Tariximizin qara səhifələrindən biri

Ulu öndər Heydər Əliyevin müdrikliyi 1993-cü ilin iyun ayında Gəncə hadisələrinin vətəndaş müharibəsinə çevrilməsinin qarşısını aldı

1993-cü ilin iyunundan başlayaraq , ilk növbədə hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların , xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı.

Heydər ƏLİYEV

Ümummilli lider

 

Zaman bütün hadisələrə həqiqi qiymətini verdiyi kimi, istənilən insana da öz yerini göstərir. Ona görə də Azərbaycan xalqı da min illər boyudur yaşayır, xalqın önündə gedən, milli təəssübkeşliyi olan tarixi simalar da, milli dövlətçiliyimiz də. Ancaq xalqımızın tərəqqisini, dövlətimizin qüdrətlənməsini gözü götürməyənlər artıq çoxdandır ki, hansısa arxivlərə atılıblar. Bu proses yeni tariximizdə də dönə-dönə təkrarlandı.

Xalqımız bir əsrdə ikinci dəfə öz  dövlət müstəqilliyinə nail olandan sonra həm ölkə daxilindəki, həm də xaricdəki bədxahlarımız uğurumuzu əngəlləmək, inkişafımıza badalaq gəlmək üçün min-bir oyundan çıxdılar, çoxsaylı fitnə-fəsad törətdilər. Ulu Yaradanın xalqımıza bəxş etdiyi xoşbəxtlik idi ki, həmin illərdə  50 milyonluq soydaşlarımızın önündə gedən böyük liderimiz var idi. Məhz ulu öndər Heydər Əliyevin  siyasi müdrikliyi nəticəsində xalqımız və dövlətimiz müstəqilliyin ilk illərindəki  xaos, anarxiya və məhrumiyyətlərdən xilas oldu, milli dövlətçiliyimizin növbəti dəfə əldən getməsi təhlükəsi aradan qaldırıldı və nəhayət, ölkədə  qardaş qırğınının qarşısı alındı.

Müstəqilliyin ilk addımlarını atdığımız   1992-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi daxil olub. Dəfələrlə qeyd etdiyimiz kimi, həmin illərdə ölkəyə rəhbərlik edənlərin naşılığı üzündən çox ağır günlər yaşadıq.  AXC - Müsavat hakimiyyəti bu təhlükələrin sovuşdurulması istiqamətində lazımi tədbirləri görmək iqtidarında deyildi. Ona görə də, ölkə daxilində cərəyan edən proseslər, cəmiyyət həyatındakı  gərginlik və özbaşınalıq nəticəsində yaranmış böhran total xarakter almışdı. İqtisadiyyatdakı tənəzzül, sosial problemlərin həddən artıq dərinləşməsi və kəskinləşməsi, ictimai-siyasi sabitliyin pozulması  həm ölkənin  müstəqilliyinə ciddi təhlükə yaradırdı, həm də hər bir vətəndaşın təhlükəsizliyinə.  İnsanlar həm öz gələcəyindən, həm də yenicə qazanılmış dövlət müstəqilliyinin müqəddəratından ciddi narahat olurdular. Heç kim gələcəyinin necə olacağına təminat verə bilmirdi. Bütün bunların hamısı ölkə daxilindəki böhranlı vəziyyətin ayrı-ayrı səciyyəvi cəhətləri idi.

Məhz buna  görə də, Azərbaycan vətəndaşları həm ölkəmizin müstəqilliyinin başının üstünü almış təhlükəni sovuşdurmaqdan ötrü, həm də digər təhdidlərin qarşısının alınması üçün real addımların atılmasını gözləyirdi. Ölkəyə rəhbərlik edənlərin bir-birinin ardınca buraxdıqları kobud səhvlər, kadr siyasətinin yarıtmaz təşkili  vəziyyəti getdikcə daha da gərginləşdirirdi. Xalq bu vəziyyətə görə o zamankı iqtidardan kəskin narazı idi.

Respublikada vəziyyətin ağırlaşdırıcı faktorlarından biri də iqtidarın kadr siyasəti idi. Bu siyasət ancaq Azərbaycan Xalq Cəbhəsinin potensialına söykənmişdi. Rəhbərlik, bir qayda olaraq, vəzifələrə ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkir, ziyalıları, tanınmış ictimai-siyasi xadimləri özlərinə yaxın buraxmır, kadrları əsasən şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq prinsiplərinə görə seçirdilər. Kadr seçimində vacib meyarlar olan qabiliyyət, səriştə və səviyyə məsələləri arxa plana keçirildiyinə görə  Azərbaycanın intellektual potensialına məhəl qoyulmurdu.  Daxili siyasətdə  olduğu kimi, xarici siyasətdə də səhvlər bir-birini əvəz edirdi. AXC-Müsavat iqtidarının qonşu Rusiya və İranla münasibətlərin inkişafına laqeydlik göstərməsi  isə  həmin dövrdə buraxılmış  ən kobud səhvlərdən idi. Bütün bunlar isə beynəlxalq aləmdə öz əks-sədasını verirdi. 1992-ci ilin oktyabrında ABŞ Konqresinin “Azadlığı müdafiə aktı”na etdiyi 907 saylı düzəliş Azərbaycan Respublikasına ABŞ-ın dövlət səviyyəsində yardımını qadağan etdi. Bu da AXC-Müsavat hakimiyyətinin beynəlxalq imicinə böyük zərbə vurdu. Ölkədə iqtisadi və siyasi böhran baş alıb gedirdi. Azərbaycan əraziləri işğal olunurdu, əhalinin sosial durumu isə günbəgün ağırlaşırdı.

 Digər tərəfdən, ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. Bütün bunlar  həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

Ölkə rəhbərliyi, sözün həqiqi mənasında, idarəçilikdə uğurlu sayılacaq bircə addım belə ata bilməmişdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar, əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Xaos və anarxiyanın baş alıb getməsi, torpaqlarımızın ermənilər tərəfindən hissə-hissə işğal olunması və ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı birləşmələrin özbaşınalığı insanların səbr kasasını doldurmuşdu. Xalqın hakimiyyətə olan qəzəbi 1993- cü ilin iyun ayında pik həddə çatdı. Təbii ki, səriştəsiz hakimiyyətin apardığı belə uğursuz siyasətin məntiqi sonluğu yetişməli idi. Artıq AXC-Müsavat hakimiyyətində birincilik uğrunda mübarizə başlanmışdı.  Həmin iqtidarın “milli qəhrəman” elan etdiyi Surət Hüseynovla aralarında olan ziddiyyət ölkəni vətəndaş müharibəsinə sürükləyirdi. Bu hadisə onların hakimiyyətinin sonunu gətirməklə yanaşı, gənc müstəqil dövlətimizi böyük təhlükələrlə üz-üzə qoydu. AXC-Müsavat iqtidarı öz xalqına çətinliklər, fəlakət, qarşıdurmalar və müstəqilliyimizin itirilməsi təhlükəsindən başqa heç nə vermədi. 1993-cü il iyun hadisələri də bütün bu amillərin nəticəsi olaraq özünü göstərdi.

 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Baş vermiş qanunsuzluqları nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti daha da gərginləşdirdi. 4 iyun hadisələri, əslində, mövcud olan narazılıqların spesifik şəkildə ortaya çıxması demək idi. Bu narazılıq mövcud  hakimiyyətin apardığı siyasətdən və bu siyasətin milli maraqlara uyğun gəlməməsindən qaynaqlanırdı. Silahlı qarşıdurmanın qarşısını almaq məqsədilə Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Həmin  hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı son həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına daha da yaxınlaşdı.

 Mövcud iqtidara və siyasi kursa– əgər belə bir kurs var idisə – tabe olmaq istəməyən polkovnik Surət Hüseynov əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Bu hadisələr ölkə daxilində olan ziddiyyətlərin və total böhranın kulminasiya nöqtəsinə çatmasından xəbər verirdi. S.Hüseynovun  rəhbərlik etdiyi 709 saylı hərbi hissənin müdafiə nazirinin əmrinə tabe olmaması, şimalda və cənubda separatçı qüvvələrin fəallaşması hakimiyyət böhranını daha da dərinləşdirirdi. Hökumət Gəncəyə 3 minə qədər canlı qüvvə və hərbi texnika göndərdi. Qarşıdurmada həlak olanlar və yaralananlar var idi. Surət Hüseynovun dəstəsinin Bakıya doğru irəliləməsi hakimiyyət böhranını təhlükəli həddə çatdırdı.Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilirdi. Ölkədə vətəndaş qarşıdurması başlanmışdı. Siyasi ehtiraslar səngimək bilmirdi, hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin  talan edilməsi, sosial, siyasi və mədəni həyatda özbaşınalıq, hərc-mərclik xalqın səbrini son həddə çatdırmışdı.

Sadalanan həmin faktlar  məhz son nöqtəyə çatmış böhranın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə olanların pozucu fəaliyyətlərinin gücləndiyi və xüsusilə iqtidara qarşı ümumxalq inamının tam sarsıldığı bir dövrdə baş vermişdi. İyun hadisələrindən sonra AXC-Müsavat hakmiyyətinin dəyişdirilməsi obyektiv zərurətə çevrildi.

Xalq heç zaman görünməyən bir qorxu, təlaş, həyəcan içərisində idi. Ölkədə yaranmış silahlı qarşıdurma hamının narahatlığına səbəb olmuşdu. Belə bir şəraitdə çıxılmaz vəziyyətə düşən  AXC - Müsavat hakimiyətinin nümayəndələri nə edəcəklərini bilmirdilər. Xalq isə yaranmış vəziyyətdən xilas yolunu ulu öndər Heydər Əliyevə müraciət etməkdə görürdü. Bundan əvvəl də Heydər Əliyevə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri müraciət etmişdilər, xalqı arxasınca apara biləcək Yeni Azərbaycan Partiyası yaradılmışdı. Bu partiyanın sədri müdrik şəxsiyyət Heydər Əliyev olduğundan insanlar böyük həvəslə təşkilata üzv olur, bununla da ulu öndərə olan inam və etimadlarını nümayiş etdirirdilər. Xalq çox yaxşı bilirdi ki, ölkəni xaos və anarxiyadan, qardaş qırğınından yalnız Heydər Əliyev xilas edə bilər.

Zaman səriştəsiz siyasətçilərə və hakimiyyətdə olduqları qısa müddətdə xalqdan aralı düşmüş insanlara  dərs verməkdə davam edirdi.  Ona görə də vəziyyətin getdikcə ağırlaşdığını görən AXC-Müsavat iqtidarı ölkəni yaranmış böhrandan və silahlı qarşıdurmadan xilas etmək üçün ulu öndər Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Qüdrətli şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə əmin-amanlıq, sabitlik yarandı, mövcud ziddiyyətlərin, silahlı qarşıdurmanın aradan qaldırılması istiqamətində ciddi və əhəmiyyətli tədbirlər görüldü. Qeyri-qanuni silahlı qruplaşmalar tədricən ləğv edildi. İnsanların gələcəyə olan inamı artdı. Azərbaycanda həyat tədricən öz axarına düşdü. 1993-cü il 4 iyunun yaratdığı nəticələr tədricən aradan qaldırıldı.

Bəzi ekspertlərin fikrincə, Gəncə hadisələri müstəqilliyin ilk illərində ölkədə yaranmış özbaşınalıqları, anarxiyanı və qanunsuzluqları ört-basdır etmək məqsədilə iqtidar və respublikanın digər yüksək vəzifəli şəxsləri tərəfindən hazırlanmış qəsd idi. Müstəqillik yolunda ilk addımlarını atan respublikada demokratiyanı hərbi-polis rejiminə çevirmək cəhdləri dövlət idarəçiliyində heç bir səriştəsi olmayan iqtidarın sonunu gətirdi.

Bu hadisələrin xalqa verdiyi dərs isə ondan ibarət oldu ki,  ölkə əhalisi kimin, hansı siyasi kursun ardınca getməli olduğunu birdəfəlik müəyyən etdi. Respublikada bir  daha xaos və anarxiya, qan-qada görmək istəməyən, dünyanın digər xalqları kimi sakit və firavan yaşamaq istəyən Azərbaycan xalqı həmin hadisələrdən sonra istənilən seçkidə birmənalı olaraq Heydər Əliyev siyasi kursunu dəstəkləyir. Bu kurs Azərbaycanı hələ yüz illər boyu inkişaf etdirəcək.

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında