(əvvəli qəzetin 27 may 2014-cü il tarixli sayında)
Milli Şuranın 1918-ci il noyabrın 19-da keçirilən iclasında şuranın sədri M.Ə.Rəsulzadə tərəfindən imzalanmış “Bütün Azərbaycan əhalisinə!” müraciətnamə qəbul olundu. Noyabrın 29-da dərc olunmuş həmin müraciətnamədə deyilirdi:
“Vətəndaşlar! Müharibə və inqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurai-millisi iqtizai-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurai-millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurai-millini milli bir şəkildən çıxarıb da dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə, Şurai-milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağrılmışdır. Bu surətlə yığılacaq Məclisi-Məbusan irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeini mühafizə edəcəkdir. Vətəndaşlar! Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı tərk edəlim. Müqəddəratı - tarixiyyə hamımızı bir yerdə yaşamaq məcburiyyətində bulundurur. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək və müşküli-mənzilələrini rahatlıqla keçmək və yeni həyata ləyaqət qazanmaq üçün yaşayışımızı ağıl və insani əsaslar üzərində quralım, bir-birimizi sevəlim, bir-birimizə ehtiram edəlim.
Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb, bir Vətənin övladlarıdırlar. Ümumi Vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi - səadətlərini hazırlamaq üçün onlar bir-birinə əl uzatmalı və yardım etməlidirlər.
Bu xüsusda ən böyük məsuliyyət və ağır vəzifə bilatəbii Azərbaycan türklərinə, müsəlman camaatına düşəcəkdir. Onlar bu torpaq üzərində yaşayanların ən böyük əksəriyyətini təşkil etdiklərindən daha ziyada fədəkar və daha ziyada mütəhəmmül bulunmalıdırlar.
Əvət, vətəndaşlar, zamanın əhəmiyyətini dərk edəlim, hər millətin həqqini təslim edəcək sülhi-ümumi konqresi uzaq deyildir, o zamana qədər Vətənimizi ixtişaşlardan qoruyalım, Azərbaycan Məclisi-Məbusanını təsis, hökumətini yenidən təşkil edəlim və var qüvvə və mücahidəmizlə sülhüümumə məclisinə hazırlaşalım.
Yaşasın Azərbaycan Məclisi-Məbusanı!
Yaşasın Azərbaycan Cümhuriyyəti !"
Parlamentin açılışı 1918-ci il dekabrın 3-nə təyin olunmuşdu. Lakin Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları bu ərəfədə Bakıya gəlmiş general Tomsondan istifadə edərək, Azərbaycan parlamentinin açılmasına hər vasitə ilə mane olmağa çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar və qəzalardan bütün deputatların vaxtında Bakıya gələ bilməməsini nəzərə alaraq parlamentin ilk iclasının açılışı dekabrın 7-nə keçirildi. Həmin gün gündüz saat 1-də H.Z.Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qız məktəbinin binasında Azərbaycan parlamentinin ilk iclası təntənəli şəraitdə açıldı. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söylədi. O dedi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur. Bir dəfə qalxan bayraq bir daha enməz!”.
Parlamentin sədri, sədrin müavini və 3 nəfər katibdən ibarət rəhbər orqanları seçildi. Sonra Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski çıxış etdi. O, səlahiyyəti müddətində müvəqqəti hökumətin gördüyü işlər haqqında məlumat verdi və öz hökumətinin istefasının qəbul olunmasını xahiş etdi.
Parlament müvəqqəti hökumətin istefasını qəbul edib, yeni hökumətə rəhbərliyi və yeni heyətin tərkibini müəyyən etməyi yenidən F.Xoyskiyə tapşırdı. Dekabrın 26-da Fətəli xan hökumət proqramı və tərkibi barədə parlamentdə çıxış etdi. Geniş müzakirədən sonra parlament F.Xoyski hökumətinin proqramına və hökumətin tərkibinə etimad göstərdi.
Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. O göstərdi ki, Azərbaycan xalqı parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan bütün müsəlman Şərqində yeganə parlamentli respublika idi.
1919-cu ilin axırına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu 96 deputat təmsil edirdi. Parlamentdə qüvvələr nisbətən aşağıdakı kimi bölünürdü: Müsavat və bitərəflər fraksiyası (38 nəfər), “İttihad” (13 nəfər), “Əhrar” (6 nəfər), sosialistlər bloku (13 nəfər), partiyasızlar (4 nəfər), müstəqillər (3 nəfər), sol müstəqillər (1 nəfər), Slavyan Rus Cəmiyyəti (3 nəfər), erməni fraksiyası (5 nəfər), Daşnaksütyun fraksiyası (6 nəfər), azlıqda qalan millətlər fraksiyası (4 nəfər).
Öz fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti parlamentinin 140 iclası keçirilmişdi. Parlamentdə 11 müxtəlif komissiya fəaliyyət göstərmişdi. 1919-cu il dekabrın 25-nə qədər parlamentə ölkə həyatının müxtəlif məsələlərinə dair 215 qanun layihəsi daxil olmuşdu ki, onların da əksəriyyəti parlament tərəfindən qəbul edilmişdi. Öz sosial mənşəyinə görə parlament üzvləri arasında milli burjuaziyanın nümayəndələri üstünlük təşkil edirdi. Buraya 43 nəfər neft sənayeçisi, 12 nəfər iri tacir, 8 nəfər din xadimi və başqaları daxil idi. Azərbaycan parlamenti və parlament tərəfindən təsdiq olunmuş Azərbaycan hökuməti çox mürəkkəb bir şəraitdə fəaliyyət göstərirdi.
Elə bu vaxtlar Fransada qalib dövlətlərin beynəlxalq Versal Sülh Konfransı işə başladı. 1919-cu il yanvarın 8-də Azərbaycan Cümhuriyyəti Parisə - sülh konfransına xüsusi nümayəndə heyəti göndərdi. O, qarşısında böyük dövlətlər tərəfindən Azərbaycanın istiqlaliyyətinin tanınmasına nail olmaq vəzifəsi qoyulmuşdu. Nümayəndə heyətinə Ə.Topçubaşov rəhbərlik edirdi. Onun üzvləri M.Hacınski, Ə.Şeyxülislamov, Ə.Ağayev, müşavirləri isə M.Məhərrəmov, M.Mehdiyev, C.Hacıbəyov idi.
1918-ci il noyabrın 17-də general V.Tomson başda olmaqla ingilis qoşun hissələri Ənzəlidən Bakıya gəldi. Bakı dəniz limanında qarşılanarkən V.Tomson İngiltərə, Fransa və Amerika qüvvələrinin komandanı kimi bildirdi ki, ingilislər Azərbaycan ərazisini “qorumaq üçün” buraya gəlmişlər. Onlar Azərbaycanın daxili işlərinə qarışmayacaqlar. Lakin onun bu sözləri vəd olaraq qaldı. Elə ilk gündən onlar Azərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışmağa başladılar.Tomson özünü Bakının hərbi qubernatoru elan etdi. Gəncə, Şuşa və Naxçıvana qoşun hissələri göndərdi. İngilis komandanlığı tədricən Azərbaycan neft sənayesi və nəqliyyatına nəzarəti öz əlinə aldı. Hətta bunun üçün Britaniya Neft Müdiriyyəti və Nəqliyyatı İdarəsi də yaradıldı. 1919-cu ilin avqustuna qədər onlar Azərbaycandan 30 milyon puddan çox neft daşıyıb aparmışlar. Azərbaycanın dəmir yolu və su yollarında ingilislərə xüsusi imtiyazlar verildi. Lakin Azərbaycan parlamenti və Fətəli xan Xoyski hökumətinin yeritdiyi ardıcıl, təmkinli siyasət general Tomsonun Azərbaycana qarşı münasibətini dəyişdi. Dekabrın 28-də o, Azərbaycan hökumətini tanıdığını və onu Azərbaycanda yeganə qanuni hökumət hesab etdiyini bildirdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qısa bir vaxtda gənc respublikanın daxili və xarici siyasət, dövlət quruculuğu, təsərrüfat və nəqliyyat, cümhuriyyətin müdafiəsi, maarif və mədəniyyətin inkişaf etdirilməsi sahələrində bir çox iş görə bildi. Özü də nəzərə almaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu işləri çox mürəkkəb tarixi şəraitdə, xarici hərbi müdaxiləçilərin təzyiqi altında həyata keçirməyə məcbur olmuşdu. Azərbaycanın beynəlxalq vəziyyətini Ermənistanla hərbi-siyasi və sərhəd münaqişələri də çətinləşdirirdi.
