Mayın 14-də Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və “The Business Year” şirkətinin təşkilatçılığı ilə “The Business Year: Azerbaijan-2014" nəşrinin təqdimat mərasiminin keçirilməsi ölkənin ictiami-siyasi tarixində növbəti uğurlu hadisələrdən biri kimi yadda qaldı. Xatırladaq ki, baş ofisi Londonda yerləşən “The Business Year" dünyanın müxtəlif bölgələrini – Latın Amerikası, Asiya və Afrikanı əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və öz nəşrində işıqlandıran nüfuzlu şirkətdir.
“The Business Year” şirkəti ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı qurumları və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes layihələrinin reallaşdırılmasına öz töhfəsini verir. Jurnalın əhatə dairəsinə 30 ölkənin daxil olduğunu və bunların içərisində Azərbaycanın da xüsusi yer tutduğunu qeyd etmək lazımdır. Ən maraqlı məqam isə budur ki, xüsusi buraxılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müsahibələri dərc olunmuşdur.
Ümumiyyətlə, “The Business Year” jurnalının Azərbaycan ilə bağlı xüsusi buraxılışı artıq dördüncü dəfə nəşr olunur. Məlum olduğu kimi, 2013-cü ildə “The Business Year” şirkəti Azərbaycan Prezidenti İlham Əliyevi dünyada “İlin prezidenti” elan etmişdi. Bu il isə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada “İlin birinci xanımı” mükafatına layiq görüldü.
Belə nüfuzlu dünya mətbu orqanının ölkəmizə verdiyi yüksək qiymətin əsas səbəbləri, təbii ki, dövlət başçısı İlham Əliyevin son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, ilk “Azərspace” telekommunikasiya peykinin orbitə çıxarılması ilə bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına önəmli töhfələri, habelə ölkənin mühüm beynəlxalq ictimai-siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətləri olmuşdur.
Bu il də öz xüsusi buraxılışını Azərbaycana həsr edən nüfuzlu jurnal ölkəmizdə siyasi, sosial-iqtisadi inkişafın əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzumuz barədə oxuculara ətraflı məlumat vermişdir. Bu gün dünyanın müxtəlif ölkələrində, nüfuzlu beynəlxalq qurumlarda, ayrı-ayrı mötəbər tədbirlərdə inkişafın Azərbaycan modeli, Azərbaycan nümunəsi artıq hamının qəbul etdiyi aksioma çevrilmişdir. Bu inkişafın əldə olunması təbii ki, təsadüfən baş verməmişdir. Bu zirvəyə çatmaq üçün Azərbaycan çox çətin sınaqlardan keçmişdir. Lakin bu sınaqlar ölkəmizin inkişafını nəinki ləngitmiş, əksinə daha da möhkəmləndirmiş və davamlı formaya salmışdır. Əsasında ümummilli lider Heydər Əliyevin formalaşdırdığı ideya-siyasi xəttin dayandığı inkişaf strategiyasının istiqamətləri Azərbaycan rəhbəri İlham Əliyev tərəfindən təkmilləşdirilərək müasir dövrün prinsiplərinə uyğunlaşdırılmışdır.
İlham Əliyevin 10 illik rəhbərliyi dövründə Azərbaycanın identikliyi, özünəməxsus cəhətləri sürətlə inkişaf etdirildi və bütün dünyaya təqdim olundu. Müstəqilliyimizin bərpasından keçən son 10 il ərzində Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf, demokratik və hüquqi dövlət quruculuğu sahəsində nəzərəçarpacaq addımlar atılmışdır. Prezident İlham Əliyevin “The Business Year” jurnalına verdiyi müsahibədə qeyd etdiyi kimi, biz ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai-siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm dəstəyinə söykənərək çox böyük uğurlara imza atmışıq. Həm ölkənin ümumi inkişaf konturlarını, həm də ayrı-ayrılıqda hər bir sahədə görüləcək işləri əhatə edən çoxsaylı dövlət proqramları qəbul olundu və uğurla icra edildi. Bu işlərin görülməsi daxili sosial-iqtisadi inkişafın təminatına, vətəndaşların rifahının yüksəldilməsinə və cəmiyyət qarşısında duran digər problemlərin həllinə mühüm təsir göstərdi. Azərbaycanın yeni neft strategiyasının işə düşməsi bizə bütün gələcək planlarımızı reallaşdırmağa geniş imkanlar açdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxışını təmin etdi ki, bu da təkcə keçən on ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur.
Ötən 10 il ərzində iqtisadiyyatımız 3 dəfə artaraq şaxələndirildi və dövlətimiz müasir sosial-iqtisadi infrastruktur yaradaraq, qeyri-neft sektorunun dinamik inkişafını təmin etdi. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsini 2013-cü ildə 25 milyard dollara çatdırdıq. Azərbaycan iqtisadiyyatına bütövlükdə 140 milyard dollar həcmində sərmayə qoyuldu, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötdü. 2005-2009-cu illərdə Azərbaycan inkişaf tempinə görə dünyada alternativsiz dövlət oldu və iqtisadiyyatda keçid dövrünü başa çatdırdı. Müsahibədə Prezident İlham Əliyev bu məqama xüsusi toxunaraq qeyd edir ki, həmin ildən başlayaraq biz əsas diqqətimizi ölkənin neftdən asılılığının azaldılmasına yönəltmişik və son üç ilin dinamikası aydın şəkildə göstərir ki, bu vəzifənin öhdəsindən layiqincə gəlmişik. Hazırda neft hasilatını sabit saxlamaqla, ölkənin iqtisadi artımını əsasən qeyri-neft sektorunun hesabına həyata keçiririk. Hətta dünyadakı maliyyə böhranının başladığı 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 9 faiz artım olmuşdur. Keçən il neft hasilatı müəyyən səbəblərdən aşağı düşsə də, ümumi daxili məhsulun 2,2 faizlik artımı müşahidə olunmuş, qeyri-neft sektoru isə təxminən 10 faiz yüksəlmişdir. Son 8 ildə isə qeyri-neft sektoru 2 dəfə artmışdır.
Bu inkişaf elə bir dövrdə gedir ki, dünyada bir sıra dövlətlər maliyyə sıxıntısı yaşayır və elə ölkələr var ki, hətta dünya maliyyə böhranından sonra hələ də özlərinə gəlməmişdir. Prezident İlham Əliyev müsahibəsində haqlı olaraq qeyd edir ki, mühüm dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrin siması dəyişmiş və müasirləşmiş, əhalinin rifahı yüksəlmişdir. Regional inkişaf proqramlarını reallaşdırmaqla biz paytaxtla bölgələr arasında inkişaf fərqini aradan qaldırmağa müvəffəq olduq.
Azərbaycanda sosial sahədə ciddi irəliləyiş əldə etmişik. Son 10 ildə müasir tələblərə uyğun 2500-dən artıq məktəb, yüzlərlə səhiyyə müəssisəsi, idman kompleksləri və çoxsaylı sosial təyinatlı digər obyektlər tikilmiş və istifadəyə verilmişdir. Ölkədə əməkhaqlarını, sosial müavinətləri mütəmadi olaraq artırırıq və artırmaqda davam edəcəyik. Eyni zamanda, 2012-ci ildə Azərbaycanda sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılmışdır. Qeyd edilməlidir ki, bütün postsovet məkanında yalnız Azərbaycanda bu vəsaitlər qısa zamanda və ən yüksək əmsalla ödənilib.
Prezident İlham Əliyev “The Business Year” jurnalının suallarını cavablandırarkən ölkənin təhlükəsizlik strategiyasının uğurlarından da bəhs etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olundu, xarici enerji mənbələrindən asılılıq aradan qaldırıldı. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artmışdır. Azərbaycanın müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi həyata keçirildikdən, yəni 2017-ci ildən sonra Avropanın təbii qaz bazarında ölkənin rolu daha da yüksələcəkdir. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaqdır.
Bu faktları yada saldıqdan sonra əminliklə demək olar ki, Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Biz artıq dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmişik. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir, bütün hesabatlarda öncül mövqelər tuturuq. Keçən il dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar.
Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən “yüksək insan inkişafı” olan ölkələr qrupuna yüksəlmişdir.
Göründüyü kimi, bu illər ərzində uğurların xronoloji ardıcıllığına nəzər yetirdikcə kifayət qədər uğurlu faktlar üzə çıxır və Azərbaycanın bugünkü durumu barədə müfəssəl fakir yürütməyə imkan verir. Xüsusilə, ölkə tarixində ilk dəfə olaraq 2011-ci ildə yüksək rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz, 2012-ci ilin mayında isə təşkilata sədrlik etməyimiz, dondurulmuş münaqişələr və siyasi sabitlik cəhətdən həssas regionlarla bağlı məsələlərdə həlledici səs hüququ əldə etməyimiz tariximizin qürurverici səhifələrindəndir.
Bundan əlavə, son illər Azərbaycanın artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilməsi də Azərbaycan rəhbərinin müsahibəsində yer almışdır. Prezident qeyd edir ki, biz 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etdik və bu sahədə Azərbaycan tərəfdən reallaşdırılan təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırdıq. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını almışdır. 2011-ci ildə Azərbaycan Avropanın bir nömrəli musiqi yarışması – “Eurovision”un qalibi oldu və 2012-ci ildə bu müsabiqəni uğurla keçirərək bütün dünyaya öz böyük potensialımızı təqdim edə bildik.
Keçən il BMT-nin VII İnternet İdarəçilik Forumu Bakıda keçirildi. Bu tədbirin Azərbaycanda təşkili heç də təsadüfi olmamışdır. Çünki informasiya-kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf edən və ən perspektivli siqmentidir. Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdi. Bütün bunlar, şübhəsiz ki, dünyanın aparıcı dövlətlərinin və söz sahibi olan beynəlxalq təşkilatların Azərbaycana olan yüksək münasibətinin təzahürüdür. Bu münasibətin fonundan irəli gələrək ölkəmizin daimi iştirakçısı olduğu Dünya Davos İqtisadi Forumu 2013-cü ildə Azərbaycanda keçirilmiş və bu mötəbər qurum Azərbaycanın inkişaf nümunəsini öyrənməyə başlamışdır.
Bundan əlavə, əldə etdiyimiz əsas uğurlardan biri də müstəqil Azərbaycan dövlətinin artıq kosmik klubun üzvü olması və kosmosa süni peykimizin göndərilməsidir. “Azərkosmos” Səhmdar Cəmiyyətinin yaradılması da buna əyani sübut olaraq onu göstərir ki, kosmik prosesin inkişafını izləmək və Azərbaycanda tətbiq etmək dövlət səviyyəsində dəstəklənir və buna xüsusi qayğı göstərilir.
Prezident İlham Əliyevin müsahibəsində ötən illər ərzində Azərbaycanın siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə qlobal və mühüm beynəlxalq tədbirlərə layiqli ev sahibliyi etməsi də öz əksini tapmışdır. Dövlət başçısının fikrincə, bunun nəticəsidir ki, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etməsi tarixi hadisə və ölkəmizin böyük uğuru olmaqla yanaşı, həm də Azərbaycanın dünyada artan nüfuzunun və geniş imkanlarının beynəlxalq birlik tərəfindən qəbul edilməsinin əyani göstəricisidir.
Beləliklə, 1991-ci ildən bəri çətin sınaqlardan çıxan ölkəmiz özünəməxsus inkişaf tempinə malik olmuş və bu xüsusən, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanı bütün sahələrdə öz nümunəsini, universallığını ortaya qoyaraq dünyaya güclü, müstəqil, müasir, davamlı və ən əsası, etibarlı imicə malik bir dövlət kimi təqdim etmişdir. Bu gün nüfuzlu beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, araşdırma mərkəzlərinin, medianın diqqətini ölkəmizə cəlb edən də məhz bu amildir. Yalnız inkişaf olan yerdə hansısa uğurdan söhbət açmaq, yazmaq, məlumat vermək olar. “The Business Year” şirkətinin 4 il ardıcıl olaraq ölkəmiz ilə əməkdaşlığının əsasında da məhz inkişafın Azərbaycan nümunəsini dünyaya daha yaxından tanıtmaq məqsədi dayanır.
Anar TURAN, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.