Azərbaycan – UNESCO əməkdaşlığı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi ilə yüksək inkişaf səviyyəsinə çatmışdır

BMT-nın Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı - UNESCO öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin, elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verir. Xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərən UNESCO ilə Azərbaycanın əlaqələri  ölkəmizin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynamışdır.

Azərbaycanın mədəni irsinin dünyaya çatdırılmasında ən uğurlu  addımları ümummilli lider  Heydər Əliyev atmışdır. Onun  1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının  1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı fərman  bu sahədə xüsusi əhəmiyyət kəsb edirdi. Yubiley çərçivəsində elmi, ictimai -  siyasi və bədii nöqteyi-nəzərdən böyük işlər görülüb və bütün bunları yüksək qiymətləndirən ümummilli lider “Kitabi-Dədə Qorqud” ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırıb. Bu tədbirlərə UNESCO nümayəndələri də biganə yanaşmamış və 2000-ci il “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar UNESCO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində yubiley tədbirləri təşkil olunmuşdur. Bu tədbirlər 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatmışdır.

Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi də UNESCO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu baxımdan, Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Lakin Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 2003-cü il iyulun 4-də Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi UNESCO-nun təhlükədə olan ümumdünya irs siyahısına daxil edilmişdir.

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır.  UNESCO-nun Ümumdünya İrs Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmişdir. Nəticədə 2009-cu il iyun ayının 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər Kompleksi UNESCO-nun təhlükə altında olan abidələr siyahısından çıxarılmışdır.

Azərbaycanın qədim və zəngin mədəniyyəti isə milli çərçivədən beynəlxalq səviyyəyə qalxmış, ümumdünya mədəniyyətinin  bir parçası olmuşdur. UNESCO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığı üçün şərait yaranmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası təhsil, elm və mədəniyyət sahələrində UNESCO vasitəsilə müxtəlif ölkələrlə və eləcə də təşkilatın  özü ilə geniş əlaqələr qurur və  əməkdaşlığını genişləndirir.

Azərbaycan - UNESCO münasibətlərinin inkişafında və onun genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz rolu olmuşdur. Mehriban xanın bu barədə fikirlərini “The Business Year” jurnalına verdiyi müsahibəsində daha açıq şəkildə söyləmişdir. Qeyd edək ki,  2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi xidmətlərinə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mədəniyyət, təhsil və idman sahəsində geniş fəaliyyət göstərir. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, Mehriban xanım ölkəsinin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürmüşdür. Keçən illər ərzində UNESCO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, məşhur xalçaçı-rəssamı Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir.

Ümumiyyətlə,  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan-UNESCO münasibətləri ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Bununla yanaşı, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatının müxtəlif strukturları arasında münasibətlərin inkişaf  edib möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə xanım Mehriban Əliyeva 2006-cı il noyabrın 4-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.

 2008-ci il iyunun 10 - 11 - də Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, UNESCO-nun və İSESCO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımı, İSESCO-nun baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci xanımların Bəyanatı qəbul olunmuşdur.

Bundan əlavə, beynəlxalq forumda iştirak edən İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımını “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplomla  təltif etmişdir. Heydər Əliyev  Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadını olması xüsusilə əlamətdardır.

Onu da qeyd etmək lazımdır ki,  beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı  ilə Bakıda mədəniyyətlərarası dialoqa dair dörd möhtəşəm tədbirin, xüsusilə, 2011-ci il aprelin 7-8-də Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə Forumun keçrilməsi, eləcə də Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı  elan edilməsi ilə bağlı qərar, İKT ilə əməkdaşlığın bəhrəsi Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.

Azərbaycan muğamının, aşıq sənətinin, milli xalcaçılıq sənətimizin UNESCO  tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs xəzinəsinə daxil edilməsi, ədəbiyyat, mədəniyyət korifeylərimizin dünyaya tanıdılması, onların yubileylərinin UNESCO  miqyasında qeyd olunması hamımızda məmnunluq doğurur. Azərbaycan incəsənəti, klassik musiqi, muğam, aşıq, xalçaçılıq sənəti ilə bağlı ölkəmizdə keçirilən beynəlxalq festivallar, toplantılar dünyanın müxtəlif ölkələrindən gələn sənətçilər, alimlər arasında fikir mübadiləsi, dialoq atmosferi üçün geniş imkanlar yaradır. Dünyanın liderləri, mədəniyyət, elm, din xadimləri Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirlərdə qlobal problemlərin həll yollarını arayırlar.

 Hələ 2005-ci ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq” həftəsi cərcivəsində Parisdə kecirilmiş “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında” adlı tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamış, sonrakı illərdə bu yöndə əməli addımların atılması, konkret təşəbbüslərin irəli sürülməsi və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bunu bir daha təsdiqləmişdir.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın təbii irsinin qorunması məqsədi ilə Hirkan meşələrinin namizədlik sənədləri hazırlanaraq Ümumdünya İrs Komitəsinə təqdim edilmişdir. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir.

 2009-cu il  sentyabrın 28-dən oktyabrın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Qeyri-Maddi Mədəni İrs nümunəsi kimi Novruz Bayramı UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına  daxil edilmişdir ki, bu da Azərbaycan mədəniyyəti üçün mühüm hadisə hesab edilməlidir.

Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olundu. Şərq ilə Qərbi birləşdirən İpək Yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, bu il çərçivəsində də respublikamızın paytaxtı festivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar mərkəzinə çevrildi. Bütün bu fəaliyyətin nəticəsində, 2010-cu il  iyulun 30-da  UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya UNESCO-nun baş direktoru İrina Bokova tərəfindən “Qızıl Motsart” medalı təqdim olunmuşdur.

 “Bakı İslam Mədəniyyəti Paytaxtı - 2009” İlinin açılışında çıxış edən Prezident İlham Əliyev demişdir: “Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, əmin-amanlıq olsun, sivilizasiyalar arasında dialoq daha da möhkəmlənsin. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər görülməlidir. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır". Təbii ki, Azərbaycanı dünya üçün mənəvi ünsiyyət, mədəniyyətlərarası dialoq məkanına çevirən bu tədbirlərin, məqsədyönlü fəaliyyətin zirvəsi ölkəmizin ev sahibliyi edəcəyi Dünya Forumu olmalı idi. Məlum olduğu kimi, mədəniyyətlərarası dialoqa həsr olunan Dünya Forumu barədə təşəbbüs 2008-ci il dekabrın 2-3-də Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda Bakıda keçirilən konfransda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüşdür.

“Bakı prosesi” adını alan təşəbbüs Azərbaycan rəhbərliyinin mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və işbirliyinə verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan bu beynəlxalq tədbirə bir sıra müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal mədəniyyətlərarası dialoqa pəncərə açdı. Konfransda çıxış edən Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi” təşəbbüsünü irəli sürdü: “Mən çox istərdim ki, bu gün başlanan ”Bakı prosesi" uzunmüddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin". Konfransda mədəniyyətlərarası dialoqa dair “Bakı Bəyannaməsi” qəbul olundu və tarixi prosesin əsası qoyuldu. Ötən müddətdə “Bakı prosesi”nin ideyadan praktik müstəviyə keçməsi üçün görülən işlər nəticəsini vermiş və Azərbaycan 2011-ci il aprelin 7-8-də ilk dəfə olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmişdir. 

2013-cü il sentyabrın 17-də Parisdə, UNESCO-nun mənzil qərargahında TÜRKSOY-un, Azərbaycan, Qazaxıstan və Türkiyənin bu beynəlxalq qurum yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçirilmişdir. Şərqdə ilk musiqili operettanın müəllifi olan Üzeyir Hacıbəylinin “Arşın mal alan” beynəlxalq səviyyədə tanındığı, həmçinin onun bir çox dillərə tərcümə olunduğu və dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə nümayiş etdirildiyi haqqında məlumat verilmişdir. Bununla yanaşı, bu operettanın dünya incəsənətinin nadir incilərindən olduğu diqqətə çatdırılmış,  zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinin parlaq nümunəsi kimi səciyyələndirilmiş, onun 100 illiyinin UNESCO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən qeyd olunması ölkəmiz üçün əlamətdar hadisə kimi dəyərləndirilmişdir.

Azərbaycanın UNESCO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə 2013-cü il iyulun 18-də Parisdə qurumun baş qərargahında keçirilmiş mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxışında qeyd etmişdir ki, Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir: “Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xususi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspeys-1”in kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir”.

Mədəni irsin qorunmasının Azərbaycan höküməti üçün prioritet istiqamət olduğunu bildirən Mehriban xanım Əliyeva muğam, aşıq musiqisi, tar ifası, Novruz bayramının UNESCO-nun Qeyri-Maddi İrs siyahısına daxil edildiyini xatırlatmaqla, eyni zamanda, Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salındığını diqqətə çatdırmışdır.

Bununla yanaşı, Azərbaycanın həm də UNESCO ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq etdiyini bildirən Azərbaycanın birinci xanımı qeyd etmişdir ki, bu gün beynəlxalq ictimaiyyət ölkəmizi yüksək dini və etnik dözümlülük sahibi, dialoq mərkəzi kimi tanıyır və əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşamışlar. UNESCO ilə Azərbaycan arasında bağlanmış çərçivə sazişinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Mehriban xanım Əliyeva ölkəmizin UNESCO ilə əməkdaşlığını davam etdirəcəyinə və mövcud olan böyük potensialı reallaşdırmaq üçün gələcəkdə əlaqələrimizin daha da güclənəcəyinə əmin olduğunu bildirmişdir.

Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə təşkilatın baş direktoru İrina Bokovanın görüşü zamanı Heydər Əliyev Fondu ilə UNESCO arasında gələcək əməkdaşlıq, qurumun mədəni irs siyahısına Azərbaycandan daha çox mədəni abidələrin daxil edilməsi, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin bu il dekabrın 2-dən 8-dək Bakıda keçiriləcək iclası barədə müzakirələr aparılmışdır. Görüşdən sonra Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanmışdır.

Bu gün Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda, onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır. Hazırda Azərbaycan dünyada zəngin milli-mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Biz qloballaşma prosesində beynəlxalq birliyə birtərəfli inteqrasiya yolunu seçməmişik. Bu yol ikitərəflidir, çünki dünyaya öz mədəni zənginliyimizi təqdim və təbliğ etməyi bacarır, dünyanı bizdən nələrisə öyrənməyə təşviq edə bilirik. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməkdir.

Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülmüşdur. Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir. Bu baxımdan ölkə rəhbərliyi, hökumət qurumları ilə yanaşı, qeyri-dövlət xətti ilə görülən işləri, ilk növbədə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüslərini xüsusi qeyd etmək lazımdır.

 Azərbaycanın çoxtərəfli beynəlxalq mədəni əlaqələrinin inkişafına nəzər saldıqda aydın olur ki, müasir geosiyasi şəraitdə nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən dəstəklənən möhtəşəm tədbirlər respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirmiş, ölkəmizin tolerantlıq və dialoq məkanı kimi indiyədək oynadığı tarixi missiyanın icrasına  təkan vermiş  və nəticə olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal platformanın əsası qoyulmuşdur.

 

Aynur  FƏRMANOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının baş müəllimi,

“Azərbaycan  Respublikası Dağlıq Qarabağ bölgəsinin

Azərbaycanlı  İcması” İctimai Birliyinin Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında