Respublikamızın enerji asılılığı olmayan və bu sahədə müstəqil siyasət yeridən müstəqil dövlət olduğunu artıq beynəlxalq aləm də təsdiqləyib. Bu, bir faktdır ki, ölkəmizin enerji strategiyasında qazandığı uğurların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz ümummilli lider tərəfindən müəyyənləşdirilmiş enerji strategiyası bu gün Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə yüksəldir. 1993-cü ilin ikinci yarısından başlayaraq görülən işlər sayəsində respublikanın enerji təhlükəsizliyi sistemi, demək olar ki, yenidən qurulmuşdur. Hazırda respublikamız nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda, digər dövlətlərin də enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir.
Müstəqil Azərbaycanın çağdaş tarixinin ən parlaq səhifələrindən biri ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə işlənərək hazırlanmış yeni neft strategiyasıdır. Xəzər neftinin Avropa bazarlarına nəqlində müstəsna rol oynayan böyük əhəmiyyətli enerji layihələrinin icra prosesinin uğurla həyata keçirilməsi – Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ölkəmizin iqtisadi qüdrətinə böyük təkan vermişdir. Bununla da Azərbaycan iri layihələrin reallaşdırılmasına qadir olduğunu təsdiqləmişdir.
Prezident İlham Əliyev demişdir ki, Azərbaycanın suveren dövlət kimi, müstəqil siyasət aparması xalqımızın milli maraqlarına tam uyğundur. Eyni zamanda, bu siyasətin məntiqi nəticəsi olaraq bir sıra aparıcı Qərb dövlətləri BTC və BTƏ kəmərləri vasitəsilə Xəzər hövzəsinə çıxış imkanı əldə etmiş və neft idxalında alternativ imkanlar qazanmaqla enerji asılılığından azad olmuşlar.
Düzgün müəyyənləşdirilmiş enerji strategiyası Azərbaycanın Cənubi Qafqazdakı reytinqini yüksəltməklə strateji mövqelərini möhkəmləndirmiş, respublikamızın Avratlantik məkana inteqrasiyası üçün geniş imkanlar açmışdır. Şərqlə Qərbi birləşdirən neft, qaz və nəqliyyat-kommunikasiya layihələrinin icrasında əhəmiyyətli rol oynayan Azərbaycan hazırda qonşu ölkələrin enerji təhlükəsizliyində də mühüm addımlar atır.
Azərbaycanın enerji srtategiyası sahəsində qazandığı uğurlar, iri infrastruktur layihələrin reallaşdırılması və dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində əsas rol oynaması dünya birliyində də yüksək dəyərləndirilir. ABŞ Prezidenti Barak Obama bu uğurları yüksək qiymətləndirərək demişdir ki, yaxın iki ildə Azərbaycan Avropanın iri təchizatçısı olacaq. Buna qədər ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin də müsahibələrinin birində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini yüksək qiymətləndirərək demişdir: “Azərbaycan Avropa bazarlarına enerji marşrutlarının diversifikasiyasında başlıca rol oynamaqda davam edir. Cənub qaz dəhlizi Avropa üçün yeni qaz təchizatı mənbəyini təmin edəcək və ABŞ bu məqsədi dəstəkləyir. Trans-Adriatik boru kəmərinin seçilməsi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi prosesində və enerji resurslarının təchizatında rəqabətin artırılmasında növbəti mühüm addımdır. Bu təşəbbüs Xəzər qazını beynəlxalq bazarlara çıxarmaqla dayanıqlı iqtisadi artım üçün qlobal enerji tələbatını təmin etməyə öz töhfəsini verəcək”.
Qeyd edək ki, ABŞ və Azərbaycanın regional təhlükəsizliyin təmin edilməsində, enerji təchizatının diversifikasiyasında, demokratik və iqtisadi islahatların həyata keçirilməsində, terrorizmlə mübarizədə, narkotiklərin qanunsuz dövriyyəsinin və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında aşkar birgə maraqları var. ABŞ rəsmiləri dəfələrlə vurğulayıblar ki, onlar bu əməkdaşlığın davam etdirilməsini, həmçinin iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi imkanlarını gözləyirlər.
ABŞ-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə inkişafı daim diqqət mərkəzində olub. Ölkəmizin mükəmməl enerji strategiyası Amerikanın tanınmış ictimai-siyasi xadimləri, həmçinin görkəmli iqtisadçıları tərəfindən də yüksək qiymətləndirilir. Vaşinqtonda “ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu çərçivəsində “Avrasiya enerji dəhlizi və enerji təhlükəsizliyi: Azərbaycanın strateji rolu” mövzusunda keçirilən sessiyada səsləndirilən fikirlər də bunu təsdiqləyir. Sessiyada Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və ABŞ ilə sıx əməkdaşlığa sadiqliyi xüsusi vurğulanır.
Sessiyada ABŞ Senatının üzvləri – Mark Beqiç (Alyaska ştatı), Mark Uorner (Virciniya), Çarlz Şumer (Nyu-York), ABŞ dövlət katibinin enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Amos Hokstayn, ARDNŞ-in investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Texas ştatından konqresmen Stiv Stokman və İndiana ştatından keçmiş konqresmen Den Berton çıxış etmişlər. Sessiyada qeyd edilmişdir ki, ABŞ ilə Azərbaycan strateji tərəfdaşdır və öz aralarında sıx əməkdaşlıq edirlər. Senator Çarlz Şumer isə çıxışında istər enerji əməkdaşlığı, istərsə də təhlükəsizlik sahələrində Azərbaycanın rolunu xüsusi vurğulayaraq demişdir: “Bu gün bu iki böyük demokratik ölkə – Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 22 il ötür. Bu, iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir”.
ABŞ dövlət katibinin enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Amos Hokstayn Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin uğurla həyata keçirilməsi barədə məlumat verərək bildirmişdir ki, 1990-cı illərin əvvəllərində bir çox tənqidçilər BTC layihəsinin həyata keçirilməsinə inanmırdılar. Lakin Azərbaycan ABŞ-ın dəstəyi ilə onu gerçəkləşdirdi. Bu da belə bir deyimi təsdiqləyir: “Bədgümanlar heç vaxt heç nə yaratmırlar, inamını itirməyənlər isə həmişə uğur qazanırlar”. A.Hokstayn sıx tərəfdaşlıq münasibətlərinə görə Azərbaycana təşəkkür edərək, ABŞ ilə əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu bildirmişdir.
Bu günlərdə Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransının iştirakçılarına ABŞ Prezidenti Barak Obamanın ünvanladığı təbrik məktubu da rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini təsdiqləyir.
Prezident B.Obama məktubunda bildirir ki, Azərbaycan qlobal enerji təchizatına töhfə verilməsində önəmli rol oynayır və gələcək illərdə Avropanın əsas qaz təchizatçısına çevriləcəkdir. Həmçinin məktubda qeyd olunur ki, Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan ilə beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb edir.
Bundan başqa, Birləşmiş Ştatlar bu layihənin həyata keçirilməsinə Avropaya qaz ixracının genişləndirilməsi yolunda vacib addım kimi baxır və buna kömək etməyə hazırdır: “Enerji resurslarının təchizatçısı kimi, Azərbaycanın rolu iqtisadiyyatın şaxələndirilməsinin inkişafına yardım edəcək, qanunun aliliyini möhkəmləndirməyə icazə verəcək, eləcə də ölkə xalqının həyat səviyyəsinin yüksəlməsinə imkan yaradacaq. ABŞ göstərilən sahələrdə Azərbaycan ilə əməkdaşlığı qiymətləndirir”.
ABŞ Prezidentinin təbrik məktubu bir daha təsdiqlədi ki, Azərbaycan Birləşmiş Ştatlar, həmçinin, bütövlükdə Avropa üçün çox böyük əhəmiyyətə malikdir. B.Obamanın təbrik məktubu ABŞ-ın dövlət siyasətində Azərbaycanın yerinin və rolunun qiymətləndirməsinin ifadəsidir.
Məktubdan o da aydın olur ki, Azərbaycandakı proseslər ABŞ-da diqqətlə izlənilməkdədir. Müxtəlif beynəlxalq təşkilatların ölkəmiz haqqında hazırladıqları qərəzli və böhtan xarakterli hesabatları, həmçinin ermənipərəst dairələrin yaydıqları yalanlar ABŞ-ın ali rəhbərliyini Azərbaycan haqqında müsbət mövqeyindən çəkindirmir, əksinə, ölkəmizin müasir dünyadakı yerinə və roluna düzgün qiymət verir.
ABŞ Prezidentinin təbrik məktubu son vaxtlar qarşılıqlı münasibətlər fonunda mövqelərin dəqiqləşdirilməsi və ABŞ-Azərbaycan münasibətlərinin hansı səviyyədə olmasına qiymət verilməsi baxımından da olduqca dəyərlidir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.