Müstəqil Azərbaycan dövlətinin banisi

Dünya təcrübəsi təsdiqləyir ki, dövlətin və xalqın davamlı inkişafını taleyüklü mərhələlərdə ona rəhbərlik edən fenomenal keyfiyyətlərə malik lider müəyyənləşdirir. Müstəqil Azərbaycanın 22 illik müasir tarixinin timsalında da bu reallığı aydın görmək mümkündür. Əgər müstəqilliyimizin ilk illərində məhz aparıcı liderin olmaması və ölkəyə səriştəsiz iqtidarların rəhbərliyi üzündən Azərbaycan böyük çətinliklər və qarşısıalınmaz böhranla üzləşmişdisə, sonrakı dövrdə xalqın inandığı və etibar etdiyi liderin siyasi səhnəyə çıxması bütün taleyüklü məsələlərin həllində əsas şərt oldu.

Bu mənada 1993 və 2003-cü illər liderin cəmiyyətdəki rolunu dəyərləndirmək baxımından olduqca ibrətamizdir. Ulu öndərin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ərəfəsində ölkəmiz dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz bu dahi şəxsiyyətin xalqımızın təkidli xahişi ilə hakimiyyətə böyük qayıdışı Azərbaycanı böhrandan, parçalanmaqdan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla nail oldu. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi.

Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafına birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib, reallıqdan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Həmin illər Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.

Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa və tarixin təkərini nizamlamağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.

Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, həm də onu əbədi və dönməz etdi. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətləridir. Zamanın bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz Vətən sevgisinə etibar etdiyi tarixi missiyanı o layiqincə yerinə yetirməyə müvəffəq oldu. Ulu öndərin müstəqil Azərbaycanın Prezidenti kimi on illik fəaliyyəti özünün əzəmətli ifadəsini ölkəmizin və xalqımızın nicata qovuşmasında, müasir dövlət quruculuğunun həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə tapdı.

Azərbaycanın mükəmməl sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması və mərhələ-mərhələ reallaşdırılması ulu öndərimizin bəşəri əhəmiyyətli tarixi xidmətlərindəndir. Statistik rəqəmlərin dili ilə desək, 70-80-ci illərdə böyük sənaye potensialına malik Azərbaycanda əgər müstəqilliyimizin bərpasından sonrakı 5 il ərzində sənaye məhsulu istehsalı hər il orta hesabla 19 faiz azaldısa, 1997-2003-cü illərdə yüksəliş dövrü başlanmış və göstərici hər il orta hesabla 10,8 faiz artmışdır. Bu illərdə istehsal olunan sənaye məhsulları hətta, 1980-1990-cı illərdə olan inkişaf səviyyəsini belə xeyli qabaqlamışdır. Azərbaycanın iqtisadi qüdrətinin artmasında neft və qaz kimi təbii sərvətlərimizdən ölkəmizin və xalqımızın mənafeyinə uyğun düzgün istifadə olunması mühüm rol oynayır.

Ulu öndər Heydər Əliyevin müdrikcəsinə və uzaqgörənliklə işləyib hazırladığı milli neft strategiyası Azərbaycanın uzunmüddətli uğurlu inkişaf epoxasının təməlini qoyub. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan özünü dünyaya tanıtdı. İlk dəfə olaraq dünyada nəhəng transmilli konsorsium yaradıldı və ölkəmizin sayəsində Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanı kimi tanındı. Bu müqavilə ölkəmizin geosiyasi mövqelərini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın, xüsusən də, qeyri-neft sektorunun sürətli inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına güclü təkan verdi. Bu dövrdə neft-qaz sektoruna 30 milyard dollardan artıq sərmayə cəlb olundu. “Neft və qaz” gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya qəbul edildi. 1993-cü ildən başlayaraq Heydər Əliyevin xilaskarlıq missiyası nə qədər önəmli idisə, 2003-cü ildən sonrakı dövrdə də belə bir gərəklik ortada idi. O vaxt hətta, ulu öndərimizdən sonra ölkəmizin taleyinin necə olacağı barədə düşüncələr də az deyildi. Xalqımızın bəxti onda gətirdi ki, Heydər Əliyev özündən sonra onun müdrik siyasi kursunu davam etdirmək iqtidarında olan siyasi varisini, xalqın yeni liderini yetişdirmişdi. Cənab İlham Əliyev xalqın istəyi ilə Prezident seçildikdən sonra ulu öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını layiqincə davam etdirmək, onu zamanın tələblərinə uyğun olaraq zənginləşdirmək, Azərbaycanın sürətli tərəqqi yolunda irəliləməsini təmin etmək iqtidarında olduğunu sübuta yetirdi.

Bu mənada cənab İlham Əliyevin missiyası ulu öndərin həyata keçirdiyi işlərin miqyası qədər vacib xarakter daşımış və onun lider keyfiyyətini təsdiqləmişdir. 2003-cü ildən sonrakı dövrdə ölkənin möhkəmlənməsi, vahid bir siyasi xətt üzrə irəliyə aparılması, milli-həmrəyliyin qorunub saxlanması, çevik manevrlər, regionda həyata keçirilən xarici siyasətə yönələn adekvat reaksiyalar və digər amillər bir daha sübuta yetirdi ki, Prezident İlham Əliyevin malik olduğu keyfiyyətlər onun lider statusunu önə çəkir. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq oldu.

Müstəqilliyin ilk illərində ulu öndərin idman siyasətinin əsasını isə gəncləri layiqli Azərbaycan vətəndaşları kimi yetişdirmək kütləvi bədən tərbiyəsinin yayılması ilə insanların fiziki sağlamlığına nail olmaq, peşəkar idmançıların uğurlu çıxışlarına kömək etmək, onların gücü ilə müstəqil dövlətimizi bütün dünyaya tanıtdırmaq təşkil edirdi. Dahi şəxsiyyətin idman sahəsində reallaşdırdığı siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi sahələrdə böyük nailiyyətlərə imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə geniş imkanlar açdı.

Ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sferaları, o cümlədən, bədən tərbiyəsi və idman sahəsini də əhatə etdi. Bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə də start verildi. 2000-ci ildən etibarən nəinki paytaxt və iri şəhərlərdə, respublikamızın bütün bölgələrində müasir olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı. Olimpiya idman komplekslərinin sayı artıq 40-ı ötmüşdür.

Dövlət başçısı idmanın inkişafını daim diqqət mərkəzində saxlayır, ölkəmizin idman imicinin bütün dünyada yüksəlməsinə çalışır. Bu qayğı və diqqət sayəsində Azərbaycanın dövlət himni və bayrağı dünya ölkələrini fəth etməkdədir. Ötən illər ərzində Azərbaycan beynəlxalq olimpiya hərəkatında mühüm tərəfdaşa çevrilib.

Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Məhz uğurlu idman siyasətinin nəticəsidir ki, bu gün qazanılan qələbələr saysız-hesabsızdır. Belə ki, Azərbaycan idmançıları müxtəlif növlər üzrə Avropa, dünya çempionatlarında, olimpiya yarışlarında böyük uğurlar əldə edirlər. Olimpiya hərəkatında fəal iştirakımız, Azərbaycanda beynəlxalq yarışların, dünya çempionatlarının və olimpiya lisenziya turnirlərinin keçirilməsi, idmançılarımızın xarici ölkələrdəki yarışlarda müvəffəqiyyətlə çıxış etmələri, güclü idman infrastrukturunun yaradılması, idmana dövlət qayğısının artması və digər amillər Azərbaycanı idman ölkəsi kimi tanıdır. 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm layihələrin icra olunması ölkəmizdə müasir idman infrastrukturunun yaradılması işinə böyük töhfədir.

Müstəqil dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifah halının yüksəlməsi, demokratikləşmə prosesinin dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailiyyətlərinin möhkəm təməli vardır. Bu təməl Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirərək ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Böyük öndər bu gün cismən aramızda olmasa da, onun qurduğu, yaratdığı müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha işıqlı sabaha, firavan gələcəyə doğru inamla irəliləyir.

 

Ağacan ABİYEV,

Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor, Milli Olimpiya Komitəsinin baş katibi,

Milli Məclisin deputatı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında