Vayra Vike-Frayberqa: Azərbaycanın ərazi bütövlüyü təcili bərpa olunmalıdır

Azərbaycanda nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Belə tədbirlərin iştirakçıları, adətən, dünyanın tanınmış ictimai - siyasi xadimləri, diplomatlar, siyasi ekspertlər, həmçinin xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri olurlar. Onlar ölkəmizin inkişafı, abadlıq və quruculuq işlərini görür, bununla yanaşı, reallıqlarla, həqiqətlərlə şəxsən tanış olurlar.

Bu günlərdə Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunları da bunu təsdiqləyir. Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin dünya birliyində reytinqinin getdikcə artmasından, dinamik inkişafdan, aparılan islahatlardan, həmçinin Ermənistanın işğalçılıq siyasətini hələ davam etdirməsindən, bunun da nəticəsində ərazilərimizin 20 faizinin 20 ildən artıqdır ki, işğal altında saxlanılmasından danışmışdır. Ölkəmizə dünya birliyində yüksək etimad göstərildiyini diqqətə çatdıran dövlətimizin başçısı bunu BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçkilərində Azərbaycana 155 ölkənin dəstək verməsi ilə əlaqələndirmişdir. Prezident İlham Əliyev bu etimadı yüksək dəyərləndirərək demişdir: “Hazırda, biz tarixdə heç vaxt olmadığı kimi, beynəlxalq təsisatların dəstəyinə malikik. Bunun bir nümunəsi bizim BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdə 155 ölkənin lehimizə səs verməsi oldu. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyətin tam əksəriyyəti bizi dəstəklədi. Hətta ikitərəfli münasibətlərimiz o qədər fəal olmayan ölkələr belə bizi dəstəklədi. Onlar bizə etimad göstərdilər.

Forumda Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkməməsi və beynəlxalq aləmdə hərbi təcavüzə ikili standart nümayiş etdirilməsi də vurğulanmışdır. Azərbaycan Prezidenti bu məsələyə münasibət bildirərkən diqqətə çatdırmışdır ki, BMT-nin Təhlükəsizik Şurasının üzvü kimi əsas gündəliyimiz hüququn aliliyini və ədaləti qorumaq idi. Fikrimcə, bunlar indiki dünyanın iki ən əsas elementidir. Əfsuslar olsun ki, onların hər ikisi kobud şəkildə pozulub. Bu pozulmaya reaksiya yoxdur, çünki erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Həmin qətnamələrdən heç biri həyata keçirilməyib. İşğal davam edir. Biz etnik təmizləməyə məruz qalmışıq. Ölkəmizin tarixi hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Beynəlxalq təşkilatlar, əlbəttə ki, qətnamələri qəbul ediblər. Bununla bağlı digər beynəlxalq təşkilatlar - ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və əlbəttə ki, BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurası qərarlar qəbul ediblər. Lakin onlardan heç biri yerinə yetirilməyibdir”.

Ermənistanın işğalçılıq siyasəti forumun yüksək tribunasından bir daha təsdiqlənmişdir. Tədbir iştirakçıları da hərbi təcavüzün yolverilməz olduğunu bildirmiş, Azərbaycanın ərazi bütövlüyünün təcili bərpa olunmasını tələb etmişlər. Bəzi iştirakçılar isə soyqırımı və terror aktlarının qarşısının alınmasını, dolayısı ilə Ermənistanın azərbaycanlılara qarşı qətliam törətdiklərini pisləmişlər. Məsələn, Bosniya və Herseqovinanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Zlatko Lagumdziya münaqişələrdən sonra formalaşan cəmiyyətlərdə əsas parametrlərdən birinin ədalət olduğunu vurğulamışdır. Azərbaycanda olduğu kimi, ölkəsində də bütün dinlərin nümayəndələrinə bərabər imkanların yaradıldığını diqqətə çatdıran Z.Lagumdziya mənfi hadisələrin baş verməsinin qarşısını almaqla hər bir cəmiyyətin sistemin düzgün qurulmasına müəyyən töhfə verə biləcəyinin mümkünlüyünə toxunmuşdur. Xocalı və Serebrenitsa hadisələrinin hər iki xalqın başına gətirilən dəhşətli müsibət olduğunu bildirən Z.Lagumdziya artıq açıq cəmiyyətlərdə bu cür faciələrin qarşısının alınmasının mümkünlüyünü qeyd etmişdir.

 Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun prezidenti Vayra Vike-Frayberqa jurnalistlərlə görüşündə Ermənistanın hərbi təcavüzünü, işğalçılıq siyasətindən əl çəkməməsini kəskin tənqid etmiş və demişdir ki, Azərbaycanın ərazi bütövlüyü təcili bərpa olunmalıdır. O bildirmişdir ki, beynəlxalq hüququn qorunması və ərazi bütövlüyü prinsiplərinin tələbinə görə Azərbaycanın ərazi bütövlüyü təcili bərpa olunmalıdır: “Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri vardır. ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi məsələ ilə yaxından məşğul olur. Ona görə də açıq deyirəm: İstədikləri formatdan - istər ikilik, istər üçlük, istər dördlük formatından istifadə etsinlər, amma bu münaqişə həll olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu, bizim dövlətin də mövqeyidir. Mən Prezident olanda da bu mövqedə olmuşam və təəssüf ki, hələ də bu problem davam edir”.

II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətindən danışan xanım diplomat diqqətə çatdırmışdır ki, bu nüfuzlu tədbirin belə yüksək səviyyədə təşkili Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində mümkün olmuşdur. O vurğulamışdır ki, əvvəlki illə müqayisədə builki forumda müzakirə edilən mövzular daha əhatəli olmuş, daha böyük nailiyyətlər əldə edilmişdir. Sabiq Prezident qeyd etmişdir ki, iki gün davam edən tədbir çərçivəsində müzakirələr zamanı iştirakçıların diqqəti həllini gözləyən bir sıra problemlərə yönəldilmişdir. Bunlardan biri də dondurulmuş münaqişələrdir. Vayra Vike-Frayberqa qeyd etmişdir ki, bu sıraya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxildir. Sabiq Prezident əlaqədar qurumların münaqişələrin ədalətli həllinə ikili mövqedən yanaşdıqlarını tənqid edərək demişdir ki, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı bu problemlərin həlli istiqamətində daha fəal olmalı və bütün imkanlarını səfərbər etməlidirlər.

Forum iştirakçılarına bəlli olmuşdur ki, Azərbaycan müstəqil dövlət kimi nisbətən gənc olmasına baxmayaraq, seçdiyi demokratik inkişaf yolunda bəzi Avropa dövlətlərinə nümunə olmuşdur. Ölkəmizdə keçirilmiş seçki prosesində tətbiq olunan bəzi yenilikləri yüksək qiymətləndirən beynəlxalq müşahidəçilər də bu qənaətdə olmuşlar. Lakin ədalət prinsipi pozulduqda, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını görməməzliyə vurduqda demokratiya tam bərqərar ola bilməz. Azərbaycanın Avropa İttifaqı ilə bir çox sahələrdə, xüsusən də enerji sahəsində sıx əməkdaşlıq etməsinə baxmayaraq, indiyədək nə ATƏT-in Minsk qrupu, nə də Avropa İttifaqı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətli həll variantları təklif etməyiblər. Təəssüf ki, Avropa dövlətləri də bu münaqişənin həll olunması üçün kifayət qədər səy göstərmirlər. Bir çox hallarda isə ikili mövqe nümayiş etdirilir, Ermənistanın işğalçılıq siyasətinə və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasına ciddi reaksiya verilmir və işğalçı ölkəyə sanksiya tətbiq olunmur.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında