Mən şadam ki, İsveçrə bizim tərəfdaşımızdır. Əlbəttə ki, gələcəkdə uzunmüddətli enerji
tərəfdaşlığı bizim münasibətləri daha da gücləndirəcəkdir. Ona görə də ikitərəfli çərçivəyə gəldikdə, biz əməkdaşlığın hazırkı səviyyəsindən razıyıq və onu davam etdirəcəyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədri olduğu və Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda biz əlaqələrimizdən istifadə edərək beynəlxalq öhdəliklərimizlə münasibətlərimizi beynəlxalq səviyyədə eyni vaxtda intensivləşdirmək istəyirik. Bu isə o deməkdir ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sədri və İsveçrə ATƏT-in fəaliyyətdə olan sədri qismində bəzi məsələlərdə əməkdaşlıq edə bilər.
Didye BURKHALTER
İsveçrə Konfederasiyasının Prezidenti
Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyası həm dövrün tələbi, həm də müstəqil dövlətimizin getdikcə artan reytinqinin göstəricisidir. Dünyada gedən ictimai siyasi proseslərə operativ reaksiya vermək, milli maraqların təmin olunması baxımından zəruri anlarda qətiyyətli addımlar atmaq dövlət siyasətimizin mühüm tərkib hissələrindən biri kimi öz müsbət nəticələrini verir.
Respublikamızın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verilir. Hər şeydən əvvəl, ona görə ki, burada digər məsələlərlə yanaşı, həm də xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrdə əhəmiyyətli mövqe nümayiş etdirilir. Bu baxımdan Azərbaycan–İsveçrə əlaqələrinin daha da genişləndirilməsi prioritet vəzifələrdəndir. İsveçrə hazırda ATƏT-in fəaliyyətdə olan sədridir. Ona görə də bu ölkənin Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfəri böyük maraq doğururdu. Qeyd edək ki, dövlət başçılarının rəsmi səfərləri ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni müstəvidə inkişafına, siyasi-iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinə özünəməxsus stimul verir.
Azərbaycan–İsveçrə arasında diplomatik münasibətlər 22 il əvvəl yaradılmışdır. İsveçrə Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 23-də tanımışdır. Bir il sonra isə – 1992-ci il yanvarın 21-də Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlər yaradılmışdır. 2004-cü il oktyabrın 6-da Berndə Azərbaycanın səfirliyi təsis olunmuşdur.
İsveçrə tərəfi isə öz növbəsində Bakıda iki ölkə arasında diplomatik münasibətlərə məsul olan əməkdaşlıq bürosu açmış, sonra isə səfirliyini təsis etmişdir. Həmin vaxtdan başlayaraq iki ölkə arasında ikitərəfli əlaqələr daha da genişləndirilmişdir. Azərbaycan–İsveçrə arasında enerji sahəsi ilə yanaşı, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları sahəsində əməkdaşlıq davam etdirilmişdir. Ölkəmizdə fəaliyyət göstərən İsveçrə şirkətləri üçün yaradılan əlverişli şərait dostluq münasibətlərini yeni müstəviyə qaldırmışdır.
Bir neçə il əvvəl İsveçrə hökumətinin Azərbaycanda kapital bazarının müasirləşdirilməsi layihəsinə texniki yardım məqsədilə 70 milyon dollara yaxın məbləğdə qrant ayırması da ölkəmizə olan inam və etibarın nəticəsi idi. İsveçrənin Azərbaycandakı səfiri Sabina Ulman-Şaban ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzuna işarə edərək demişdir ki, Azərbaycan İsveçrə üçün prioritet ölkədir. İsveçrə Azərbaycanda qeyri-neft sektorunun inkişafına, makroiqtisadi sabitliyin dəstəklənməsinə, kəndlərin inkişafına töhfə verəcək. Diplomat bildirmişdir ki, İsveçrə və Azərbaycan yeni strategiya çərçivəsində əməkdaşlığı davam etdirəcək.Kapital bazarının müasirləşdirilməsi layihəsi İsveçrənin Azərbaycanın maliyyə bazarına dəstəyinin məntiqi davamı olacaq və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında müəyyən rol oynamaq iqtidarındadır.
Azərbaycan–İsveçrə rəsmiləri arasında mütəmadi olaraq keçirilən görüşlərdə də gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunmuşdur. İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə uğurla genişlənən əlaqələr Azərbaycanla İsveçrə arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün müsbət şərait yaratmışdır.
İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından dövlət başçılarının qarşılıqlı səfərləri və iki ölkə arasında geniş tərkibli biznes forumlarının təşkili əsas amillərdəndir. İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin ölkəmizə rəsmi səfəri də bu baxımdan böyük əhəmiyyət kəsb edirdi.
Azərbaycan Prezidenti İlham Əliyev bu görüşü yüksək qiymətləndirmiş və belə səfərlərin iki ölkə arasında əməkdaşlığın yeni müstəviyə qədəm qoymasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Ölkə başçılarının mətbuata birgə bəyanatı zamanı Azərbaycan Prezidenti demişdir: “Sizin səfəriniz ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətləri gücləndirəcəkdir. Qeyd etmək istəyirəm ki, bu, İsveçrə Prezidentinin Azərbaycana son 6 ildə üçüncü rəsmi səfəridir. Mən də İsveçrəyə rəsmi səfər etmişəm. Bu da bizim əlaqələrimizin yüksək səviyyədə olmasını göstərir. Ölkələrimiz arasında siyasi münasibətlər uğurla inkişaf edir. Bu da müxtəlif sahələrdə olan əlaqələrimizə müsbət təsir göstərir. Bu yaxınlarda Bern şəhərində birgə iqtisadi komissiyanın iclası, İsveçrə-Azərbaycan biznes forumu keçirilib. Beləliklə, ölkələrimizin biznes qruplarının işbirliyi qurmaq üçün marağı vardır”.
İki ölkə arasındakı iqtisadi münasibətlərin yüksək səviyyədə inkişafı da diqqət mərkəzində olmuşdur. İsveçrədən Azərbaycana və Azərbaycandan İsveçrəyə yatırılan investisiyalar iqtisadi əlaqələrimizi daha da gücləndirir. İsveçrə sənayenin inkişafına, xüsusilə, tikinti sektoruna, Azərbaycan isə enerji sektoruna sərmayə qoyur.
Məlum olduğu kimi, Azərbaycan Avropada enerji təhlükəsizliyinin təminatçısı olan ölkə kimi tanınır. Respublikamız bu sahədə Avropa ölkələri ilə çox yüksək səviyyədə əməkdaşlıq edir. Qeyd etməliyik ki, Azərbaycan İsveçrənin enerji bazarında təmsil olunur, orada pay sahibidir. Qaz nəqli sahəsində son zamanlarda baş verən proseslər ikitərəfli münasibətlərimizi daha da gücləndirəcəkdir. Ötən ilin sonunda “Şahdəniz-2”, o cümlədən Trans-Anadolu və Trans-Adriatik boru kəməri kimi nəhəng layihələrə imza atmağımız Azərbaycana öz enerji ehtiyatlarını müxtəlif bazarlarda tam realizə etmək imkanı verəcəkdir. Bu layihələr Avropada ən böyük infrastruktur layihələrdir.
İsveçrə Prezidentinin səfəri zamanı regional təhlükəsizlik məsələlərinin müzakirəsi gündəlikdəki önəmli mövzulardan biri olmuşdur. Çünki İsveçrə ATƏT-in fəaliyyətdə olan sədridir. Müzakirələrin əsas mövzusu, sözsüz ki, regional təhlükəsizlik üçün ən vacib olan məsələyə – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldilmişdir. Xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın 20 ildən artıq bir müddətdə işğalçılıq siyasətindən əl çəkməməsi dövlət başçımızın xarici siyasət sahəsində xüsusi önəm verdiyi sahələrdəndir. Dövlət başçısının İsveçrə Prezidenti ilə keçirdiyi görüşdə də bu məsələyə xüsusi diqqət yetirilmişdir. Azərbaycan Prezidenti öz bəyanatında da bu məsələyə münasibət bildirərkən demişdir: “Mən danışıqların hazırkı vəziyyəti, perspektivləri və münaqişənin tarixi barədə cənab Prezidentə məlumat verdim. Dağlıq Qarabağ Azərbaycanın tarixi və ayrılmaz ərazisidir. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır və Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalacaqdır. Tarixi nöqteyi-nəzərdən Dağlıq Qarabağ həmişə Azərbaycanın ərazisi olub, hüquqi nöqteyi-nəzərdən bu, bizim ərazimizdir və BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İyirmi ildən artıqdır ki, işğal davam edir. Təkcə Dağlıq Qarabağ yox, Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonumuz Ermənistanın işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal edilib və xalqımız Ermənistanın yürütdüyü etnik təmizləmə siyasətinin qurbanı olub. Bu sıraya 600-dən çox adamın, o cümlədən 100-dən artıq qadın, 60-dan çox uşağın ölümü ilə nəticələnən Xocalı soyqırımı da daxildir. Bu, Ermənistan dövləti tərəfindən törədilmiş hərbi cinayətdir. Münaqişənin həll olunması ilə bağlı ATƏT qərar və qətnamələr qəbul edib. İki dəfə ATƏT işğal olunmuş ərazilərə faktaraşdırma və qiymətləndirmə missiyaları göndərib. Hesabatda hər şey açıq-aydın göstərilib, hər bir şey məhv edilib, bizim tarixi binalarımız, məscidlərimiz, abidələrimiz, əcdadlarımızın məzarları, hər şey dağıdılıb. Ona görə də münaqişənin həllinə mümkün qədər tez nail olmaq lazımdır. Çünki bu, regional təhlükəsizlik üçün ən böyük təhlükədir”.
Dövlətimizin başçısı münaqişənin nizamlanmasında əsas amillərdən biri kimi, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməsi üçün beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasını diqqətə çatdırmışdır. Azərbaycan Prezidenti bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına əməl olunmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və danışıqlar prosesinin süni yolla uzadılması siyasətini davam etdirir. Çünki onlar münaqişənin həllini, sülhü istəmirlər və vəziyyətin olduğu kimi qalmasını istəyirlər.
ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin dəfələrlə status-kvonun qəbuledilməz olduğunu bəyan etməsinə baxmayaraq, Ermənistan tərəfi status-kvonun hələ də saxlanılmasını istəyir. Status-kvonu dəyişmək üçün Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərindən öz ordusunu mütləq geri çəkməlidir. Ancaq beynəlxalq birlik özünü hələ də bu özbaşınalığı görməməzliyə vurur, ikili standart nümayiş etdirərək işğalçı dövlətə qarşı ciddi sanksiyalar tətbiq etmir.
İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter Azərbaycana səfərindən, yüksək qonaqpərvərlikdən razılığını bildirmişdir. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin dostluq xarakteri daşıdığını, intensiv olduğunu və gələcəkdə daha da dinamik ola biləcəyini vurğulamışdır. İqtisadi sahədə əməkdaşlığın aparılması üçün böyük potensial olduğunu bildirən Prezident Didye Burkhalter demişdir ki, gələcəkdə Azərbaycanda İsveçrə şirkətləri tərəfindən bir çox investisiyalar yatırıla bilər. O qeyd etmişdir ki, ölkələrimiz arasında münasibətlərin gücləndirilməsinə və intensivləşdirilməsinə açığıq. Prezident, həmçinin Azərbaycan ilə İsveçrə arasında əlaqələrin möhkəm olduğunu da bildirmişdir.
Prezident Didye Burkhalter xatırlatmışdır ki, İsveçrə bu il ATƏT-in fəaliyyətdə olan sədridir. Həllivacib problemlər sırasına Dağlıq Qarabağ münaqişəsinin də daxil olduğunu bildirən D.Burkhalter demişdir: “Mən, həmçinin müxtəlif fikirləri dinləmək, anlamaq və ola bilsin ki, danışıqlar prosesində irəliləyişə nail olmaq məqsədilə yol tapmaq üçün buraya gəlmişəm. Mənim ATƏT-in fəaliyyətdə olan sədri kimi yanaşmam çox aydındır. Biz əminik ki, sülhə doğru addım-addım irəliləməliyik. Bu isə o deməkdir ki, biz iki əsas məsələni təbliğ edirik. Birincisi, biz dialoqun intensivləşdirilməsini təbliğ edirik, dialoq artıq olub. Lakin Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb. Bu görüşün Parisdə keçirilməsi təklif olunub və biz də bu fikri dəstəkləyirik. Yaxın gələcəkdə bu görüşün keçirilməsini təbliğ edirik. Bu görüş danışıqların yeni fazasının başlanğıc nöqtəsi olmalıdır. Digər tərəfdən, bu, sülh sazişinə aparacaq strukturlaşdırılmış danışıqlar prosesi ola bilər. Bu danışıqlar prosesi isə Madrid prinsipləri əsasında aparılmalıdır”.
Azərbaycan Prezidenti bütün beynəlxalq tədbirlərdə, habelə dövlət başçıları ilə keçirdiyi görüşlərdə münaqişənin ilk növbədə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu bəyan etmişdir. Dövlətimizin başçısının bu mövqeyi beynəlxalq aləmdə yüksək səviyyədə dəstəklənir. Göründüyü kimi, İsveçrənin Prezidenti də münaqişənin nizamlanmasında Azərbaycan Prezidentinin mövqeyini dəstəkləmişdir.
İsveçrə Prezidenti həm dövlətimizin başçısı, həm də digər rəsmi dövlət qurumlarının rəhbərləri ilə keçirdiyi görüşlərdə Azərbaycana rəsmi səfərindən məmnun qaldığını bildirmişdir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.