Ulu öndər Heydər Əliyevin dünyasını dəyişməsindən cəmi bir neçə ay sonra cəmiyyətin sosial sifarişi əsasında, qeyri-hökumət və qeyri-kommersiya təşkilatı kimi yaradılan Heydər Əliyev Fondu öz fəaliyyətinə faktiki olaraq 2004-cü il may ayının 10-dan başlamışdır. Yəni, ölkəmizdə yeni cəmiyyət quruculuğunda fəal iştirak edən, respublikanın sosial - iqtisadi inkişafına özünün xüsusi töhfələrini verən, ehtiyacı olan Azərbaycan vətəndaşlarının hər birinin köməyinə çatan bu fondun cəmi 10 yaşı var.
Ancaq ümummilli liderimizin adına layiq fəaliyyət göstərən bu qurumun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, sosial və digər sahələrdə həyata keçirdiyi layihələrin tam siyahısına, görülmüş işlərin miqyasına və əldə olunmuş nailiyyətlərə diqqətlə nəzər salan istənilən mütəxəssis, ilk növbədə, belə düşünər ki, bu fond 50-60 ildir fəaliyyət göstərir. Bu barədə səsləndirilən çoxsaylı faktlara və rəqəmlərə həm fondun prezidenti Mehriban xanım Əliyevanın “The Business Year” jurnalına verdiyi müsahibədə rast gəlirik, həm də jurnalın Azərbaycana həsr olunmuş xüsusi buraxılışının Bakıda keçirilən təqdimatındakı çıxış və nitqlərdə.
Baş ofisi Londonda yerləşən “The Business Year” şirkəti Latın Amerikası, Asiya və Afrika kimi dünyanın müxtəlif bölgələrini əhatə edən geniş coğrafi məkanda baş verən sosial-iqtisadi prosesləri izləyir və dövri olaraq öz nəşrində işıqlandırır. Şirkətin eyni adlı jurnalının baş redaktoru Leand Rays öyrəndikləri 30 ölkə arasında Azərbaycanın xüsusi yer tutduğunu söyləmişdir. Baş redaktor qeyd etmişdir ki, son 4 il ərzində jurnal Azərbaycan ilə çox sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Azərbaycanın iqtisadi uğurlarını işıqlandırmaq bizim üçün şərəfdir. Biz jurnalın oxucu auditoriyasının Azərbaycana olan marağının artmasını müşahidə edirik.
Bakıda keçirilən təqdimatda “The Business Year”ın müxtəlif nominasiyalı mükafatları da öz sahiblərinə çatdırılmışdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada “İlin birinci xanımı” mükafatına layiq görülmüşdür. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Heydər Əliyev Fondunun son 10 ildə ölkəmizdə həyata keçirdiyi çoxsaylı layihələrin cəmiyyətimiz və dövlətimiz üçün kəsb etdiyi önəmdən bəhs etmişdir.
Ölkə paytaxtında keçirilən təqdimat mərasimindən bir neçə gün əvvəl isə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “The Business Year” jurnalına müsahibə vermişdir. Adı çəkilən fondun ölkəmizin, dövlətimizin və xalqımızın həyatında oynadığı roldan bəhs edən müsahibənin bəzi məqamları barədə söz açmaq zərurəti var.
Müsahibədə qeyd olunur ki, Heydər Əliyev Fondu yarandığı dövrdən indiyədək öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirib. Eyni zamanda, fond öz proqramları, layihələri, xeyriyyə fəaliyyəti ilə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yüksək nailiyyətlər qazanıb. Bilavasitə fond rəhbərliyinin təşəbbüsü ilə respublikanın müxtəlif şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixi və zəngin mədəni irsindən bəhs edən, yeni avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş mərkəzlər yaradılıb.
Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də təhsildir. Ölkə vətəndaşları üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən bu istiqamətdə bir sıra proqram və layihələr həyata keçirir. Bunlar “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələridir. Vətəndaş cəmiyyəti və özəl sektor tərəfindən dəstəklənən layihə və proqramlar çərçivəsində onlarca uşaq müəssisəsi, 400-dən çox məktəb binası inşa olunub və ya yenidən qurulub. Bu faktlar təkcə ölkə ictimaiyyəti və mətbuatımız tərəfindən deyil, eləcə də dünya ictimaiyyəti və regionin kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilib.
Fond prezidentinin müsahibəsindəki əsas istiqamətlərdən biri də ölkədə mədəni irsin qorunub saxlanılması və inkişaf etdirilməsi məsələsinin gündəlikdə saxlanılmasıdır. Qeyd olunur ki, fondun mədəniyyət sahəsindəki fəaliyyəti əsasən üç istiqaməti əhatə edir: milli-mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası və yeni mədəniyyət obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması. Məhz bu istiqamətlərin icrasının nəticəsi olaraq reallaşdırılmış layihələr sırasında UNESCO-nun Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri siyahısında yer almış Azərbaycan muğamının inkişafına və tanıdılmasına xidmət edən Beynəlxalq Muğam Mərkəzinin açılmasını, Müasir İncəsənət Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılmasını xatırlatmaq olar.
Fondun təşəbbüsü ilə həyata keçirilən mədəni tədbirlərin digər bir istiqaməti barədə söz açan Mehriban xanım xatırladıb ki, hər il təşkil edilən beynəlxalq musiqi yarışmaları nəinki Azərbaycanın, hətta, dünyanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirilir. Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Aşıq Festivalı kimi irimiqyaslı tədbirlər ifaçılıq sənətinin inkişafına əlverişli şərait yaratmaqla bərabər, xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə də xidmət edir.
Ancaq bütün bunlar bilavasitə Azərbaycan mədəniyyətinin təbliği və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdir. Fondun müxtəlif mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına verdiyi önəm isə xüsusi vurğulanmalıdır. Məhz həmin önəm nəticəsində bu qurum “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidə və ziyarətgahlarda təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur. Ölkənin və regionun kütləvi informasiya vasitələrindən, eləcə də ölkə ictimaiyyətinin ümumi rəyindən də məlum olduğu kimi, Heydər Əliyev Fondu gerçəkləşdirdiyi layihələrlə əhalinin sağlamlığının qorunmasında yaxından iştirak edir.
Fondun prezidenti qeyd edir ki, bizim qurumun müəyyən etdiyi başlıca vəzifələrdən biri uşaq evləri və internatlardakı azyaşlı və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Fond beynəlxalq təşkilatlar və dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər layihələr həyata keçirib, tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasına nail olub. Fondun yarandığı gündən ölkədə bir sıra xəstəxana, poliklinika, diaqnostika mərkəzi və digər tibb ocaqları tikilib, təmir olunub və yenidən qurulub. Heydər Əliyev Fondu qeyri-kommersiya təşkilatı olsa da, xüsusi məqamlarda xeyriyyəçilik tədbirlərini də reallaşdırır. Fondun prezidenti öz müsahibəsində həmin məqamı yada salaraq qeyd edir ki, valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə fond mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Bu aksiyalar çərçivəsində fond geniş tərkibli yardımlar göstərir. Belə ki, qurum uşaq evlərinə və internat məktəblərinə hədiyyələr göndərməklə yanaşı, konsert və əyləncə proqramları təşkil edir.
Bundan başqa, ulu öndərin adını daşıyan fond yetişməkdə olan nəslin bilavasitə cəmiyyətə lazım olan səviyyədə formalaşdırılmasını stimullaşdırmaq məqsədilə də bir sıra tədbirlər reallaşdırır. Müsahibədə bu məqam xüsusilə vurğulanır: “Fond hər il təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqlar üçün Yeni il və Novruz şənlikləri keçirir. Fond, həmçinin qaçqın və məcburi köçkün ailələrindən, eləcə də valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqlara yardım edir. Azərbaycanda və xaricdə fəaliyyət göstərən qurumlara bayram hədiyyələri göndərir”. Eləcə də, fondun təşəbbüsü və dəstəyi ilə azərbaycanlı məktəblilərin Almaniya, Belçika, Fransa, Gürcüstan, Niderland və Rumıniyaya, həmçinin ABŞ, Gürcüstan, Rumıniya və Rusiyadan olan məktəblilərin isə Azərbaycana səfərləri təşkil olunub ki, bu da gəncliyin daha yüksək intellektual səviyyədə yetişdirilməsi məqsədinə xidmət edir.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, bu fond öz fəaliyyəti ilə Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə daha açıq və aydın şəkildə təqdim olunmasında da xüsusi rol oynayır. Həmin məqamı Mehriban xanım Əliyeva daha konkret şəkildə ifadə edir : “Heydər Əliyev Fondu beynəlxalq səviyyəli qurumdur. Fondun ABŞ, Rumıniya, Rusiya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Qurum BMT-nin İnkişaf Proqramı, UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir.Fond Azərbaycandan kənarda da çox mühüm proqram və layihələr reallaşdırır. Xarici ölkələrdə həyata keçirilən proqram və layihələr əsasən üç istiqaməti əhatə edir: Azərbaycanın tanıdılması, o cümlədən xalqımızın tarixi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması; Azərbaycan və azərbaycanlılarla bağlı tarixi, mədəni irsin bərpası və qorunması; fondun məramına uyğun olaraq humanitar və sosial inkişafa kömək göstərilməsi”.
Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən Fransa, Rusiya, Macarıstan, İtaliya və Almaniyada sosial sahədə həyata keçirilmiş layihələr mədəniyyətlərin uğurlu inteqrasiyasına xidmət edir və xalqları bir araya toplamağa töhfələrini verir. Parkların təmirinə, tarixi abidələrin bərpasına yönəldilmiş layihələr fondun mənəvi əhəmiyyətini göstərir. Bu, həm də bütün dünyada dostluğa və sülhə çağırışın rəmzidir.
Ulu öndərin adını daşıyan fondun prezidentinin xarici mətbuata verdiyi müsahibə barəsində qələmə aldığımız sətirləri elə Mehriban xanımın öz ifadəsi ilə yekunlaşdırmaq istəyirik: “ Heydər Əliyev Fondu Azərbaycanın yaradıcı ruhun təbliği işinə sadiqliyini təcəssüm etdirir”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.