Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin AzərTAc-a müsahibəsi
- İcazə verin, ilk növbədə, müsahibə üçün Sizə təşəkkür edək. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar bu günlərdə “Azadlıq” radiosunun müxbirinə müsahibə vermişdir. Bu müsahibə Azərbaycan cəmiyyətində anlaşılmazlıq yaratmışdır. Politoloqlar, ekspertlər, deputatlar, sıravi vətəndaşlar həmin müsahibəyə mənfi münasibət bildirmiş və onu diplomat üçün rəva görülməyən tonun təzahürü kimi qiymətləndirmişlər. Müsahibəni Prezident Administrasiyasının nümayəndələri də şərh etmişlər. Bu barədə sizinlə daha ətraflı söhbət etmək istərdik. Siz ABŞ səfirinin bu müsahibəsini Birləşmiş Ştatlar ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər kontekstində bütövlükdə necə qiymətləndirirsiniz?
- Mən, ilk növbədə, səfir Morninqstarın həmin müsahibədə ifadə olunmuş mövqeyinə münasibət bildirməyi zəruri hesab etmiş insanların hamısına təşəkkür etmək istərdim. Bu, bizim insanların əsl vətəndaşlıq mövqeyidir.
Doğrudan da dünyada, o cümlədən postsovet məkanında da bir çox cəhətdən məhz Qərbin təqsiri üzündən kəskinləşmiş geosiyasi proseslər fonunda ABŞ səfirinin qərəzli müsahibəsi ən azı heyrət doğurur. Hər halda onu belə bir müsahibə verməyə və diplomatik etiket baxımından bu qədər qeyri-korrekt fikirlər söyləməyə hansı motivlərin və səbəblərin sövq etdiyini deməyə çətinlik çəkirəm. Bu, ölkənin daxili işlərinə açıq-aydın və kobudcasına müdaxilə deməkdir. İstənilən halda buna haqq qazandırmaq mümkün deyil və ola da bilməz. Bir daha vurğulamaq istəyirəm ki, səfirin söylədiyi fikir mahiyyət etibarilə onun olduğu ölkənin daxili işlərinə açıq və bilavasitə müdaxilədir. Bu isə Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına görə yolverilməzdir. Üstəlik, həmin müsahibənin tonu öz baxışlarını müstəqil dövlətə diktə etmək və qəbul etdirmək cəhdini xatırladır.
Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan heç kimin müstəmləkəsi deyil, müstəqil dövlətdir. Morninqstar ABŞ-ın səfiri kimi çalışdığı ölkənin suverenliyinə hörmətlə yanaşmağa sadəcə borcludur. Yeri gəlmişkən, bu sözlər bəzi Qərb ölkələrinin səfirlərinə də birbaşa aiddir, onlar ABŞ səfirindən nümunə götürərək onun kimi hərəkət etməyə çalışırlar. Biz Azərbaycana hörmətsiz münasibətə dözmək niyyətində deyilik.
Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə demişdir ki, o, istər Azərbaycana, istərsə də onun xalqına etinasız və hörmətsiz münasibətə dözməyəcək və buna yol verməyəcəkdir. Hesab edirəm ki, bizim amerikalı həmkarlar ölkəmizin rəhbərliyinin mövqeyini yaxşı bilirlər. Lakin əgər ABŞ səfiri heç nəyə məhəl qoymadan Azərbaycanın ünvanına bu cür kobud hücumlar etməyi özünə rəva görürsə, deməli, onun statusu ilə bağlı ciddi problemləri vardır. Təəssüf ki, səfir Morninqstarın diplomat üçün yolverilməz formada bizə diktə etməyə, ölkəmizin daxili işlərinə qarışmağa cəhd etməsi birinci dəfə deyildir. Bu, onun diplomat kimi peşəkarlığını çox böyük sual altına qoyur.
Səfirin Azərbaycanın qonşuları barədə söylədiklərində daha bir mühüm fakt diqqəti cəlb edir. Bu cür bəyanatlar sırf təhrikçilikdən başqa bir şey deyildir. Azərbaycan üçüncü qüvvələrin arzularından asılı olmayaraq, öz qonşuları ilə mehriban qonşuluq münasibətləri saxlayır və həmişə saxlayacaqdır. İndiki dövrdə dünyada yaranmış vəziyyət bizim fəaliyyətimizin düzgün və səmərəli olduğunu növbəti dəfə sübut edir.
Bu müsahibənin kontekstindən çıxış edərək deyə bilərəm ki, səfir əndazəni aşmışdır. O, özünü Azərbaycanda qaraqışqırıq salmaqla hökmranlıq edən bir qubernator zənn etmişdir. Səfirin özünə güvənməsi elə özünə qarşı çevrilmişdir. Çoxsaylı görkəmli ekspertlər, o cümlədən amerikalı ekspertlər hesab edirlər ki, Vaşinqtonun indiki xarici siyasətində böhran elementləri göz qabağındadır. ABŞ dövlət katibi cənab C.Kerrinin bu sahədə konseptual dəyişikliklərin zəruri olması barədə bəyanatı da bu fikri təsdiqləyir. Görünür, Morninqstar dünyada yeni siyasi meyilləri sezməmişdir. Aşkardır ki, səfir Morninqstarın və onun fəaliyyətinə bilavasitə rəhbərlik edənlərin dünyagörüşü keçmişdə ilişib qalmışdır və müasir dövrün tələblərinə ziddir. Çoxqütblü dünya müstəmləkəçilik təfəkküründən imtina etməyə çağırır.
- Gəlin, söhbətimizi daha konkret şəkildə davam etdirək. Səfirin belə bir fikrindən başlayaq ki, guya, Azərbaycanın müstəqilliyinin qarantları məhz ABŞ və Avropa İttifaqıdır. Guya, əgər sabah ABŞ “qapını çırparaq” Azərbaycandan çıxıb getsə, bizim işlərimiz pis olacaqdır. Səfir Azərbaycanın suverenliyi üçün təhdidlər kimi qonşularımızı göstərir, Rusiyanı xüsusi vurğulamağa çalışır. Bu fikir real vəziyyətə nə dərəcədə uyğundur?
- Heç kəs unutmamalıdır ki, Konstitusiyaya uyğun olaraq ölkəmizin müstəqilliyinin qarantı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Heç bir kənar qüvvə heç vaxt bizim müstəqilliyimizin qarantı kimi çıxış etməmişdir, etmir və edə bilməz. Qoy, Morninqstar bizim üçün heç fikir çəkməsin, Azərbaycanın indiki inkişaf səviyyəsi, iqtisadiyyatın artımı və dövlətçilik təsisatlarının möhkəmlənməsi bizə xalqın dəstəyinə güvənərək ölkənin müstəqilliyini müdafiə etmək imkanı verir.
Dövlətlərin müstəqilliyinə təhdidlər həmişə dünyanı təkbaşına idarə edənlərdən yaranmışdır. Bu gün vəziyyət başqadır.
Sizin sualınızın ikinci hissəsinə gəldikdə isə məlum həqiqəti xatırlatmaq istəyirəm - diplomatların vəzifəsi qapıları açmaqdır, onu arxasınca çırpmaq deyildir. Bunu hər kəs edə bilər, lakin əgər sizə diplomat missiyası həvalə edilmişdirsə, zəhmət çəkin, bu missiyanı məsuliyyətlə və vicdanla yerinə yetirin. Regiondan çıxıb getmək və təhrikçi fikirlər söyləməklə Azərbaycanı şantaj etmək lazım deyil. Şantaj, hədə-qorxu dili ilə etimad və rəğbət qazanmaq mümkün deyil. Yaxşısı budur, münasibətlər bərabərhüquqlu əsasda qurulsun və dövlət müstəqilliyini boğmaq siyasətinə ümid bəslənməsin.
Morninqstarın sözlərinə görə, o, Prezident İlham Əliyevlə artıq 19 ildir ki, tanışdır. Lakin görünür, bu müddətdə səfir bir həqiqəti dərk etməmişdir ki, Azərbaycan lideri yüksək tonla danışmağı, hədələri və şantajı qəbul etmir. Yoxsa, Morninqstar Azərbaycanda vəziyyət barədə qeyri-korrekt fikirlər söyləməyi özünə rəva görməzdi. Biz yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq əzmindəyik və buna hazırıq, dövlətlərarası münasibətlərin başqa formaları bizim üçün qəbuledilməzdir. Mən şübhə etmirəm ki, Vaşinqtonda Azərbaycanla bağlı siyasəti sağlam düşüncəli və təcrübəli siyasətçilər müəyyən edir. Onlar çox gözəl başa düşürlər ki, Azərbaycandan getmək onlara hansı geosiyasi qiymətə başa gələcəkdir. Avropa İttifaqı ölkələrində də bunu yaxşı başa düşürlər. Beynəlxalq məsələlərin mövcud vəziyyətini nəzərə alsaq, ABŞ səfirinin mövqeyi olduqca qeyri-ciddi səslənir. Mən güman etmirəm ki, ABŞ özünün çoxdanışan səfirinin məsuliyyətsiz bəyanatları ucbatından Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayan Azərbaycan ilə münasibətləri korlayacaqdır. Razılaşın ki, ABŞ diplomatiyasının ənənəvi praqmatizmi buna imkan verməz. Morninqstara gəldikdə isə, məndə belə bir fikir yaranır ki, o, Azərbaycanda səfir kimi özünü doğrultmadı.
İndi isə ABŞ nümayəndəsinin Azərbaycanın öz qonşuları ilə qarşılıqlı münasibətləri barədə sözlərinə diqqət yetirək. Mən növbəti dəfə vurğulamaq istərdim ki, Azərbaycanın xarici siyasəti onunla həmhüdud ölkələrlə mehriban qonşuluq və sülh münasibətlərinə əsaslanır. Biz onların daxili işlərinə qarışmırıq və özümüzə münasibətdə də bunu tələb edirik. Rusiyaya gəldikdə isə, bu ölkə bizim ən yaxın qonşumuzdur və onunla münasibətlər Azərbaycanın xarici siyasətində həmişə xüsusi bir vektor olmuşdur. Ölkələrimiz arasında qarşılıqlı anlaşma vardır. Ortaya çıxan bütün məsələlər yalnız danışıqlar və bərabərhüquqlu dialoq yolu ilə həll edilir. Həllini gözləyən yeganə məsələ Dağlıq Qarabağ problemidir. Belə hesab etmək qeyri-obyektiv olardı ki, indiki məqamda Rusiya ilə Azərbaycan arasında hansısa bir gərginlik vardır. Hərçənd, istər daxildə, istərsə də xaricdə müəyyən qüvvələr Azərbaycan ilə Rusiya arasında münasibətləri korlamaq üçün dəfələrlə cəhd göstərmişlər. Lakin bu iki dövlətin rəhbərlərinin müdrikliyi və qarşılıqlı etimadı sayəsində belə təhriklər uğursuz olmuşdur.
Səfir Morninqstar hesab edir ki, Azərbaycanın cənubdan İranla və şimaldan Rusiya ilə qonşu olması guya bizim ölkəmiz üçün təhlükədir. Hərçənd, o, nədənsə Azərbaycanın ərazi bütövlüyünə əsas təhlükəni unutmuşdur. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan təkcə Azərbaycanın ərazi bütövlüyü üçün başlıca təhlükə deyil, həm də regionda barıt çəlləyidir. ABŞ-da bu barədə narahat olmalıdırlar, nəinki bizim qonşumuzun kim olması barədə. Erməni işğalçılar bizim torpaqları tərk edib getməyincə, regionda hərbi münaqişənin başlanması təhlükəsi qaçılmazdır.
Əgər ABŞ həqiqətən özünü müstəqilliyin qarantı hesab edir və bizim qeydimizə qalırsa, onda nəyə görə o, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi indiyə qədər ləğv etməyib? Düzdür, Vaşinqton hazırda həmin düzəlişin qüvvəsini dayandırmışdır, lakin əgər amerikalılar ikitərəfli münasibətlərin inkişafında, həqiqətən, bu dərəcədə səmimi maraqlıdırlarsa, onda nə üçün həmin düzəlişi birdəfəlik ləğv etmək istəmirlər? Yaxud, nə üçün ABŞ Ermənistana təsir göstərmir ki, o, Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etsin? Axı, elə hallar məlumdur ki, ABŞ-ın mənafeyi bunu tələb edəndə dərhal praktiki fəaliyyətə başlayıb. Məsələn, Liviyada ABŞ və NATO suveren dövlətə qarşı güc tətbiq etmək aksiyasına başladılar, özü də BMT Təhlükəsizlik Şurasının müvafiq sənədinin mürəkkəbi qurumamış. Bircə anda müvafiq qərar qəbul edildi və operativ şəkildə həyata keçirildi. Yaxud, İraqı və keçmiş Yuqoslaviyanı xatırlayaq, orada ABŞ BMT Təhlükəsizlik Şurasının qərarlarını gözləmədən güc tətbiq etmişdir. Bəs səbəb nədir ki, ABŞ Ermənistan tərəfdən Azərbaycana münasibətdə beynəlxalq hüququn pozulmasına bu dərəcədə laqeyddir? Mənim fikrimcə, ABŞ səfiri ilk növbədə, Azərbaycan ictimaiyyəti üçün məhz bu məsələləri aydınlaşdırmalı idi, - iyirmi ildən artıqdır ki, bu məsələlər, o cümlədən elə Morninqstarın ölkəsinin təqsiri üzündən öz həllini tapmır.
- Qarabağ mövzusunu davam etdirək. Müsahibəsindən görünür ki, Azərbaycanın daxili işlərinə açıq-aşkar müdaxilə edən Morninqstar Qarabağla əlaqədar isə birbaşa cavabdan yayınır. Başa düşürük ki, Ş.M.Taleyranın məşhur ifadəsinə görə, dil diplomata fikirlərini gizlətmək üçün verilmişdir. Lakin, nədənsə, bu prinsip Qərb, o cümlədən Amerika diplomatlarında yalnız Qarabağ münaqişəsinə münasibətdə özünü göstərir. Nə üçün? Bundan əlavə, səfir Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Cənubi Qafqazda fəallaşmasının zəruri olduğunu qeyd edir. Bu barədə Sizin fikriniz necədir?
- Atəşkəs rejiminin 20 illiyi bu yaxınlarda tamam olmuşdur. Bu müddətdə Azərbaycan münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün çox səy göstərmişdir. Biz ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq edir və sülhə nail olmaq üçün bütün imkanlardan istifadə etməyə çalışırıq. Lakin, çox təəssüf ki, hələ nəticə yoxdur. Nə üçün? Cavab sadədir. Ona görə ki, ABŞ-ın heç də sonuncu rol oynamadığı ATƏT-in Minsk qrupu guya təcavüzkarı işğal etdiyi torpaqlardan çıxıb getməyə məcbur edə bilmir.
Məlum olduğu kimi, Qərbin bütün siyasi strukturları Azərbaycan torpaqlarının işğal edilməsi faktı ilə razıdırlar. Lakin onların hamısı ABŞ-ın təsiri ilə tərəfləri bu problemi sülh yolu ilə həll etməyə çağırır. Ermənistan yaxşı görür ki, ATƏT-in Minsk qrupunun üzvləri olan ölkələr bu problemin həllində fəallıq görüntüsü yaradır, əslində isə özlərinin fəaliyyətsizliyi ilə təcavüzkarın bu münaqişənin həllini uzatmasına kömək edirlər.
Hətta sıravi obıvatel də şübhə etmir ki, əgər hər hansı qonşu dövlət ATƏT-in Minsk qrupunun üzvləri olan ölkələrin ərazisinin bir hissəsini zəbt edərsə, həmin ölkə dərhal bu işğala cavab olaraq öz silahlı qüvvələrinin bütün gücünü tətbiq edər. Ermənilərin təcavüzünə isə onlar nədənsə barmaqarası baxırlar. Sizcə bu, ikili standartların aşkar təzahürü deyilmi?
Lakin fakt faktlığında qalır - amerikalılar beynəlxalq hüquq normalarını təcavüzkara münasibətdə tətbiq etməkdə fəallıq göstərməyi zəruri hesab etmirlər. Bunun əvəzinə onlar erməni işğalçıların hərəkətlərini sanki təşviq edirlər.
ABŞ Konqresi Dağlıq Qarabağ separatçılarına hər il maddi yardım göstərir. Müxtəlif məlumatlara görə 1998-ci ildən bəri bu tanınmamış rejimə 83 milyon dollar məbləğində maddi yardım ayrılmışdır. Faktiki yardımın həcmi isə 40 milyon dollar olmuşdur. Bundan əlavə, 1992-ci ildən bu günə qədər ABŞ Ermənistana 2 milyard dollardan artıq maliyyə yardımı göstərmişdir. Bu pulun hansı hissəsinin separatçı rejimə çatması məlum deyil. Keçən il ABŞ Konqresinin Alt Komitəsi qondarma “Dağlıq Qarabağ Respublikası”na maliyyə yardımının həcmini artıraraq 2 milyon dollardan 5 milyon dollara çatdırmağı təklif etmişdi. Sual edilir: Nə üçün? Əgər ABŞ həqiqətən beynəlxalq hüququn zəfər çalmasını istəyirsə, onda separatçılara kömək etməyin və üstəlik, onları maliyyələşdirməyin nə mənası var?
Heç kəs üçün sirr deyildir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi həll edilənə qədər Ermənistanla sərhədlərin açılması məqsədilə Türkiyəyə böyük təzyiq göstərir. Amerikalılar belə səylər göstərərkən yaddan çıxarmamalıdırlar ki, bu sərhədlər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqədar bağlanmışdır. Türkiyə rəhbərliyi daim bəyan edir ki, işğal edilmiş rayonlar azad olunmayınca Ankara öz qərarını dəyişməyəcəkdir. ABŞ isə məlum olmayan səbəblərə görə belə hesab edir ki, əgər təcavüzkara münasibətdə güzəştə gedilərsə, bu, onu kompromis cavab addımı atmağa məcbur edər. Əlbəttə, amerikalıların məntiqi heyrət doğurur, mən deyərdim ki, bu məsələdə, ümumiyyətlə, məntiq yoxdur. Hamıya aydındır ki, ABŞ sərhədlərin açılmasına çalışmaqla heç də Qarabağ münaqişəsini həll etmək məqsədi güdmür. Onun yalnız bir məqsədi var: Ermənistanı öz təsir dairəsinə daxil etmək. Vaşinqton bu cür dolaşıq oyunlar oynayarkən başa düşməlidir ki, bütün bunlar kənardan kifayət qədər açıq görünür. ABŞ səfirindən soruşmaq istərdik: onun dövləti nə vaxta qədər separatçıları təşviq edəcək və eyni zamanda, özünü elə göstərəcək ki, guya münaqişənin həll olunmasını ürəkdən istəyir?
ABŞ-ın bu cür hərəkətlərinin daha bir aşkar məqsədi var: Azərbaycan ilə Türkiyə arasında münasibətləri korlamaq. Bu geosiyasi oyunları başa düşməmək üçün nə qədər sadəlövh olmaq lazımdır!
Qərbdə, o cümlədən ABŞ-da başa düşməlidirlər ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər azad edilməyincə Azərbaycan başqa dövlətin forpostu olan bu ölkə ilə, - nə qədər vədlər verilsə də, - heç vaxt əməkdaşlıq etməyə razı olmayacaqdır.
Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Cənubi Qafqazda diplomatik fəallaşması barədə səfirin sözləri təəccüb doğurmaya bilməz. O, elə belə də deyir: Ukrayna böhranından sonra Dağlıq Qarabağ probleminin həlli məsələsində bizim mövqeyimiz daha əhəmiyyətli olmuşdur. Beləliklə, o etiraf edir ki, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün indiyə qədər lazımınca səy göstərməmişdir.
Qərb birdən-birə ayılmışdır ki, Ukraynanın ərazi bütövlüyü məsələsində beynəlxalq prinsipə riayət edilməlidir. Azərbaycana münasibətdə bu prinsip, eləcə də “təcavüzkar” ifadəsi nədənsə bütün beynəlxalq sazişlərdən və beynəlxalq təşkilatların sənədlərindən pozulur.
Buna görə də amerikalı diplomatın bu fikrinin səmimi etiraf, yoxsa heç nə ilə təsdiqlənməyən növbəti bəyanat olmasını deməyə çətinlik çəkirəm. Əgər bu, səmimi etirafdırsa, onda çox məsələlərə yenidən baxmaq lazım gələcək, əks halda Morninqstarın bu sözləri heç bir öhdəlik doğurmayan növbəti bəyanatdır.
- Morninqstar qeyd edir ki, Azərbaycanda hakimiyyət monolit deyildir, bu hakimiyyətdə Azərbaycan-Amerika münasibətlərini korlamağa çalışan qüvvələr var, ölkənin xarici siyasət xəttinə baxışlar müxtəlifdir. O, hesab edir ki, iqtidarın bəzi nümayəndələri qərbpərəst əhval-ruhiyyədədir və ölkənin gələcəyini Qərb ilə sıx əlaqələrdə görür, lakin başqa qüvvələr - Qərbin əleyhinə olanlar da vardır. Bu barədə nə deyə bilərsiniz?
- Bu, səfirin növbəti yanılmasıdır. Onun sözlərinin həqiqətlə heç bir əlaqəsi yoxdur. Prezident İlham Əliyevin komandası kifayət qədər monolitdir. Azərbaycanın uğurlu xarici və daxili siyasəti bu cür iyrənc insinuasiyalara ən yaxşı cavabdır. Ölkə hökuməti tarazlaşdırılmış xarici siyasət yürüdür və milli mənafelərin tələb etdiyi kimi hərəkət edir. Azərbaycanın tarazlaşdırılmış xarici siyasətini hakimiyyətdə monolitliyin olmaması kimi qələmə vermək arzuedilənin həqiqət kimi təqdim edilməsi cəhdidir, bəlkə də təhrikçilikdir. Hökumət xarici siyasətini müəyyən edərkən ayrı-ayrı şəxslərin simpatiyalarını və antipatiyalarını əsas götürmür, ölkənin həyati mənafelərini rəhbər tutur. Bu mənafelər Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında aydın yazılmışdır. ABŞ səfiri istəsə bu sənədlə tanış ola bilər.
Görünür, səfir belə bir fikir söyləməklə öz ölkəsinin təcrübəsindən çıxış edir, orada ABŞ-ın siyasi elitası arasında xarici siyasətin bu və ya digər istiqaməti barəsində ciddi fikir ayrılıqları mövcuddur. Əyani misal kimi bir faktı xatırlamaq olar ki, ABŞ Prezidenti düz bir il ərzində Azərbaycanda səfir təyin edə bilmədi. Məgər bu fakt ABŞ-ın siyasi elitasında aşkar ziddiyyətlərin göstəricisi deyilmi? Bu fakt onu sübut edir ki, ABŞ-ın Cənubi Qafqazda xarici siyasəti erməni lobbiçilərinin əhval-ruhiyyəsindən nə qədər asılıdır. Zənnimcə, hər şeyi öz adı ilə adlandırmaq lazımdır və səfir bunu başqalarından daha yaxşı bilməlidir.
- ABŞ səfirinin Ukraynada Maydan hadisələri barədə sözləri də suallar doğurur. Cənab Morninqstarın fikrincə, bu hadisələrdən müvafiq nəticələr çıxarmaq və ibrət dərsi almaq lazımdır. Sizin fikrinizcə, səfir nəyə eyham vurur?
- Morninqstar haqlıdır, Ukrayna hadisələri hər bir suveren dövlət üçün dərs olmalıdır. Bu hadisələr bizim inkişaf yolumuzun düzgün olmasını bir daha sübut edir. Demokratiya uzun və çox mürəkkəb prosesdir, ona can atmaq lazımdır, lakin bunu səliqə ilə etmək və hərtərəfli ölçüb-biçmək lazımdır. Avantüra və emosional çıxışlar, kənardan qızışdırılan qüvvələr heç vaxt ölkədə sabitliyin bərqərar olmasına və inkişafa şərait yaratmayacaqdır. Biz uzun illər boyu bu dərsləri öyrənirik. Maydanda baş verən faciəli proseslərdə Qərbin fəal iştirakı göz qabağındadır. Qərb nümayəndələri pozucu qüvvələri hüquqazidd hərəkətlərə açıq təhrik edir, Kiyevdə qanuni hakimiyyətə qarşı etiraz aksiyalarında iştirak edir, nümayişçiləri dəstəkləyir, Ukraynanın o vaxtkı Prezidenti Yanukoviçə qarşı sanksiyalar tətbiq ediləcəyi barədə hədələyirdilər. Bütün bu hərəkətləri suveren ölkənin daxili işlərinə bilavasitə və kobud müdaxilə kimi səciyyələndirmək olar. ABŞ və Aİ gizlətmirdilər ki, onlar Prezident Yanukoviçi devirmək və onların maraqlarına cavab verən qüvvələri hakimiyyətə gətirmək üçün hər cür səy göstərirlər. Onlar buna 1990-cı illərin əvvəlindən hazırlaşırdılar. Təsadüfi deyildir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi V.Nuland bəyan etmişdir ki, ABŞ hakimiyyət orqanları 1991-ci ildən bəri Ukraynada demokratik proseslərə 5 milyard dollar xərcləmişlər. Lakin təcrübə göstərir ki, əksər hallarda bu pullar dağıdıcı qüvvələrin yaradılmasına xərclənir. Ukraynada qeyri-hökumət təşkilatlarının və millətçi qüvvələrin fəaliyyətinin Qərb tərəfindən maliyyələşdirilməsinin hansı fəlakətə gətirib çıxarması heç kəsdə şübhə doğurmur.
Müqayisə üçün demək istəyirəm ki, müxtəlif vaxtlarda bizə də informasiya daxil olurdu ki, müəyyən qüvvələr ölkəmizdə də buna oxşar ssenariləri reallaşdırmağa cəhd göstərirlər. Ekspertlərin və analitiklərin fikrincə, 2013-cü ilin baharında “feysbuk inqilabı” üçün 3 milyon dollardan artıq vəsait sərf edilmişdir. Özü də bu, demokratiyanın dəstəklənməsi kimi qələmə verilir. Gərək siyasi cəhətdən tam savadsız olasan ki, bu qondarma “inqilab” arxasında nələr gizləndiyini başa düşməyəsən. Bütün ərəb dünyası gözümüzün qabağındadır.
Bu və ya digər dövlətdə demokratik təsisatların təşəkkülünə kömək etmək müsbət addımdır, lakin yalnız o zaman ki, həmin niyyətlər vətəndaş cəmiyyətinin maraqlarına xidmət etsin, “nüfuz agentləri” və ya “beşinci kolon” xarici dövlətlərin xüsusi xidmətləri tərəfindən qarşıya qoyulmuş vəzifələri yerinə yetirəndə yox.
Maydan hadisələri göstərdi ki, ölkələrin daxili işlərinə müdaxilə və onları qonşularla münaqişəyə sövq etmək sonda faciəli nəticələrə gətirib çıxarır. İnkişafın təbii dinamikasını pozmaq və demokratiyanı zorakı üsullarla bərqərar etmək olmaz. Başa düşmək lazımdır ki, demokratiyanın güclə tranziti strategiyası demokratik təsisatların inkişafına gətirib çıxara bilməz, əksinə, nəticələri məlum olmayan yeni münaqişələr yaranmasına kömək edir. Belə təcrübə həmişə bu təşəbbüsü irəli sürənlərin özləri üçün qanlı sonluqla bitir. Bu gün Ukrayna öz dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdir, lakin münaqişənin tənzimlənməsi üçün Qərb tərəfdən praktiki tədbirlər görülməsi müşahidə olunmur. Bəs, Ukraynanın siyasi və kriminal qruplarını bu cür canfəşanlıqla demokratik inqilaba çağıranlar və bunun üçün sanballı məbləğlər ayıranlar indi haradadırlar?
Qərb özünün, necə deyərlər, “gözaltı etdiyi” ölkələrdə öz agentlərinə mövcud hakimiyyətdən necə yaxa qurtarmaq, Qərbi qane etməyən hakimiyyəti hansı üsullarla devirmək, necə inqilab etmək barədə təlimatlar verir. Lakin “beşinci kolon” fəaliyyətə başlayan kimi Qərb dərhal özünün bütün təbliğat arsenalını onun nəzarət etdiyi dağıdıcı qrupların dəstəklənməsinə səfərbər edir.
Səfir Morninqstar Azərbaycan barədə heç narahat olmasın və həyəcan keçirməsin. Biz özümüz üçün çoxdan lazımi nəticələr çıxarmışıq, özü də bunlar heç də “ən pis” nəticələr deyil. Daha dəqiq desək, biz həmin nəticələri hələ 2003-cü və 2005-ci illərdə çıxarmışıq. Tarix təkrarlanır və biz həmin qanunauyğunluğu növbəti dəfə Ukrayna nümunəsində izləyirik. Ukraynanın bugünkü qarmaqarışıqlıqdan sonra özünə gəlməsi üçün hələ çox vaxt lazımdır.
- Səfir Morninqstar müsahibəsində korrupsiyaya qarşı mübarizə məsələsinə də toxunur. O, iddia edir ki, bu mübarizə seçmə xarakter daşıyır və əsasən məişət korrupsiyasına aiddir. Məsələnin bu cür qoyuluşu həqiqəti nə dərəcədə əks etdirir?
- İcazə verin, məsələnin bu şəkildə qoyuluşu ilə razılaşmayım. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sistemli xarakter daşıyır, o cümlədən də səhiyyə və təhsil sahələrində. “ASAN xidmət”in yaradılması buna sübutdur. Bu, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində son onilliyin ən əhəmiyyətli institusional islahatıdır. O, Qərbin özü üçün də nümunə ola bilər. 2013-cü ilin yanvarında fəaliyyətə başlayandan bəri 1 milyon 711 min nəfər “ASAN xidmət”dən istifadə etmişdir.
Azərbaycan ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə yaradılmış Açıq Hökumət Tərəfdaşlığına qoşulmuş birinci ölkədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, “Transparency International” kimi ixtisaslaşdırılmış beynəlxalq təşkilatların əksəriyyəti Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyəti yüksək qiymətləndirmişdir. “Transparency International” tərəfindən aparılmış son tədqiqatlara görə, ölkə əhalisinin 68 faizi korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirləri səmərəli hesab edir. Bundan əlavə, vətəndaş cəmiyyəti təsisatlarının korrupsiyaya qarşı mübarizəyə və maarifçiliyə cəlb edilməsi üçün “İctimai iştirakçılıq haqqında” Qanun qəbul edilmişdir. Preventiv tədbirlərə gəldikdə isə, təkcə 2013-cü ildə korrupsiya ilə bağlı 201 iş, 2014-cü ilin ilk beş ayı ərzində isə 66 iş məhkəməyə verilmişdir. Gördüyümüz kimi, bu məsələdə də səfirin rəyi qərəzlidir. Mənim fikrimcə, göstərilən rəqəmlər sizin suala ən yaxşı cavabdır.
- Səfir Morninqstar hesab edir ki, Azərbaycanda hakimiyyət orqanları, demək olar ki, bütün istiqamətlərdə QHT-lərin fəaliyyətinə ciddi əngəllər törədir, Vergilər və Ədliyyə nazirlikləri isə daim onları yoxlayırlar. Bu ittihamlar nə dərəcədə əsaslıdır?
- Mən hələ keçən il bir müsahibəmdə qeyd etmişdim ki, qeydiyyatdan keçmiş beynəlxalq təşkilatlarla yanaşı, qeydiyyatdan keçməmiş təşkilatlar da fəaliyyət göstərir. Təbii ki, onların fəaliyyəti şübhə doğurur. Eyni zamanda, qeydiyyatdan keçmiş beynəlxalq QHT-lərin maliyyə hesabatı praktiki olaraq yoxdur. Xarici donorlardan alınan qrantların və ianələrin çox hissəsinin nəyə xərclənməsi əslində məlum deyildir. Bu məsələdə şəffaflıq yoxdur. Qüvvədə olan qanunvericiliyə görə, yerli və xarici QHT-lərin gəlirləri və xərcləri barədə informasiya dövlət sirri və ya kommersiya sirri ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim etməli, nazirlik isə qanunun tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməlidir. Bütün sivil ölkələrdə bu cür qayda vardır. Bəzi hallarda belə təşkilatların həqiqi məqsədləri gizli qalır. Hökumət milli mənafelərin müdafiə edilməsi məqsədilə bu işdə qayda yaratmağa, müəyyən addımlar atmağa çalışanda yerli QHT-lər və onların beynəlxalq himayədarları dərhal hay-küy qaldırır, söz və toplaşmaq azadlığının pozulmasından dəm vurmağa başlayırlar.
Aparılmış araşdırmalar göstərir ki, hətta qrantlar qeydiyyata alınandan sonra da iri maliyyə vəsaitləri ayrılması davam edir, bu vəsaitlər haqda məlumat verilmir. Maliyyə axınları barədə informasiyanın olmaması latent korrupsiya təzahürlərinə dəlalət edir. Bəzi beynəlxalq QHT-lər əslində onların mandatlarına uyğun olmayan məsələlərlə məşğul olurlar. Onlar rəsmən müəyyən qrant layihəsi elan edir, əslində isə tamamilə başqa, çox vaxt dağıdıcı məqsədlər üçün vəsait ayırırlar.
- Sirr deyildir ki, son vaxtlar bəzi xarici QHT-lərin nümayəndələrinin maliyyə əməliyyatları ilə ölkədə dağıdıcı qüvvələrin fəallaşması arasında sinxron əlaqə müşahidə olunur. ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin keçmiş rəhbərinin fəaliyyəti yəqin ki, yadınızdadır. Bu cür hərəkətlər Azərbaycanın daxili işlərinə qarışmaq deyildirmi?
- Bir daha vurğulamaq istəyirəm ki, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq QHT-lər öz fəaliyyətlərini Azərbaycan qanunlarının tələblərinə müvafiq şəkildə təşkil etməlidirlər. Beynəlxalq QHT-lərin əsas məqsədlərindən biri ölkənin daxili işlərinə qarışmaq, qanunazidd hərəkətlərə təhrik etmək, öz fəaliyyətinə siyasi don geydirmək deyil, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına kömək etməkdir.
Bu suala rəqəmlərlə cavab vermək istərdim. ABŞ-ın IREX, ABA, NDI, Revenue Watch Institute, USAID, NED kimi qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filialları və nümayəndəlikləri 2003-2013-cü illərdə yerli QHT-lərə təqribən 25 milyon dollar məbləğində qrantlar ayırmışlar.
Bundan əlavə, təqribi hesablamalara görə, Soros Fondu və onunla əlaqədar təşkilatlar 1996-cı ildən bəri Azərbaycan QHT-lərinə təqribən 50 milyon dollar vəsait ayırmışlar. Fond ölkəmizdə fəaliyyətini rəsmən hələ 2012-ci ildə dayandırmasına baxmayaraq, QHT sektorunun maliyyələşdirilməsini dayandırmamışdır. O, özü ilə affinasiya edilmiş təşkilatlar vasitəsilə maliyyələşdirməni davam etdirir. Xatırlatmaq istəyirəm ki, Soros Fondunun - Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun fəaliyyətini dayandırmasına səbəb iqtidar ilə onun qarşılıqlı münasibətləri deyil, məhz yerli QHT-lərə ayrılmış pullarla bağlı korrupsiya qalmaqalları olmuşdur. Bu işin təşəbbüsçüləri isə radikal müxalifətçi partiyaların mənafelərinə xidmət edən yerli QHT-lər idi. Fondun baş ofisi bu qalmaqaldan diqqəti yayındırmaq üçün belə bir addım atmağa məcbur olmuşdu. Bu, aysberqin yalnız görünən hissəsidir.
Morninqstar iddia edir ki, vətəndaş cəmiyyəti institutlarına, beynəlxalq və xarici QHT-lərə təzyiq göstərilir. Vergilər Nazirliyi və Ədliyyə Nazirliyi onları yoxlayır. Sırf məntiqdən çıxış etmək lazımdır: Məgər bu nazirliklər onları yoxlamalı deyilmi? Belə halda ABŞ-da Vergilər Nazirliyi və Ədliyyə Nazirliyi necə hərəkət edərdi? Axı, ABŞ qanunvericiliyi də qanunun pozulmasına görə, ən ciddi tədbirlər nəzərdə tutur.
- Sonuncu sual. ABŞ səfiri hesab edir ki, Azərbaycanda söz və toplaşmaq azadlığı sahəsində ciddi problemlər vardır. Guya hakimiyyət orqanları vətəndaşların öz iradələrini müstəqil ifadə etməsinə mane olur və müasir vətəndaş cəmiyyətinin təşəkkülü yolunda əngəllər yaradır. Səfir, guya Qərb dəyərlərinin daşıyıcıları olan vətəndaşların təqib edilməsinə görə xüsusi təəssüflənir. Bu barədə Siz nə deyə bilərsiniz?
- Sizin sualınıza sualla cavab verəcəyəm. Siz deyin ABŞ-ın özündə söz azadlığına və insan hüquqlarına riayət edilməsi baxımından hər şey qaydasındadırmı? Sadəcə məsələ bu problemə hansı rakursdan və hansı niyyətlə baxmağımızdan asılıdır. Elə həmin Birləşmiş Ştatları götürək. Quantanamoda və ABŞ-ın Avropadakı başqa məxfi həbsxanalarında amerikalı əsgərlərin müsəlman əsirlərə necə işgəncələr verməsini bütün dünya dəhşət içində müşahidə edirdi. Sonradan məlum oldu ki, məhbusların əksəriyyətinin cinayətlərdə və terrorizmdə, ümumiyyətlə, əli olmamışdır, onları Amerika xüsusi xidmətlərinin anlaşılmaz gümanları əsasında həbs etmişlər. İnsanlar qandallanmış və uzun müddət ən dəhşətli şəraitdə saxlanmışlar. ABŞ-da və Avropada “Uoll Striti zəbt et”, “Frankfurtu zəbt et” və başqa etiraz aksiyalarını xatırlamaq olar. Bu ölkələrin polisinin nümayişçilərlə necə kobud və qəddar rəftar etməsini dünya ictimaiyyəti unutmamışdır. Bəs bu yaxınlarda Belçikada və Almaniyada nümayişlər zamanı polisin həddi aşan hərəkətlərini necə izah etmək olar? Axı, adlarını çəkdiyimiz ölkələrin hamısı inkişaf etmiş vətəndaş cəmiyyətinə malik olan demokratik ölkələr hesab edilir.
Son illərdə ABŞ-ın nəinki ayrı-ayrı şəxslərə, hətta bütöv dövlətlərə münasibətdə beynəlxalq hüquq normalarını pozması ilə bağlı təkzibedilməz faktlar vardır. Avropa dövlətlərinin başçılarının telefon söhbətlərinin dinlənilməsi halları buna parlaq nümunədir. Bəs, özündə insan hüquqlarının çox kobud şəkildə pozulması ilə bağlı çoxsaylı faktlar olduğu halda, ABŞ nə üçün başqalarına demokratiya dərsi keçməyə çalışır?
Azərbaycan Respublikasında insanların bütün hüquq və azadlıqları təmin edilmişdir. Müxalifət partiyaları fəaliyyət göstərir, müxalifət qəzetləri nəşr edilir. Müxalifət partiyaları öz fikirlərini söyləmək və qanun çərçivəsində kütləvi toplantılar keçirmək üçün hər cür imkana malikdirlər. Polisin icazəsiz aksiyaların qarşısını alması normal haldır, çünki hamı qanun qarşısında bərabərdir və qanunun tələblərinə hamı riayət etməlidir. Hakim partiya da qanunun müddəalarına riayət edir və biz qanunun pozulmasını təşviq etmək niyyətində deyilik.
Qərb dəyərlərinin daşıyıcıları anlayışına gəldikdə isə, səfir Morninqstarın konkret kimi nəzərdə tutduğunu bilmirəm. Mənə belə bir kateqoriya məlum deyil. Vətəndaşların iki kateqoriyası var. Birinci - ölkənin qanunlarına hörmətlə yanaşanlar, ikinci - öz tamahkar məqsədlərini təmin etmək üçün üçüncü qüvvələrin, əlində alətə çevrilməyə hazır olan şəxslər. Onların dəqiq dəyərlər sistemi yoxdur. Bu cür adamlar Şərqdə də var, Qərbdə də və mənim fikrimcə, səfirin bu cür bölgü aparması bizim milli dəyərlərə açıq-aşkar hörmətsizlik təzahürüdür.
Nəhayət, Amerika səfirini bizə necə yaşamaq lazım olduğunu öyrətməkdən əl çəkməyə çağırmaq istərdim. Əgər tərəflər bir-birinə hörmət etməsələr, bir-birini başa düşməsələr onların münasibətləri heç vaxt yaxşı nəticə verməyəcəkdir. Bizə saxta təbəssümlər lazım deyil. Bizə səmimi tərəfdaşlar lazımdır. Biz öz dostluğumuzu dəfələrlə sübut etmişik və səfir Morninqstar bunu yaxşı bilir. Azərbaycan xalqı adekvat münasibət gözləyir.
- Sağ olun.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.