Arxiv sənədləri 1918 – 1920-ci illərdə erməni daşnak quldur dəstələrinin azərbaycanlılara qarşı təkcə Ermənistan ərazisində deyil, həm də Azərbaycanın öz ərazisində törətdikləri vəhşilikləri təkzibolunmaz faktlarla sübut edir. 1918 – 1919-cu illərdə keçmiş İrəvan quberniyasında azərbaycanlılar yaşayan 200-dən çox kənd talan edilmiş, yandırılmış, əhalisi isə qovulmuşdur. Bu illərdə yüz mindən yuxarı azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdı. Zəngəzur, Naxçıvan, Qarabağ, Ordubad və başqa yerlərdən Azərbaycan Cümhuriyyətinin parlamentinə və hökumətinə göndərilmiş yüzlərlə teleqram, məktub, və ərizələrdə daşnak quldur dəstələrinin törətdikləri vəhşiliklər haqqında məlumat verilirdi. Qaçqınlar problemi o dövrdə də Azərbaycan xalqının tarixində başlıca problem idi. Qaçqınlar problemi ilə məşğul olmaq üçün Azərbaycan hökuməti tərkibində xüsusi himayə nazirliyi yaradılmışdı. Təkcə 1919-cu ildə qaçqınlara yardım üçün bu nazirliyə 3 milyon manatdan yuxarı vəsait ayrılmışdı. Mil düzündə - Gaur arxı ətrafında İrəvan quberniyasından qaçmış 50 minə yaxın azərbaycanlının məskunlaşdırılması problemi dururdu. Bu məqsədlə böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin və onun həyat yoldaşı Həmidə xanım Cavanşirin Azərbaycan parlamentinə və hökumətinə vurduqları teleqram olduqca maraqlıdır. Bu teleqramda onlar Həmidə xanımın atası Əhmədbəy Cavanşirin Gaur arxının çəkilməsi üçün hazırladığı texniki sənədləri hökumətin ixtiyarına verməyi təklif edirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Qarabağın ermənilərdən ibarət əhalisi Azərbaycan hökumətinə tabe olmaqdan imtina etdi və Qarabağda Erməni Milli Şurası yaratdı. Digər tərəfdən, Andranikin quldur dəstələri Zəngəzur mahalında yerli əhaliyə qarşı vəhşiliklər törətməklə yanaşı, Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə basqınlar edir, onları talayır, yandırır, dağıdırdılar.
Azərbaycan parlamentinin 1918-ci il 20 dekabr tarixli fövqəladə iclası Andranikin Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında törətdikləri vəhşiliklərə qarşı mübarizəyə həsr olundu. Bu məqsədlə 1918-ci ilin axırında Şuşa, Zəngəzur, Cavad və Cəbrayıl qəzalarını əhatə edən müvəqqəti Qarabağ general-qubernatorluğu yaradıldı. 1919-cu ilin yanvarında Xosrov bəy Sultanov Qarabağa general-qubernator təyin olundu. O, Qarabağda qayda-qanun yaratmağa başladı. Həmin ilin sentyabrında Qarabağ Erməni Milli Şurası ilə Azərbaycan Hökuməti arasında bağlanan müqaviləyə görə, yerli ermənilərə mədəni muxtariyyət verildi.
1919-cu ilin yayında Denikin ordularının Zaqafqaziya üzərinə hücumu gözlənilirdi. Burada Denikinə qarşı münasibət müxtəlif idi. Ermənistan Respublikası Denikinlə hərbi ittifaq bağlamışdı. Azərbaycan və Gürcüstan cümhuriyyətləri isə Denikin qüvvələrinin hücumu təhlükəsindən narahat idi. Buna görə də 1919-cu il iyunun 27-də Azərbaycanla Gürcüstan arasında Denikinə qarşı üç il müddətinə qarşılıqlı hərbi- müdafiə ittifaqı yaradıldı. Bu müqaviləyə görə, saziş bağlayan hər iki tərəf öz öhdəsinə götürürdü ki, tərəflərdən birinin və ya hər ikisinin istiqlaliyyətinə və ərazi bütövlüyünə hər hansı üçüncü tərəfdən təcavüz olunarsa, onda onlar hücum edən tərəfə qarşı birlikdə çıxış edəcəklər. Bu müqavilə tam müdafiə məqsədi daşıyırdı.
Azərbaycan hökuməti Zaqafqaziya respublikalarına aid məsələləri həmişə dinc yolla həll etməyə çalışırdı. 1919-cu il aprelin 25-də Tiflisdə siyasi, iqtisadi, maliyyə, habelə sərhəd məsələləri ilə əlaqədar mübahisələri həll etmək məqsədilə Qafqaz konfransı çağırıldı. Lakin Denikin ordusunun Şimali Qafqaza hücumu, habelə, bir tərəfdən Azərbaycan və Gürcüstan, digər tərəfdən isə Ermənistan arasında sərhəd məsələləri barədə fikir ayrılığı konfransın işini pozdu.
Gürcüstanla geniş dostluq və əməkdaşlıq əlaqələri yaratmış Azərbaycan Ermənistanla da ümumi dil tapmağa çalışırdı. Azərbaycan hökumətinin təşəbbüsü ilə 1919-cu il noyabrın 23-də Tiflisdə hər iki respublika baş nazirlərinin görüşü oldu. Bu görüşdə bir sıra məsələlər, başlıcası isə mübahisəli sərhəd məsələləri müzakirə olundu. Baş nazirlər tərəfindən razılaşdırılmış komissiya yarımçıq qalmış Zaqafqaziya konfransını davam etdirmək məsələsini müzakirə etdi və onun gündəliyini bəyəndi. Azərbaycan nümayəndə heyətinin Tiflisdəki görüşünün nəticələrini müzakirə edən Azərbaycan hökuməti bildirdi ki, Zaqafqaziya xalqlarının möhkəm əlaqəsi onların siyasi müstəqillikləri və iqtisadi müvəffəqiyyətləri üçün başlıca şərtdir.
Gürcüstan və Ermənistan respublikaları da bu təkliflə razılaşdılar, lakin 1920-ci ilin əvvəllərində baş verən hadisələr, Zaqafqaziyada vəziyyətin mürəkkəbləşməsi bu məsələnin həllinə mane oldu.
Azərbaycan Cümhuriyyəti hökuməti öz suverenliyinin tanınmasını Birinci dünya müharibəsinin qalib ölkələri olan İngiltərə, Fransa və ABŞ-dan təkidlə tələb edirdi. Bu sahədə Ə.Topçubaşov başda olmaqla Azərbaycandan Paris Sülh Konfransına göndərilmiş nümayəndə heyəti yorulmadan çalışırdı. Bunu Ə. Topçubaşovun xaricdən məktubları da əyani şəkildə sübut edir. Yalnız 1920-ci il yanvarın 12-də Denikinin orduları məğlub olduqda və Qafqazda vəziyyət dəyişməyə başladıqda Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıdı. Sovet Rusiyası isə müstəqil Azərbaycanı rəsmən tanımırdı. Həmin ilin yanvarından aprelinə qədər F.Xoyski və RSFSR xalq xarici işlər komissarı G.Çiçerin dəfələrlə nota mübadiləsi etdilər. Bu notalarda F.Xoyski Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətinin Sovet Rusiyası tərəfindən tanınmasına nail olmağa çalışırdı. G.Çiçerin isə Azərbaycan Cümhuriyyətini Denikin qüvvələri ilə mübarizə ittifaqına cəlb etmək istəyirdi. Onun bu tələbinə cavab olaraq F.Xoyski bildirirdi ki, Azərbaycan hökuməti Sovet Rusiyasının Denikin orduları ilə mübarizəsini rus xalqının daxili işi hesab edir və ona qarışmağı yolverilməz sayır.
Azərbaycan Xalq Cümhuriyyəti hələ qalib ölkələr tərəfindən rəsmən tanınana qədər özünün müstəqil dövlət kimi suveren hüquqlarını həyata keçirməyə başlamışdı. Azərbaycan Cümhuriyyətinin İstanbul, Tehran, Tiflis, İrəvan, Kuban və Donda diplomatik nümayəndələri, Batum və Ukraynada baş konsulları, Krım və Petrovskidə isə konsul agentləri fəaliyyət göstərirdi. Bakıda isə Gürcüstan və Ermənistan respublikalarının diplomatik nümayəndəlikləri, İranın baş konsulu, Belçika, Hollandiya, Yunanıstan, İsveç və İsveçrə konsulları, İngiltərə, ABŞ və Ukraynanın vitse-konsulları, Litva, Polşa və Finlandiyanın konsul agentləri var idi.
Qeyd olunduğu kimi, Azərbaycan parlamenti işə başladıqdan sonra təşkil edilmiş hökumətin həyata keçirdiyi tədbirlərdə demokratik meyillər daha çox nəzərə çarpırdı.
Ölkənin inzibati-ərazi quruluşunda dəyişikliklər edildi, maliyyə işi qaydaya salındı, Azərbaycan Dövlət Bankı yaradıldı. Dağıdılmış iqtisadiyyatın bərpası üçün xeyli iş görüldü. Bakı-Batum neft kəməri bərpa olundu. Bakı – Culfa dəmir yolunun çəkilişi işi sürətləndirildi və s.
M.Ə.Rəsulzadə “İstiqlal” qəzetində yazırdı ki, Azərbaycan Cümhuriyyəti hökumətinin qarşısında duran başlıca vəzifə bütün qüvvələri xalqın rifahını yaxşılaşdırmaq tədbirlərinə yönəltmək idi. Xalqın maddi rifah halının yüksəldilməsi isə yalnız iqtisadi inkişaf sayəsində və kütlələrin işlə təmin edilməsi nəticəsində hasil ola bilərdi. Azərbaycan parlamenti və hökuməti cəmiyyətin müxtəlif sinifləri arasında razılığın əsasını qoya bilmək məqsədilə, ilk növbədə, torpaq məsələsini həll etmək üçün mühüm qərarlar qəbul etməli idi. Kəndlilərə torpaq vermək, əkin-biçin işlərini birlikdə yoluna qoymaq üçün 29 maddədən ibarət torpaq islahatı haqqında qanun layihəsi hazırlanaraq, 1920-ci il fevralın 21-də ümumxalq müzakirəsi üçün dərc olundu. Həmin qanun layihəsinə görə, torpaq üzərində mülkiyyət hüququ saxlanılmaqla, torpaqların sahibləri tərəfindən istifadə olunmayan hissəsi hökumət tərəfindən pulla alınaraq kəndlilərə paylanmalı idi. Digər tərəfdən, kəndlilərə həmin torpaqları almaq üçün güzəştli şərtlərlə kredit verilməsi nəzərdə tutulurdu. Lakin məlum səbəblərə görə, bu qanunun qəbul edilməsinə vaxt çatmadı.
Azərbaycan Cümhuriyyəti hökuməti sənaye müəssisələrində çalışan fəhlələrin həyat şəraitini yaxşılaşdırmaq haqqında da düşünürdü. Lakin sənaye müəssisələri üzərində xüsusi mülkiyyət hüququnun saxlanması hökumətə bu sahədə az-çox köklü dəyişikliklər həyata keçirməyə imkan vermirdi. Hökumət yalnız fəhlələrin əmək haqqı və iş şəraiti üzərində nəzarət işini öz üzərinə götürə bildi. Beləliklə, nə aqrar, nə də sənaye məsələsi həll edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət, ilk növbədə isə xalq təhsili sahəsində həyata keçirdiyi tədbirlər xüsusilə diqqəti cəlb edir. Hökumət Azərbaycanda olan məktəblərin çoxunu milliləşdirdi, yeni-yeni məktəblər açdı. Cümhuriyyətin müxtəlif şəhər və kəndlərində 637 ibtidai məktəbi, 23 orta ixtisas müəssisəsi, o cümlədən 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəbi, 3 müəllimlər seminariyası, 3 qadın tədris müəssisəsi var idi. Bu tədris müəssisələrinin hamısı dövlət hesabına saxlanırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə açdığı Bakı Dövlət Universiteti xalqımızın mədəni həyatında əlamətdar hadisə idi. Müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın müxtəlif ali məktəblərinə göndərildi və həmin tələbələrin bütün xərclərini hökumət öz üzərinə götürdü. Savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji kurslar yaradıldı. Kursları qurtaranların, demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi. İbtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşri işinə başlandı. Lakin 1920-ci ilin aprelində ölkədə vəziyyət gərginləşdi. Bu vaxt XI Qırmızı ordu Denikin ordularının qalıqlarını məğlub edərək, Azərbaycan Cümhuriyyətinin şimal sərhədlərinə yaxınlaşdı.
F.Xoyski aprelin 15-də Sovet Rusiyasına öz hökuməti adından nota göndərərək Azərbaycanın təhlükəsizliyindən narahat olduğunu bildirdi. Onun notası cavabsız qaldı. Aprelin 27-də XI ordu Azərbaycan sərhədlərini keçərək, Bakıya doğru hərəkət etdi. Bolşeviklərin real surətdə hakimiyyəti ələ almasına imkan yarandı. Elə həmin gün Azərbaycan parlamenti hakimiyyəti bolşeviklərə təslim etmək məsələsini müzakirə etdi və hakimiyyəti qan tökülmədən vermək haqqında qərar qəbul olundu. Həmin qərarda deyilirdi ki, hakimiyyət bu şərtlə bolşeviklərə təslim edilir ki, Azərbaycanı idarə edəcək Sovet hakimiyyəti onun tam istiqlaliyyətini qoruyub saxlasın.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ictimai fikir tarixində, Azərbaycan dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutur.
Ataxan PAŞAYEV,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi,
tarix elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.