Dairə seçki komissiyalarının sədrləri Bakı və Abşeron rayonunun dairə seçki komissiyalarında təcrübə mübadiləsi keçmişlər

Avqustun 26-da Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçıları Bakı və Abşeron rayonlarının dairə seçki komissiyalarında təcrübə mübadiləsi keçmişlər.
14 saylı Xəzər 2-ci seçki dairəsi dairə seçki komissiyasında təcrübə keçən DSK sədrləri əvvəlcə Qala Arxeoloji Etnoqrafiya Muzey Kompleksi ilə tanış olmuşlar. Burada qonaqlara məlumat verilmişdir ki, 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılmış muzey kompleksində 216 memarlıq abidəsi vardır. Muzey kompleksinin ərazisi 1,5 hektardır.
Sonra DSK sədrləri görkəmli şair və ictimai xadim Almas İldırımın abidəsini ziyarət etmişlər.
Dairə seçki komissiyasında keçirilən tədbiri MSK sədrinin müavini Şaitdin Əliyev açaraq, kursların təşkilinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslardan məqsəd seçki sahəsində əldə olunmuş nailiyyətlər, beynəlxalq təcrübə barədə məlumat almaq, seçkilərin təşkili və keçirilməsi ilə bağlı fəaliyyətimizi daha da təkmilləşdirməkdir.
Daha sonra 14 saylı Xəzər 2-ci seçki dairəsi DSK-nın sədri İmran Qəmbərov dairə və məntəqə seçki komissiyalarının fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, DSK öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, seçki qanunvericiliyi və MSK-nın təsdiq etdiyi qərarlar və təlimatlar əsasında həyata keçirir. DSK-da daimi əsaslarla fəaliyyət göstərən 32, müvəqqəti əsaslarla fəaliyyət göstərən 4 seçki məntəqəsi vardır. DSK sədrləri seçici siyahılarının dəqiqləşdirilməsi, səsvermə zamanı müşahidəçilərin yerləşdirilməsi və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirmiş, təcrübə mübadiləsi aparmışlar.
Sonra iştirakçılar dairə seçki komissiyasında yaradılmış iş şəraiti, sənədlər, məlumatlar toplusu ilə, həmçinin arxiv və digər otaqlarla tanış olmuşlar.
İxtisaslaşdırılmış kursların bir qrup iştirakçısı isə 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasında təcrübə mübadiləsi keçmişdir.
45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının Xırdalan şəhərindəki 2 nömrəli orta məktəbdə yerləşən 14 saylı seçki məntəqəsi ilə tanışlıq zamanı DSK-nın sədri Dilşad Abbasova bildirmişdir ki, rayon ərazisində parlament seçkilərinə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Qeyd olunmuşdur ki, artıq məntəqələr bütün lazımi avadanlıqla təchiz edilmişdir. Şəffaf qutular gətirilmiş, seçici siyahıları dəqiqləşdirilmişdir. DSK sədri vurğulamışdır ki, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün məntəqələrdə hər cür şərait yaradılmışdır.
Dairə seçki komissiyalarının sədrləri 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının inzibati binası ilə də tanış olmuşlar.
Komissiyanın sədri məlumat vermişdir ki, bu dairə üzrə 41 seçki məntəqəsi fəaliyyət göstərir və 43 min 747 seçici siyahıya alınmışdır. Vətəndaşların seçki hüquqlarının qorunması üçün bütün prosedurlar həyata keçirilmişdir.
D.Abbasova qeyd etmişdir ki, DSK-nın inzibati binasında da bütün zəruri texniki avadanlıq vardır. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyasına müntəzəm surətdə hüquqi, metodiki, texniki və təşkilati kömək göstərir.
Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak edən dairə seçki komissiyalarının sədrlərinin bir qrupu 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasında təcrübə mübadiləsi keçmişdir. Dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev kursların və təcrübə mübadiləsinin əhəmiyyətindən danışmışdır. O vurğulamışdır ki, seçki hər bir ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, vətəndaşların dövlətin və ictimai həyatın idarə olunmasında kütləvi iştirak formalarından biridir. Seçkilərin demokratik, azad keçirilməsi, ölkədə ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçki şəraitinin yaradılmasından asılıdır. Seçkilərin ədalətli və şəffaf keçirilməsi cəmiyyətdə demokratik mühitin yüksək olmasından xəbər verir. Bununla bağlı Azərbaycanda mühüm tədbirlərin görüldüyünü qeyd edən İ.Hüseynəliyev demişdir ki, hazırda Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar həyata keçirilən tədbirlər də bu qəbildəndir. Azərbaycanda seçkilərin demokratik keçirilməsi üçün əsaslı baza mövcuddur.
Dairə seçki komissiyalarının sədrləri seçici siyahılarının dəqiqləşdirilməsi, səsvermə zamanı müşahidəçilərin yerləşdirilməsi və digər məsələlərlə bağlı rəy və təkliflərini bildirmiş, təcrübə mübadiləsi aparmışlar.
Təcrübə mübadiləsinin iştirakçıları 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasında yaradılmış iş şəraiti ilə tanış olmuşlar.
Dairə seçki komissiyalarının sədrləri son vaxtlar Xətai rayonunda görülmüş abadlıq və quruculuq işləri ilə də maraqlanmışlar. Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların iştirakçılarının 32 saylı Suraxanı üçüncü seçki dairəsinin dairə seçki komissiyasında təcrübə mübadiləsi də səmərəli keçmişdir.
Bölgələrdən gəlmiş DSK sədrləri əvvəlcə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda olmuşlar. Qonaqlara atəşgahın tarixi barədə ətraflı məlumat verilmişdir.
32 saylı Suraxanı üçüncü seçki dairəsi dairə seçki komissiyasının inzibati binası ilə tanışlıq zamanı bildirilmişdir ki, DSK bütün lazımi avadanlıqla təmin edilmişdir. Dairə seçki komissiyasının sədri İlham Bayramov seçici siyahılarının dəqiqləşdirildiyini diqqətə çatdırmış, bildirmişdir ki, dairənin 28 seçki məntəqəsi seçkiyə tam hazırdır. Qeyd olunmuşdur ki, dairə və məntəqə seçki komissiyaları MSK tərəfindən təlimat və izahatlarla təmin olunmuşdur.
Sonda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülən işlər barədə müzakirələr aparılmış, DSK sədrlərinin sualları cavablandırılmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında