Bugünlərdə ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ölkəmizdə ümumxalq sevgisi və böyük təntənə ilə qeyd olundu. Millət atasının canından artıq sevdiyi Vətəni qarşısında misilsiz xidmətləri, cahanşümul əməlləri onun hər bir azərbaycanlının qəlbində möhtəşəm abidəsini ucaltmışdır.
Ölkənin hər yerində keçirilən anım mərasimlərində və el şənliklərində bu nadir tarixi simanın şüurlu ömrünü doğma xalqının yüksəlişinə və tərəqqisinə həsr etməsi qədirbilənliklə vurğulandı, dahi rəhbərin ölməz və nurlu xatirəsi ehtiramla yad olundu.
Tarixə müraciət etsək, öz xalqının həyatında xüsusi rol oynayan liderlərin adlarının əbədiləşdirilməsinin, ideya və əməllərinin ölkəsində yaşadılması ilə bağlı bir çox nümunənin şahidi olarıq. Bunlardan kimsə Şərq aləmində, kimsə Qərb ölkəsində tarixləşmişdir. Heydər Əliyev şəxsiyyətinə bu baxımdan yanaşsaq, görərik ki, onu eyni məhəbbətlə həm şərqlilər, həm qərblilər sevirlər. Bu, fenomenal şəxsiyyət olan, bəşəri keyfiyyətləri ilə beynəlxalq arenada zirvələşən ulu öndərimizin bütün insanlığa rəğbət və xidmətlərindən, planetar düşüncə sahibi kimi tanınmasından qaynaqlanır.
Heydər Əliyev müdrikliyi yalnız bir şəxsiyyətin fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə, xalqımızın mental böyüklüyünün, əzəmətli tarixi iradəsinin ifadəsidir. Tarixdən məlumdur ki, bir xalqın lideri səviyyəsinə ucalmaq, dünya miqyasında tanınmaq və qəbul olunmaq üçün şəxsiyyət uzun bir təkamül yolu keçməlidir. Xalqın milli kimliyinə bağlı olmayan, onun tarixi və əfsanəvi qəhrəmanlarının keyfiyyətlərini özündə cəmləşdirməyən insan lider kimi qəbul edilmir. Bu baxımdan Heydər Əliyev təkcə tarixin, taleyin seçimi deyil, həm də Azərbaycan xalqının seçimi idi. Bu gün bizim ümummilli liderimizin müxtəlif xalqların seçimləri olan Corc Vaşinqtonla, Otto Bismarkla, Mustafa Kamal Atatürklə, Şarl de Qolla və s. müqayisə edilməsi, bir sırada xatırlanması məhz bu tarixi həqiqətlə bağlıdır.
Bənzərsiz dövlət və siyasət xadimi Heydər Əliyevi öz xalqının lideri səviyyəsinə qaldıran əsas keyfiyyətlər, həm də onun zəkasının hüdudsuzluğu, fəhm və təfəkkürünün itiliyi ilə, fantaziyasının əlçatmazlığı idi. O, dövlət rəhbərlərinə xas olan xarizmatik keyfiyyətləri, iqtisadiyyatı və sosial sferanı, siyasəti və diplomatiyanı, kadrların yetişdirilməsini və düzgün yerləşdirilməsini qədərincə bilməsi ilə, tariximizə, milli adət və ənənələrimizə dərindən bələd olması ilə canlı məktəb idi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlər ölçüyəgəlməzdir. Bu fədakar fəaliyyət bütün sahələri əhatə edirdi. Azərbaycanın istər sovet dövründə, istər müstəqillik illərində, istərsə də, bu gün qazandığı uğurlarda biz onun düşüncəsinin, əməllərinin silinməz izlərini görürük. Bu xidmətlər sırasında ən önəmlilərdən biri, şübhəsiz, ümummilli lider olaraq onun azərbaycançılıq ideologiyasını formalaşdırması, dövlət və cəmiyyət həyatına gətirməsidir. Bu təlim təkcə ölkəmizin əhalisini deyil, həm də dünyanın ayrı-ayrı ərazilərində yaşayan soydaşlarımızı müstəqil, vahid Azərbaycan məramı ətrafında birləşdirir.
Bu müqəddəs fəaliyyətin ilkin hazırlıq mərhələsi 1969—1982-ci illərdən başlamış, sonra isə 1982-1987-ci illərdə ulu öndərimizin SSRİ Nazirlər Soveti sədrinin I müavini işlədiyi dövrdə davam edərək milli kimliyimizin yaşadılması, bütövləşməsi ilə əlamətdar olmuşdur. Şübhəsiz, bu istiqamətdə köklü fəaliyyət Azərbaycan öz dövlət suverenliyini əldə etdikdən sonra, xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda müstəqil Azərbaycanın rəhbərliyinə gəlişindən sonrakı dövrlə bağlıdır.
Böyük xilaskar o böhranlı dövrdə hakimiyyətə gəlişinin elə ilk günlərindən səriştəsiz rəhbərlərin apardığı ağılsız siyasət nəticəsində yaranmış xaos, anarxiya və özbaşınalığın qarşısını aldı, parçalanma hallarını aradan qaldırdı, soydaşlarımızı ümumi düşmənə qarşı bir mövqedən çıxış etməyə yönləndirdi. Qısa müddətdə ölkəni bürüyən pozucu hadisələr məcrasına salındı, qanunsuzluqların aradan qaldırılması insanların sabaha olan inamını qaytardı. Ulu öndərin apardığı məqsədyönlü işlər vəziyyəti normallaşdırdı, vətəndaş həmrəyliyi bərqərar oldu.
Müdrik şəxsiyyət Heydər Əliyev ölkə Prezidenti kimi Azərbaycanın demokratik və hüquqi cəmiyyət quruculuğu yolunda irəliləməsi üçün insan hüquqlarının qorunmasını, çoxpartiyalılıq prinsiplərinin bərqərar edilməsini özünün başlıca fəaliyyət istiqamətləri kimi qarşıya qoydu. Bütün bu işlərin nəticəsində 2001-ci ildə Azərbaycan Avropa Şurası kimi mötəbər, nüfuzlu bir quruma üzv qəbul olundu. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzu günbəgün artmağa başladı. Azərbaycan həqiqətləri beynəlxalq aləmdə təsdiqləndi.
Ümummilli liderimizin öz xalqı və milləti qarşısında göstərdiyi ən mühüm xidmətlərdən biri də bilavasitə onun təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Bununla da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diasporların təşkilatlanmasına, birgə fəaliyyət göstərilməsi sistemli prosesə çevrildi. Məhz bu qurultaydan sonra Azərbaycan diasporu bütövləşərək fəaliyyətini gücləndirdi. Ümumiyyətlə, 1993-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq istiqamətində aparıdığı işlər çox böyük məsuliyyətlə, uzaqgörənliklə, sistemli və ardıcıl siyasət yeritməklə həyata keçirilmişdir. Tarixi şəxsiyyət kimi Heydər Əliyevin bir böyük üstünlüyü də o idi ki, bu insan bütün həyatı boyu azərbaycanlı adını uca tutmuş, bununla qürur hissi keçirmiş, başqalarına da bu anlayışı aşılamağa çalışmışdır.
Sağlığında dünya azərbaycanlılarının həqiqi lideri səviyyəsinə yüksəlmiş ümummilli lider Heydər Əliyevin ideyaları, əsasını qoyduğu işlər bu gün də yaşamaqdadır. Ulu öndərin çox böyük dəqiqliklə işləyib hazırladığı strateji kursu 2003-cü ilin oktyabrından onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bu xətt isə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun durmadan artırılması, ərazi bütövlüyünün bərpası, iqtisadi durumunun yüksəldilməsi, əhalinin rifahının yaxşılaşdırılması, demokratik dəyərlərin dərinləşdirilməsi və s. kimi ümumdövlət və ümumxalq əhəmiyyətli məsələlərdir.
Bütün bu işlər bir daha göstərir ki, Prezident İlham Əliyev öz müdrik sələfi, adı ən yeni tariximizə böyük qurucu, qalib, xilaskar, millət atası kimi daxil olmuş Heydər Əliyevin başladığı və ərsəyə gətirdiyi işləri qətiyyətlə, uğurla, dövlətçiliyimizin tərəqqisi naminə əzmlə davam etdirir. Bu isə o deməkdir ki, ulu öndər Heydər Əliyev ideyaları bu gün də yaşayır və əbədi yaşayacaqdır.
Nadir AĞAYEV,
Abşeron Rayon Təhsil Şöbəsinin müdiri,
əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.