Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk demokratik, parlamentli respublikası

Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və Böyük Oktyabr sosialist inqilabının qələbəsi nəticəsində Petroqrada gedə bilməmiş nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşdı. Onlar Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar.

Azərbaycan nümayəndələrinin təkidilə Zaqafqaziya Seymi aprelin 9-da Zaqafqaziyanın suverenliyini və Zaqafqaziya qoşma Xalq Cümhuriyyəti yaradıldığını elan etdi. Lakin  Zaqafqaziya Cümhuriyyətinin yaranması daxili və xarici siyasət sahəsinə heç bir dəyişiklik gətirmədi. Seymdə iştirak edən nümayəndələr arasındakı daxili ziddiyyətlər və xarici orientasiya məsələlərində əks mövqelər nümayəndələrin ümumi dil tapmasına imkan vermirdi. Zaqafqaziya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeyini ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Onların ümumi platforması yox idi. 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirildi. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan etdi. Gürcüstanın ardınca Ermənistan da öz istiqlaliyyətini elan etməyə hazırlaşdı. Belə bir şəraitdə Zaqafqaziya Seyminin müsəlman fraksiyası da hərtərəfli müzakirədən sonra belə bir qərara gəldi ki, “əgər Gürcüstan öz istiqlaliyyətin elan edərsə onda bizim tərəfimizdən də Azərbaycanın istiqlaliyyəti elan olunmalıdır”.

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökumətini yaratmaq məqsədilə Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplaşdı. Hərtərəfli müzakirədən sonra onlar belə ağır bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan etdilər.

Bu iclasda Milli Şuranın Rəyasət Heyəti seçildi. Rəyasət Heyətinə Türk (Azərbaycan - A.P.) Demokratik Federalistlər Partiyasının müsavatçıların və partiyasızların demokratik qrupu tərəfindən M.Hacınski, N.Yusifbəyov, X.Xasməmmədov, M.Cəfərov, Müsəlman Sosialist Bloku partiyalarından X.Məlikaslanov, C.Hacınski, sosial demokrat (menşevik) “Hümmət” partiyasından Ə.Şeyxülislamov, Rusiya müsəlmanlarının “İttihad” partiyasından isə doktor X.Sultanov daxil edildi. Görkəmli siyasi xadim Məmmədəmin Rəsulzadə gizli səsvermə yolu ilə Azərbaycan Milli Şurasının sədri seçildi.

Mayın 28-də keçmiş Qafqaz canişininin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirildi. Uzun və hərtərəfli müzakirədən sonra Milli Şura “Azərbaycanın İstiqlaliyyəti haqqında bəyannamə” qəbul etdi. Bəyannamədə deyilirdi:

“Böyük Rusiya inqilabının cərəyanı ilə, dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərginə mövcud bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayisiyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü.

Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət Hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənub-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən ərai-ümumiyyə ilə intixab olunan Azərbaycan şurai milliyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənub-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür ediyor.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərə münasibəti-Həsənə təsisinə əzm edər.

4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.

5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

6. Məclisi-Müəssan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai-Milli və Şurai milliyəyə qarşı məsul hökuməti-müvəqqəti durur”.

Sonra Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətini təşkil etməyi şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Hərtərəfli müzakirədən sonra ilk Azərbaycan Müvəqqəti hökuməti aşağıdakı tərkibdə təsdiq olundu: F.Xoyski - nazirlər şurasının sədri və daxili işlər naziri, X.Sultanov - hərbi nazir, M.Hacınski - xarici işlər naziri, N.Yusifbəyli - maliyyə və maarif naziri, X.Xasməmmədov - ədliyyə naziri, M.Y.Cəfərov - sənaye və ticarət naziri, Ə. Şeyxülislamov - əkinçilik və əmək naziri, X.Məlikaslanov - yollar, poçt və teleqraf naziri, C.Hacınski - dövlət nəzarəti naziri.

Azərbaycan Milli Şurasının və hökumətinin yaranmasını, onların məqsəd və vəzifələrini izah etmək məqsədi ilə Zaqafqaziyanın azərbaycanlılar yaşayan şəhər və qəzalarına nümayəndə heyətləri göndərmək qərara alındı. N.Yusifbəyli, M.Rüstəmbəyov və doktor X.Sultanovdan ibarət ilk nümayəndə heyəti Gəncəyə göndərildi.

May ayının 30-da radioteleqraf vasitəsilə Azərbaycanın istiqlaliyyəti barəsində dünyanın bütün siyasi mərkəzlərinə – cümlədən, London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Moskva, Roma, Vyana, Buxarest, Tokio, Haaqa, Kopenhagen, Stokholm və s. şəhərlərə rəsmi bəyanat göndərildi.

Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb tarixi şəraitdə fəaliyyətə başladı. Bu vaxt Bakıda S.Şaumyan başda olmaqla, Bakı Xalq Komissarlar Soveti fəaliyyət göstərirdi. 1918-ci il mart hadisələrindən sonra Bakı Kommunası azərbaycanlı əhali arasında öz nüfuzunu itirmişdi. Buna görə də onun təsiri Azərbaycan qəzalarına yayıla bilmir və burada hərc-mərclik hökm sürürdü. Azərbaycan Milli Şurası və hökuməti öz təsir dairəsinin bütün Azərbaycan ərazisində genişləndirmək məqsədilə 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Bu vaxt Gəncədə real hakimiyyət hələ may ayının axırlarında 300 nəfərlik hərbi təlimatçılarla Gəncəyə gəlmiş Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru paşanın əlində idi. O, tezliklə Gəncədə hərc-mərcliyə son qoymuş, şəhərdə qayda-qanun yaratmışdı. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdığı tədbirlərin “həddindən çox demokratik istiqamətindən” narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsiri ilə Gəncədə real hakimiyyətə malik olan Nuru paşa buraya gəlmiş Azərbaycan Milli Şurasını və hökumətini şübhə ilə qarşıladı. Hətta o, Milli Şuranın üzvlərini qəbul etməkdən belə imtina etdi. Nəticədə Azərbaycanın müstəqilliyi məsələsi təhlükə qarşısında qaldı. Nuru paşanın müşaviri və onun yanında böyük nüfuza malik olan Əhməd bəy Ağayev qarşılıqlı güzəştlər əsasında ümumi razılığa gəlməyi  təklif etdi. Bu təklifə görə, Milli Şura buraxılmalı və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunmalı idi.

Həmin məsələni müzakirə etmək üçün 1918-ci il iyunun 17-də keçmiş şəhər idarəsi binasında M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti iclası açıldı. F.Xoyski hökumətin istefası bəyanatı ilə çıxış etdi. Uzun müzakirədən sonra hökumətin istefası qəbul olundu və F.Xoyskiyə yeni hökumət təşkil etmək tapşırıldı. Özünün yeni hökumət proqramı ilə çıxış edən F.Xoyski bildirdi ki, yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlıq və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır.

Azərbaycan Milli Şurası F.Xoyski başda olmaqla, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci Müvəqqəti hökumətini təşkil etdi. Buraya müxtəlif partiya fraksiyalarını təmsil edən və bitərəf nümayəndələr - M.Hacınski, N.Yusifbəyli, Ə.Topçubaşov, B.Cavanşir, X.Xasməmmədov, X.Sultanov, X.Rəfibəyov, X.Məlikaslanov, A.Aşurov, Ə.Əmircanov, M.Rəfiyev daxil idi.

Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin Azərbaycan Müvəqqəti hökumətinin əlində cəmləşdirilməsi haqqında iki mühüm qətnamə qəbul olundu.

Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti F.Xoyskinin sədrliyi ilə yaradılmış hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini qısa müddətdə çağrılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməsin.

Müvəqqəti hökumətin hüquq və vəzifələri haqqında digər sənəddə isə qeyd olunurdu ki, Azərbaycan hökuməti Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv edə bilməz, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişməyə hökumətə səlahiyyət verilmir. Azərbaycan hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalıdır. Qalan məsələlərdə hökumətə bütün hüquqlardan istifadə üçün səlahiyyət verilir.

Müvəqqəti hökumət Gəncədə çətin bir dövrdə fəaliyyətə başladı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan edilməsi oldu. Avqustun 11-də qəbul olunmuş Hərbi mükəlləfiyyət haqqında Qanuna müvafiq olaraq 19 yaşına çatmış vətəndaşların ordu sıralarına səfərbər edilməsi elan edildi. Müstəqil Azərbaycan qoşun hissələri yaratmaq işinə başlanıldı. Azərbaycanın istiqlaliyyətini müdafiə edəcək ordunun yaradılmasının mühüm əhəmiyyəti var idi. Azərbaycan Cümhuriyyətinin parlamenti və hökuməti qarşısında duran bir nömrəli vəzifə müstəqil Azərbaycan Cümhuriyyətinin Ordusunu yaratmaq idi. Çarizm əsarətinin yüz ildən yuxarı Azərbaycan xalqına vurduğu ən böyük zərbələrdən biri də, şübhəsiz ki, bu müddət ərzində azərbaycanlıların orduya cəlb edilməməsi idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda onu müdafiə edə biləcək öz ordusu yox idi. Belə bir ordunu yaratmaq üçün isə hərbi işi bilən milli kadrlar çatışmırdı. Buna görə də ordu təşkili azərbaycanlılar üçün çox çətin bir iş idi. Lakin ordusuz da Azərbaycan Cümhuriyyəti öz müstəqilliyini qoruyub saxlaya bilməzdi. Ona görə Azərbaycan Ordusunda beynəlmiləl bir zabit heyəti yaradıldı. Bu işin təşkilini görkəmli azərbaycanlı generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə götürdülər.

Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan Ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi Nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 minə çatdırmağı planlaşdırırdı. Ordunu müvafiq silahlarla təmin etmək hökumətin başlıca vəzifəsi idi. Azərbaycan hökuməti və Hərbi Nazirlik bunun üçün əlindən gələni edirdi.

Eyni zamanda, Azərbaycan hökuməti dövlət aparatının təşkili işini də davam etdirirdi. Azərbaycan dili dövlət dili elan olundu. Lakin çar hakimiyyət orqanlarının təhsil sahəsindəki müstəmləkəçilik siyasətinin nəticəsi olaraq Azərbaycan dilini mükəmməl bilən kadrların olmaması işi  çətinləşdirirdi. Buna görə də müvəqqəti olaraq inzibati, məhkəmə və başqa iş sahələrində Azərbaycan dilli mütəxəssislər hazırlanana qədər rus dilindən istifadəyə icazə verilirdi.

F.Xoyski kabinəsinin mühüm tədbirlərindən biri də iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyası idi. Bu komissiyanın qarşısında Birinci Dünya müharibəsi illərində Zaqafqaziya ərazisində yerli müsəlmanlara qarşı törədilən vəhşiliklər və onların əmlakına qəsd ilə bağlı məsələləri araşdırmaq, bu işdə günahkar olanları aşkar etmək və onları məhkəmə məsuliyyətinə cəlb etmək vəzifəsi qoyulmuşdur.

Gəncənin çarizm zamanı ləğv edilmiş adı Azərbaycan hökumətinin 30 avqust tarixli qərarı ilə özünə qaytarıldı. Elə həmin qərarla Qaryagin qəzası da Cəbrayıl qəzası adlandırıldı. İyunun 30-da Zaqatala dairəsi əhalisinin xahişi nəzərə alınaraq dairənin Azərbaycan Cümhuriyyətinə birləşdirilməsi haqqında qərar qəbul olundu. Ümumiyyətlə, paytaxt Bakıya köçürülənə qədər  Azərbaycan hökuməti Gəncədə ölkənin iqtisadi həyatı, dəmir yolunun bərpası və sair ilə əlaqədar bir sıra digər mühüm tədbirlər də həyata keçirdi.

1918-ci il iyulun axırlarında S.Şaumyanın başçılıq etdiyi Bakı Kommunası süqut etdi. Bakı Sovetinin eser-menşevik-daşnak nümayəndələrindən ibarət “Sentrokaspi diktaturası” Bakıda hakimiyyəti ələ keçirdi. Onlar Bakıda cəmi ay yarım ömür sürə bildilər. 1918-ci il sentyabrın 15-də Türkiyə və Azərbaycan hökumətinin qoşun hissələri Bakıya daxil oldu. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu.

Bakıya köçdükdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti istər ictimai-siyasi, istərsə də təsərrüfat və mədəni həyat sahəsində daha mühüm tədbirlər həyata keçirməyə başladı. Müəssislər Məclisinin çağrılması işinin təşkili üçün Nazirlər Şurasının sədri, daxili işlər naziri və xalq maarif nazirindən ibarət komissiya yaradıldı. 1918-ci il noyabrın 9-da Azərbaycan hökuməti Azərbaycanın milli bayrağını təsdiq etdi. Azərbaycanın milli bayrağı mavi, qırmızı və yaşıl rəngli parçadan hazırlandı, üzərində aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur.

1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da Bakıda öz işini yenidən bərpa etdi. İclasda çıxış edən Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyski Milli Şura üzvlərinə müraciət edərək bildirdi ki, hökumətin Müəssislər Məclisini çağırmaq üçün hazırlıq işinə vaxtı çatmadığından Milli Şura bu işi öz öhdəsinə götürsün. Milli Şura bu təkliflə razılaşdı. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclası 120 nəfərdən ibarət parlament yaratmaq haqqında Azərbaycan hökuməti tərəfindən təqdim olunmuş qanun layihəsini qəbul etdi.

(ardı var)

 

Ataxan PAŞAYEV,

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi,

tarix elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında