Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya Nümayəndəliyinin rəhbəri, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası 5 il ərzində dünyanın aparıcı humanitar aksiyalarından birinə çevrilmişdir.
İnsanların dərdinə yanan bir qəlbi var Azərbaycan Prezidentinin qızı Leyla Əliyevanın. O, son beş il ərzində insanlıq meyarı ilə düşünüb fəaliyyət göstərməyin bu gün faciələri səngimək bilməyən dünya üçün nə qədər gərək olduğunu sübut edir. Heç şübhəsiz ki, humanizm – bütün zamanlar üçün sivilizasiyanın ən böyük dəyəri, bəşəriyyətin inkişafının ən mühüm şərtidir. Humanizm fəlsəfəsinin tərəqqisi ilə beynəlxalq insan hüquqları müasir dünya siyasətinin aparıcı platformasına çevrilməkdədir. Buna görə də hazırda dünya ictimaiyyəti qlobal konfliktlərə qarşı qlobal həmrəyliyi yeganə alternativ kimi təqdir edir. Bu gün bütün dünyada həyata keçirilən humanitar aksiyalar arasında belə bir həmrəylik platformasından çıxış edən, humanizm prinsiplərini özünün başlıca meyarına çevirən bir gənc hərəkat da var: “Xocalıya ədalət!”
“Xocalıya ədalət!” - ədalətsizliyə üsyan deməkdir. 5 il ərzində getdikcə böyüyən, beynəlxalq miqyasda tərəfdarlarının sayını artıran bu hərəkatın başında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva dayanır. Leyla xanım Əliyevanın üzərinə götürdüyü missiya milli-siyasi mənafelərimizin, ərazi bütövlüyümüzün qorunması vəzifələrinə bilavasitə bağlı olsa da, daha geniş beynəlxalq spektrdə insan hüquqları ideyasını möhkəmləndirən məzmun kəsb edir. Belə ki, bu aksiyaların həyata keçirilməsi ilə dünya insanları imperiya caynağından qopan, yeni yaranmış müstəqil dövlətlərə kobud müdaxilə ilə separatçılıq meyillərini qızışdırmağın, yerli vətəndaşları terrora, qaçqınlığa, heç nə ilə əvəz olunmayan böyük itkilərə məruz qoymağın necə ağır nəticələr verdiyinə şahid olurlar. İnsanların bir-birinə mərhəmət, şəfqət, xeyirxahlıq hissi oyanır, şərə, ədalətsizliyə, haqsızlığa müqavimət hissi səfərbər olur. Azərbaycanlı qızı Leyla xanım Əliyeva Xocalı faciəsi timsalında insanlıq dramına siyasətçilərdən tutmuş adi vətəndaşlara qədər hamını həssas münasibət göstərməyə çağırır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyeva rəhbərlik etdiyi hərəkatın 5 illik fəaliyyətinin nəticələrini yığcam şəkildə dilə gətirərək deyir: “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu müddət ərzində böyük iş görülmüş və nəticələr əldə edilmişdir. Mən son 5 ildə bu kampaniyanın başlıca layihələrindən və nailiyyətlərindən sizə danışmaq istərdim. Ötən 5 ildə dünyanın 70-dən çox ölkəsində hər il Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunur. Kampaniyanın saytı 5 dildədir. Bu gün “Xocalıya ədalət!” kampaniyasının çağırışı BMT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tribunalarından, dünyanın hər yerində universitetlərdə, gənclər klublarında, habelə məscidlərdə, kilsələrdə və sinaqoqlarda səslənir. Bu çağırış cavabsız qalmamışdır. Kampaniya nəticəsində 6 ölkənin və ABŞ-ın 14 ştatının parlamentləri Xocalı faciəsini soyqırımı aktı kimi tanımışdır. Bir neçə gün bundan əvvəl İƏT-in üzvü olan 53 ölkənin parlamentləri xüsusi qətnamə ilə təsdiq etmişlər ki, Xocalıda soyqırımı törədilmişdir. Bundan əvvəl İƏT-in üzvü olan 57 dövlətin başçıları tərəfindən analoji sənədlər qəbul olunmuşdur. Ankara, Sarayevo, Haaqa, Mexiko şəhərlərində Xocalı abidələri ucaldılmışdır... Xocalı haqqında müntəzəm olaraq kitablar çap edilir, bukletlər, məlumatlar nəşr olunur, filmlər çəkilir... Bu gün kampaniyamızın fəaliyyətinin yeni mərhələsi başlanır. Biz əldə etdiklərimizlə kifayətlənmək niyyətində deyilik, irəlidə hələ çox layihələrimiz və tədbirlərimiz vardır. İnanıram ki, dünyada Xocalı hadisələrini soyqırımı kimi tanıyan ölkələrin sayı ildən-ilə artacaqdır. Tezliklə isə dünya birliyi bu faciəyə ədalətli hüquqi və mənəvi qiymət verəcəkdir. XXI əsrdə kütləvi qətllərə, qanlı qırğına və soyqırımına yer olmamalıdır... Zaman göstərmişdir ki, Azərbaycan xalqının ruhu qırılmamışdır. Çünki Azərbaycan xalqının ruhunu heç vaxt, heç kim, heç nə qıra bilməz. İnanıram ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, bütün qaçqınlar və məcburi köçkünlər doğma yurd-yuvalarına, doğma torpaqlarına qayıdacaqlar”.
Leyla Əliyevanın fəaliyyətinin əsas platformasını təşkil edən humanizm – müharibə və konfliktlərin yaratdığı faciələrə sipər çəkmək iradəsini əks etdirdiyi üçün, görün ətrafına dünyada nə qədər tərəfdaş (onların da ön cinahını gənclər - gələcəyin mübarizləri təşkil edir) toplayıb! Kampaniyanın Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbi irəli sürən müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb! Azərbaycan milli mənəviyyatının ən yaxşı dəyərlərini – vicdan, ədalətlilik, mübarizlik, insansevərlik keyfiyyətlərini özündə birləşdirən Leyla xanım Əliyevanın fəaliyyəti həqiqətən də dünya birliyində, siyasətdə və əxlaqda humanizm tendensiyasını dərinləşdirən proseslərin mühüm tərkib hissəsidir. Leyla xanım Əliyevanın humanitar istiqamətdəki fəaliyyəti mədəniyyət və incəsənət sferalarını da əhatə etdikcə, həmin fəaliyyətin konturları genişlənir, ideya və məzmun cəhətdən konseptuallaşır. Onun təqdimatında qoyulan problemlər həmişə ürəkdən gəldiyi və reallığı əks etdirdiyi üçün auditoriyanın da yüksək səmimiyyəti və ilıq reaksiyası ilə qarşılanır. Leyla xanım Əliyeva beynəlxalq məclislərdə Azərbaycan həqiqətlərindən, Azərbaycanın Qarabağda tapdalanan haqqından danışır. Bu sözlər zərif bir azərbaycanlı qadının dilindən deyilsə də, qılınc kimi kəsərli olur. Onun nitqlərinin məntiqi qarşısında insanlığa düşmənliyin çürük ideologiyası tərksilah vəziyyətinə düşür. Leyla xanım Əliyevanın müasir dünyanın mütərəqqi humanizmini dəstəkləyən və irəli aparan fəaliyyəti gerçəkdən güclü iradənin və tükənməz enerjinin təcəssümüdür.
AMEA İnsan Hüquqları İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilmiş, yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və tanınmış alim, professor Rövşən Vəlizadənin “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)”
3 cildlik monumental kitabı da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyinə həsr edilmişdir. Bu yaxınlarda geniş elmi ictimaiyyətin, dövlət nümayəndələrinin iştirakı ilə həmin üçcildliyin ilk iki cildinin təqdimatı keçirilmişdir. Aktual mövzu və problematikası ilə diqqəti cəlb edən bu kitab haqqında Azərbaycan və xarici kütləvi informasiya vasitələrində sanballı məqalə və resenziyalar çap edilmiş, dolğun rəylər səslənmişdir. Kitabın mənim məmnuniyyətlə redaktoru olduğum üçüncü cildi də artıq nəşr olunur. Sonuncu cildin özünəməxsusluğu ondadır ki, burada “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının beş illik fəaliyyətinin nəticələrinin dəyərləndirilməsinə xüsusi diqqət verilmiş, əgər belə demək mümkünsə, 100 illik erməni təbliğatını alt-üst edən beş yaşlı “Xocalıya ədalət!” hərəkatının milli, regional və beynəlxalq səviyyələrdə gördüyü işlərin əhəmiyyəti üzə çıxarılmışdır.
“Xocalıya ədalət!” kampaniyasının rəhbəri Leyla xanım Əliyevanın sərrast qeyd etdiyi kimi, ermənilər bu cinayətləri “XX əsrin sonlarında, düz Avropanın kandarında törətmişlərsə”, deməli, erməni separatçıları dünyaya sırımaq istədikləri yalanların tam əksinə olaraq, bəşəriyyəti irəli aparanların – suverenitet və demokratiyaya ehtiram bəsləyənlərin, insanlıq dəyərlərini uca tutanların, müharibəyə “Yox!” deyənlərin deyil, bəşəriyyəti geriyə çəkənlərin – daim savaş və konfliktlərdən bəhrələnənlərin, qan və göz yaşlarına susayanların, humanizmin bütün əxlaqi, mənəvi və siyasi dəyərlərini əzib-tapdalayanların yanındadırlar. Kitabın ortaya qoyduğu danılmaz faktlar bir daha sübut edir: əslində, “Böyük Ermənistan” və “fövqəlerməniçilik” – arxaik imperializmin bir fiksiyasıdır ki, hamıdan çox elə ermənilərin özü bu xəstə təxəyyüllərinin ilğım-obrazından ziyan çəkmişlər. Ermənilər tarix boyu dövlətlərarası münasibətlərin qaydalarını riyakarlıqla pozduqlarından və ən yaxın qonşularına belə xəyanətkar pusquda durduqlarından, özlərinə heç bir etibarlı dost-xalq qazana bilməmiş, həmişə böyük dövlətlərin yedəyində getməyə, daha doğrusu, sürünməyə özlərini məhkum etmişlər. Ona görə də qonşularının torpaqları hesabına “böyük dövlət” olmaq arzuları həmişə gözlərində qalmışdır. Ancaq bu arzu öz nüvəsində kin, nifrət, qəddarlıq, hiylə, yalan, rəzalət, düşmənçilik, siyasi əxlaqsızlıq alovunu kükrədərək həmişə ətrafına zəhər saçmışdır. Bu zəhərin region dövlətlərinin sağlam atmosferini bütün mənalarda (psixoloji, siyasi, diplomatik, hərbi-ekspansionist, bakterioloji...) necə korladığını kitab əyani faktlarla sübuta yetirir.
“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” əsəri, ilk növbədə, Azərbaycanın ayrılmaz parçası Qarabağın işğaldan azad edilməsi uğrunda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ideoloji-diplomatik mübarizənin hazırkı mərhələsində həmin prosesə təkzibolunmaz fakt və dəlillər arsenalı verməsinə görə böyük əhəmiyyət daşıyır. Bu kitab, heç bir şübhə yeri qoymadan, tam mənası ilə sübut edir ki, Ermənistan və onun havadarlarının qabaqcadan planlaşdırılmış ssenari əsasında Azərbaycanın Qarabağ ərazisini işğal etmələri əvvəldən axıradək qanlı cinayətlərlə baş tutan proses olmuşdur; torpağı zəbt edilən bir ölkənin müdafiəsiz insanları, ən elementar beynəlxalq hüquq normaları tapdalana-tapdalana, ən antihumanist üsulların amansız tətbiqi ilə qırılıb-çatılmışdır; burada yalnız bir məqsəd olub: İnsanları öldürmək və onların yaşadığı torpağı ələ keçirmək! Bu prosesin hər iki xəttində – həm müstəqil bir dövlətin – Azərbaycanın Qarabağ ərazisinin işğal edilməsində, həm də hərbi konfliktdə iştirak etməyən silahsız dinc əhalinin soyqırıma uğradılmasında Ermənistan və onun havadarları beynəlxalq hüququn bütün prinsiplərini pozmaqla, azərbaycanlılar nümunəsində bütün insanlığa qarşı böyük cinayət işləmişlər. İndi zaman çatıb: Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qanlı cinayətlərə yol vermiş insanlıq qatilləri cəzalandırılmalı və yalnız özgə torpaqlarını tutmaq məqsədləri ilə həyata keçirilən işğalçılıq faktı qətiyyətlə təsdiq edilərək, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.
Bu mənada Vasif Səmədov və Rövşən Vəlizadənin müəllifləri olduğu bu kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü (Cənab Prezident bəyan edir: “Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, soydaşlarımız, geniş ictimaiyyət Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidirlər”) vəzifələri tam yerinə yetirir və Leyla Əliyevanın 5 il öncə başladığı və artıq dünyanın 50-dən artıq ölkəsinin qoşulduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının humanist mahiyyətini bütün aspektləri ilə göstərərək, insanlığın bu çağırışına daha biganə qalmağın mümkün olmadığını və ermənilərin həm episentr kimi Azərbaycan ərazisində, həm də dünyanın başqa yerlərində törətdiyi beynəlxalq terror aktlarına qanunla adekvat tədbir görülməsi tələbindən çıxış edir.
Vasif Səmədov və Rövşən Vəlizadə ermənilərin soyqırım siyasətinin anatomiyasını açaraq, ədalətə söykənən insanlığı həmin siyasətin yeridilməsi prosesində baş verən hadisələrə, işlədilən amansız texnologiyalara diqqət yetirməyə çağırırlar. Bu faktlar göstərir ki, ermənilər öz məqsədlərinə çatmaq üçün heç nədən çəkinməmişlər. Müəlliflər Dağlıq Qarabağda, Xocalıda qırğınlar törətmiş 366-cı alaydakı 02270 saylı hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi Vladimir Savelyevin 8 il ərzində (1992 - 2000) BMT, Avropa Şurası, Baş Kəşfiyyat İdarəsi və s. instansiyalara təqdim etdiyi “Məxfi arayışı” və onun ətrafında cərəyan edən hadisələri analitik təhlildən keçirirlər. Xocalı genosidindən dəhşətə gəlmiş bir hərbçi-kəşfiyyatçının bu etiraf-sənədi rus və ermənilərdən ibarət olan həmin alayın necə və hansı şəraitdə yalnız azərbaycanlılardan ibarət olan bu yaşayış məntəqəsini və onun çoxsaylı əhalisini məhv etməsini bəlli edir.
Kitabın müəllifləri araşdırmaları ilə o reallığa da aydınlıq gətirirlər ki, həqiqətən də erməni terrorizminin episentri - Azərbaycandır və bu dağıdıcı zəlzələnin dalğaları bütün dünyaya yayıldığından, o, mahiyyətcə beynəlxalq terrorizmdir: beynəlxalq erməni terrorizmi dünyanın bir çox ölkələrində şəbəkələnmiş, başlıca olaraq, dünyanın türk dövlətlərinə (əsasən, Azərbaycan və Türkiyəyə) qarşı funksiyalaşdırılmış cinayətkar bir qurumun təhlükəli ideologiyasıdır; beynəlxalq erməni terrorizmi sözün əsl mənasında təkcə ayrı-ayrı dövlətləri təhdid edən hadisə deyil, beynəlxalq təhlükəsizliyin özünü sarsıdan, beynəlxalq səviyyədə sabitliyi, dinc-yanaşı yaşamaq prinsiplərini pozan, dövlətlərarası münasibətləri dramatikləşdirən, dünya birliyinə doğru inkişafı ləngidən və xüsusilə milli dövlətlərin suverenliyinə yönəlmiş fəaliyyətləri təhrik edən antihumanist təmayüldür.
Kitabın əsas mövzusu Xocalı soyqırımı olsa da, əslində, o, bütün Qarabağ faciəsini bütün spektrləri və kəskinliyi ilə əks elətdirir. Burada nə tarix, nə psixologiya unudulur: bəlli edilir ki, ermənilərin Azərbaycana qarşı torpaq iddiaları, azərbaycanlılara qarşı əsassız qisasçılığı və absurd düşmənçiliyi etnopsixologiyanın dərin qatlarında cücərdilərək, zaman-zaman yeni nəsillərə ötürülür. Bu isə tarixdə bənzəri olmayan xəstə erməni mənəviyyatının hər dəfə yeni riyakarlıq qiyafəsində, lakin köhnə xislətində peyda olmasına gətirib çıxarır. Ona görə də 1918-ci ildə yenə də rus şovinistlərinin əli və silahı ilə Azərbaycanda qırğınlar törətmiş erməni ilə 1992-ci ilin fevralında Xocalıda soyqırımını həyata keçirən erməni arasında heç bir fərq yoxdur. Müəlliflər hətta genetikanı zədələyən səbəbləri ortaya çıxararkən, alimlərin gəldiyi müvafiq elmi nəticələrə də istinad edirlər. İngilis psixoloqu Maykl Frayd Rusiya Federasiyasının erməni məktəblərində apardığı tədqiqatları digərləri ilə müqayisə edərək yazır: “Rusiya Federasiyasında Günəşin rəngini, Orta Asiyada Ay işığından tökülən rəngi, Ermənistanda qara rəngi, Gürcüstanda narıncı rəngi, Azərbaycanda isə dənizin tünd mavi rəngini çox sevirlər. Mənim ən çox qorxduğum qara rəngdir. Çünki qara rəng gen kodlarını terrora hazırlayır”.
Kitabın müəllifləri də ermənilərin qara rəngli beynəlxalq terrorunu insanlığa yağı kəsilmiş təhlükə mənbəyi kimi xarakterizə edərək, onların bütün əməllərinin “düyün nöqtəsi” olaraq Xocalı faciəsini önə çəkirlər. Müəlliflər göstərilən fakt üzrə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun ekspert komissiyasının hazırladığı siyasi-hüquqi sənədə istinad edərək, Xocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsini verir, həmin soyqırımın belə bir statusda tanınmasının beynəlxalq hüquqi bazasını və nəticələrini müəyyən edirlər: “...Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş bütün əməllər beynəlxalq hüquq sənədlərinə uyğun olaraq soyqırımı kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə görə bəşəriyyətə qarşı cinayət sayılır”.
Ümumən Qarabağda, konkret olaraq Xocalıda törədilən müharibə cinayətlərinin, soyqırımı aktlarının tarixi köklərini və hazırkı reallıqlarını təhlil edən müəllif-analitiklər həmin cinayətlər prosesinə və 20 ildən artıq davam edən işğal faktına dünya ictimaiyyətinin diqqətini yönəldərək, beynəlxalq erməni terroruna qarşı müqavimət hərəkatını formalaşdırmış “Xocalıya ədalət!” kampaniyasının həm xalqımız, həm də bütövlükdə tərəqqipərvər bəşəriyyət üçün böyük önəm daşıyan fəaliyyətini qiymətləndirirlər. Göstərirlər ki, “Xocalıya ədalət!” strateji proqramı - bütün platformasına görə zülmə, ədalətsizliyə qarşı fəal mübarizə hərəkatının layihəsidir; “Xocalıya ədalət!” beynəlxalq aksiyası - bütün dünyada əzilən, günahsız, təqib olunan, qaçqın və köçkün halına düşən, evlərini, yurdlarını, doğmalarını itirən, işgəncələrə məruz qoyulan milyonlarla insanın faciəli həyat durumuna həssaslığı özündə əks etdirən humanist ideologiyanın həyata keçirilməsidir; “Xocalıya ədalət!” nidası – bir körpənin belə qana boyanmış telini görmək istəməyənlərin, əksinə, terroru, qanı, dağıntını, fəlakəti vasitə sayanları haqq divanına çəkməyə qüdrəti çatanların getdikcə güclənən səsidir; “Xocalıya ədalət!” harayı – 2012-ci ilin 22 noyabrında Vatikan qəzetinin yazdığı kimi, “bəşəriyyətin, bütün əsrlərin çağırışıdır”; “Xocalıya ədalət!” çağırışı - XXI əsrin dövlətləri və xalqlarının bir-birinə ehtiram ruhunda inkişaf edən münasibətlərinə sədaqətin ifadəsidir! Azərbaycan öz kökündən, tarixindən gələn məhz belə yenilməz mənəviyyata, mərd mübarizə əxlaqına malikdir!
Həmin mübariz əxlaqa sədaqətlə yazılmış kitabın üçüncü cildi hələ ictimaiyyətə bəlli olmayan bir çox faktların üzə çıxarılması baxımından olduqca əhəmiyyətlidir. Məsələn, kitabın “Millətçi erməniləri ifşa edən faktlar, etiraflar” bölümündə tanınmış erməni mütəfəkkiri, öz milli tarixinə şovinist həmvətənlərindən fərqli olaraq, tamamilə realist yanaşan Ovanes Tumanyanın 1910-cu ildə çap edilmiş “Bədnam xalq” əsəri təqdim olunur. Bu tipli faktlar bir daha təsdiqləyir ki, erməni riyakarlığı hətta onların özlərinin əsl ziyalılarını, yaradıcı adamlarını da bezdirib və ümumiyyətlə, erməni ictimai-siyasi dünyagörüşü dərin ziddiyyət və böhranlar içərisində boğulur. “Erməni mənşəli dünya alimləri və elmi ictimaiyyət tarixi həqiqətləri saxtalaşdırmaqda erməni həmkarlarını ittiham edirlər” bölümündə isə mövzunun adından da göründüyü kimi, erməni saxtakarlığına qarşı onların öz dilindən amansız faktlar ortaya çıxarılır, elmi meyarlara ehtiram bəsləyən dünya alimləri tərəfindən ermənilərin quraşdırdığı “tarix” və “həqiqət” rədd edilir. Ermənilərin ardıcıl olaraq rədd edilən, yalnız gerçək tarix və həqiqətin təhrif edilməsindən ibarət olan mövqelərini bu gün “dəstəkləmək” artıq dünya alimləri, siyasətçiləri, publisistləri tərəfindən absurd sayılır və getdikcə mümkünsüzləşir. Müasir dünyanın dəyişən və yeniləşən siyasəti də Azərbaycanın bütün cinahlar üzrə apardığı böyük və yenilməz mübarizənin nəticəsi olaraq, təbii şəkildə yalan təməlli erməni mövqeyini qorumaq üçün artıq heç bir dayağın qalmadığı reallığına və dövlətimizin haqq işini müdafiə etməyin zərurətinə gəlməkdədir.
Geniş ictimaiyyətə təqdim olunan bu üçcildlik kitabın müasir tariximiz və mədəniyyətimiz üçün əhəmiyyəti həqiqətən böyükdür: ondan orta və ali məktəb müəllimlərindən, şagird və tələbələrdən tutmuş dövlət məmurlarına, diplomatlara qədər hamı yetərincə istifadə edə bilər. Buna görə də onun Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ölkəmizin bütün kitabxanalarına yerləşdirilməsi, Təhsil Nazirliyinin xətti ilə tədris vəsaiti kimi istifadə olunması, Xarici İşlər Nazirliyinin xətti ilə beynəlxalq təşkilatlara, elmi-siyasi tədqiqat mərkəzlərinə, diplomatik korpuslara çatdırılması, Xarici olkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin xətti ilə dünya azərbaycanlıları arasında yayılması, beynəlxalq konfransların aktual mövzu və problemlər sferasına gətirilməsi və xüsusilə, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə tərcümə edilməsi zəruridir. Qan yaddaşı ilə yazılmış bu əsər həm ölkəmizdə, həm də xaricdə milli dünyagörüşünə malik olan, Vətən torpağının bütövlüyünü düşünən və onun uğrunda fədakar mübarizəsini əsirgəməyən hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır.
Vasif Səmədov və Rövşən Vəlizadənin “Xocalıya ədalət!” beynəlxalq hərəkatının faktlar qaynağı saydığımız bu sanballı tədqiqatı Qarabağ uğrunda vuruşan kitab-silah funksiyasında nəinki indi, nəinki Qarabağ işğaldan azad edilən prosesdə, hətta azad edildikdən sonra da gərəyimiz olacaq. Çünki ermənilər çox məkrlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra da məhz belə güclü faktlar arsenalı ilə gələcək mübarizələrə hazır olmalıyıq!.. Qarabağ uğrunda mübarizənin yeni mərhələsində beynəlxalq erməni terroruna qarşı mükəmməl strateji platformanı modelləşdirən bu əsər danılmaz tutarqalar toplusu, hədəf müəyyənliyi ilə Azərbaycan dövlətinin müstəqilliyinə və ərazi bütövlüyünə yönəlmiş və yönələcək hər cür təxribat və təhdidləri önləməyə, ifşa etməyə açar verən bir ideoloji-diplomatik silahdır əlimizdə.
Rahid ULUSEL,
fəlsəfə elmləri doktoru, professor,
Fəlsəfə Cəmiyyətləri Beynəlxalq Federasiyasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.