2014- cü il mayın 14-də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində (AŞNK) sədrliyi başlayıb. Azərbaycan Avropa Şurasına 2001-ci ildə üzv qəbul olunub və ilk dəfədir ki, qurumun Nazirlər Komitəsinə 6 ay müddətinə – noyabrın 15-dək sədrlik edəcək.
Bu münasibətlə mayın 13-də axşam Strasburqda şəhər meriyasının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb və altı ay ərzində bayrağımız Avropa Şurasının bayrağı ilə yanaşı Strasburqun mərkəzindəki Broqli meydanında dalğalanacaq. Bu təntənəli və qürurverici mərasimdə Strasburq musiqi məktəbinin şagirdləri Avstriya və Azərbaycanın dövlət himnlərini, eləcə də Avropanın himnini ifa ediblər. Avropa Şurası Baş katibinin müavini, xanım Gabriella Battaini-Dragoni, Strasburq merinin müavini Jan-Jak Qsel, Avstriyanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Rudolf Lennkh tədbirdə çıxış edərək, bu mühüm və tarixi sədrliyi dövründə Azərbaycana uğurlar arzulayıblar.
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmasından 13 il ötür. Müasir dövrdə ümumavropa məkanında insan hüquqlarının qorunması və gənc müstəqil dövlətlərdə demokratik proseslərin inkişaf etdirilməsi istiqamətində, habelə beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində, qitədə sülhün, təhlükəsizliyin qorunmasında, qlobal problemlərin həllində Avropa Şurasının müstəsna rolu vardır. Ölkəmizin bu nüfuzlu quruma tamhüquqlu üzv olması ulu öndər Heydər Əliyevin siyasi üzaqgörənliyi və beynəlxalq qurumlarla əməkdaşlığa xüsusi önəm verməsi sayəsində reallaşmışdır.
Hər bir dövlətin milli maraqlarının və təhlükəsizliyinin qorunmasında, regional münaqişələrin və mübahisələrin dinc yolla nizamlanmasında, ərazi bütövlüyünün qorunmasında beynəlxalq hüquq normalarına söykənən, habelə, bu normaların təminatçısı rolunu yerinə yetirən mötəbər beynəlxalq təşkilatlarla sıx əlaqə yaratması və həmin təşkilatlara üzv olması mühüm vəzifələrdən biridir. Dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq inteqrasiya fonunda Azərbaycan kimi gənc bir dövlətin müstəqil xarici siyasət kursunun müəyyən edilməsi o zaman çox çətin idi. Buna görə də ilk növbədə respublikamızın müstəqil bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin xarakteri və prioritetləri müəyyən edilməli idi. Belə çətin və mürəkkəb bir zamanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin və beynəlxalq münasibətlər sistemində təmsilçiliyinin strateji və cari vəzifələri, xarici aləmlə əlaqələrin prioritetləri müəyyən edildi.
Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası əsas vəzifələrdən biri kimi qarşıya qoyulmuşdu. Çünki bu münasibətlərin əsasını dövlətlərarası qarşılıqlı siyasi və diplomatik əlaqələr təşkil edirdi. Bununla yanaşı, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurmaq digər dövlətlərlə çoxşaxəli siyasi, iqtisadi, elmi - mədəni və humanitar əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə, ölkədə baş verən proseslər haqqında obyektiv beynəlxalq ictimai rəy formalaşdırılmasına əsaslı təsir göstərmək baxımından böyük əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyev Azərbaycanı dünya miqyasında tanıtmaq, ölkəmizin milli-mənəvi dəyərlərinin, mədəniyyətimizin, incəsənətimizin geniş miqyasda təbliği üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyi, mötəbər qurumlara üzv olmağı əsas vəzifə kimi qarşıya qoymuşdu. Ulu öndərin fəaliyyəti sayəsində bu əlaqələr getdikcə genişlənir və möhkəmlənirdi. BMT, ATƏT, NATO və 55 müsəlman dövlətini öz sıralarında birləşdirən İslam Konfransı Təşkilatı kimi qurumlarla əməkdaşlıq keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymuşdu.
Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti yaranmış münaqişənin sülh yolu ilə nizamlanması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünyaya inteqrasiya prosesinə sıx cəlb olunmaq üçün beynəlxalq təşkilatların rolundan yararlanmağa böyük üstünlük verirdi. Bu mənada BMT, ATƏT, İslam Konfransı Təşkilatı ilə yanaşı, Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Parlamentlərarası İttifaq, NATO və digər nüfuzlu təşkilatlarla qarşılıqlı faydalı əlaqələr yarandı.
Qüdrətli şəxsiyyət Heydər Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biri də Azərbaycanın Avropa Şurası kimi, nüfuzlu bir quruma üzv olması idi. Çünki Avropada ən aktual problemlərdən olan insan hüquqlarının müdafiəsi ilə müxtəlif institutlar, o cümlədən, Avropa İttifaqı və ATƏT məşğul olsa da, “insan hüquqlarının müdafiəsi üçün Avropa sistemi” dedikdə, bir qayda olaraq, Avropa Şurası və bu mötəbər qurumun çərçivəsində yaradılan nəzarət mexanizmləri nəzərdə tutulurdu. Avropa Şurası insan haqlarının müdafiəsi üçün ən yararlı sistem kimi özünü təqdim edərək Avropa insan haqlarının beynəlmiləlləşməsinə, onların universal mahiyyət kəsb etməsinə, beynəlxalq münasibətlərin predmetinə və qayğısına çevrilməsinə güclü təkan vermişdir. Bu baxımdan Azərbaycanın həmin quruma üzv olması çox zəruri idi.
Respublikamız Avropa Şurasına hələ 1992-ci ildə qonaq statusu almaq üçün müraciət etsə də, bu məsələ öz müsbət həllini tapmamışdı. Hətta, 1992-ci ildə Avropa Şurasının qeyri-üzv ölkələr üzrə komitəsi Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müstəqil dövlətimiz əleyhinə bəyannamə də qəbul etmişdi. Ölkəmiz informasiya blokadasına alınmış və ermənipərəst dairələrin fəaliyyəti nəticəsində Azərbaycan haqqında mənfi fikirlər formalaşdırılmışdı. Belə bir şəraitdə, ilk növbədə, beynəlxalq aləmdə, həmçinin Avropa Şurasında Azərbaycanın obyektiv, düzgün imicini formalaşdırmaq lazım idi. Lakin həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin başı var - dövlət toplamağa qarışdığından və hakimiyyəti əllərində saxlamaq üçün min-bir oyundan çıxmaları müstəqil dövlətimizn beynəlxalq aləmə inteqarsiyasını tamamilə unutdurmuşdu.
1993 – cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın nüfüzlü beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa Şurası ilə əməkdaşlıq istiqamətində qətiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin məntiqli xarici siyasəti nəticəsində 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələri səviyyəsində keçirilmiş iclasda Azərbaycanın bu təşkilata üzv qəbul olunması barədə qərar qəbul edilmişdir. Bundan bir neçə gün sonra, yanvarın 25-də isə Avropa Şurasının binası önündə Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdır. Bu proses xeyli vaxt apardı. Hakimiyyət iddiasında olan bəzi dairələr, onlara himayədarlıq edən, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını gözü götürməyən xarici düşmənlərimiz ciddi müqavimət göstərsələr də, ulu öndər Heydər Əliyevin prinsipial və ciddi elmi əsaslara söykənən siyasəti Azərbaycanın Avropa Şurasının sıralarında təmsil olunmaq arzusunu gerçəkləşdirdi. Dünyanın əksər beynəlxalq təşkilatlarında olduğu kimi, burada da erməni lobbisinin ciddi səyləri və təsir imkanları heç bir nəticə vermədi. Beləliklə, çox çətinliklərdən sonra Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Bununla da, ölkəmiz dünyanın inkişaf etmiş aparıcı demokratik dövlətləri ailəsinin bərabərhüquqlu üzvü oldu. Bu, yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda demokratik və hüquqi dövlətin quruculuğu istiqamətində atdığı ardıcıl addımların sayəsində mümkün oldu. Məhz həmin siyasi xəttin davamıdır ki, bu gün Azərbaycan dünya birliyində sivil, demokratik, qanunun hakim olduğu müstəqil bir dövlət, azad cəmiyyət kimi qəbul olunur.
Azərbaycanın Avropa Şurasına qəbulu beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə səbəb oldu. Respublikamızın bu təşkilata üzv qəbul olunması ilə Avropa strukturlarında mövqeyi getdikcə gücləndi. Azərbaycan bununla da əsl həqiqətləri, reallıqları dünyaya bəyan etmək üçün möhtəşəm beynəlxalq tribuna qazandı.
Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da möhkəmləndirmək istiqamətində atdığı qətiyyətli addımlar Azərbaycanın dünya birliyinə inteqrasiyasını getdikcə möhkəmləndirdi. Xüsusilə, Avropa Şurası ilə əlaqələrin möhkəmləndirilməsi ölkəmizi Avropa ailəsinin ən layiqli üzvlərindən birinə çevirdi. Onu da qeyd edək ki, dövlətimizin başçısı hələ ölkəyə rəhbərlik etməmişdən əvvəl Avropa Şurasında böyük nüfuz sahibi idi. 2003-cü il yanvarın 27-də İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədr müavini və büro üzvü seçilməsi Azərbaycanın bu təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan biri olmuşdur. Azərbaycan Prezidenti kimi fəaliyyətə başlayan İlham Əliyevin AŞPA – ya dəvət edilməsi və bu mötəbər qurumun sessiyasında çıxış üçün şərait yardılması da məhz ölkəmizn başçısçına olan inam və etimadın nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevə AŞPA-nın Fəxri üzvü diplomu və medalının təqdim olunması bu təşkilatın dövlətimizin başçısının səmərəli fəaliyyətinə verilən yüksək qiymətdir. AŞPA-nın sədri Piter Şider Azərbaycan Prezidenti İlham Əliyevə Fəxri üzv diplomunu və medalını təqdim edərkən demişdir: “Biz ən fəal deputat və nümayəndə heyətinin rəhbəri, habelə AŞPA-nın ən fəal rəhbərlərindən biri, nəhayət, ən fəal dövlət başçısı kimi qiymətləndirdiyimiz Azərbaycan Prezidenti İlham Əliyevi yenidən öz yanımızda görməkdən fərəh hissi keçiririk. Sizin Avropa dəyərlərinə, Avropa Şurasına xüsusi diqqətiniz hamımızda minnətdarlıq hissi doğurmuşdur”.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu mükəmməl bir konsepsiya əsasında beynəlxalq təşkilatlarla həyata keçirilən münasibətlərin nizamlanması prosesinə xüsusi diqqət yetirilir. Təbii ki, Azərbaycan üçün ən zərurilərindən biri Avropa Şurasıdır. Bu qurum hələ ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktını tanıyan beynəlxalq təşkilatlardan biridir. Avropa Şurasının dünya ictimai rəyinə təsir imkanları yüksək qiymətləndirilir və onunla indi bütün dünya hesablaşır.
Azərbaycanın dövlət başçısının və parlament nümayəndə heyətinin ötən illər ərzində AŞPA-dakı uğurlu fəaliyyəti ölkəmizin Avropa ailəsində yerinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, demokratiyanın daha da inkişaf etdirilməsinə, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə daha geniş yayılmasına xidmət edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avropa Şurasını fəth etmiş və Avropanın aparıcı dövlətləri ilə bir sıradadır.
Bu gün Azərbaycan dövlətinin xarici siyasət kursu ölkənin müstəqilliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunması, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi üçün mövcud əlverişli şəraitin qorunub saxlanılması, digər dövlətlərlə formalaşmış bərabərhüquqlu və faydalı münasibətlərin sərhədlərinin genişlənməsi və balanslaşdırılmış praqmatik xarici siyasətin həyata keçirilməsindən ibarətdir.
Bütün bunların nəticəsidir ki, ölkəmiz dünyanın nüfuzlu qurumlarının ən layiqli üzvlərindən birinə çevrilib və hətta həmin qurumlara sədrlik də edir. Bir qədər əvvəl respublikamız dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etdi. İndi isə Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlayıb. Azərbaycan tərəfi artıq sədrlik dövründəki əsas prioritetlərini, Bakıda və Strasburqda keçiriləcək rəsmi və mədəni tədbirlər proqramını açıqlayıb.
Azərbaycanın boynuna düşən bu şərəfli və məsuliyyətli vəzifəni layiqincə yerinə yetirəcəyinə heç bir şübhə ola bilməz. Ölkəmizin bu məsul vəzifədə Avropa Şurasının üç əsas təməli olan demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərinə güclü dəstək verəcəyi və Avropa məkanında demokratiya, təhlükəsizlik və sabitliyin qorunması sahəsində hazırda mövcud olan və üzv ölkələrin qarşılaşdığı problemlərlə ciddi şəkildə məşqul olacağı əsas vəzifə kimi qarşıya qoyulub.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.