Prezident İlham Əliyevin Vyetnama səfəri ikitərəfli əməkdaşlığa güclü təkan verəcək

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bildirmək istəyirəm ki, cənab İlham Əliyev 1993-2003-cü illərdə Azərbaycan Prezidenti və keçmiş Sovet İttifaqının rəhbərlərindən biri, bizim Vyetnamın yaxın dostu Heydər Əliyevin oğludur. Bu sözləri deməklə bir daha təsdiqləmək istəyirəm ki, cənab İlham Əliyev də Vyetnamın yaxın dostudur.

Truonq Tan Sanq

Vyetnam Sosialist Respublikasının Prezidenti

 

Biz münasibətlərimizi yüksək qiymətləndiririk və əminəm ki, səfər ikitərəfli əməkdaşlığa daha güclü rəvac verəcəkdir . Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır. Səfər nəticəsində siyasi əlaqələr daha da möhkəmlənəcəkdir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasına dövlət səfərində böyük təntənə ilə qarşılanmışdır. Qeyd edək ki, bu, ölkə başçısının Vyetnama ilk dövlət səfəridir.

Məhz bu baxımdan səfərin böyük maraqla izləniləcəyi gözlənilirdi. Səfərin ən yüksək statusda – dövlət səfəri səviyyəsində baş tutması göstərir ki, Azərbaycan bu Asiya ölkəsi ilə münasibətlərin gələcək inkişafına xüsusi əhəmiyyət verir. Belə ki, Qərbdə iqtisadi durğunluğun davam etdiyi bir vaxtda Asiya regionunda sürətli iqtisadi inkişaf gedir və bu qitə ölkələri ilə Azərbaycanın iqtisadi-biznes əlaqələrinin geniş perspektivləri var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasında dövlət səfərində olarkən yerli əhalinin mənəvi dəyərlərinə ehtiram əlaməti olaraq Hanoydakı Milli Qəhrəman və Şəhid Monumentini ziyarət etmişlər. Dövlətimizin başçısı abidənin önünə əklil qoymuşdur. Sonra səfər çərçivəsində görüşlər başlanmışdır.

Qeyd edək ki, Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin əsası  1959-cu il iyulun 23 - də  qoyulmuşdur. Həmin vaxt Vyetnam Prezidenti Ho Şi Min Azərbaycana rəsmi səfərə gəlmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  1983-cü ildə Vyetnama səfərindən sonra iki ölkə arasında dostluq əlaqələri daha da genişlənmişdi. Həmçinin, bu dövr ərzində çoxlu sayda vyetnamlı gənc Azərbaycanın ali məktəblərində təhsil almış və  hazırda onlar Vyetnamın dövlət strukturlarında, eləcə də,  iri şirkətlərində çalışır, iki ölkə və xalq arasında dostluq körpüsü rolunu oynayırlar.

Vyetnam Sosialist Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il sentyabrın 23 - də tanımış, elə həmin vaxtdan da  iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. İki ölkə arasındakı əməkdaşlıq getdikcə intensiv xarakter almış və dövlət səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər bir sıra sahələrdə əlaqələri daha da möhkəmləndirmişdir. Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyinin I Avropa İdarəsinin rəisi Vuonq Tua Fonqun, Vyetnam Sosialist Respublikası baş nazirinin müavini Hoanq Cunq Hayın və digər dövlət rəsmilərinin  Azərbaycan Respublikasına işgüzar səfərləri zamanı  Vyetnamın Neft və Qaz Korporasiyası “Petrovietnam” və Azərbaycan Respublikasının Dövlət Neft  Şirkəti  arasında “Strateji əməkdaşlıq haqqında” Saziş imzalanmışdır.

2010-cu il  aprelin 8 - də isə  Vyetnam Sosialist Respublikasının yüksək səviyyəli nümayəndələri  Bakı Biznes Mərkəzində keçirilən Azərbaycan - Vyetnam biznes forumunda iştirak etmişlər. Həmin gün Vyetnam Sosialist Respublikasının Baş nazirinin müavini Hoanq Cunq Hayı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etmişdir. Ertəsi gün isə  “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”un və “Azərbaycan Respublikasının hokuməti və Vyetnam Sosialist Respublikasının hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş - gəlişi haqqında Saziş”in imzalanması mərasimi keçirilmişdir.

 İki ölkə arasındakı dostluq əlaqələri parlamentlər səviyyəsində də davam etdirilmişdir. 2013-cü il noyabrın 27 - də  Vyetnam - Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılması rəsmən elan olunmuş və bununla da ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində daha bir addım atılmışdır. Həmin tədbirdə iştirak edən  Vyetnam parlamentinin vitse-spikeri Uong Chu Luu, xarici işlər komitəsinin sədri Tran Van Hang və dostluq qrupuna daxil olan deputatlar çıxışlarında  Vyetnam və Azərbaycanın sürətlə inkişaf etdiyini və iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensialın mövcud olduğunu bildirmişlər. Həmçinin qeyd olunmuşdur ki, Vyetnam - Azərbaycan parlamentlərarası dostluq qrupunun təsis olunması ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından  böyük əhəmiyyət kəsb edir.

 Tədbirdə vitse-spiker Uong Chu Luu, Vyetnam - Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, eyni zamanda, parlamentin təhlükəsizlik komitəsinin sədr müavini Tran Dinh Nha, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov çıxış etmişlər.

Çıxışlar zamanı Vyetnamla Azərbaycan arasında tarixən dostluq münasibətlərinin mövcud olduğu qeyd olunmuş və cari ildə Azərbaycanın Vyetnamda səfirliyinin təsis olunması ilə iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlandığı vurğulanmışdır.

2013 - cü ilin sonunda  Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfirliyinin rəsmi açılış mərasimi ilə əlaqədar Hanoy şəhərində keçirilən tədbir bir daha təsdiqlədi ki, ikitərəfli münasibətlər artıq yeni müstəviyə qədəm qoymuşdur. Həmin  tədbirdə Vyetnam Xarici İşlər Nazirliyinin və Vyetnam Kommunist Partiyasının rəsmiləri, Milli Assambleyanın, digər dövlət və hökumət qurumlarının üzvləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Sovet İttifaqı dönəmində Azərbaycanın ali təhsil ocaqlarının məzunları, Vyetnamda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri və KİV təmsilçiləri iştirak etmişlər. Azərbaycan - Vyetnam əlaqələrinin tarixindən bəhs edilərkən, bir daha qeyd olunmuşdur ki, çətin anlarda  Azərbaycan tərəfi vyetnamlı dostlarına dayaq olmuş və dəstək vermişdir. Vyetnam iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə, neft sektorunun inkişaf etdirilməsində azərbaycanlı mütəxəssislərin öz bilik və təcrübələrini vyetnamlı həmkarları ilə bölüşdükləri də xüsusi olaraq vurğulanmışdır. Həmçinin bildirilmişdir ki, vaxtilə çoxsaylı vyetnamlı tələbələrin ölkəmizin ali təhsil ocaqlarını bitirməsi, bu tarixi dostluq əlaqələrinin bərpası, həmçinin siyasi, iqtisadi, turizm, mədəniyyət, elm sahələri də daxil olmaqla bütün istiqamətlərdə uzunmüddətli əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradıb.

Təbii ki, bütün bunlardan sonra Azərbaycan Prezidentinin Vyetnama dövlət səfəri böyük təntənə ilə keçməli idi. Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq bu səfərə yüksək qiymət verərək demişdir: “Biz bir daha bildiririk ki, ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələri daim möhkəmlənəcək və inkişaf edəcəkdir. Vyetnam,  Azərbaycanın bizim xalqımıza göstərdiyi dəstəyi və çox qiymətli köməyi xatırlayır  və yüksək qiymətləndirir”.

Azərbaycan Prezidenti bütün  xarici səfərlərində olduğu kimi, bu dəfə də Ertmənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini  xüsusilə qeyd edərək, beynəlxalq hüququn kobud şəkildə pozulduğunu bildirmişdir. Dövlətimizin başçısı  BMT Təhlükəsizlik Şurasının bu işğalçılıqla bağlı qəbul etdiyi 4 qətnamənin 20 ildən çoxdur ki, icra olunmadığını təəssüf hissi ilə diqqətə çatdırmışdır: “İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı və ətraf 7 bölgəni işğal altında saxlayır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair bəyanat vardır. Ancaq buna baxmayaraq, Ermənistan buna məhəl qoymur və torpaqlarımızı işğal altında saxlamaqda davam edir. Bu münaqişə bölgə üçün ən böyük təhlükədir və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Azərbaycan Prezidenti iki ölkə arasında dostluq münasibətlərinin getdikcə inkişaf etdiyini də diqqətə çatdırmışdır. Dövlətimizin başçısı demişdir: “Bu gün ikitərəfli iqtisadi əlaqələrimizə böyük diqqət göstərildi, vaxt ayrıldı. Ticarət dövriyyəsi iki ölkə arasında 400 milyon dollara çatmışdır. Bu gün biznes forum keçiriləcəkdir. Azərbaycandan 50-dən çox şirkət rəhbəri bu biznes forumda iştirak edəcəkdir. Əminəm ki, forum zamanı kontraktlar da müzakirə ediləcək və beləliklə, forumun nəticəsi ikitərəfli ticarət dövriyyəsinin artırılmasında özünü göstərəcəkdir.

Əlbəttə ki, bu gün neft-qaz sektorunda mümkün olan əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır. Azərbaycan nefti Vyetnama ixrac edilir. Biz bu ixracın artırılması ilə bağlı əlavə tədbirlər görəcəyik. Neft-qaz və digər sektorlara qarşılıqlı investisiyaların qoyuluşu ilə bağlı fikir mübadiləsi aparılmışdır. Əminəm ki, yaxşı nəticələr olacaqdır.

Humanitar sahədə əməkdaşlığımızı dərinləşdirmək üçün çox gözəl perspektivlər vardır. Xüsusilə təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın inkişafı üçün çox gözəl imkanlar vardır. Bir sözlə, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir, müxtəlif sahələri əhatə edir. Şübhə etmirəm ki, səfərin nəticələri çox müsbət olacaq və bizim dostluğumuz və əməkdaşlığımız uğurla inkişaf edəcəkdir”.

Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq da çıxışında iki ölkə arasındakı münasibətləri yüksək dəyərləndirdi. O,  əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirdi. Ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirməsi üçün geniş imkanların olduğunu bildirən Vyetnam Prezidenti Truonq Tan Sanq demişdir: “Biz cənab Prezidentlə Vyetnam - Azərbaycan əlaqələrini, xüsusən də, ticari-iqtisadi və investisiya sahələrində inkişaf üzrə tədbirləri müzakirə etdik və razılaşdırdıq. Belə qənaətə gəldik ki, tərəflər güclü istiqamətləri inkişaf etdirməli, eyni zamanda, əmtəə mübadiləsinin artırılması, o cümlədən neft-qaz sahəsini prioritet, strateji və uzunmüddətli istiqamət hesab edərək fəal addımlar atmalıdırlar. Azərbaycan və Vyetnam informasiya mübadiləsi, birbaşa əlaqələrin qurulması və səmərəli əməkdaşlıq formalarının axtarışı sahələrində hər iki ölkənin biznes dairələrinə kömək edəcəkdir. Vyetnam bank işi, daşınmaz əmlak, turizm, yüngül sənaye kimi perspektivli sahələrə investisiya qoymaq üçün azərbaycanlı sahibkarlara əlverişli şərait yaratmağa hazırdır”.

Beynəlxalq tədbirlərdə, xüsusən də BMT-də ölkələrimiz arasında sıx və səmərəli əməkdaşlığın olduğunu vurğulayan Prezident Truonq Tan Sanq Azərbaycan - Vyetnam münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Səfər çərçivəsində  Azərbaycanın birinci xanımı Mehriban Əliyeva  Hanoy şəhərində Ədəbiyyat Məbədi ilə tanış olmuşdur. Azərbaycanın birinci xanımına məlumat verilmişdir  ki, Ədəbiyyat Məbədinin əsası 1070-ci ildə imperator Li Than Tonq tərəfindən qoyulub. Məbəd Çin alimi Konfutsiyə həsr edilib. 1076-cı ildə Ədəbiyyat Məbədinin ərazisində kral, dövlət qulluqçuları, zadəgan və digər elit təbəqəyə məxsus ailələrin övladlarının təhsil alması məqsədilə universitet—İmperial Akademiya yaradılıb. Bu, Vyetnamın ilk milli universiteti hesab olunur. Həmin görüşdə Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edilmişdir.

 Azərbaycan Prezidentinin Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş, həmçinin  gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya imzalanmışdır. Beləliklə, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyada Cənub-Şərqi Asiyada yeni istiqamət açılmışdır.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında