Azərbaycan - Estoniya dostluq və əməkdaşlıq münasibətləri artan sürətlə inkişaf edir

Ötən ilin yanvarında və bu ilin aprelində imzalanmış birgə bəyannamələr həmin dinamikaya daha bir təkan vermişdir

{nl}

Münasibətlərimizin dinamikası və görüşlərimizin mütəmadi olması qarşılıqlı marağı nümayiş etdirir. Eyni zamanda, bu onu göstərir ki, ölkələrimiz arasında geniş münasibətlərin olmasında hər iki tərəfin iradəsi vardır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Tallinn, 7 aprel, 2010-cu il

{nl}

Avropa İttifaqının üzvü kimi Estoniya Azərbaycan ilə əlaqələri daha da sıx qurmaqda maraqlıdır. Biz bundan sonra çalışacağıq ki, bu məsələyə bacardığımız qədər töhfəmizi verək. Çünki hesab edirik ki, Azərbaycan Avropanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir.
Toomas Hendrik İlves Estoniya Prezidenti
Tallinn, 7 aprel, 2010-cu il

{nl}

Azərbaycanın ötən əsrin sonlarında ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşmasından sonra 70 il əvvəlki səhvlərin təkrar edilməməsi üçün çox mühüm və qətiyyətli addımlar atılmalı idi.
1993-cü ilin iyunundan - ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra həmin addımlar atıldı və qısa müddətdə müsbət nəticələrini verdi. Gənc, müstəqil Azərbaycan dövlətinin götürdüyü siyasi kursun əsas uğurlarından biri də mükəmməl xarici siyasətin müəyyənləşdirilməsi idi. Heydər Əliyev ölkəmizi Şərqə və Qərbə, Avropaya və Asiyaya, regionun bütün ölkələrinə, ümumiyyətlə, hamıya açıq elan etdi. Azərbaycan bütün ölkələrlə ikitərəfli və çoxtərəfli (beynəlxalq təşkilatlar çərçivəsində) əməkdaşlığın bərpasını və genişləndirilməsini mühüm prioritet kimi qəbul etdi. Əlbəttə, rəsmi Bakı Azərbaycan xalqının mənafeyi və gənc müstəqil dövlətimizin milli maraqları baxımından bir çox ölkələrlə daha tez ünsiyyət yaratmaqda, daha genişmiqyaslı əlaqələr qurmaqda maraqlı idi. Buraya region ölkələri və uzun onillərdən bəri əməkdaşlıq etdiyimiz keçmiş sovet respublikaları daxil idi. Həmin sırada Estoniya da vardır.
Həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Estoniya ilə əməkdaşlığa böyük önəm verməsinin bir neçə mühüm səbəbi vardır. Əvvəla, Estoniya hələ SSRİ dövründən Azərbaycan iqtisadiyyatına xüsusi maraq göstərən respublikalardan biridir. Bu ölkənin iqtisadiyyatı ilə Azərbaycan iqtisadiyyatını bir-birinə bağlayan tellər çoxdur. Bu gün Estoniya Xəzərin Azərbaycan sektorunda hasil edilən karbohidrogen ehtiyatlarına xüsusi maraq göstərən ölkələrdəndir. İkinci, Estoniya Azərbaycanın dövlət müstəqilliyini tanıyandan dərhal sonra beynəlxalq aləmdə rəsmi Bakının mövqelərini müdafiə etmişdir. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi məsələsinin müzakirəsi zamanı və ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığının genişləndirilməsi üçün aparılan danışıqların gedişində Estoniya daim Azərbaycanın mövqeyindən çıxış etmişdir. Ötən ilin yanvarında Azərbaycanda rəsmi səfərdə olan Prezident Toomas Hendrik İlves həmin məqamları məmnunluqla yada salırdı. Üçüncü, Azərbaycan şirkətlərinin Estoniyada, eston şirkətlərinin isə Azərbaycanda səmərəli şəkildə fəaliyyət göstərməsi, tərəfləri bir-birinə daha da yaxınlaşdırır. 2009-cu ilin yanvarında Bakıda keçirilmiş Azərbaycan - Estoniya biznes forumu, həmin tədbirdən iki ay əvvəl - 2008-ci ilin noyabrında yenə də Bakıda böyük uğurla yekunlaşmış enerji sammiti və digər tədbirlər Azərbaycan - Estoniya münasibətlərini daha da inkişaf etdirmiş, bu ölkələri mühüm tərəfdaşlar kimi bir-birinə bağlamışdır. Dördüncü, ən mühüm cəhət isə ondan ibarətdir ki, Estoniya dövləti son 15 ildə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi zərurətini daim dilə gətirmiş, problemin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və ATƏT-in qərarları əsasında həll edilməsinin vacibliyini vurğulamışdır. Ötən il Bakıda imzalanmış Birgə Bəyannamədə də həmin prinsiplər növbəti dəfə qeyd edilmişdir.
Prezident İlham Əliyevin Estoniyaya üç günlük dövlət səfəri regionda və Avrasiyada gedən mühüm ictimai-siyasi proseslər fonunda reallaşdırılırdı. Dünya birliyi bu gün üç mühüm istiqamətdə öz fəaliyyətini sürətləndirir: beynəlxalq aləmdə həll edilməmiş qalan münaqişələrin həlli yollarının tapılması, yəni sülhə daha tez nail olunması, ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi və nəhayət, bütün dünyada ekoloji tarazlığın bərpa edilməsi üçün səylərin birləşdirilməsi. Dünya ictimaiyyətini getdikcə daha çox narahat edən bu problemlərin hər üçünün bilavasitə Azərbaycana da dəxli vardır. SSRİ-dən miras qalmış münaqişə və ekologiyamıza vurulmuş ziyan Estoniyada da hamıya məlumdur. Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər də dost ölkənin rəsmiləri tərəfindən yüksək qiymətləndirilir. Hətta cənab Toomas Hendrik İlves ötən il Bakıda qeyd etmişdi ki, mən 2000-ci ildə xarici işlər naziri kimi Azərbaycanda olmuşdum. İndiki gəlişimdə paytaxt Bakını tanıya bilmirdim. Bakı daha yaşıl və daha yaraşıqlı bir şəhər olmuşdur. Bütün ölkələr və siyasətçilər üçün daha maraqlı olan üçüncü məsələyə - ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi məsələsinə gəlincə isə deyə bilərik ki, bu zaman estonlar Azərbaycanı çox mühüm tərəfdaş kimi qiymətləndirirlər.
Deməli, Azərbaycan Prezidentinin dost ölkəyə dövlət səfəri öz sözü, öz müstəqil siyasəti olan iki qüdrətli dövlətin başçısının ötən il Bakıda başlanmış dialoqunun davamı kimi qiymətləndirilir. İkitərəfli münasibətlərə, regional vəziyyətə, tərəfləri maraqlandıran məsələlərin və narahat edən problemlərin həllinə həsr edilmiş geniş müzakirələrin aparılacağı gözlənilirdi. Üstəlik, ötən il Bakıda hər iki tərəf böyük səmimiyyətlə etiraf etmişdi ki, bizim siyasi əlaqələrimiz, diplomatik əməkdaşlığımız nə qədər yüksək olsa da, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac vardır. Yəni bu səfər çərçivəsində ənənəvi əməkdaşlıq münasibətlərinin mövcud potensial çərçivəsində inkişafını təmin edəcək danışıqlar aparılacağı, sənədlər imzalanacağı əvvəlcədən məlum idi.
Bu zaman başqa bir məqamı da qeyd etmək istərdik. Ekspertlərin fikrincə, postsovet məkanında azad sahibkarlığın, özəl sektorun inkişafına daha böyük qayğı və diqqət ayıran ölkələr sırasında Azərbaycan və Estoniyanın adı öndə çəkilir. Deməli, bu sahədə də müəyyən danışıqların aparılması və sənədlərin imzalanması tamamilə gözlənilən idi. Ən başlıcası, bu səfərin qarşılıqlı maraqlar üzərində qurulmuş Azərbaycan - Estoniya münasibətlərinin inkişafına yeni təkan verəcəyi hamıya məlum idi. Məhz belə də oldu.
Avropanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycanın dövlət başçısı Estoniyaya ilk səfərini böyük uğurla reallaşdırdı. Prezident İlham Əliyev ötən il Bakıda başlanmış dialoqun Tallinndə müvəffəqiyyətlə davam etdirilməsini məmnunluqla dilə gətirərək qeyd etdi ki, münasibətlərimizin dinamikası və görüşlərimizin mütəmadi olması qarşılıqlı marağı nümayiş etdirir. Eyni zamanda, bu fakt onu göstərir ki, ölkələrimiz arasında geniş münasibətlərin olmasında hər iki tərəfin iradəsi vardır. Bizim çox güclü siyasi dialoqumuz mövcuddur. Ümidvaram ki, bu səfər və səfərim zamanı imzalanmış sənədlər iqtisadi münasibətlərin güclü inkişafına xidmət edəcəkdir.
Qeyd edək ki, Estoniya bizim üçün təkcə ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın artırılması baxımından maraqlı ölkə deyil. Bu ölkə həm də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq baxımından da Azərbaycan üçün maraqlıdır. Həmin faktı dövlət başçılarının geniş tərkibdə görüşündən sonra mətbuat üçün verdiyi bəyanatda cənab Toomas Hendrik İlves bir neçə dəfə dilə gətirdi: "Biz Avropa İttifaqının üzvü kimi istəyirik ki, Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatına üzvlük və digər bu kimi mühüm məsələlərdə Azərbaycanı daha dərindən dəstəkləyən mövqedən çıxış etsin". Yaxud: "Biz bu gün burada bir çox məsələləri müzakirə etdik. Onların sırasında ikirətəfli münasibətləri, qonşu ölkələrlə əlaqələri, regional məsələləri qeyd etmək olar. Biz NATO ilə əlaqələrimizi müzakirə etdik, öz regionumuzda təhlükəsizlik anlayışı ilə bağlı fikir mübadiləsi apardıq".
Yeri gəlmişkən, ötən il cənab Toomas Hendrik İlvesin Azərbaycana səfəri zamanı Estoniyadakı Azərbaycan icmasının qardaş ölkədəki fəaliyyəti, xüsusən, ictimai-siyasi həyatdakı fəallığı barədə fikirlər səsləndirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin Estoniyaya səfəri zamanı isə dost ölkənin rəhbərləri qeyd etdilər ki, Azərbaycandakı eston icması daha böyük təcrübəyə malikdir. Prezident Toomas Hendrik İlves hələ 100 il bundan əvvəl Azərbaycanda eston icmasının rəsmən qeydə alındığını, həmin tarixi hadisənin bir əsrlik yubileyinin məhz Azərbaycan Prezidentinin Estoniyaya səfəri günlərinə təsadüf etdiyini böyük maraqla xatırlatdı və əlavə etdi ki, həmin fakt bizi yeni əməkdaşlıq ideyaları ilə çıxış etməyə çağırır.
Azərbaycan Prezidentinin Estoniyaya səfəri çərçivəsində tərəflərin hər ikisi üçün böyük əhəmiyyət kəsb edən çoxsaylı görüş və müzakirələr keçirildi, müvafiq sənədlər imzalandı. Ancaq Prezident İlham Əliyevin Estoniyanın Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etməsini dünya ekspertləri, xüsusən diplomatlar daha böyük maraqla qarşıladılar. Azərbaycan Prezidentinin xarici siyasətdə böyük uğurlar əldə etməsini onun ixtisasca diplomat olması ilə bağlayan əcnəbi ekspertlər bu dəfə də eyni məntiqlə çıxış etdilər. Onların fikrincə, dövlət başçımızın Tallinndə diplomatlar qarşısında ölkəmiz və müasir dünya siyasətində tutduğumuz yerin bütün spektrlərini əhatəli şəkildə özündə əks etdirən mühazirəsinin uğurunun əsas səbəbi məhz Prezident İlham Əliyevin ixtisasca diplomat olmasıdır. Yeri gəlmişkən, qəzetimizin növbəti saylarında dövlət başçımızın həmin mühazirəsinin bəzi məqamları barədə geniş söz açacağıq. Hələlik isə onu qeyd edək ki, Prezidentin adı çəkilən mühazirəsi Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılması baxımından çox böyük əhəmiyyətə malik bir sənəddir.
Ümumilikdə isə Prezident İlham Əliyevin Estoniyaya dövlət səfəri bu dost ölkə ilə münasibətlərimizin genişləndirilməsi ilə yanaşı, Azərbaycanın Avropaya inteqrasiyasının dərinləşdirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edən bir səfər kimi tarixə düşdü.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında