1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etdi. Milli Şuranın 24 səslə (iki nəfər - Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət “İstiqlal bəyannaməsi”, yaxud “Misaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi.
Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı - “İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edildi, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirildi, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı. “İstiqlal bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Bu sənəd Azərbaycan millətinin millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa – millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.
“İstiqlal bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti “Müsavat”, Müsəlman sosialist bloku, “Hümmət”, “İttihad” və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi.
Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti – Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Yeni yaranmış Azərbaycan hökumətinin xahişinə cavab olaraq, Osmanlı hökumətinin hərbi naziri Ənvər paşa ilk yardım kimi Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit ayırmışdı, Azərbaycanda olan türk ordusunun ehtiyaclarına hər ay 50 min lirə xərclənirdi. Bununla yanaşı, Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə ilə görüşündə Azərbaycan Milli Ordusunun təşkil edilməsinin vacibliyini xüsusi qeyd etmişdi.
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar milli qüvvələr arasında mübarizə kəskinləşdi.
Mövcud siyasi böhranı aradan qaldırmaq üçün Azərbaycandakı türk qoşunları rəhbərliyi ilə Azərbaycan Milli Şurası arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və icraedici hakimiyyət Fətəli xan Xoyski kabinetinin əlində cəmləşir.
İyun böhranı nəticəsində fəaliyyətini müvəqqəti olaraq dayandıran Milli Şura öz tarixi missiyasını – Azərbaycanın dövlət müstəqilliyini çox çətin və mürəkkəb bir mərhələdə qoruyub saxlamaq vəzifəsini yerinə yetirdi. İyunun 17-də axşam Gəncədə F.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət təşkil edildi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq, hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verdi. Almanların Bakı neftinə xüsusi maraqları olduğundan Bakının tutulmasına mane olmaq məqsədilə osmanlıların beşinci diviziyasının Gürcüstan dəmir yolu ilə Gəncəyə gəlməsini qadağan etdilər. Ona görə də Qafqaz diviziyası Mürsəl paşanın rəhbərliyi ilə Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçməyə məcbur oldu. Azərbaycan əhalisi Osmanlı qoşunlarını böyük sevinclə qarşılayır və onların gəlişini bayram edirdilər.
Osmanlıların beşinci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya türklərdən və azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi.
Qafqaz-İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. Bakı Xalq Komissarları Sovetinin liderləri Azərbaycan Xalq Cümhuriyyətini “bələkdə ikən boğmaq” üçün yollar arayırdılar. Hələ Gəncə üzərinə yürüşə başlamazdan əvvəl Leninin tapşırığı ilə Şaumyan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq üçün Gürcüstan hökumətinin başçısı Cordaniyaya müraciət etdi. Şaumyan Cordaniyaya vəd edirdi ki, əgər Gürcüstan türk qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası onun müstəqilliyini tanıyacaqdır.
Azərbaycanın şərqində kommunist diktaturası yaradan Şaumyan Bakı Sovetinin ixtiyarında olan 18 min döyüşçü ilə Cənubi Qafqazdakı milli hərəkatı boğmaq üçün qəti hücuma başladı. Tamamilə erməni daşnak qüvvələrindən təşkil olunmuş ordu müsəlman əhalisinə qarşı hər cür amansızlığa yol verirdi.
İyunun 10-da Bakı Sovetinin Gəncə istiqamətində yürüşləri başlandı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Türkiyədən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllüləri hesabına Qafqaz-İslam Ordusunun qələbəsi ilə nəticələndi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Azərbaycanın şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz-İslam ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi” diktaturası adlanan mürtəce bir qurum yaradıldı. İngilislərin Bakıya çağırılması da “Sentrokaspi” diktaturasını xilas edə bilmədi. Qafqaz-İslam Ordusu sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başladı. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü. 1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda qərarlaşdı. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz-İslam Ordusu 4 min əsgər və zabit şəhid verdi.
Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən Birinci Dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. İki hərbi qruplaşma arasında gedən imperialist müharibəsində Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan edirdi. Türkiyə ilə Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi. Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı general Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl AXC-ni tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd etdi və bildirdi ki, “Azərbaycan Respublikası türklərin intriqası nəticəsində yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, onda hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik. Müttəfiqlər dağıtmaq üçün yox, qurmaq üçün gəliblər”.
V.Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaqdır. Azərbaycan rəsmi şəkildə tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə de-fakto əlaqə yaradacaqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcəklər. General Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcək, şəhər duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris Sülh Konfransında milli müqəddaratını təyinetmə prinsipi əsasında iştirak edəcək, L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmayacaqdır.
Azərbaycan nümayəndə heyətinin Ənzəli danışıqları əhəmiyyətsiz olmadı. Ən əsası ona görə ki, Azərbaycanın Paris sülh konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə təəhhüdlər götürürdü.
Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin Bakıya gəlişini şəhər əhalisi eyni cür qarşılamadı. Rus və erməni milli şuralarının tərəfdarları sevinc içərisində idilər. Biçeraxov təyyarələrdən “Rusiya vətəndaşlarına” adlı intibahnamələr səpir, xristian əhalisini Bakının “ana Vətənə qovuşması” münasibəti ilə təbrik edirdi. General Tomsonun da iki gün sonra yaydığı bəyannamə eyni ruhda idi. General Biçeraxov daha irəli gedərək qurama “Qafqaz-Xəzər” hökuməti yaratdı, Bakıda çevriliş təşkil etmək üçün geniş fəaliyyətə başladı. Bakıdakı erməni və rus milli şuraları A.Biçeraxovun gəlişi ilə bağlı belə bir şayiə yayırdılar ki, guya, Azərbaycan deyilən dövlət yoxdur, yalnız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o, Biçeraxovun başçılıq etdiyi Xəzəryanı hökumətlə əvəz edilməlidir. Milli Şura hazırkı fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar özünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlanması üzərində işləyən müvafiq komissiyanın Azərbaycan parlamentinin yaradılması haqqında qanun layihəsi Milli Şura tərəfindən 1918-ci il noyabrın 20-də qəbul edildi.
Noyabrın 16-da Milli Şura beş aylıq fasilədən sonra yenidən fəaliyyətə başladı. Azərbaycan hökuməti təhrikçi hücumlara baxmayaraq, dövlət quruculuğu işini davam etdirir, parlamentin açılışına hazırlaşırdı. Parlament açılanadək onun funksiyasını Milli Şura yerinə yetirirdi. Parlamentin əsas özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalarda seçilmişdi. Azərbaycan parlamenti 120 deputatdan ibarət olmalı, milli tərkibə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi, alman, gürcü və polyak icmasının hərəsi üçün 1 yer, Həmkarlar İttifaqı Şurası və Neft Sənayeçiləri İttifaqı üçün 3 yer nəzərdə tutulmuşdu. Respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsdən olan vətəndaşların seçki hüququ təsbit edildi. Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət oldu.
1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli iclasla açıldı. F.Xoyski hakimiyyəti parlamentə təhvil verdi. Ciddi müzakirələrdən sonra Türkiyədə danışıqlar aparan Ə.M.Topçubaşov parlamentin sədri, H.Ağayev sədrin birinci müavini, R.Vəkilov isə katib seçildilər. Parlamentin qarşısında duran mühüm vəzifələrdən biri yeni hökuməti təşkil etmək idi. Hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi. Koalisyon hökumətin tərkibində 3 nəfər rus var idi, ermənilər isə onlara təklif olunan 2 nazir kürsüsündən imtina etdilər.
Yeni hökumətin təşkilindən iki gün sonra dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general V.Tomson elan etdi ki, F.Xoyskinin başçılığı ilə yaradılmış Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət orqanı hesab edir. General V.Tomsonun rus Milli Şurasına Azərbaycan hökumətini tanımaq təklifi bu qurum tərəfindən qəbul edilmədi.
Biçeraxovun dəstəsinin dövlət çevrilişi cəhdinin üstü açıldıqdan sonra Azərbaycan hökumətinin tələbi ilə general V.Tomson “Qafqaz-Xəzər” hökumətini qanundan kənar elan edib, 48 saat müddətində Bakıdan uzaqlaşdırdı, daha sonra isə erməni hərbi hissələri tərksilah edilib buraxıldı.
Beləliklə, 1918-ci ilin dekabrından etibarən ingilis komandanlığı Bakıda qoyulan məhdudiyyətləri tədricən azaltmağa başladı: Azərbaycan polisi, su nəqliyyatı və neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət ləğv olundu. 1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğunun ləğvi ilə əlaqədar Gəncədə təşkil olunmuş ilk Azərbaycan alayı paytaxta daxil oldu və xalq onu təntənə ilə qarşıladı.
1919-cu ilin aprelindən başlayaraq ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq, Qafqazı tərk etməyə başladılar və bu proses avqustun ortalarında başa çatdı. Azərbaycan hökuməti ingilis müdaxiləsi qarşısında nəinki öz varlığını qoruya bildi, həm də ingilis komandanlığını şəhərin idarəçiliyindən uzaqlaşdırmağa nail oldu. Lakin ingilislərin Bakını tərk etməsi, bir tərəfdən, Azərbaycanın müstəqilliyini möhkəmləndirirdisə, digər tərəfdən, Sovet Rusiyasının keçmiş imperiyanı əvvəlki sərhədlər çərçivəsində bərpa etmək istəyini sürətləndirdi. Qafqazda yaranmış müstəqil dövlətlər arasında mövcud olan ziddiyyətlər, ilk növbədə, ərazi-sərhəd məsələlərindəki ziddiyyətlər xarici təhlükəni reallaşdırırdı.
1919-cu il aprelin 25-də Tiflisdə Azərbaycan, Dağıstan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Qafqaz Konfransı işə başladı. Konfransda siyasi, iqtisadi və maliyyə məsələləri, eləcə də sərhəd problemləri müzakirə olundu. Konfransın gedişində bu ölkələr arasında ərazi-sərhəd məsələləri ilə bağlı kəskin ziddiyyətlərin mövcud olması üzə çıxdı. Keçmiş çar generalı Denikinin könüllü ordusunun Dağıstana hücumu ilə konfrans öz işini dayandırmağa məcbur oldu.
“Vahid və bölünməz Rusiya” sərhədlərini bərpa etmək iddiasında olan Denikin 1919-cu ilin yazında Dağıstan Dağlılar Respublikasına soxularaq Dərbəndi işğal etdi. Çar generalının Azərbaycana qarşı təcavüzkar niyyətdə olduğu aşkara çıxdı. Parlamentin fövqəladə iclasında qəbul olunmuş qərara əsasən, sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Müdafiə Komitəsi yaradıldı və bütün hakimiyyət onun ixtiyarına keçdi.
Denikin təhlükəsi Gürcüstanı da ciddi narahat etdiyindən iyunun 16-da Gürcüstanla Azərbaycan arasında hərbi müdafiə paktı imzalandı. Bu pakta görə, Azərbaycan və Gürcüstanın istiqlaliyyətinə və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olunduğu təqdirdə onlar bir-birinə hərbi yardım göstərməli idilər. Üç il müddətinə bağlanan hərbi pakta Ermənistan iki həftə ərzində qoşula bilərdi. Lakin Ermənistan Denikinlə gizli müqavilə imzalamağı daha üstün tutdu. Hərbi pakta görə, Azərbaycan Gürcüstandan 12 kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min beşaçılan tüfəng, 211 qılınc, 795 nizə və s. hərbi ləvazimat aldı.
Birinci Dünya müharibəsi 1918-ci ilin noyabrında başa çatsa da, onun nəticələrini reallaşdırmaq uzun bir vaxt tələb edirdi. Qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə beynəlxalq sülh konfransının çağırılmasına qərar verdilər.
Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqlara malik nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə rəhbərlik parlamentin sədri Ə.M.Topçubaşova tapşırıldı. Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etməkdə əsas məqsədi dünya dövlətləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasına nail olmaq idi. Konfransda iştirak etmək üçün 1919-cu ilin yanvarından icazə gözləyən Azərbaycan nümayəndə heyəti üç aylıq gərgin diplomatik-siyasi mübarizədən sonra ingilislərin köməyi ilə mayın əvvəllərində Parisə gedib çıxa bildi. Mayın 28-də Azərbaycan nümayəndə heyətini ABŞ Prezidenti V.Vilson qəbul etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan respublikasının yaranma tarixi, onun bir ildə azadlıq yolunda verdiyi qurbanlardan bəhs olunurdu. Memorandumda göstərilirdi ki, bu mübarizədə Azərbaycanın iki şəhəri və 500 kəndi dağıdılmış, 150 min nəfərə qədər sakini qurban getmişdir. Təkcə İrəvan quberniyasında qısa bir müddət ərzində 200 müsəlman kəndi yandırılmış və 200 min nəfər müsəlman evsiz-eşiksiz qalmışdır. ABŞ Prezidentindən Azərbaycan istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin (1. Hər bir millət xarakterindəki intellektual və mənəvi-dini xüsusiyyətlərinə görə seçilməlidir; 2. Hər bir millət öz taleyini müəyyən etməyə qadir olduğunu göstərməlidir; 3. O, öz xərclərini ödəmək üçün iqtisadi, təbii və maliyyə vasitələrinə malik olmalıdır; 4. O, özünü xarici təcavüzdən qoruya bilməlidir; 5. O, tabe olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəkmiş olmalıdır) Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul edilməsi, ABŞ-ın Azərbaycana hərbi sahədə yardım göstərməsi, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi məsələlərində Azərbaycan nümayəndə heyətinə kömək göstərilməsi xahiş olunurdu. Lakin ermənipərəst V.Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarşıladı, nümayəndə heyətinə konfederasiya ideyasını müdafiə etməyi, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərində qəyyumluğunu qəbul etməyi məsləhət gördü. Konfederasiya məsələsinə Azərbaycan və qismən də gürcü nümayəndə heyəti müsbət yanaşırdı. Bu işin reallaşmasına əngəl olan isə erməni nümayəndə heyətinin pozuculuq fəaliyyəti idi. Ermənilər Paris Sülh Konfransı rəhbərliyindən tələb edirdilər ki, Birinci Dünya müharibəsinin Antantanın xeyrinə qələbə ilə başa çatmasında onların böyük xidmətlərini nəzərə alaraq, qalib dövlətlər “Böyük Ermənistan”ın yaradılmasında ermənilərə yardımçı olmalıdırlar. Guya, Qafqazda rus ordusunun tərkibində 180 min, Avropada isə 15 min erməni könüllüsü müttəfiqlərin “müqəddəs işi” uğrunda mübarizə aparmışdır. Ermənilər Türkiyənin 7 şərq vilayəti, İrəvan quberniyası, Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarının cənubunu və Qars torpaqlarından ibarət böyük bir ərazini tələb edirdilər. Bundan əlavə, ermənilər 19 milyard frank həcmində müharibə təzminatı almaq istədiklərini də gizlətmirdilər. Yeri gəlmişkən, ermənilərin bu əsassız iddialarını Paris, London, xüsusilə də Vaşinqton qızğın müdafiə edirdi.
Erməni millətçilərinin “Dənizdən-dənizə Böyük Ermənistan” planına Qərbi Azərbaycan və Naxçıvan torpaqları da daxil idi. 1918-ci ilin yazında təkcə Sisian mahalında 50 min müsəlman ev-eşiyindən qovulmuş, 115 kənd dağıdılmış və yandırılmış, 10038 nəfər öldürülmüş və yaralanmışdı. Onlardan 7729 nəfəri (3257 kişi, 2276 qadın və 2196 uşaq) məhv edilmiş, 2309 nəfəri isə (1060 kişi, 764 qadın və 485 uşaq) şikəst edilmiş, qəzanın azərbaycanlı əhalisinə üst-üstə bir milyard manat maddi ziyan dəymişdi.
1918-ci ilin yazında Andranik 800 nəfərlik quldur dəstəsi ilə Naxçıvan bölgəsinə hücuma keçdi. Yerli əhaliyə kömək məqsədilə həmin il avqustun 7-də türk paşası Kazım Qarabəkir Naxçıvana daxil oldu. Bununla da erməni-daşnak qüvvələrinin Naxçıvan torpaqlarındakı özbaşınalığına son qoyuldu. Mudros barışığından sonra Osmanlı qüvvələri noyabrın 11-də Naxçıvanı tərk etməyə məcbur oldu. Yerli əhali erməni təcavüzündən qorunmaq üçün 1918-ci ilin noyabrında Araz-Türk Respublikasının yaradıldığını elan etdi. 1919-cu ilin martına kimi fəaliyyət göstərən Araz-Türk Respublikası Naxçıvan bölgəsinin ermənilərin işğalı altına keçməsinə imkan vermədi.
Azərbaycan hökuməti də Naxçıvanın müdafiəsi üçün ciddi tədbirlər görürdü. 1919-cu il fevralın 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Naxçıvan general-qubernatorluğu yaradıldı. Bəhram xan Naxçıvanın general-qubernatoru təyin edildi.
Ermənilərin Naxçıvan torpaqlarına yiyələnmək cəhdləri 1919-cu ilin yazında daha da gücləndi. Naxçıvan əhalisi bu qərara qəti etirazını bildirdi. İyulun 25-də Naxçıvan əhalisi erməni qoşunlarını əzərək onları qaçmağa məcbur etdi.
1920-ci il martın 21-də İran Azərbaycan dövlətini müstəqil dövlət kimi tanıyaraq onunla dostluq haqqında müqavilə imzaladı.
Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdırıldı və parlament onu təntənəli şəkildə qeyd etdi. Millət vəkilləri və parlamentin iclasında iştirak edən xarici ölkələrin diplomatik nümayəndələri istiqlal yolunda qurban getmiş Vətən oğullarının və Osmanlı əsgərlərinin xatirəsini yad etdilər. Bu hadisə münasibətilə ümumi amnistiya elan edildi.
Yanvarın 19-da Azərbaycanın və Gürcüstanın rəsmi nümayəndələri Paris Sülh Konfransı Ali Şurasının iclasına dəvət edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz üzərinə öhdəliklər götürdü. Azərbaycan tərəfi ABŞ və Avropa dövlətlərindən alınması nəzərdə tutulan 100 parovoz, 2 min ədəd çən, 500 bağlı vaqon müqabilində 200 milyon pud ağ neft, eləcə də pambıq, yun, ipək, gön-dəri məhsulları göndərməyi öhdəsinə götürdü.
(ardı var)
Anar İSGƏNDƏROV,
Bakı Dövlət Universitetinin kafedra müdiri,
tarix elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.