Azərbaycan – NATO əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir

NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramındakı iyirmi illik fəaliyyətimiz də bunu təsdiqləyir

Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Eyni zamanda, Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır.

Anders Foq RASMUSSEN,

NATO-nun baş katibi

 

Azərbaycan – NATO əməkdaşlığının yeni mərhələyə qədəm qoyması son illər ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin bariz nümunəsidir. Ölkəmiz uzun illərdir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə sıx əməkdaşlıq edir. 1992-ci ildə müstəqillik yoluna yenicə qədəm qoymuş respublikamızın Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə təməli qoyulan əlaqələr sonradan zəiflədi. Bunun da əsas səbəbi həmin vaxt ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı, beynəlxalq qurumlarla əməkdaşlığı düzgün qiymətləndirə bilməmələri və başlarının daxildəki qarşıdurmalara, hakimiyyəti ələ keçirmək üçün gedən mübarizəyə qarışması idi. Lakin ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyinin ilk günlərindən başlayaraq Azərbaycanın beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoyuldu.

 Respublikamızın nüfuzlu beynəlxalq qurumlarla əlaqələrinin yaradılması 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq Proqramının qəbulu ilə yeni mərhələyə qədəm qoydu. Həmin il may ayının 4 - də ümummilli lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO-nun Mənzil—qərargahına səfəri zamanı ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə yol açan Sülh Naminə Tərəfdaşlıq Çərçivə sənədini imzaladı. Bununla da, Azərbaycan NATO ilə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutan Sülh Naminə Tərəfdaşlıq Proqramını imzalamış 15-ci dövlət oldu. Onu da qeyd edək ki, Azərbaycan MDB dövlətləri arasında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulan ilk tərəfdaş dövlətlərdəndir.

Azərbaycan — NATO əlaqələrinin getdikcə möhkəmləndirilməsi ulu öndərin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri idi. Çünki, belə nüfuzlu bir təşkilatla tərəfdaşlıq Azərbaycanın dünya birliyinə inteqrasiyasında böyük əhəmiyyət kəsb edirdi. 1996-cı il aprelin 22 - də NATO-nun Brüsseldəki mənzil-qərargahına növbəti səfəri zamanı ulu öndər Heydər Əliyev qurumun o vaxtkı baş katibi Xavyer Solana ilə görüşərək, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına müvafiq şəkildə NATO ilə əməkdaşlıq üzrə respublikamızın tələbat və potensialını müəyyən edən Azərbaycan Respublikasının təqdimat sənədini ona vermişdir. Bu sənədə ikitərəfli əməkdaşlığa hərbi əməkdaşlıq, hərbi modernizasiya, silahlı qüvvələr üzərində demokratik nəzarət, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq kimi sahələr daxil idi.

 1997-ci il fevralın 13 - də Prezident Heydər Əliyevin dəvəti ilə NATO-nun baş katibi Xavyer Solana ilk dəfə olaraq iki günlük rəsmi səfərlə Azərbaycana gəlmişdir. Səfər müddətində baş katib ulu öndər Heydər Əliyevlə, habelə xarici işlər və müdafiə nazirləri ilə görüşmüşdü.

Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarət olmuşdur. Fərdi əsaslarda qurulan tərəfdaşlıqla yanaşı, Azərbaycan Avroatlantik Tərəfdaşlıq Şurasının işində də fəal iştirak etmişdir. Müxtəlif səviyyələrdə aparılan siyasi dialoqlarda ikitərəfli müzakirələrin prioritet mövzuları regional və Avroatlantik məkanın təhlükəsizliyi, enerji təminatının təhlükəsizliyi, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak və beynəlxalq təhlükələrə qarşı mübarizədə yardımlaşmaqdır.

Azərbaycan -NATO əlaqələrinin getdikcə davamlı olması istiqamətində atılan qətiyyətli addımların nəticəsi kimi X.Solana bir il sonra ikinci dəfə Bakıya gəlmişdir. Səfər zamanı keçirilən görüşlərdə Avroatlantik və regional təhlükəsizlik, Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan-NATO əlaqələrinin inkişafı məsələləri ətrafında danışıqlar aparılmışdı. 1999-cu il mayın sonlarında Avroatlantika Tərəfdaşlıq Şurası çərçivəsində Atlantika siyasəti üzrə məşvərət qrupunun sessiyasının Bakıda keçirilməsi bu nüfuzlu qurumun ölkəmizlə əməkdaşlığına böyük önəm verməsinin nəticəsi idi. Sessiya müddətində NATO baş katibinin siyasi məsələlər üzrə müavini başda olmaqla yüksək səviyyəli ekspert qrupu Azərbaycana gəlmişdir. 1999-cu ilin sentyabrından etibarən, Azərbaycan Respublikasının sülhməramlı tağımı Türkiyə taboru daxilində Kosovoda keçirilən sülhməramlı əməliyyatda iştirak etmişdir.

 Azərbaycan – NATO əməkdaşlığının getdikcə möhkəmlənməsi qarşılıqlı səfərlər çərçivəsində aparılan danışıqlarda da özünü büruzə vermişdir. 2002-ci il noyabrın 21 və 22 - də Praqada keçirilən NATO-nun Zirvə Toplantısında Prezident Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikası nümayəndə heyətinin iştirakı xüsusi qeyd edilməlidir.

 Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəmizin nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığına xüsusi önəm verməsi NATO ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə də özünü göstərmişdir. Bu qurumla ikitərəfli əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan ilə NATO arasındakı hazırki münasibətlərin dinamikası müsbət qiymətə layiqdir. Azərbaycan - NATO əlaqələri hər iki tərəfin maraqları nəzərə alınaraq, qarşılıqlı əməkdaşlıq səviyyəsində qurulub və mütəmadi olaraq inkişaf edir. Bu münasibətlərin əsas istiqamətləri siyasi dialoq, sülhməramlı əməliyyatlarda iştirak və xüsusilə, hərbi sahədə islahatları nəzərdə tutan çoxşaxəli məsələlərin həllində praktiki əməkdaşlıqdır. Qeyd edək ki, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri üzərində qurulan bu əlaqələr son illər daha da intensivləşib. 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası ilə NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” bu qurumla ölkəmiz arasında əlaqələrin daha da genişləndirilməsində böyük rol oynayıb.

 NATO Cənubi Qafqaz regionunda aparıcı dövlət olan Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Region ölkələri arasında coğrafi mövqeyinə və əhalisinin sayına görə ən əhəmiyyətli ölkə olan Azərbaycan, həm də zəngin təbii resurslarına görə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Təsadüfi deyil ki, Alyansın “Şərq tərəfdaşlığı” siyasətində Azərbaycan özünəməxsus önəm daşıyır. NATO üçün Orta Asiya və Yaxın Şərqə açılan qapı funksiyasını daşıya biləcək bir ölkə ilə əməkdaşlığın perspektivləri çox böyükdür. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəsi də, Silahlı Qüvvələrimizin kontingentinin NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatında fəal iştirakı yüksək dəyərləndirilmişdir. Xarici hərbi müdaxilə və terrorçuluqdan zərər çəkən bir ölkə kimi, Azərbaycan həm yerləşdiyi regionda, həm də bütün dünyada sülh və sabitliyin təmin olunmasının tərəfdarıdır. Bu səbəbdən də respublikamız beynəlxalq terrorçuluğa qarşı mübarizədə qlobal əməkdaşlıqda yaxından iştirak edir. Bu ilin aprel ayında Bakıda keçirilən “Sülh Naminə Tərəfdaşlıq Proqramının 20 illiyi və NATO tərəfdaşlıqlarının gələcəyi” adlı konfransda çıxış edən NATO baş katibinin müavini Sorin Dukaru da bu məsələni xüsusi vurğulayaraq demişdir:"Azərbaycan NATO-nun yalnız çoxillik deyil, eyni zamanda fəal və mühüm tərəfdaşlarından biridir. Bu əlaqələr siyasi dialoqun nəticəsidir. Azərbaycan NATO üçün Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasına önəmli töhfələr verən mühüm ölkələrdən biridir. Həmçinin NATO-nun müxtəlif proqramlarının həyata keçirilməsində Azərbaycanın böyük rolu olmuşdur. Enerji təhlükəsizliyi, terrorizmlə mübarizə əməkdaşlığımızın daha bir istiqamətidir və biz bu əməkdaşlığı davam etdirmək niyyətindəyik. Bu proqramlar Azərbaycan-NATO əlaqələrinin inkişafında mühüm rol oynayır".

 NATO rəsmiləri dəfələrlə etiraf ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması çox yüksək səviyyədə gedir. Bütün bunlarla yanaşı, Azərbaycan hərbçiləri Sülh Naminə Tərəfdaşlıq Proqramına uyğun olaraq NATO-nun müxtəlif ölkələrdə keçirilən layihə və tədbirlərində fəal iştirak edirlər.

Hazırda Azərbaycan hərbçiləri Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən bütün tədbirlərdə iştirak edir, sülhməramlı təlimlərə, konfrans və seminarlara qatılır.

Bu günlərdə Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçirilib. Qeyd edək ki, Azərbaycan 2004-cü ilin aprel ayından NATO-nun ƏİK proqramına qoşulub. Azərbaycan Respublikası Silahlı Qüvvələri ƏİK proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı bölüyü təqdim edib, 2010-cu ilin avqust ayından isə tabor yaradılıb. Üç gün davam edən bu tədbir ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini vermişdir.

Prezident İlham Əliyev Azərbaycan-NATO əməkdaşlığının strateji səviyyəyə yüksəlməsini yüksək qiymətləndirmiş və bu nüfuzlu qurumun mənzil-qərargahına beşinci dəfə səfər etdiyini xatırladaraq demişdir: “Bu fakt əməkdaşlığımızın səviyyəsini göstərir. Bu əməkdaşlıq illəri və bizim NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına iyirmi il ərzində üzv olmağımız göstərir ki, münasibətlərimiz artıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb”.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında