Ulu öndər Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyi dövründə respublikada azərbaycançılıq məfkurəsinin və milli ruhun davamlı yüksəlişi, milli özünüdərkin keçmişin buxovlarından azad olması, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunması xüsusi qeyd edilməlidir.
Ümummilli liderin keçən əsrin 60-cı illərinin axırlarında siyasi hakimiyyətə gəlişi Azərbaycanın tərəqqisinin, cəmiyyətin milli özünüdərkə, milli özünüqayıdışa dönüşünün başlanğıcını qoydu, milli ruhun inkişafına, milli qürurun yüksəlməsinə səbəb oldu.
Ulu öndər o illəri xatırlayaraq deyirdi ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri elmin, təhsilin sürətlə inkişaf etməsidir. 1920-ci ildən 1991-ci ilə qədər Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil olmamışdır, ancaq Azərbaycan xalqı böyük inkişaf yolu keçmişdir. Qətiyyətlə demək olar ki, Azərbaycanın inkişafının mühüm dövrü kimi səciyyələndirilən XX əsrin 70-80-ci illəri xalqımızın qəlbində, düşüncəsində illərlə yığılıb qalmış milli ideyanın — azadlıq, müstəqillik, suveren Azərbaycan dövləti ideyalarının canlanmasına, gələcəkdə qüdrətli milli-azadlıq hərəkatının ideya-mənəvi əsası və hərəkətverici qüvvəsi dərəcəsinə yüksəlməsinə zəmin yaratdı.
Bu illərdə Heydər Əliyevin uzaqgörənliklə istiqamətləndirdiyi ən dəyərli təhsil ənənələri sırasında azərbaycanlı gənclərin respublikamız üçün gərəkli ixtisaslara yiyələnmələrindən ötrü keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsi təcrübəsi idi. Bu yolla Azərbaycanın kadr potensialının yüksəldilməsi ilə yanaşı, ən qabiliyyətli gənclərimizin vasitəsilə xalqımızın mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin təbliği kimi çox vacib bir məsələ də yerinə yetirildi. O dövrdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, indi Rusiyada güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Diasporumuzun ən fəal üzvləri ulu öndərin 70-80-ci illərdə Rusiyaya təhsil almaq üçün göndərdiyi gənclərdir.
Azərbaycandan kənara təhsil almaq üçün gənclərin göndərilməsi ideyasının tarixi qədimdir. Hələ orta əsrlərdə azərbaycanlı gənclər İslam dünyasının tanınmış mədrəsələrində təhsil almış, Şərqdə elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermişlər. Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra bu tendensiya dəyişdi. Azərbaycanlı gənclər təhsil almaq üçün Rusiyanın və Avropanın tanınmış təhsil ocaqlarına üz tutdular. Azərbaycan Demokratik Respublikasında bu ideyanın gerçəkləşməsi üçün real addımlar atıldı, 100 nəfərə yaxın gənc Rusiyanın, Türkiyənin və Avropanın tanınmış elm və təhsil mərkəzlərinə yola salındı. Çox təəssüf ki, onların taleyi uğurlu olmadı. Azərbaycan 1920-ci il aprelin 28-də bolşevik Rusiyası tərəfindən yenidən işğal olundu. Demokratik hökumətin xaricə göndərdiyi tələbələr təqaüddən məhrum edildilər. Onların bəziləri Vətənə qayıtdı, bəziləri isə xaricdə təhsillərini yarımçıq qoyaraq başqa sahədə işləməyə başladılar. Vətənə qayıdanların da taleyi uğurlu olmadı, onların çoxu Stalin repressiyasının qurbanı oldu.
1970-80-ci illərdə ulu öndərin şəxsi təşəbbüsü və qayğısı sayəsində bu ideya praktik həllini tapdı. Keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin müxtəlif sahələrini əhatə edən və ən zəruri ehtiyac duyulan ixtisaslar üzrə 15000-dək azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaradıldı. Heydər Əliyev Azərbaycandan kənarda təhsil alan gəncləri diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərir, onları “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” adlandırırdı. O, hər il avqust ayının axırlarında Vətəndən kənarda təhsil alacaq tələbələrlə respublika fəallarının görüşünü keçirir, orada gənclərə öz tövsiyələrini verirdi. O, 29 avqust 1981-ci ildə tələbələrlə görüşdəki nitqində demişdi: “Azərbaycan KP MK-nın gördüyü tədbirlər özünü tamamilə doğruldur. Ali məktəblərə layiqli gənclərin gəlməsini təmin edir. Respublikadan gənclərin bir çox qruplarının Moskva, Leninqrad və digər şəhərlərin ali məktəblərində oxumağa göndərilməsi praktikası yüksəkixtisaslı kadrlar hazırlanmasında mühüm istiqamətdir. İndi bizim respublikada xalq təsərrüfatının daha kəskin ehtiyac hiss etdiyi ixtisaslar üzrə Sovet İttifaqının ən yaxşı tədris müəssisələrində hazırlanmış böyük kadr dəstəmiz vardır. Bu il Azərbaycandan cəmi 3600 oğlan və qız Sovet İttifaqının müxtəlif ali məktəblərində 244 ixtisas üzrə təhsil alacaqdır”.
Heydər Əliyev hakimiyyətə gələnə qədər respublikamızdan kənara hər il 47 nəfər gənc ali təhsil almağa göndərilirdi. Halbuki, plan 60 nəfər idi. Qeyd etmək yerinə düşər ki, göndərilən 47 nəfərin az bir hissəsini azərbaycanlılar təşkil edirdi. SSRİ-nin tanınmış məktəblərində azərbaycanlılar üçün ayrılmış yerlərə respublikamızda yaşayan erməni və ruslar göndərilirdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu tendensiya qısa bir müddətdə dəyişdi. Əgər 1969-cu ildə SSRİ-nin tanınmış ali məktəblərinə cəmi 47 nəfər göndərilmişdisə, 1975-ci ildə onların sayı 700 nəfərə çatdı. 1975-ci ildən başlayaraq gənclərin respublikadan kənarda təhsil alması intensiv xarakter aldı. Bu yüksək tarixi-mədəni nailiyyət ulu öndərin Azərbaycanın gələcəyinə istiqamətlənmiş strateji tədbirlərinin tərkib hissəsi idi.
Bu ənənənin Azərbaycanın gələcək inkişafına hədəflənməsindən bəhs edən ümummilli lider Azərbaycan gənclərinin I Forumunda demişdi: “Burada 70-80-ci illərdə hər il 800-900 nəfər gəncin Azərbaycandan kənarda olan təhsil ocaqlarına göndərilməsi yada salındı. Doğrudan da, hər il burada, bu salonda biz həmin gəncləri Moskvaya, Leninqrada, Kiyevə, başqa-başqa şəhərlərə yola salırdıq, onlara xeyir-dua verirdik, onları yüksək təhsil almaq üçün, yaxud bizim respublikamızda olmayan ixtisasları mənimsəmək üçün həmin təhsil mərkəzlərinə göndərirdik. Bunlar öz bəhrəsini verir. Burada deyildi ki, indi həmin təhsil ocaqlarında təhsil almış, mütəxəssis kimi fəaliyyət göstərən şəxslərin cəmiyyəti yaranıb. Mən bu cəmiyyəti salamlayıram, ona çox böyük ehtiramımı bildirirəm və çalışacağam ki, bu cəmiyyətin üzvləri ilə görüşüm. Çünki vaxtilə belə kadrların hazırlanması üçün mən xeyli səy göstərmişəm”.
Bir fakt üzərində xüsusi dayanmaq istərdik. 80-ci illərdə erməniləri birmənalı dəstəkləyən M.S.Qorbaçovun Sov.İKP MK-nın Baş katibi seçilməsi ilə ermənilərin Kremldə nüfuzu yüksəldi. Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması istiqamətində iş aparılmağa başlandı. Heydər Əliyev SSRİ rəhbərliyinin yürütdüyü siyasətə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermək məcburiyyətində qaldı. Maraqlıdır ki, ulu öndər Kremldən gedəndə şəxsi əşyaları ilə birlikdə özü ilə götürdüyü sənədlərdən biri də Azərbaycandan kənarda ali təhsil alan tələbələrin siyahısı olmuşdur.
1998-ci il avqustun 31-də ulu öndərin məhz həmin şəxslərlə möhtəşəm görüşü keçirildi. Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında Heydər Əliyev o illəri xatırlayaraq demişdi: “Mən çox həyacanlıyam və eyni zamanda böyük sevinc hissi keçirirəm. Çünki bugünkü - 1998-ci ildəki toplantımız 1969-cu ildə Azərbaycanda ilk dəfə əsası qoyulmuş görüşlərin nəticəsidir. ...Vaxtilə bu salona 16 -17 yaşına daxil olmuş insanlar - siz ötən illərdə böyük həyat yolu keçmişsiniz, formalaşmısınız, püxtələşmisiniz, Azərbaycanın həyatının müxtəlif sahələrində fəaliyyət göstərirsiniz. Bunların hamısının əsası həmin illərdə qoyulubdur. Ona görə də mən sizin hər birinizin həyatında etdiyim xidmətin nəticəsini görərək, bu gün sevinirəm, şadlanıram və iftixar hissi keçirirəm. Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə, təhsil məsələləri ilə məşğul olmağa başladım. ...Mən bu işi başladım, genişləndirdim. Özüm də təsəvvür etmədən gördüm ki, Azərbaycandan kənarda Azərbaycan üçün yeni bir ali məktəb yaratmışıq”.
Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu isə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə olmuşdur. Sonralar o, həmin işləri xatırlayaraq deyirdi: “Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm”.
Heydər Əliyevin 70-80-ci illərdə respublikadan kənarda azərbaycanlı gənclərin təhsil almalarına geniş imkan yaratmasını və bu işə daim qayğı göstərməsini qiymətləndirərkən, onun tarixi dəyərinin miqyasını müəyyənnləşdirərkən bu həqiqəti də etiraf etməliyik ki, hər il respublikadan kənara orta hesabla 800-1000 nəfər gəncin göndərilməsi belə bir mənzərə yaradırdı ki, möhtərəm Prezidentimizin özünün dediyi kimi, respublikada mövcud ali məktəblərdən əlavə, sanki Azərbaycan üçün böyük töhfə olan daha bir ali məktəbimiz də fəaliyyət göstərirdi. Bu rəmzi, simvolik ali məktəbin yaradıcısı və rəhbəri Heydər Əliyev idi. Bu gün istər ölkəmizdə, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən həmin mütəxəssislər 1970-ci illərdə əsası qoyulan və 15 mindən çox yetirməsi olan Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyev kadrlarıdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlıların xaricdə təhsil alması prosesi yenidən sürətləndi. İldən-ilə xaricdə təhsil alanların sayı artır. Ulu öndərin keçən əsrin 60-cı illərində əsasını qoyduğu bu təhsil ənənəsi uğurla davam etdirilir.
Son illərdə xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı xeyli artmış, on mini keçmişdir. 2013-2014-cü tədris ilində Dövlət Proqramı çərçivəsində 700-ə yaxın tələbə ali təhsil almaq üçün dünyanın qabaqcıl universitetlərinə göndərilmişdir. Ümumiyyətlə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın inkişaf etmiş ölkələrinin tanınmış universitetlərinə təhsil almağa göndərilmişdir. Dövlət vəsaiti hesabına xaricdə təhsil məsələsi hətta dünyanın ən zəngin dövlətləri üçün nadir hadisədir. Belə ki, digər ölkələrdə təhsil üçün ödənilən vəsait məzun işə düzəldikdən sonra hissə-hissə qaytarıldığı halda, Azərbaycanda həmin vəsait təhsil alana bağışlanır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu təhsil ənənəsi Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, maddi kapitalın insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü iş aparılır. Cənab Prezident tərəfindən 19 oktyabr 2006-cı ildə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı” haqqında və bununla bağlı sonrakı illərdə qəbul edilmiş sənədlər bu sahəyə dövlətin diqqət və qayğısının təzahürü kimi qiymətləndirilməlidir. Bu məqsədyönlü siyasət Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, Azərbaycan xalqının tərəqqisinə istiqamətlənmişdir. Çünki təhsil millətin tərəqqisinin ən mühüm şərtidir.
Fərrux RÜSTƏMOV,
pedaqogika üzrə elmlər doktoru,
professor, Əməkdar elm xadimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.