Əbədiyaşar ümummilli lider

Tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların öz xalqı və Vətəni üçün etdiklərinin, ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır. Azərbaycanın 1970-ci illərdən başlayan inkişafı, uğurları və yüksəlişi ümummilli liderimiz, müdrik zəka sahibi Heydər Əliyevin adı ilə bağlıdır. Böyük rəhbərin hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, təhsilinin, səhiyyə və mədəniyyətinin, iqtisadiyyatının sürətli tərəqqisi ilə yadda qalmışdır. Bu illər milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması, dünya azərbaycanlılarının monolit bir qüvvə kimi təşkilatlanması, gənclərimizin dövlətçiliyimizin tərəqqisi prosesinə cəlb edilməsi Heydər Əliyev strategiyasının uğuru kimi qeyd olunmalıdır.

 Ulu öndərimizin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ sovet dövründə göstərib.

 Azərbaycan əsrin sonunda Heydər Əliyevin sayəsində ən irimiqyaslı iqtisadi layihələrin mərkəzinə çevrilib. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi hələ 70-80-ci illərdə təməli qoyulmuş potensiala söykənir. Məhz o illərdə ölkəmizin gələcəyi üçün çox mühüm addımlar atılıb. İnfrastruktur  təzələnib, neft sənayesi yenidən qurulub, nəhəng kimya və neft-kimya, elmi-mədəni sahələrdə tərəqqiyə nail olunub, ölkəmizin iqtisadi, sosial, elmi-texniki potensialı möhkəmləndirilib. Bu gün neft potensialının reallaşmasında, “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsində mühüm yeri olan Dərin özüllər zavodu kimi dünya miqyaslı müəssisələr inşa edilib. Bununla da böyük öndərimiz hələ siyasi rəhbərliyinin birinci mərhələsində yeni inkişaf strategiyasını müəyyənləşdirib və az vaxtda onu uğurla həyata keçirib.

 Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə xalq üçün, Vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil dövlətçiliyinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxaran ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz – bütün bunlar Azərbaycan həqiqətləridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ən mühüm uğurlardan biri atəşkəsin əldə edilməsi olmuşdur. Belə bir faktı qeyd etməyə dəyər ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliklərə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanmış və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. İndi ölkə iqtisadiyyatının sürətli inkişafında mühüm amilə çevrilmiş Heydər Əliyevin neft strategiyası böyük uğurla həyata keçirilir.

 Dünyanın məşhur siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi, siyasət şahmatının mahir ustası adlandırırdılar. O, tarixi perspektivləri qabaqcadan görmüş, ən çətin məqamlarda düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdur. Onu Franklin Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll, Atatürk kimi siyasət korifeyləri ilə müqayisə edirlər.

 Heydər Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların cərgəsində görmək istəyirdi. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir...

 Ulu öndər əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.

 Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və bəlağətsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir tarix məktəbini bitirmək deməkdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var.

 Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

 Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri sadalamaqla bitib-tükənən deyil. Dahi şəxsiyyət bu gün sıralarımızda olmasa da, onun möhtəşəm əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir və gözümüz önündədir. Heydər Əliyev fövqəlbəşər bir düha kimi xalqın əbədi məhəbbətini qazandı.

Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında çanlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə heykəl ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideallarını öz yolunda mayaka çevirəcəkdir.

 Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu yalnız milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir.

 Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyət hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” - deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Şükürlər olsun ki, ulu Tanrı xalqımızın taleyinə çətin, əzablı günlər yazsa da, bu əzablara sinə gərə biləcək, bütün düyünləri açmağa qadir olan Heydər Əliyev dühası kimi böyük şəxsiyyət də qismət edib. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş, onun əsgəri olmuş ümummilli liderimiz əbədiyaşarlıq qazanmışdır.

 Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.

 

Xuraman MURADOVA,

“LAÇIN” Tibb Mərkəzinin direktoru

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında