ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibə qeyri-obyektiv və qərəzli olduğu qədər də təhlükəlidir. Məsələ ondadır ki, ABŞ-ın regionda mövcudluğunu həzm edə bilməyən daxili və xarici qüvvələr səfirin bu müsahibəsində səsləndirdiyi fikirlərdən fərqli nəticələr çıxarar və öz fəaliyyətlərini gücləndirmək üçün həmin mövqeni bir siqnal kimi qəbul edə bilərlər.
Bu reallıq isə, ilk növbədə, ABŞ-ın region maraqlarını ciddi sual altına qoymuş olar. Səfirin müsahibəsində “Maydan hadisələri”nin Azərbaycana transformasiyasından tutmuş, ölkəmizdə insan hüquqları sahəsində ciddi problemlərin olmasınadək, Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətlərinə fərqli çalarlar verməkdən başlamış, ta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı rəsmi Vaşinqtonun mövqeyinədək məsələlər ətrafında reallığın təhrif olunduğu yanaşmalar əks olunmuşdur.
Səfirin statusuna uyğun olmayan səviyyədə kəskin və emosional davranışı fonunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin həmin müsahibəyə münasibəti kifayət qədər təmkinli, arqumentli, məntiqli və sistemlidir. Hörmətli akademik haqlı olaraq qeyd edir: “...Dünyada, o cümlədən postsovet məkanında da bir çox cəhətdən məhz Qərbin təqsiri üzündən kəskinləşmiş geosiyasi proseslər fonunda ABŞ səfirinin qərəzli müsahibəsi ən azı heyrət doğurur. Hər halda onu belə bir müsahibə verməyə və diplomatik etiket baxımından bu qədər qeyri-korrekt fikirlər söyləməyə hansı motivlərin və səbəblərin sövq etdiyini deməyə çətinlik çəkirəm. Bu, ölkənin daxili işlərinə açıq-aydın və kobudcasına müdaxilə deməkdir. İstənilən halda buna haqq qazandırmaq mümkün deyil və ola da bilməz”. Hörmətli Ramiz müəllim amerikalı səfirə onu da xüsusi olaraq xatırladıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə demişdir ki, o, istər Azərbaycana, istərsə də onun xalqına etinasız və hörmətsiz münasibətə dözməyəcək və buna yol verməyəcəkdir. Hesab edirəm ki, bizim amerikalı həmkarlar ölkəmizin rəhbərliyinin mövqeyini yaxşı bilirlər. Lakin əgər ABŞ səfiri heç nəyə məhəl qoymadan Azərbaycanın ünvanına bu cür kobud hücumlar etməyi özünə rəva görürsə, deməli, onun statusu ilə bağlı ciddi problemləri vardır. Təəssüf ki, səfir Morninqstarın diplomat üçün yolverilməz formada bizə diktə etməyə, ölkəmizin daxili işlərinə qarışmağa cəhd etməsi birinci dəfə deyildir. Bu, onun diplomat kimi peşəkarlığını çox böyük sual altına qoyur”.
Cənab Ramiz Mehdiyevin dünyada müşahidə olunan yeni siyasi tendensiyalara səfirin və ona rəhbərlik edən şəxslərin adekvat reaksiya qabiliyyəti nümayiş etdirməsinin zəruriliyi ilə bağlı fikirləri olduqca düşündürücü, hikmətli və ibrətamizdir: “Görünür, Morninqstar dünyada yeni siyasi meyilləri sezməmişdir. Aşkardır ki, səfir Morninqstarın və onun fəaliyyətinə bilavasitə rəhbərlik edənlərin dünyagörüşü keçmişdə ilişib qalmışdır və müasir dövrün tələblərinə ziddir. Çoxqütblü dünya müstəmləkəçilik təfəkküründən imtina etməyə çağırır”.
Mən də ABŞ-ın tarixi və xarici siyasəti üzrə ixtisaslaşmış tədqiqatçı və ən əsası bir Azərbaycan vətəndaşı olaraq, səfir Riçard Morninqstarın təhriflərə ayna tutan müsahibəsinə öz münasibətimi ifadə etmək istəyirəm. Əsas diqqətimi bir məsələ üzərində cəmləşdirmək niyyətindəyəm. Bu da, guya ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı ciddi narahatlıqların olması haqqında səfirin mövqeyinə münasibətimdir. Bu müsahibədə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı səfirin narahatlığının ifadə olunduğu mövqe, əslində, real vəziyyətə nəinki adekvat deyil, əksinə, birbaşa ölkəmizin daxili işlərinə qarışmaq anlamını özündə ehtiva edir. Bəlkə də, beynəlxalq hüququn deyil, gücün hüququnun işlədiyi müasir dünya gerçəkliyində səfiri bir halda qınamamaq olardı. O da səfirin təmsilçisi olduğu dövlətin dünyada insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində nümunəvi davranış tərzi nümayiş etdirməsi halında mümkün idi. Reallıq isə başqa həqiqəti ortaya qoyur. Bu yerdə Napoleonun “kimin nədə problemi varsa, o haqda daha çox öyüd-nəsihət verir” kəlamını xatırlatmaq yerinə düşür. Əslində, insan haqlarının müdafiəsi ilə bağlı ABŞ-ın başqalarına dərs keçməsinə mənəvi haqqı yoxdur. Niyə? Faktlar və arqumentlərin natamam təqdimatı belə bu nəticəni labüd edir. Onları səfir Riçard Morninqstarın diqqətinə çatdırırıq: Əvvəla, ABŞ-da “Ku-kluks-klandan ta Quantanama”ya qədər insan haqlarının pozulması deyil, hədəfində insanın tam hüquqsuz vəziyyətə salınaraq cismani məhvinə ünvanlanmış siyasət artıq “top secret” qrifi altından “azadlığa” çıxmışdır. Bu məlumatlar artıq hər kəsə bəllidir.
İkincisi, ABŞ insan alverinə, fahişəliyə məcbur etməyə, irqi diskriminasiyaya və insanların oğurlanmasına qadağa qoyan beynəlxalq konvensiyaları hələ də ratifikasiya etməmişdir. ABŞ insan hüquqlarının müdafiəsi ilə bağlı 9 əsas beynəlxalq sənəddən yalnız 3-ü ilə bağlı üzərinə öhdəlik götürdüyünü bəyan etmişdir.
Üçüncüsü, ABŞ-da ksenofobiya və irqçilik qorxulu səviyyədə inkişaf tempinə malikdir. Sosioloqlar hesab edirlər ki, ABŞ əhalisinin 15-20 faizini ksenofob adlandırmaq olar. Təxminən o qədər də amerikalının düşüncəsinə görə, İslam dininin daşıyıcılarının bu və ya digər formada hökumətdə təmsilçiliyinə imkan vermək olmaz.
Dördüncüsü, ABŞ-da uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyət narahatlıq doğurmaya bilməz. Ölkənin 15 ştatında qanunvericilik qaydasında uşaqlara bədən cəzası verilməsi yasaq deyil. Onlara cəza verilərkən yeməkdən məhrumetmə, naşatır spirtinin tətbiqi və s. kimi qeyri-insani təzyiq vasitələrindən istifadə olunur.
Beşincisi, ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcuddur. 2012-ci ilin yanvar ayında “Sərhədsiz repartyorlar” təşkilatının ekspertləri bu sahədə ABŞ-ın reytinqini 27 bənd üzrə aşağı salmışlar. 2013-cü ildə mətbuat azadlığının qlobal indeksində ABŞ 47-ci mövqedə dayanmışdır. “Uol-Striti zəbt et” hərəkatının aksiyalarını işıqlandıran jurnalistlərə və nümayişçilərə qarşı polisin qəddar davranışına cavab olaraq, ABŞ-ın bu sahədə beynəlxalq reytinqi aşağı salınmışdır. Həmin dövrdə 80-dən artıq jurnalist polisin qəddar davranışının hədəfində olduğu elə ABŞ-ın öz KİV-nin yaydığı məlumatlardan da bəllidir.
Altıncısı, Çin Xalq Respublikasının “2013-cü ildə ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı 2014-cü ildə yaydığı hesabat”da qeyd olunur ki, ölkədə bu sferada vəziyyət getdikcə pisləşməkdədir. Hesabatda vurğulanır ki, ABŞ bugünədək uşaq, ana və əlillərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulmamışdır. Hesabatda göstərilir ki, ABŞ xüsusi xidmət orqanlarının uzun müddət ərzində PRİSM xəfiyyə proqramından istifadə etməsi beynəlxalq hüquq və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Burada xüsusi olaraq vurğulanır ki, ABŞ-ın dünyanın müxtəlif ölkələrində pilotsuz uçuş aparatlarından istifadəsi dinc əhali arasında çoxsaylı itkilərlə müşayiət olunmuşdur. O cümlədən 2004-cü ildən Pakistanda ABŞ pilotsuz təyyarələri 376 uçuş həyata keçirmiş və nəticədə 926 nəfər dinc insan həlak olmuşdur.
Bu yerdə ABŞ-ın “qurucu ataları”ndan olan Bencamin Franklinin və Tomas Ceffersonun məşhur deyimlərini xatirlamamaq mümkün deyildir. Bencamin Franklinin fikrincə, ABŞ üçün “Demokratiya - qurdun və quzunun axşam yeməyinə nəyin yeyiləcəyini səsə qoymaları anlamındadır...”. Təbii ki, bu halda “demokratik” səsvermə nəticəsində 2/1 nisbətində quzunun “hüquqları qorunmaqla”, “demokratik yolla” qurdun həzmi-rabiyyəsindən keçəcəkdir.
Tomas Ceffersonun qənaətinə görə isə ABŞ üçün “Azadlıq-yaxşı silahlanmış quzunun həmin səsvermənin nəticələrinə yenidən baxılmasına nail ola bilməsi anlamında qəbul edilməlidir”. Zənnimizcə, ABŞ siyasi sisteminin yaradıcılarının bu fikirlərinin əlavə şərhə ehtiyacı yoxdur.
Səfirin “demokratiya dərsi”nə cavab olaraq onu da xatırlatmaq yerinə düşər ki, ABŞ-da seçki prosesində beynəlxalq müşahidəçilərin iştirakı formal xarakter daşıyır və çoxsaylı məhdudiyyətlərlə müşahidə olunur. Yalnız Missuri, Nyu-Meksika və Cənubi Dakota ştatlarında, o cümlədən Kolumbiya federal dairəsində beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələrinə icazə verən qanunlar qəbul edilmişdir. Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərində beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərini deyil, məhz ABŞ-ın hüquqi aktlarını əsas götürməyə məcburdurlar. Fikrimizin təsdiqi kimi, Texas ştatının prokuroru Qreq Ebbotun bəyanatını misal gətirə bilərik. Prokuror ATƏT DTİHB-in tərkibində olan müşahidəçilərin seçki məntəqələrinə 30 metrdən artıq yaxınlaşacağı təqdirdə onların cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlıq etmişdir. Həmin qurumun rəhbərinə prokurorun ünvanladığı məktubdakı aşağıdakı fikirlər xüsusi olaraq diqqəti cəlb edir: “Əgər ATƏT-in üzvləri öz demokratik sistemlərini yaxşılaşdırmaq üçün ABŞ seçki hüququ haqqında daha çox öyrənmək istəyirlərsə, bu halda Texas hakimiyyəti ilə müzakirələr aparmalıdırlar. ABŞ-ın hüdudları kənarından gəlmiş qrup və ya ayrı-ayrı şəxslərin bizim seçki prosesinə təsir etmək və ya ona müdaxilə etmək hüququ yoxdur.” DTİHB-in seçki prosesində şəxsiyyət vəsiqələrindən istifadənin vacibliyi ilə bağlı iradına Texas prokurorunun orijinal cavabına diqqət yetirək: “ATƏT-in öz mövqeyi ola bilər, lakin bu mövqe ABŞ ərazisində heç bir hüquqi qüvvəyə malik deyildir.”
Nəhayət, sonda cənab səfir Riçard Morninqstara onu xatırladaq ki, ABŞ-ın 237 illik demokratiya tarixi və ənənələrinə malik olması haqqında iddiaları da, görünür, əsl reallığa tərs mütənasibdir. Öz gözündə “tiri” görməyən ABŞ başqalarının gözündə “tük” axtarır və qısa zaman ərzində “demokratiyanın triumfunu” tələb edir. Davranış və fəaliyyətində amiranəliyə və “əzələ nümayişinə” üstünlük verən və elə bu səbəbdən də haqlı olaraq, dünya ictimaiyyətində getdikcə daha çox mənfi assosiasiya ilə qəbul edilən ABŞ unutmamalıdır ki, təkcə konstitusiyanı qəbul etmək üçün ona 11 il (1787-ci il), ölkəni köləlikdən azad etmək üçün 89 il (1865-ci il, konstitusiyaya 13-cü düzəliş), qadınlara səs hüququ vermək üçün 144 il (1920-ci il, konstitusiyaya 19-cu düzəliş) və bütün vətəndaşları qanun qarşısında bərabər etmək üçün düz 188 illik (1964-cü il, konstitusiyaya 24-cü düzəliş) zaman kəsiyi lazım olmuşdur. Təəssüf ki, demokratik dövlət quruculuğu yolunda atdığı bütün bu geçikmiş addımlar belə ABŞ-ı demokratiyanın örnəyi ola biləcək bir dövlətə çevirə bilməmişdir.
Elman NƏSİROV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,
YAP-ın beynəlxalq əlaqələr komissiyasının katibi,
siyasi elmlər doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.