Bu gün Azərbaycanda gedən iqtisadi yüksəliş, sosial innovasiyalar, siyasi reytinqin günbəgün yüksəlməsi üstəlik, bütün bunların fonunda geostrateji müttəfiqlik mövqeyimiz getdikcə dünyanın daha çox diqqətini cəlb etməyə başlayır. Bunun nəticəsidir ki, Azərbaycan hazırda dünya ölkələri arasında xüsusi münasibətə layiq görülən dövlətlərdən birinə çevrilmişdir. Baxmayaraq ki, cəmi 22 illik müstəqillik tariximiz vardır və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpağımızın 20 faizi işğal altındadır, milyondan artıq qaçqını və məcburi köçkünü olan ölkəmiz inkişafa doğru bu cür dinamiklik, prinsipiallıq sərgiləyir. Bu da öz növbəsində dünyanın reytinq agentliklərinin, beynəlxalq səviyyəli mətbuat orqanlarının diqqətindən yayınmır.
Mayın 14-də Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və “The Business Year” şirkətinin təşkilatçılığı ilə “The Business Year: Azerbaijan-2014” nəşrinin təqdimat mərasiminin keçirilməsi və bu tanınmış şirkətin xüsusi buraxılışlarının birini Azərbaycana həsr etməsi, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanı dünyada “İlin Birinci xanımı” mükafatına layiq görməsi bunu bir daha sübut edir. Jurnalın nəşrində mühüm əhəmiyyət daşıyan məqamlardan biri də Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın müsahibələrinin dərc olunmasıdır. İstər Prezident İlham Əliyevin, istərsə də Mehriban xanım Əliyevanın müsahibələri Azərbaycanın reallıqlarının təbliğinə yönəlmiş, ölkəmizdə gedən mütərəqqi işlərdən bəhs etmişdir.
Məlum olduğu kimi, 2013-cü ildə “The Business Year” şirkəti Azərbaycan Prezidenti İlham Əliyevi dünyada “İlin Prezidenti” elan etmişdi. Bunun əsas səbəbləri dövlət başçısının son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, ilk “Azərspace” telekommunikasiya peykinin orbitə çıxarılması ilə bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələr, habelə, ölkənin mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətləri olmuşdur.
Qeyd edək ki, baş ofisi Londonda yerləşən “The Business Year” dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya və Afrikanı əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və öz nəşrində işıqlandıran nüfuzlu şirkətdir.
“The Business Year” şirkəti ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı qurumları və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes layihələrinin reallaşdırılmasına öz töhfəsini verir.
“The Business Year” nəşrinin baş redaktoru Leland Rays jurnalın əhatə dairəsinə 30 ölkənin daxil olduğunu, bunların içərisində Azərbaycanın xüsusi yer tutduğunu qeyd etmişdir. Baş redaktor Azərbaycanın son 10 ildə iqtisadi uğurlar əldə etdiyini bildirərək demişdir: “Son 4 il ərzində jurnal Azərbaycan ilə çox sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Azərbaycanın iqtisadi uğurlarını işıqlandırmaq bizim üçün şərəfdir. Biz jurnalın oxucu auditoriyasının Azərbaycana olan marağının artmasını müşahidə edirik”. Leland Raysın da açıqlamasından göründüyü kimi, bu nüfuzlu şirkət Azərbaycanla əməkdaşlığı davam etdirmək, ölkəmizin həqiqətlərini dünyaya çatdırmaq niyyətindədir. Çünki dayanmayan inkişaf prosesini izləmək bütün dünya mətbuatı və nüfuzlu şirkətlərin marağında olduğu kimi, “The Business Year” nəşrinin də diqqətini cəlb edir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son 10 ildə fəaliyyətimiz əsasən qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrdə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuşdur. Bundan başqa, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının həcmini 2,7 dəfə artırmışdır.
Prezident İlham Əliyev hazırda qarşımızda duran əsas vəzifələrdən birinin mövcud potensiala əsaslanaraq Azərbaycanı güclü sənaye dövlətinə çevirmək olduğunu bildirmişdir. Dövlət başçısı sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görüldüyünü və mövcud təbii və iqtisadi resursları istehsalat dövriyyəsinə cəlb edərək yeni istehsal sahələri və sənaye parkları yaradıldığını, innovasiyaların tətbiqini sürətləndirdiyimizi vurğulamışdır. Buna görə də 2014-cü il “Sənaye ili” elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda, “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması və təsdiq olunması gələcək inkişafımızın yaxın perspektivlərini əks etdirir.
Bundan əlavə, informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı, sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir. Son 10 ildə informasiya və rabitə sahəsinin inkişafının 8,2 dəfə artması, 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin əsasının qoyulması ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən hadisə olmuşdur. Növbəti illərdə daha iki peykin orbitə çıxarılması üçün müvafiq tədbirlər görülməsi də dünyanın diqqət mərkəzindədir. Əlavə olaraq bu mənada Azərbaycanın “brendi” hesab oluna biləcək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan “ASAN xidmət” mərkəzlərini xüsusi qeyd etmək lazımdır. “ASAN xidmət”in fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. Bu xidmət dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25 növ hüquqi xidmət həyata keçirir. Bu məqamlar Prezident İlham Əliyevin jurnala müsahibəsində də öz əksini tapmışdır.
Lakin beynəlxalq təşkilatların və dünyaca ünlü reytinq agentliklərinin və nəşrlərin diqqətini cəlb edən xüsusi məqamlardan biri də Azərbaycanın Cənubi Qafqaz regionunun nəinki siyasi, iqtisadi, həm də humanitar mərkəzinə çevrilməsidir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, II və III Beynəlxalq Humanitar forumların, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi buna sübut ola bilər. Bu il I Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinin başlaması və Azərbaycanın belə möhtəşəm idman yarışlarına ev sahibliyinə hazırlaşması da nümunə kimi qeyd edilməlidir.
Azərbaycanda xüsusi fəaliyyəti ilə seçilən, Heydər Əliyev Fondunun gördüyü işlərə “The Business Year” kimi nüfuzlu jurnalın marağını və bunu işıqlandırmasını da qeyd etmək lazımdır. Fondun prezidenti Mehriban xanım Əliyeva da adı çəkilən müsahibəsində qeyd etmişdir ki, Azərbaycan vətəndaşları üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən bu istiqamətdə bir sıra proqram və layihələr həyata keçirir. Bunlar “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələridir. Vətəndaş cəmiyyəti və özəl sektor tərəfindən dəstəklənən layihə və proqramlar çərçivəsində onlarca uşaq müəssisəsi, 400-dən çox məktəb binası inşa olunmuş və ya yenidən qurulmuşdur. Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti əsasən üç istiqaməti əhatə edir: milli mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası və yeni mədəniyyət obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması. Bu sırada UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısında yer almış Azərbaycan muğamının inkişafına və tanıdılmasına xidmət edən Beynəlxalq Muğam Mərkəzinin açılmasını, Müasir İncəsənət Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılmasını xatırlamaq olar.
Hər il təşkil edilən beynəlxalq musiqi yarışmaları nəinki Azərbaycanın, hətta dünyanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirilir. Müxtəlif mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidə və ziyarətgahlarda təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur. Əlbəttə ki, bütün bunlar nə beynəlxalq təşkilatların, nə də ki, nüfuzlu dərgilərin, sorğu mərkəzlərinin diqqətindən yayına bilməz.
Fondun fəaliyyətinin özəl cəhətlərindən biri də budur ki, bu təşkilat mütərəqqi layihələri tək ölkə daxilində etmir, ölkə xaricində də fəaliyyət göstərərək ümumbəşəri dəyərlərə xidmət edən addımlar atılır. Məsələn, Heydər Əliyev Fondunun köməyi ilə “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya, Pakistan və Niderlandda bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur.
Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu işlərdən biridir. 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar üçün məktəb tam yararsız vəziyyətə düşmüşdü. Fond tərəfindən həmin ərazidə qısa müddətdə 650 şagird yerlik yeni təhsil ocağı inşa edilmişdir. Fondun ictimai səhiyyə sahəsində yer tutan layihələrinə Pakistanda aztəminatlı ailələrdən olan on minlərlə insanın “Hepatit B” virusuna qarşı vaksinasiya edilməsi, talassemiya, hemofiliya və qan xəstəliklərindən əziyyət çəkən xəstələrin təcili tibbi yardım avtomaşını və qan paketləri ilə təmin olunması, eləcə də göz əməliyyatlarının həyata keçirilməsi də daxildir.
2013-cü ildə Heydər Əliyev Fondu ABŞ-ın Merilənd ştatındakı məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınması üçün maliyyə yardımı göstərmişdir.
Mehriban xanımın da qeyd etdiyi kimi, fond tərəfindən xaricdə həyata keçirilən mədəniyyət layihələri bu qurumun mədəni müxtəlifliyə və ümumbəşəri dəyərlərə hörmətini mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə töhfələrini verməklə əyani şəkildə nümayiş etdirir. Bu sahədə görülən işlərdən Parisdə Versal Sarayının parkındakı abidələrin, Luvr Muzeyinin, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpasını və Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirini misal göstərmək olar. Fondun bütün bu fəaliyyəti Azərbaycan dövlətinin siyasi imicinin möhkəmləndirilməsinə xidmət etməkdən savayı, eyni zamanda xalqımızın ədalət, ülvi hisslərə malik, xeyirxah və eyni zamanda müdrik baxışlara sahib olduğunu təbliğ edir.
Anar TURAN, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.