Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri nəticəsində iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoydu

Azərbaycanla Çin arasında qədimdən mövcud olan iqtisadi əməkdaşlıq  müasir günümüzdə də davam edir. Tarixən İpək Yolunun  ticarət marşrutları Yaponiya, Çin, Hindistan, Monqolustan,  Özbəkistan, Tacikistan, İran, Azərbaycan və digər ölkələrdən keçmişdir. Bu baxımdan Çin - Azərbaycan əlaqələri qədim tarixə malikdir. Asiyanın ən böyük dövləti olan Çinin özü kimi qədim sivilizasiyalardan biri hesab edilən, fəqət məsafəcə uzaqda yerləşən Azərbaycanla  mədəni və ticari əlaqələrinin tarixi eramızdan çox-çox əvvəllərə gedib çıxır.  Azərbaycan Şərqi Asiya ölkələrinin Qərblə beynəlxalq tranzit yolunun üzərində yerləşdiyinə görə onun bu ölkələrlə geniş əlaqələr qurmasına  imkan yaranmışdır. 

Çin Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki dövlət arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə qurulmuşdur. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılmışdır, 1993-cü il sentyabrın 3-də  Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılması barədə qərar qəbul etmişdir.

Çin və Azərbaycan respublikaları arasında geniş diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Bu əməkdaşlıq ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra daha da genişlənmiş və yeni  mərhələyə  qədəm qoymuşdur.  Ümummilli liderimiz Heydər Əliyev 1994-cü il mart ayında Çin Xalq Respublikasında rəsmi səfərdə olmuş və ÇXR Sədri Tszyan Tszemin, Baş nazir Li Pen ilə rəsmi görüşlər keçirmişdi. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdı. ÇXR Sədri Tszyan Tszemin ulu öndərlə görüşündə bildirmişdi: “Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır”.

Ümummilli lider Heydər Əliyev də öz növbəsində  Çinin beynəlxalq siyasi və iqtisadi məsələlərdə böyük rol oynadığını və islahatlar keçirilməsində Çinin təcrübəsinin öyrənilməsinə Azərbaycanın maraq göstərdiyini qeyd etmişdi.

Elə həmin gün Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamışlar. İki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio, televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanmışdı.

1996-cı ilin 17-18 aprelində Çin Xalq Respublikası Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycana səfərə gəlmişdir. Bu zaman ikitərəfli münasibətlərlə yanaşı, əsas müzakirə mövzularından biri Azərbaycanın dövlət suverenliyi və torpaqlarının işğalı olmuşdu. Tsyan Tsiçen ÇXR-in Azərbaycan Respublikasının torpaqlarının toxunulmazlığını tanıdığını və Azərbaycanın yanında olduğunu bir daha bəyan etmişdi. Bundan sonra ardıcıl olaraq Çinin dövlət rəsmilərinin Azərbaycana səfərləri, o cümlədən dövlətimizin nümayəndə heyətlərinin Çinə səfərləri baş tutmuşdu.

Azərbaycan Prezidenti İlham Əliyev ÇXR-lə münasibətlərin inkişaf etdirilməsində xüsusi fəallıq göstərmişdir. 2005-ci il martın 17-19-da Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər etmişdir. ÇXR Sədri Xu Szintao Azərbaycan Prezidentinin bu  səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirmişdir. O, həmçinin, Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirmişdir. Prezident İlham Əliyev öz növbəsində  Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq,  Çinin işgüzar dairələrinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına kömək göstərəcəyini deyib.

Bütövlükdə, dünyanın bu nəhəng ölkəsi ilə Azərbaycan dövləti arasında istər iqtisadi-mədəni, istərsə də siyasi sahədə balanslaşdırılmış münasibətlər mövcuddur.  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Çin dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu həmişə bildirmiş və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə etmişdir. Azərbaycan da Çinin ərazi bütövlüyünə hörmətlə yanaşmış və Tayvanı Çinin vahid hissəsi kimi qəbul etmişdir.

Prezident İlham Əliyevin bu il mayın 21-də Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü zirvə toplantısına qatılmaq üçün Çinə işgüzar səfəri dövlət başçımızın iki ölkə arasında münasibətlərin inkişafına  çalışdığını və buna xüsusi əhəmiyyət verdiyini bir daha göstərdi. Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə Prezident İlham Əliyev bildirmişdir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə öz fəaliyyəti ilə sülhün, sabitliyin və əməkdaşlığın təşviq olunmasında artıq nüfuzlu beynəlxalq foruma çevrilmişdir. Dövlət başçımız demişdir: “Bu müşavirədə sədrliyin Çin tərəfinə keçməsi Asiyada sülh və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir. Onu da qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizlə bağlı aparılan səsvermədə Çin ölkəmizə dəstək olmuşdu. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan quruma sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri müzakirəyə çıxarmış, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürmüşdür.

Asiyada təhlükəsizlik tədbirləri barədə danışarkən Prezident İlham Əliyev qeyd etmişdir ki, bu, qlobal təhlükəsizliyin bir hissəsidir. Biz təhlükəsizlik tədbirlərinə kompleks yanaşmanın tərəfdarıyıq. Terrorizmə qarşı mübarizə, regional, enerji, nəqliyyat və informasiya təhlükəsizliyinin təmin olunması, dondurulmuş münaqişələrin həlli kimi məsələlər bir-biri ilə sıx bağlıdır və bəşəriyyətin təhlükəsizliyi üçün vahid mövqenin ortaya qoyulmasını zəruri edir. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini dəstəkləyir. Azərbaycan özü terrorizmin qurbanı olub. Təkcə müstəqillik illərində erməni terror təşkilatları Ermənistanın dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana qarşı 30-dan artıq terror aktı törədiblər ki, bunun da nəticəsində 2000-dən çox insan həlak olub.

Prezident İlham Əliyev onu da vurğulamışdır ki, bu terror aktları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 1992-ci ilin fevral ayında erməni silahlı qüvvələri Xocalıda dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Bu soyqırımı nəticəsində 613 günahsız insan qətlə yetirilmişdir. Bu gün dünyada 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanımışdır.

Azərbaycan iqtisadiyyatında son 10 ildə əldə edilən nəticələr barədə müşavirə iştirakçılarına məlumat verən dövlət başçımız iqtisadiyyatımızın 3 dəfədən çox artdığını, işsizliyin səviyyəsinin 5 faizə, yoxsulluğun səviyyəsinin isə 5,3 faizə düşdüyünü bildirmişdir.  Müşavirədə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Çin Xalq Respublikasının Sədri Si Cinpin də öz növbəsində dünyada təhlükəsizliyin təmin olunmasının əhəmiyyətinə diqqət çəkərək bunun dialoq və çoxtərəfli əməkdaşlıq sayəsində mümkün olduğunu vurğulamışdır. O, bildirmişdir ki, regional və beynəlxalq səviyyədə əməkdaşlıq müşavirə iştirakçısı olan ölkələrin yürütdüyü siyasətin əsas tərkib hissəsi olmalıdır.

Xüsusilə qeyd olunmalıdır ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü zirvə toplantısında qəbul edilmiş bəyannamədə Azərbaycanın xeyrinə  müəyyən müddəalar öz əksini tapmışdır. Bəyannamənin  1.3 bəndində deyilir: “Biz təsdiq edirik ki, heç bir dövlət digər dövlətlərin təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcəkdir. BMT Nizamnaməsinə əsasən, BMT Təhlükəsizlik Şurasının əsas öhdəliyinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması olduğunu nəzərə alaraq vurğulayırıq ki, sülhün və sabitliyin qorunması üçün heç bir dövlətin, dövlətlər qrupunun və ya təşkilatın müstəsna məsuliyyəti ola bilməz”.  Xüsusilə 3.5- ci bənddə Ermənistan -Azərbaycan münaqişəsinə toxunularaq deyilir : “Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir. Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk qrupunu bu münaqişənin həll olunması istiqamətində səylərini daha da artırmağa çağırırıq.”

Əlbəttə, Şanxayda baş tutan bu böyük müşavirənin bəyannaməsində konkret olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulması bu siyasi düyünün regionun və bütün müşavirə iştirakçısı olan dövlətlərin iqtisadi vəziyyətinə təsir göstərən bir proses olduğunu təsdiqlədi.  Adıçəkilən bəyannamə istər enerji təhlükəsizliyi, milli, regional və qlobal maraqlar, istərsə də beynəlxalq nəqliyyatın və tranzit əməkdaşlığının genişləndirilməsi baxımından möhkəm təməllərə malik münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi.

 

Anar TURAN,

“Xalq qəzeti”

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında