hesabına genişləndirildi. Təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Milli Şuranın 44 nəfər üzvündən əlavə əhalinin milli say nisbətinə görə daha 36 azərbaycanlı seçilməklə 80 nəfərə çatdrılmalı idi. Bundan əlavə, 21 yer ermənilərə, 10 yer ruslara, azlıqda qalan digər xalqların hərəsinə bir yer vermək nəzərdə tutulurdu. Nümayəndələr birbaşa qapalı seçkilərdə seçilməli idi. Şəhərlərdən olan millət vəkilləri bələdiyyə üzvləri tərəfindən, mahalların nümayəndələri isə mahal milli komitələri tərəfindən seçilirdi. Gərgin şəraitdə 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin binasında təntənəli şəkildə parlamentin ilk iclası keçirildi. Millət vəkillərindən əlavə, hökümət üzvləri, Bakıda olan diplomatik korpusun nümayəndələri də iştirak edirdi. İclası parlaq təbrik nitqi ilə açan M.Ə.Rəsulzadə çıxışında əsas diqqəti ilhaqçılara qarşı yönəltdi. Şəfi bəy Rüstəmbəylinin təklifi ilə Ə.Topçubaşov yekdilliklə parlamentə sədr, Həsən bəy Ağayev sədrin birinci müavini, Rəhim bəy Vəkilov isə katib seçildilər.
Parlamentin qarşısında duran mühüm vəzifələrdən biri yeni höküməti təşkil etmək idi. Hökümətin təşkili Xoyskiyə tapşırıldı. Dekabrın 26-da koalisyon hökümətin tərkibində 3 nəfər rus nümayəndəsi var idi, ermənilər isə onlara təklif olunan 2 nazir kürsüsündən imtina etdilər. Yeni hökümətin təşkilindən 2 gün sonra, dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general V.Tomson elan etdi ki, Xoyskinin başçılığı ilə yaradılmış Azərbaycan hökümətini yeganə qanuni hakimiyyət orqanı sayır.
1919-cu ilin aprelində ingilis general-qubernatorluğunun ləğvi ilə əlaqədar Gəncədə təşkil olunmuş ilk Azərbaycan alayı paytaxta daxil oldu və xalq onu təntənə ilə qarşıladı. Nəticədə 1919-cu ilin aprelindən başlayaraq ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq, Qafqazı tərk etməyə başladılar.
Qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə beynəlxalq sülh konfransının çağırılmasına qərar verdilər. Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün tamsəlahiyyətli və geniş hüquqlara malik nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə parlamentin sədri Ə.Topçubaşov rəhbər təsdiq edildi. Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etməyinin məqsədi dünya dövlətləri tərəfindən AXC-nin tanınmasına nail olmaq idi. Nəhayət, 1920-ci il yanvarın 11-də Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdı və parlament onu təntənəli şəkildə qeyd etdi. Millət vəkilləri və parlamentin iclasında iştirak edən xarici ölkələrin diplomatik nümayəndələri istiqlal yolunda qurban getmiş Vətən oğullarının və Osmanlı əsgərlərinin xatirəsini yad etdilər, bu hadisə münasibətilə ümumi amnistiya elan edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına qədər dövlət quruculuğu sahəsində heç bir təcrübəsi olmayan xalq qısa müddət ərzində normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə, o cümlədən Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka. İtalya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və b. ilə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. Yeni yaranmış dövlət fəaliyyəti dövründə “türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası uğrunda mübarizə aparırdı.
Göründüyü kimi, çox çətin, gərgin mübarizə şəraitində fəaliyyət göstərən AXC rəhbərliyi dövlət quruculuğu işində mühüm qərarlar qəbul etməklə bu boşluğu nisbətən aradan qaldırmağa çalışırdı. Hələ hökumət Gəncədəki fəaliyyəti dövründə — iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycandilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Noyabrın 9-da isə həmin bayraq üçrəngli — yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. Azərbaycan Xalq Cümhuriyyəti özünü xarici müdaxilələrdən müdafiə etmək, hələ tamamilə zərərsizləşdirilməmiş daxili düşmənlərdən mühafizə olunmaq üçün nizami orduya malik olmalı idi. Beləliklə, 1918-ci ilin noyabr ayının 6-da Azərbaycan hökumətinin qərarı ilə Hərbi Nazirlik yarandı, doktor Xosrov bəy Sultanov hərbi nazir təyin olundu. Bəzi tədqiqatçılar bunu, həmin dövr üçün düzgün seçim olmadığını qeyd edir, heç bir hərbi bazaya, ordu strukturuna malik olmayan gənc bir dövlətin ordu quruculuğunun, daha doğrusu, silahlı qüvvələrin yaradılmasının mülki şəxsə tapşırılması dövlətçiliyimizin “yaxasından” hələ tamamilə üzülməmiş qara əllərin fəaliyyətini, təxribat meyillərini genişləndirə bilərdi. Hələ 1918-ci il iyul ayının 6-da Azərbaycan Respublikası Nazirlər Sovetinin sərəncamı ilə hərbi mükəlləfiyyət keçmiş şəxslər üçün avqustun 11-də ümumi hərbi səfərbərlik elan olundu və 1894-1899-cu il təvəllüdlü, 24-29 yaşlı bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağrıldılar. Doğrudur, bu çağırışda nəzərdə tutulan nəticə əldə olunmadı. Belə ki, əhalisinin səkkiz mindən çoxu müsəlman olan Bakıdan 500 əvəzinə 800 adam, yüz iyirmi min əhalisi olan Qarabağ general qubernatorluğundan 7200 əvəzinə 1902 adam əsgərliyə verilmişdi. Əhali nəinki uşaqları əsgərliyə vermək istəmir, hətta kəndləri gəzib əsgərliyə uşaq yığan serjantları fiziki təhqirlərə məruz qoyurdular. Buna baxmayaraq, son dərəcə vacib olan bir qanuni ənənənin başlanğıcı qoyulurdu. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini süvari qoşun hissələrindən ibarət idi.
Ordunun təşkili ilə yanaşı, ölkə rəhbərliyi vətəndaşlıq məsələsinə də xüsusi önəm və əhəmiyyət verməklə bu işi diqqətdə saxlamağa çalışırdı. 1919-cu il iyulun 21-də parlament “Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Həmin il avqustun 11-də parlament tərəfindən qəbul edilmiş “Azərbaycan vətəndaşlığı haqqında” qanuna görə özü və valideynləri Azərbaycan ərazisində anadan olmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı hesab olunurdular.
Digər mühüm məsələ xalq maarifi sahəsinin milliləşdirilməsi işinin sürətləndirilməsi idi. Qısa müddət ərzində bu sahədə ciddi nailiyyətlər qazanıldı. Orta məktəblərin təxminən yarısı milliləşdirildi. AXC-nin mühüm tədbirlərindən biri ilk ali təhsil ocağının — 1919-cu il sentyabrın 1-də Bakı Universitetinin əsasının qoyulması idi. Universitetin fəaliyyətə başlaması respublikada böyük mədəni hadisəyə çevrildi. Universitetin yaradılması Azərbaycanda milli kadrların hazırlanması sahəsində yaranmış dərin boşluğu aradan qaldırmağa xidmət edirdi. İfrat maliyyə çətinliyinə baxmayaraq hökumət milli kadrların hazırlanmasına qayğını gücləndirdi. İstedadlı gənclərdən 100 nəfərini təhsil almaq üçün xarici ölkələrə (İngiltərə, Fransa, İtaliya, Türkiyə, Rusiya və s.) göndərmək haqqında qərar qəbul edildi. Təhsillərini başa vurana qədər onların yol xərcini və aylıq təqaüdlərini ödəməyi dövlət öz üzərinə götürdü. Bəhs olunan dövrdə Kənd Təsərrüfatı İnstitunun yaradılması haqqında qərar da qəbul olundu. Ticarəti və daxili bazarı dirçəltmək məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi. Oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti bərpa olundu.
Cümhuriyyətin mübahisəsiz ərazisi 97,3 min kvadratkilometr idi. Gürcüstanla 8,7 min, Ermənistanla isə 7,9 min kvadratkilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli ərazi sayılırdı.
Azərbaycanın qısa müddət ərzində qazandığı uğurlarına və beynəlxalq aləmdə suveren ölkə kimi tanınmasına baxmayaraq hələ də şimal sərhədindən soyuq küləklər əsməkdə idi. Bolşeviklər Azərbaycanın daxilində də təxribatçılıq fəaliyyətlərini gücləndirdilər. 1920-ci ilin fevralında yaradılmış Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının əsas məqsədi ölkə daxilindəki vəziyyəti gərginləşdirmək, təxribat yolu ilə bolşevikləri hakimiyyətə gətirmək idi. Bu işdə qatı millətçi A. Mikoyan xüsusilə canfəşanlıq göstərirdi. Azərbaycandakı mövcud demokratik rejimi dəyişmək sevdasına düşən bolşeviklər Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən istifadə etdilər. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Moskvada ərazi güzəştləri müqabilində Azərbaycan hökumətini devirməkdə öz hökumətinin planını Sovet Rusiyasına təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalisinin qiyamı və Azərbaycana qarşı müharibə bu planın tərkib hissəsi idi.
Sovet Rusiyasına münasibət məsələsində Azərbaycan hökumətində birlik yox idi; xarici işlər naziri F.Xoyski Rusiyaya münasibətdə sərt xəttin, daxili işlər naziri M.Hacinski isə Azərbaycan bolşevikləri ilə danışığa girib onlara güzəştə getməyin tərəfdarı idi. 1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI rus ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Bu haqda professor Anar İsgəndərov yazır: “Həmin günlərdə A.Mikoyan başda olmaqla, Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Qabaqcadan razılaşdırılmış plana görə, rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından bir-iki gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış — aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar. Sovet hökumətinin rəhbərlərinə və XI ordunun komandanlığına məlum idi ki, ADC-nin 40 minlik ordusunun 37-38 min nəfəri Qarabağda ermənilərlə müharibədə idi. Sərhəddəki Samur çayı ilə Bakı arasında cəmi 2-3 minlik qoşun hissəsi vardı.
Mart ayında bolşeviklərin Bakıda keçirmək istədikləri tətil baş tutmadı. Aprelin 22-də XI ordunun Bakıya gəlmiş nümayəndələrinin iştirakı ilə keçirilən təcili müşavirədə qərara alındı ki, aprelin 27-də gündüz saat 12-də AXC-yə hakimiyyəti kommunistlərə təhvil vermək haqqında ultimatum verilsin və dərhal silahlı üsyana başlanılsın. Aprelin 24-də RK/b/P Qafqaz Ölkə Komitəsi, AK/b/P MK və Bakı Komitəsi qiyama hazırlıq vəziyyətinə gətirildi. Aprelin 26-da Leninin şəxsi tapşırığı ilə yalnız azərbaycanlı kommunistlərdən ibarət (N. Nərimanov sədr, Ə. H. Qarayev, M. D. Hüseynov, H. Sultanov, Q. Musabəyov, A. Əlimov və D. Bünyadzadə) Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradıldı. Bunlar diqqəti qiyamın mahiyyətindən uzaqlaşdırmaq üçün idi. Əsas çevrilişi XI ordunun əsgərləri həyata keçirməli idilər.
Nəticədə, XI ordunun Azərbaycana hücumu ilə eyni vaxtda — aprelin 27-də gündüz saat 12-də AK/b/ P MK və RK/b/ P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu adından hakimiyyəti təhvil vermək haqqında Azərbaycan parlamentinə ultimatum verildi. Azərbaycan parlamenti həmin gün saat 20.45-də təcili fövqəladə axşam iclasına başladı. Aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərmək xahişi ilə Sovet Rusiyasına müraciət etdi. Halbuki, rus ordusu aprelin 27-də Azərbaycanın hüdudları daxilində idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. Aprel işğalı nəticəsində Azərbaycanda qurulan bolşevik rejiminin ömrü 70 ildən də çox çəkdi. Bu rejim özünün bütün varlığı ərzində Şərqdə ilk demokratik respublikanın bayrağını ucaldan qeyrətli soydaşlarımızla, haqq işinin davamçıları ilə mübarizə apardı. Lakin xalqın qəlbində yaşayan Azərbaycanın istiqlaliyyəti atəşini söndürməyə müvəffəq olmadı. Xalq özünün istiqlal arzularını nəsildən-nəsilə ötürdü. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi, indiki Azərbaycan Respublikasının 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında bu tarixi amansızlığa verilən siyasi qiymət belə oldu: “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”.
Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşmasında və onun inkişafında müstəsna xidmətləri olan ümummilli liderimiz Heydər Əliyev öz çıxışlarında AXC-nin 23 aylıq parlaq tarixini şərh edərkən qeyd edirdi ki, “müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində — XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.
Artıq AXC-nin yaranmasından 96 il ötür. Bu illər ərzində dövlətçilik tariximiz cümhuriyyətin ənənələrinə uyğun formada, bünövrəsi əsasında inkişaf etməkdədir. Təqdirəlayiq haldır ki, bu il Prezident İlham Əliyev AXC-nin yaranmasında və formalaşmasında misilsiz xidmətləri olmuş Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinin 130 illik yubileyi münasibəti ilə tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsi haqqında sərəncam imzaladı. Azərbaycan Prezidenti bir daha sübut etməyə çalışdı ki, bugünkü respublikamız AXC-nin siyasi varisidir və cümhuriyyət qurucularının fəaliyyəti daima dövlətin diqqət mərkəzindədir.
Taleh CƏFƏROV,
ADPU-nun Türk xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.