Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə yeri

1917-ci ilin fevralında Rusiyada 300 ildən artıq hökmranlıq edən və ölkəni xalqlar həbsxanasına çevirən Romanovlar sülaləsinin devrilməsi ilə çarizmin milli zülm siyasətindən cana doymuş Azərbaycan xalqının da milli-azadlıq mübarizəsi görünməmiş şəkildə genişlənməyə başladı. Oktyabr çevrilişi ilə hakimiyyətə gələn bolşeviklərin siyasi təbliğat kimi ortaya atdığı “xalqların öz müqəddəratını təyin etmək” prinsipi Rusiya imperiyasının pəncəsində əzilən xalqların istiqlal mübarizəsinə güclü təkan verdi.

1917-ci ilin sonlarından başlayaraq Cənubi Qafqazda milli-azadlıq hərəkatının genişləndiyi bir şəraitdə geniş xalq kütlələri Müsavat partiyası ətrafında sıx birləşərək Azərbaycana muxtariyyət verilməsi tələbini qətiyyətlə irəli sürürdülər. Bu məram uğrunda mübarizə aparan Müsavat partiyası kənar  qüvvələrin başlıca düşməninə çevrilmişdi. Azərbaycanın muxtariyyəti fikrini özləri üçün təhlükə hesab edən bolşevik-erməni alyansı Bakıda müsəlmanlara qarşı 1918-ci ilin mart qırğınını həyata keçirdilər.

 Milli istiqlal mübarizəmiz tarixində ən böyük sınaq olan 1918-ci ilin mart hadisələri faciə ilə nəticələnsə də, bu qırğın Azərbaycan xalqının əzmini qıra bilmədi. Bolşevik-daşnak birliyi öz istəyinə nail olmadı. Faciəli mart hadisələri Azərbaycanda milli siyasi dairələrin rus inqilabına olan ümidlərini puça çıxartdı. Bu hadisələrə qədər muxtariyyət uğrunda olan mübarizə, tam müstəqillik savaşı ilə əvəz edildi.

Bolşeviklərin hakimiyyətə gəlməsi ilə Rusiyanı cənginə alan vətəndaş müharibəsi və anarxiya imperiyanın dağılmasını sürətləndirdi. Oktyabr çevrilişindən sonra faktiki olaraq Rusiyadan uzaq düşmüş Cənubi Qafqazda Zaqafqaziya Komissarlığı, sonradan Zaqafqaziya Seymi təşəkkül tapsa da, məcburiyyət qarşısında yaranan bu federal qurumun dağılması ilə Azərbaycan öz milli istiqlalına qovuşdu.

1918-ci il may ayının 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi və burada Gürcüstanın federasiyadan çıxmaq haqqında bəyanatı dinlənildikdən sonra Zaqafqaziya Seymi özünü buraxmaq haqqında qərar qəbul etdi. Elə həmin gün Gürcü Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan edildi.

Seymin buraxılması ilə yaranmış böhranlı siyasi vəziyyətlə əlaqədar Azərbaycan nümayəndələri mayın 27-də toplaşaraq vətənin idarə olunması vəzifəsini öz üzərinə götürdülər və Azərbaycanın Müvəqqəti Milli Şurasını elan etdilər. Şura mayın 28-də keçirdiyi ilk iclasında geniş müzakirələrdən sonra 24 səslə (iki nəfər - S.M.Qəniyev və C.Axundov bitərəf qalmışdı) Azərbaycanın istiqlaliyyətinin elan olunması haqqında qərar qəbul etdi və altı bənddən ibarət “İstiqlal Bəyannaməsi”ni elan etdi.

Bu tarixi aktda deyilirdi:  “Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcub bir vəziyyəti siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü.

Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyəti-hazıreyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarşi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana dəxi bulunduğu xarici və daxili müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor.

Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurayi-Milliyeyi-İslamiyyəsi bütün cəmaətə elan ediyor ki:

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi xalq cümhuriyyəti olaraq təqərrür ediyor.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti-həsənə təsisinə əzm edər.

4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.

5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqətə durur".

 Bundan sonra Milli Şura Azərbaycan hökumətinin yaradılmasını Fətəli Xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra F.X.Xoyskinin hökümətin yaradılması haqqında məruzəsini dinləmək üçün Milli Şuranın iclası öz işini davam etdirdi. İlk Azərbaycan müvəqqəti hökumətini F.X.Xoyski aşağıdakı tərkibdə təqdim etdi:

Nazirlər Şurasının sədri və daxili işlər naziri -  Fətəli Xan Xoyski, hərbi nazir - Xosrovpaşa bəy Sultanov, xalq maarifi və maliyyə naziri - Nəsib bəy Yusifbəyli, xarici işlər naziri - Məmməd Həsən Hacınski, poçt-teleqraf və yollar naziri - Xudadat bəy Məlikaslanov, əkinçilik və əmək naziri - Əkbər ağa Şeyxülislamov, ədliyyə naziri - Xəlil bəy Xasməmmədov, ticarət və sənaye naziri - Məmməd Yusif Cəfərov, dövlət nəzarəti naziri - Cəmo bəy Hacınski.

