Tarix yaradan şəxsiyyət

Şəxsiyyətin tarixdə rolu bütün zamanlarda insanlığı düşündürmüşdür. Marksist - kommunist ideologiyasının sovet rejimində zorla beyinlərə yeritdiyi “kütlə tarixin yaradıcısıdır” konsepsiyası özünü doğrultmadı. Bizim fikrimizcə, kütlə tarixin xammalıdır, tarixin yaradıcıları isə böyük şəxsiyyətlər, dahilər və liderlərdir.

 Tarix yaradan belə liderlərdən biri Heydər Əliyev idi. Dünyanın məşhur siyasətçisi, mahir dövlət qurucusu, dönməz iradə sahibi və istedadlı natiq, filosof, tarixçi və mədəniyyətşünas Heydər Əliyev öz misilsiz əməlləri ilə Azərbaycan xalqının ümummilli lideri zirvəsinə ucaldı. Liderə məxsus ən başlıca xüsusiyyət onun adi iş üsulu idi: Heydər Əliyev ayrı-ayrılıqda konkret bir fərdlə məşğul olmur, əslində, ictimai - siyasi və tarixi mühit yaradır, kütləni həmin mühitin çevrəsinə toplayır və insanları, problemləri yox, bütövlükdə mühiti idarə edirdi. Burada tarixin gedişatını buxovlayan ehkam yaranmır. Çünki zaman dəyişdikcə plan da dəyişir və insanlar bu gedişatdan razı qalırlar.

Heydər Əliyev hələ gəncliyindən Dövlət Təhlükəsizlik Komitəsində işləmiş və DTK-nın Azərbaycandakı sədri səviyyəsinə qədər yüksəlmişdi. Bu təşkilatda keçdiyi məktəb onun yenilməz şəxsiyyətini, fiziki ahəngdarlığını, siyası iradəsini, cahana və insana nüfuz etmək, qətiyyətli təsir göstərmək bacarığını, liderlərə məxsus uzaqgörənlik, çevik həyat tərzini formalaşdırmışdı. Bütün bu cəhətlər 1969-cu ildə Azərbaycanın rəhbəri seçildikdən sonra ona çox lazım oldu.

Heydər Əliyev dövlət təhlükəsizlik orqanında çalışarkən qazandığı xalqla, millətlə işləmək vərdişləri, daha sonra Azərbaycan KP MK-nın Birinci katibi kimi fəaliyyəti zamanı əldə etdiyi zəngin rəhbərlik təcrübəsi, habelə Kreml intriqalarında qalib gəlmək üçün işləyib hazırladığı siyasi taktika Azərbaycanın ən ağır siyasi-tarixi durumunda – 1993-cü ilin 15 iyununda kara gəldi. Yalnız onun lider kimi şəxsi əzmkarlığı, xalqın ona böyük inamı, çevik diplomatiyası sayəsində Azərbyacan siyasi fəlakətdən xilas ola bildi. Bu çətin dövrdə Heydər Əliyevə məxsus iki vacib cəhət ortaya çıxdı:

1. Xalqı təşkil etmək bacarığı - o, başıpozuq kütləni məharətlə təşkil edib, Azərbaycanın istiqlalına doğru yönəldə bildi.

2. Tarixin gedişatını, ən başlıca prioritetləri vaxtında və düzgün təyin etmək strategiyası. O, öncə böyük uzaqgörənliklə “Yolumuz hayanadır?” – sualına cavab verdi. Dünyanın qüdrətli dövlətlərindən olan qardaş Türkiyə ilə münasibətlər qurdu, nəticədə onun müdrikcəsinə dediyi “Bir millət - iki dövlət” konsepsiyası özünü doğrultdu. Məhz Heydər Əliyevin sayəsində türk dünyası birləşərək Azərbaycanın arxasında dura bildi.

Ağıllı və uzaqgörən lider türk birliyinə siyasi yolla gəlmədi, tarixdə özünü həmişə doğrultmuş uğurlu yol seçdi - “Türksoy” yarandı, “Kitabi - Dədə Qorqud” eposunun 1300, dahi M. Füzulinin 500 illik yubileyləri ədəbi - tarixi hadisələr çərçivəsindən çıxıb türkləri birləşdirən siyasi - tarixi olaya çevrildi. O, Füzulini “Azərbaycan xalqının, türk dünyasının türk xalqlarının bu günü və gələcəyi üçün böyük örnək” kimi dəyərləndirdi. Türkiyə Böyük Millət Məclisindəki çıxışında “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur”, – dedi.

Heydər Əliyevin irsinə əsaslanıb deyə bilərəm ki, Azərbaycan dünyaya ümumtürk kontekstində çıxdıqda güclü ola bilər, siyasi uğur qazanmağı bacarar.

Heydər Əliyevin böyük siyasi iradəsi, güclü şəxsiyyəti sayəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən, parçalanmaq faciəsindən xilas ola bildi. O, bir ilin içərisində ölkədəki siyasi və silahlı qruplaşmaları ləğv etməyə, milli-ictimai düşüncəni dövlətçilik məcrasına daxil etməyə nail oldu. Onun qanun çərçivəsində dövlətçiliyi, Azərbaycanın müstəqilliyini qorumaq naminə həyata keçirdiyi sərt tədbirləri xalq dəstəklədi. Xalq Heydər Əliyev cəsarətinə, əzəmətinə güvənərək vahimə və səksəkədən xilas oldu. Lakin hələ bunu beynəlxalq miqyasda sübut etmək, xarici ölkələri Azərbaycanda siyasi sabitlik yarandığına inandırmaq lazım idi. Bu şəraitdə də ümummilli liderin tarixə güvənən düşüncəsi qalib gəldi: 1994-cü ildə onun böyük iradəsi, inandırıcı diplomatiyası sayəsində tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft kontraktları bağlandı.

Hələ siyasi sabitliyin tam bərqərar olmadığı, iqtisadiyyatı iflic vəziyyətində olan bir ölkədə investisiya qoyuluşuna dünyanın məşhur neft şirkətlərini inandırmaq müşkül məsələ idi. Fəqət, yenə də Heydər Əliyev şəxsiyyəti, onun məntiqli nitqi və uzaqgörən diplomatiyası zəfər çaldı - “Əsrin müqaviləsi” bağlandı. Bununla da Heydər Əliyev Azərbaycanda müstəqilliyin iqtisadi təməllərini yaratdı. İqtisadi bünövrə, gələcəyə inamlı iqtisadi əsas olmadan siyasi müstəqilliyi təmin etmək və onu qoruyub saxlamaq mümkün olmazdı. Bu, həm də ölkədə milli burjuaziyanın yaranması, kapitalizmin bərqərar olması üçün olduqca vacib idi.

Heydər Əliyev liderlərə xas kompleks əlamətlərə malik idi. O, fenomenal yaddaşı, parlaq və məzmunlu nitqi ilə dərhal qarşısındakını tərksilah edir, dünyanın tanınmış liderlərini özünə inandırırdı. Fikrimcə, bir lider kimi onun əsas silahı təsir etmək bacarığı idi. Öz dəmir məntiqi, məzmunlu nitqləri, şəxsiyyəti və nüfuzu ilə müasirlərinə təsir edir, bir lider kimi planlarını həyata keçirirdi. Heydər Əliyev dünyada tayı - bərabəri olmayan böyük diplomat idi. Bəzən sənə elə gəlir ki, dünya diplomatiyasının pultu onun əlində idi. O, diplomatiyada virtuozcasına elə gedişlər edirdi ki, həmsöhbətlərinin onunla razılaşmaqdan başqa çarəsi qalmırdı. Onun təkcə məntiqli nitqi yox, eyni zamanda qarşısındakını təslim olmağa məcbur edən nüfuzlu baxışları, mürəkkəb, düyünlü diplomatik söhbətlər zamanı qarşı tərəfi öz aurası - haləsi ilə fəth etmək bacarığı vardı. Bütün bunlar isə böyük tarixi şəxsiyyətə, həqiqi liderə məxsus əlamətdar xüsusiyyətlərdir.

Heydər Əliyevin xidmətlərindən biri də budur ki, o, Azərbaycan diplomatiya dilini, siyasət dilini yaratdı. Azərbaycan dilini, ana dilini çox sevir, gözəl bilir, bir millətin varlığı kimi yanaşırdı. Ulu öndər sonralar belə bir faktı etiraf edirdi: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”. Müstəqillik dövründə, hakimiyyətə qayıtdıqdan sonra o, dil haqqında iki tarixi fərman verdi. “Azərbaycanda Azərbaycan dilinin hakim olması” zərurətini əsaslandıran fərmanda deyilir: “ Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılanmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvətinini hər bir Azərbaycan övladı göz - bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.

Beləliklə də, xalq və dil Heydər Əliyev irsinin başlıca problemlərindən biri, onu düşündürən əsas məsələ idi. Ümumiyyətlə, Heydər Əliyev böyük ədəbiyyat və mədəniyyət hamisi idi. Cəsarətlə deyə bilərəm ki, dünyada heç bir lider onun qədər öz xalqının dilinə, tarixinə, ədəbiyyatına, incəsənətinə dəyər verməmişdir. Bu da səbəbsiz deyil: Heydər Əliyev Azərbaycan xalqına, onun milli sərvəti olan ədəbiyyat və mədəniyyətə dərin məhəbbət bəsləyir, onu dərindən bilirdi. İkincisi, o, ədəbiyyat və mədəniyyətə istiqlal ideologiyası - Azərbaycanın milli dövlət ideologiyası olan azərbaycançılığın ideya mənbəyi, məxəzi kimi yanaşırdı. O, həmişə Səməd Vurğunun poetik himn olan “Azərbaycan” şeirini söyləyərkən kövrəlir və doluxsunurdu. O, Dünya Azərbaycanlılarının I Qurultayındakı məşhur nitqində öz azərbaycançılıq konsepsiyasını qürurla bəyan edərək deyirdi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Heydər Əliyev azərbaycançılığı uğurla dövlətçiliyə tətbiq edərək, onu milli ideologiyadan dövlət ideologiyasına çevirdi.

 Azərbaycançılıq milli istiqlal ideologiyasıdır. Azərbaycançılıq türkçülüyün Vətən əxlaqı müstəvisində dərkidir. Azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən, onlara kimliyini tanıdan milli ideologiyadır. Azərbaycançılıq bu ölkədə yaşayan bütün xalqlar üçün müqəddəs olan vətənçiliyin ifadəsidir.

Akademik Ramiz Mehdiyev yazır: “Azərbaycançılıq” xalqımızın çox əzab - əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizənin tarixi təcrübəsidir". Bu konseptual fikir “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” kitabına ön söz əvəzi yazılmış “Heydər Əliyev və Azərbaycançılıq”–dan götürülüb və azərbaycançılığın tarixi-fəlsəfi mahiyyətini tamamilə dolğun əks etdirir.

 Azərbaycançılıq bu gün möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi məfkürə yoludur. Yadımdadır, o hətta, şəhərsalma və memarlıqla bağlı çıxışlarının birində tövsiyə etdi ki, hər şey azərbaycançılıq fəlsəfəsi əsasında qurulmalıdır. Bu, əslində, həm keçmişə ehtiram, həm də istiqlal dolu gələcəyə böyük ümid ifadə edir. İlham Əliyevin gücü ondadır ki, o, Heydər Əliyevin ideallarının tarixi mahiyyətini bütün xalq və bütöv dünya üçün aydın bir şəkildə açıqladı. Təkcə bir ata kimi yox, həm də bir siyasi lider kimi Heydər Əliyevi ondan yaxşı, dəqiq və hərtərəfli başa düşən yoxdur. O, dünyada ən qüdrətli liderlik universitetini - Heydər Əliyev dövlət idarəçilik akademiyasını bitirib. Təsadüfi deyil ki, dünyanın böyük yazıçısı, dahi türk oğlu Çingiz Aytmatov deyib “İlham Əliyev XXI əsrin lider etalonudur!” Bu sadə cümlə böyük bir həqiqətin parlaq ifadəsidir. Onun başlıca xüsusiyyəti qalibiyyət əzmidir. O, nüfuz etmək və dövlətçilik tariximizdə xalq idarəçiliyinə keçidin əsasını qoydu, həqiqətən ilk dəfə Prezident seçiləndə verdiyi vədə əzmlə əməl edib hər bir azərbaycanlının Prezidenti ola bildi.

Heydər Əliyev Azərbaycan xalqının milli sərvətinə çevrilmiş çox dəyərli əsərlər yaradıb, yadigar qoyub gedib. Fəqət onun iki şah əsəri var: Müstəqil Azərbaycan və Prezident İlham Əliyev! Heydər Əliyevin müstəqil Azərbaycanı məhz İlham Əliyevin cahanşümul fəaliyyəti sayəsində bütün dünyada öz vüsətli iqtisadi tərəqqisi, siyasi və diplomatik uğurları, hərbi qüdrəti ilə dünyanı heyrətə qoyub. Ölkəmizin paytaxtı Bakı öz qədim tarixinin yeni inkişaf mərhələsinə qədəm qoyub, regionların inkişafı dövlət proqramı əzmlə həyata keçirilir - regionlar yeni mərkəzlərə çevrilir - bir sözlə, Azərbaycanda yazıya, kitaba sığmayan əzəmətli işlər görülür. Əsas odur ki, cəmi on il öncə Avropa və Amerikaya həsədlə baxan Azərbaycan vətəndaşı möcüzələri öz Vətənində görüb dəyişir, modernləşir... Bütün bunlar vaxtilə əsası Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi - siyasi prioritetlərin tarix tərəfindən təsdiqdir. Ulu tarix bu gün xüsusi bir inadla böyük insanın - ümummilli liderin ideyalarının təsdiqinə xidmət edir – Heydər Əliyev tarix üzərində zəfər çalır.

 

Nizaməddin ŞƏMSİZADƏ,

Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı,

filologiya elmləri doktoru, professor

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında