Saxta və qərəzli mövqeyi ilə ictimai fikri çaşdırmağa çalışan bu təşkilatın hesabatları artıq ciddi qəbul olunmur. Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması və dünya birliyində reytinqinin getdikcə artması bəzi ermənipərəst beynəlxalq təşkilatları ciddi təşvişə salıb. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etməsi, bir neçə gün əvvəl Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması, bundan bir qədər əvvəl Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirilməsi və digər mötəbər beynəlxalq tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi tərəqqimizi gözü götürməyənləri əməlli-başlı narahat edib.
Yeri gəlmişkən qeyd edək ki, Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumu 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişaf proqramına həsr olunmuşdu. Dünyanın 57 ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadimin, o cümlədən, 32 ölkənin sabiq dövlət və hökumət başçılarının iştirak etdiyi bu tədbir böyük marağa səbəb olmuşdu. Görünür, ölkəmizin reytinqinin getdikcə yüksəlməsi bəzi riyakar, qərəzli beynəlxalq təşkilatların qısqanclığına səbəb olub. Ona görə yenə də öz xislətinə sadiq qalaraq, dövlətimiz haqqında heç bir arqumentə əsaslanmayan, yalanla dolu hesabatlarını ortaya qoymazdılar.
Artıq ictimaiyyətə də bəllidir ki, Azərbaycanın dünya birliyindəki mövqelərinin getdikcə möhkəmlənməsi “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, Sərhədsiz Reportyorlar və digər ermənipərəst təşkilatları çox ciddi narahat edir. Ona görə də onlar erməni lobbisinin sifarişlərini yerinə yetirərək ölkəmiz haqqında hər üç aydan bir qərəzli hesabatlar hazırlayıb qazanılan uğurlara kölgə salmağa çalışırlar. Hadisələrin gedişi də göstərir ki, belə “hesabatlar”ı təqdim edənlər ilk növbədə özlərini gülünc vəziyyətdə qoyurlar. Çünki onların ortaya qoyduqları “faktlar” heç bir mənbəyə əsaslanmır və heç yerdə ciddi qəbul olunmur. “Human Rights Watch” təşkilatının Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatı da bu qəbildəndir.
Azərbaycana qarşı daha bir qərəzli hesabatı ilə gündəmdə qalmaq istəyən, özünü beynəlxalq ictimai- siyasi təşkilat adlandıran “Human Rights Watch” ölkəmizin daxili və xarici siyasətinin onların istəklərinə uyğun qurulmasına çalışır, təzyiqlər edir. Bu qurumun hesabatında adları “vicdan məhbusu” kimi göstərilənlər istintaq zamanı özləri konkret cinayət törətdiklərini etiraf ediblər. Belə hesabatların qərəzli olmasını sübut edən əsas faktlardan biri də, həmin qurumlar üçün informasiya mənbəyi rolunda çıxış edən QHT-lərin məhz ermənipərəst qüvvələrin pulu ilə fəaliyyət göstərməsidir. Adlarını beynəlxalq təşkilat qoyan “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational” və digərləri informasiyaları Azərbaycanı gözü götürməyən qurumların ayırdığı qrantla işləyən QHT-lərdən və erməni lobbisindən alırlar. Təbii ki, ilk növbədə onlara himayədarlıq edənlərin sifarişlərini yerinə yetirməlidirlər.
“Human Rights Watch” təşkilatı Azərbaycanda insan haqları ilə bağlı növbəti yalanla dolu hesabatında ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmədiyi, son iki ildə hökumətin 38 siyasi fəal, jurnalist, blogger və hüquq müdafiəçisinə qarşı əsassız ittihamlar irəli sürdüyü və onların əksəriyyətinin həbsdə olduğu qeyd olunur.
Görünür, “Human Rights Watch” təşkilatı belə qərəzli hesabatı təqdim edərkən Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirləri görməzliyə vurub. Ancaq bu təşkilatın siyasi korluğu hamıya bəllidir. Çünki Azərbaycan Prezidentinin yüksək humanistliyi nəticəsində son 10 ildə 35 min 160 nəfərdən çox məhkum azadlığa qovuşub. Buna qədər isə 1995-2003-cü illərdə Azərbaycanda 7 amnistiya və 32 əfv sərəncamı ilə 21325 məhkum azadlığa çıxıb.
Yüksək humanizm prinsipləri ilə daim diqqətdə olan Azərbaycan Prezidenti 2003-cü ildən 2013-cü ilədək, yəni fəaliyyətinin 10 ili ərzində 23 əfv sərəncamı imzalayıb. Dövlətimizin başçısının fərman və sərəncamlarına əsasən, indiyədək 5683 nəfərdən çox məhkum azadlığa buraxılıb. 1995-ci ildən 2013-cü ilədək olan dövrdə sayca 55-ci olan sonuncu əfv sərəncamı ilə 153 nəfər əfv olunub.
Dövlətimizin başçısı 2003-2013-cü illərdə 3 amnistiya aktına imza atıb. 2007-ci ildə 9877 məhkum barəsində, 2009-cu ildə 9564 , 2013-cü ildə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib. Bundan əlavə, Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iki dəfə amnistiya aktı qəbul olunub. Bu mərhəmət sayəsində on minlərlə məhkum azadlığa qovuşmuşdur.
Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilib. 2009-cu ildə ölkəmizdə keçirilmiş və əhali tərəfindən yüksək dəstəklənmiş Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan referendumda da əsas məqsədlərdən biri insanların azad, firavan, sərbəst yaşaması üçün təkmil qanunvericilik bazasını müasirləşən və dünyaya sürətli inteqrasiya yolu ilə irəliləyən Azərbaycanın inkişafına uyğunlaşdırmaq idi. Ölkə başçısının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamından sonra “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq olunub ictimai müzakirəyə çıxarılması həyata keçirilən islahatların davamlı olmasından xəbər verir.
Azərbaycan Prezidentinin 18 iyun 2007-ci il tarixili sərəncamı ilə respublikamızda hər il 18 iyun- İnsan Hüquqları Günü kimi qeyd olunur.
“Human Rights Watch” təşkilatının Azərbaycanda insan haqları ilə bağlı hesabatında söhbət açılan “siyasi məhbus” və “vicdan məhbusu” anlayışlarının mənasını bu təşkilatın rəhbərləri hələ də dərk edə bilmirlər. Əgər dərk etsəydilər, konkret cinayət faktına görə həbs olunanları – hansılar ki, məhkəmədə təqsirlərini etiraf ediblər – onları “siyasi məhbus” və ya “vicdan məhbusu” adlandırmazdılar. Hətta, Avropa Şurası Parlament Assambleyasında insan hüquqları və hüququ məsələlər üzrə komitə adından Kristofer Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair hesabatı assambleyanın plenar iclasında qəbul edilmədi.
İtaliyanı AŞPA-da təmsil edən Cüzeppe Valentino Ştrasserin hesabatında faktların göstərilmədiyini, daha çox mülahizələrə üstünlük verildiyini demişdir: “Bu sənəd kifayət qədər subyektivdir və mən həmkarlarımı bu hesabatın əleyhinə səs verməyə çağırıram”.
Andorralı deputat Mateo Pi isə siyasi məhbusların Avropanın bütün ölkələrində ola biləcəyini demişdir: “Hesab edirəm ki, böyük və kiçik dövlətlərə münasibətdə belə məsələlərdə ikili standartlar mövcuddur. Cənab Ştrasserin hesabatı qəbul edilə bilməz”.
Avropa Şurası Parlament Assambleyasının ötən sessiyalarının birində Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunan zaman çıxış edən deputatlar öhdəliklərin yerinə yetirildiyi qənaətinə gəlmişlər və bu barədə hazırlanmış hesabat qəbul edilmişdir. Qurumun Monitorinq Komitəsi adından həmməruzəçilər Jozef Debona Qrex və Pedro Aqramuntun hazırladığı Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə dair hesabat böyük səs çoxluğu ilə qəbul olunmuşdur.
Göründüyü kimi, “Human Rights Watch” təşkilatının Azərbaycanda insan haqları və ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməməsi barədə hazırladığı hesabat riyakarlıqdan başqa bir şey deyil. Radikal müxalifətin və erməni lobbisinin sifarişləri əsasında hazırlanmış belə qərəzli hesabatlarla “Human Rights Watch”ın ölkəmizin sürətli inkişafından və dünya birliyinə sürətli inteqrasiyasından təşvişə düşdüyü açıq-aydın hiss olunur.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.