 Bununla da Milli Şura Azərbaycan xalqı qarşısında çox şərəfli və tarixi bir missiyanı yerinə yetirmiş oldu. Müsəlman mənşəli bütün dövlətlər, əsasən, dini təməl üzərində qurulduğu halda, Azərbaycan Cümhuriyyəti dünyəvi əsaslarla qurulan ilk türk dövləti idi. Azərbaycan milli dövlətinin yaradılması bir sıra mühüm səbəblərə görə millətin taleyində tarixi hadisə idi. M.Ə.Rəsulzadə bu barədə yazırdı: “28 may 1918 Bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi - Millisi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beyləki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq siyasi bir aləm olmuşdur.”

May ayının 30-da Azərbaycan Respublikasının yaranması barədə Nazirlər Şurasının sədri F.X.Xoyskinin imzaladığı məlumat radioteleqrafla bütün ölkələrin xarici işlər nazirliklərinə göndərildi. Cənubi Qafqaz hökumətinin başladığı Batum danışıqlarını yeni elan edilmiş milli respublikalar davam etdirdi və hər dövlətin nümayəndələri ilə ayrılıqda “Sülh və Dostluq” haqqında müqavilələr imzalandı.  Danışıqların nəticəsi kimi iyun ayının 4-də “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi”ni Türkiyə tərəfindən ədliyyə naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin baş komandanı Ferik Mehmet Vehib paşa, Azərbaycan tərəfindən xarici işlər naziri M.H.Hacınski və Milli Şuranın sədri M.Ə.Rəsulzadə imzaladılar. Bu Azərbaycan Cümhuriyyətinin xarici dövlətlərlə imzaladığı ilk müqavilə idi. Onun preambulasında göstərilirdi: “Bir tərəfdən Osmanlı imperiyası hökuməti, digər tərəfdən isə öz müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlirlər.”

11 maddədən ibarət olan müqavilənin  dördüncü maddəsində göstərilirdi ki, dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür.

Bu dövrdə Bakı Sovet Rusiyasının əlində idi. 1918-ci ilin mart qırğınını törətməklə Bakıda hakimiyyəti ələ keçirən bolşevik-daşnak quldur birləşməsi Azərbaycanın digər qəzalarında da türk-müsəlman əhalisinə qarşı bu qırğın əməllərini davam etdirməkdə idilər. Bununla paralel olaraq, Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrində də erməni qaniçən dəstələrinin müsəlmanlara qarşı törətdikləri qırğınlar, vəhşiliklər davam etməkdə idi.

 Çıxılmaz vəziyyətdə qalan müsəlman əhalisi erməni-bolşevik birləşmələrinin törətdikləri vəhşiliklərin qarşısını almaqda nicat yolunu Osmanlı dövlətinə kömək üçün müraciət etməkdə görürdü. Çünki Zaqafqaziya hökuməti bu qırğınların qarşısını almaqda acizlik göstərirdi, daha dəqiq desək, bunda maraqlı deyildi. Seymdəki azərbaycanlı nümayəndələr də hələ Seymin dağılmasından xeyli əvvəl Azərbaycanda tüğyan edən anarxiyanın qarşısını almaq məqsədilə Osmanlı dövlətinə hərbi yardım üçün müraciət etmək qərarına gəlmişdilər. Mövcud şərtlər daxilində ondan başqa hər hansı bir dövlətin Azərbaycana yardım göstərməsi real deyildi. Türklərin himayəsi olmadan Azərbaycandakı anarxiyanın qarşısını almaq, xüsusilə də Bakını Sovet Rusiyasının qoruduğu Şaumyan rejimindən xilas etmək qeyri-mümkün idi.

Batumda olan Azərbaycan nümayəndələri 4 iyun müqaviləsinin dördüncü bəndinə istinad edərək Osmanlı hökumətindən yardım istəməyi qərara aldılar. Bu məqsədlə Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski Azərbaycana ordu göndərilməsini xahiş etdilər. Bu müraciəti qəbul edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi Türkiyənin Qafqaz siyasətinə qısqanclıqla yanaşan Almaniyanın etirazına səbəb olmasın. Ona görə Osmanlı hökuməti qərara aldı ki, türk ordusu və Azərbaycan könüllülərindən ibarət “islam ordusu” yaradılsın.

Ənvər Paşanın fikrincə, belə olduqda Almaniyanın müqavimətini aradan götürmək olardı. Beynəlxalq şəraitin son dərəcə mürəkkəb və özünün vəziyyətinin də çətin durumda olmasına baxmayaraq, Osmanlı dövləti Azərbaycan Cümhuriyyətinə hərbi yardımı əsirgəmədi. Mürsəl paşanın başçılıq etdiyi Osmanlı ordusu iyun ayının əvvəllərində Gəncəyə daxil oldu. İyunun 17-də F.X.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət kabinəsi yaradıldıqdan sonra iyun ayının 23-də Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi və “islam ordusu”nun Bakı uğrunda ölüm-dirim savaşı başlandı. Məhz bu ordunun üç ay davam edən ağır döyüşləri nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı azad edildi və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Düzdür, Azərbaycan xalqının uzun illərdən bəri apardığı milli azadlıq hərəkatının yekunu kimi yaranan Azərbaycan Cümhuriyyəti çox yaşamadı. Cəmi 23 ay yaşayan cümhuriyyət Rusiya təcavüzünün qurbanı oldu və 1920-ci ilin aprelin 27-də XI Qırmızı Ordu tərəfindən işğal edilən Azərbaycan sovetləşdirildi. Amma 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində və taleyində silinməz izlər buraxdı və mümkün olandan da çox iş görə bildi.

Əvvəla, XIX əsrin əvvəllərində itirilmiş milli dövlətçiliyin bərpası Azərbaycan xalqının tarixində çox böyük və təqdirəlayiq hadisə idi. Yaranmış tarixi fürsətdən istifadə edib ölkənin müstəqilliyi elan edilməsəydi, Azərbaycan ərazisi Rusiya, Ermənistan və Gürcüstan arasında bölüşdürüləcəkdi. “Aprel çevrilişi” ilə ölkəni işğal edən Sovet Rusiyası Azərbaycanın müstəqilliyi faktını silib ata bilmədi və bu, 1991-ci ildə yenidən bərpa edilən Azərbaycan Respublikasının gələcək özülü oldu.

İkincisi, cümhuriyyət Azərbaycan hüdudlarından kənarda, Tiflisdə elan edilmişdi və bu zaman Bakı Sovet Rusiyasının qoruduğu Şaumyan rejiminin, ölkənin cənub bölgəsi ağqvardiyaçıların nəzarətində idi. Azərbaycanın qəzalarında isə bolşevik-erməni qüvvələri türk-müsəlman əhaliyə qarşı soyqırımı cinayətlərini davam etdirməkdə idi. Azərbaycan Cümhuriyyəti hökuməti qısa vaxt ərzində bu neqativ elementləri zərərləşdirib ölkənin ərazi bütövlüyünü bərpa edə bildi.

Bundan başqa, Azərbaycan Cümhuriyyəti hökuməti: ölkənin dövlət rəmzlərini təsis edərək qəbul etdi; 40 minlik milli ordu yarada bildi; Azərbaycan dili dövlət dili elan olundu; Azərbaycan parlamentini təsis etdi; Hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi həyata keçirildi; milli valyuta olan Bakı bonu tədavülə buraxıldı; ölkənin müstəqilliyi Paris sülh konfransında dünya dövlətlərinə tanıdıldı; Xəzər dənizində hərbi donanma yaradıldı; 100 tələbə oxumaq üçün xarici ölkələrə göndərildi; Bakı Dövlət Universiteti təsis edildi; Mülki və hərbi məktəblər açıldı; mətbuatda senzura ləğv olundu; Bakı-Batum neft kəməri bərpa edilərək istifadəyə verildi; Bakı-Culfa dəmir yolu inşa edilərək istifadəyə verildi; xarici ölkələrdə diplomatik nümayəndəliklər açıldı və s.

Tarix üçün çox qısa olan 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyətinin gördüyü bütün bu işlər xalqımızın ruhunda milli dövlətçilik məfkurəsinin formalaşmasında və inkişafında silinməz izlər buraxdı. Sonralar İ.Stalinin “bu 23 aylıq fəaliyyətinizdə xalqa nə verdiniz” sualına M.Ə.Rəsulzadə haqlı olaraq aşağıdakı cavabı vermişdi: “Biz bu 23 ayda xalqa çox şey verə bilməsək də ən azından milli istiqlalın nə olduğunu bu xalqa dadızdıra bildik”.

 Məhz bu milli istiqlalı sonrakı dövrdə kommunist rejimi xalqımızın düşüncəsindən silə bilmədi. 70 il ərzində sovetlərin həyata keçirdiyi sərt, amansız tədbirlər, qeyri-insani, ağlasığmaz cinayətlər də xalqımızın istiqlal əzmini qıra bilmədi. Zor gücünə yaradılmış sovet imperiyasını qorxu, xof ilə qoruyub saxlamaq mümkün olmadı. 1991-ci ildə SSRİ dağıldı və Azərbaycan xalqı öz milli dövlətçiliyini yenidən bərpa etdi.

 

Vasif QAFAROV,

tarix üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında