Dünya dövlətlərinin tarixi təcrübəsi göstərir ki, hər bir xalqın durumu və gələcəyi əhəmiyyətli dərəcədə onun malik olduğu imkanları, zamanın tələblərini düzgün qiymətləndirməyi bacaran, uzaqgörən, müstəqil dövlətçilik konsepsiyasını formalaşdıran və reallaşdıran xarizmatik liderlərin adı ilə bağlıdır. Xüsusən, inqilablar və müharibələr əsri olan XX əsrdə bəşər cəmiyyətində yaranmış yeni inkişaf meyillərini dərindən bilən, onları vaxtında nəzərə alan, qarşısına qoyduğu ideallara doğru xalqı arxasınca apara bilən liderləri olan ölkələr tarixin sınağından uğurla çıxmağı bacarırlar. Belə liderlər xalqların indiki və gələcək yaşayış fəlsəfəsini formalaşdırır, inkişaf etdirirlər.
Bəşəri inkişafın dönüş nöqtəsini təşkil edən müasir dövrdə tale Azərbaycan xalqına çağdaş və müstəqil dövlətçilik fəlsəfəsini milli irs və təfəkkür bazası əsasında formalaşdırmış və reallaşdırmış Heydər Əliyev dühasını bəxş etmişdir. “Bizim məqsədimiz müstəqil, demokratik, hüquqi dövlət qurmaqdır”– deyən və “Müstəqilliyimiz əbədidir” şüarını qürurla irəli sürən Heydər Əliyev 2000-ci il dekabrın 29-da yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində ölkə qarşısında duran strateji xətti belə müəyyən etmişdir: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək”.
Ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmayıb, onun hüdudlarından kənarda, bütövlükdə türk dünyasında dərin izlər buraxmışdır. Bu fəaliyyət, bu sahədə gördüyü işlər az bir zamanda onu türk dünyasının danılmaz liderinə çevirdi. Ulu öndər türk dünyasının həmrəyliyinin, bütün sahələrdə intensiv əməkdaşlıgının tarixi əhəmiyyətini dərindən dərk edir və qürurla deyirdi: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz bir dilli xalqlarıq. Bizim milli ənənələrimiz, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımız hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir- birimızlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
Dünya şöhrəti qazanmış böyük tarixi şəxsiyyətin türk dünyasının birləşməsi və möhkəmlənməsi yolunda gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi olduqca mükəmməl elmi-nəzəri mülahizələr reallıqlara əsaslanmaqla, böyük təcrübəvi və tarixi əhəmiyyətə malikdir. Onlar türk dünyasının birləşməsində, regionun nüfuzlu bir ictimai-siyasi qüvvəsinə çevrilməsində əhəmiyyətli rol oynadı.
Məlum olduğu kimi, türk dünyasının yeni intibah yoluna qədəm qoyması baxımından zamanın tələbləri olduqca böyükdür. İrimiqyaslı elmi və texniki inqilablar dünyanın anlaşılması, yenidən qurulması, Şərqlə Qərb arasındakı və cəmiyyətin öz daxili qüvvələri arasındakı əlaqələri baxımından yeni bir dövr başlatdı. Dünyanı bir-birindən ayrılmış, təcrid edilmiş hissələrdən ibarət görən anlayışlar tarixə qovuşdu. Elmi və texnoloji sıçrayışlarla bərabər dünya xalqları arasında iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin getdikcə dərinləşməsini əks etdirən inteqrasiya və qloballaşma prosesləri özünün məlum daxili ziddiyyətləri ilə yanaşı, dünyanın inkişafının mühərriki oldu. Dünya iqtisadiyyatı bu prosesin nəticəsində bütövləşmiş və vahid sistemə çevrilmişdir.
XX əsrin son onilliyində sovet imperiyasının süqutu, dünyanın bloklara bölünməsinin aradan qaldırılması “soyuq müharibə”yə son qoydu, böyük bir coğrafi bölgədə geosiyasi vəziyyəti kökündən dəyişdirdi. Bəşəri tərəqqi üçün dünya təsərrüfatı sisteminin bütün həlqələri arasında qarşılıqlı faydalı əlaqələrin daha da dərinləşməsi yolunda geniş imkanlar yarandı. Bu coğrafi məkanda Xəzər hövzəsinin zəngin neft yataqlarının mühüm bir hissəsinə nəzarət edən Orta Asiya və Qafqazın yeni müstəqil dövlətləri özünəməxsus yer tutur. Dünyanın neft xəzinəsi sayılan İran körfəzindən sonra öz əhəmiyyətinə görə ikinci yerdə duran bu regionda neft ehtiyatı 30 milyard ton, qaz ehtiyatı isə onlarla trilyon kubmetr təşkil edir. Mütəxəssislərin hesablamalarına görə, XXI əsrin ikinci yarısında orta illik neft hasilatı burada 100 milyon tona çata bilər. Uran və digər mühüm filiz növləri, qızıl ehtiyatı, habelə pambıq parça istehsalı imkanları nəzərə alındıqda regionun əhəmiyyəti daha da artır.
Türk dünyasının birləşməsi zərurəti dünya sivilizasiyasına böyük töhfələr vermiş türkdilli cümhuriyyətləri də əhatə etmişdir. Yeni dövrdə yaranmış tarixi imkan nəticəsində türkdilli cümhuriyyətləri (TDC) son illərdə sürətlə inkişaf edərək, qlobal dünyada mühüm nüfuz sahibi olmuş, öz aralarında siyasi, iqtisadi, mədəni və elmi-texniki sahələrdə əlaqələri əhəmiyyətli dərəcədə genişləndirmişlər. TDC-lərin İşbirliyi Şurası, Parlament Assambleyası, TÜRKSOY və digər sağlam qurumlar yaradılmışdır.
Sovetlərdən ayrılmış TDC-lərin müstəqillik əldə etdikdən sonra regional inteqrasiya problemləri araşdırılarkən nəzərə almaq lazımdır ki, qırmızı imperiyanın süqutunda əsas amillərdən biri olan inzibati amirlik sistemi və uzun müddət davam edən yarımmüstəmləkəçilik siyasəti türkdilli cümhuriyyətlərdə daha sərt olmuş və bu ölkələrə agır sosial-iqtisadi miras qalmışdır. Belə bir dövrdə Sov. İKP MK Siyasi Bürosunun üzvü kimi Heydər Əliyev TDC-ləri hərtərəfli dəstəkləyirdi.
Türkdilli cümhuriyyətlərin 70 illik bir dövrdə “dəmir pərdələrlə” dünya birliyindən siyasi, iqtisadi və mədəni cəhətdən təcrid olunması və ölkənin əsas aqrar-xammal bazası rolunu oynaması onların müstəqillik əldə etdikdən sonra dünya birliyinə sürətlə və səmərəli inteqrasiya etmələrini obyektiv olaraq zəruri edirdi. Bu amil həmin ölkələrin dünya bazarının tələblərinə uyğunlaşdırılması üçün köklü və təcili tədbirlər görülməsini israrla tələb edirdi. Buna baxmayaraq, türkdilli cümhuriyyətlərdə regional iqtisadi inteqrasiya prosesi agır siyasi və iqtisadi şərtlər əsasında formalaşmağa başlamışdır. Müstəqillik illərində bu ölkələrin öz aralarında və dünya dövlətlərilə iqtisadi əlaqələrinin bütün istiqamətlərinin köklü şəkildə yenidən qurulması kimi mürəkkəb bir proses başlanmışdır. Öz milli sərvətlərinə sahibliyin əldə edilməsi bu ölkələrin dünya bazarlarına müstəqil çıxmağına və beynəlxalq iqtisadi əlaqələri mövcud hüquq normalarına uyğun şəkildə qurmağına çox kömək etdi.
Bu ölkələr xam neft, təbii qaz, sənaye xammalı ilə yanaşı, çox çeşiddə sənaye məhsulları istehsal etmək və ixraca yönəltmək potensialına malikdirlər. Hər bir ölkənin təbii sərvətlərini hərəkətə gətirərək istehsalın səviyyəsinin yüksəldilməsi və iqtisadi inkişaf yoluna çıxması ciddi şəkildə satış bazarlarının geniş olmasından asılıdır. Bazarların genişlənməsi və dərinləşməsi iqtisadiyyatın səmərəliliyinin yaxşılaşdırılmasına və inkişaf sürətinin artırılmasına səbəb olur. Məsələn, ABŞ-da transmilli şirkətlərin meydana gəlməsi və dünyanın nəhəng şirkətlərinə çevrilməsi çox böyük bazarların təmin etdiyi üstünlüklər sayəsində mümkün olmuşdur. Avropa Birliyi də böyük bazarların təmin etdiyi üstünlüklərdən faydalanmaq məqsədi ilə dünyada ilk mükəmməl regional birlik yaratmağa nail olmuşdur.
Araşdırmalardan bəlli olur ki, TDC-lərin inteqrasiyasında öz aralarındakı əməkdaşlıq və işbirliyi böyük üstünlüyə malikdir. Çünki Türkiyə və türkdilli cümhuriyyətlərin iqtisadiyyatları, istehsalın quruluşu, ixracat potensialları və idxal etmək istədikləri istehlak malları baxımından müqayisə edildikdə bir-birilərini tamamlayır.
Dünya dövlətlərinin çoxillik təcrübəsi göstərir ki, bol təbii sərvətlərə sahib olan TDC-lər kimi ölkələrin gələcək sosial-iqtisadi inkişafı, onların qlobal və regional proseslərə aktiv və səmərəli şəkildə qatılmasından əhəmiyyətli dərəcədə asılıdır. Dünya dövlətlərinin təcrübəsindən o da bəllidir ki, qloballaşma dövründə tərəqqinin, sənaye istehsalının artırılmasının və sosial-iqtisadi inkişafın həlledici amili heç də neft və qaz, təbii sərvətlər deyil, intellektual və elmi-texniki ehtiyatların artırılmasıdır. Belə resurslar isə tamamilə aydındır ki, uzun tarixi dövrdə inkişaf etmiş dünya dövlətlərinin topladığı zəngin təcrübəni hərtərəfli öyrənmək və ondan istifadə etməklə artırıla bilər. Bütün bunlar isə qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirmək və beynəlxalq əlaqələr sisteminə intensiv qoşulmaqla mümkündür.
Ümummilli liderimiz Heydər Əliyev türk dünyasının bu vacib problemlərinin həllinə xüsusi önəm verirdi. O, müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu məsələlərlə ardıcıl şəkildə məşğul olmağa başladı. Ulu öndər İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 2-ci görüşünün iştirakçılarına (5 iyul 1993-cü il) müraciətində demişdi: “İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin – Türkiyənin, İranın, Pakistanın, Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, Tacikistanın, Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri, material ehtiyatları vardır. Onlardan birgə istifadə olunması əsl müsəlman intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafina töhfə verəcəkdir”.
Məhz müdrik siyasətçi Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin milli maraqlarına əsaslanan xarici siyasət kursu müəyyənləşdirilmiş və dünyanın aparıcı dövlətləri və tanınmış beynəlxalq təşkilatları ilə qarşılıqlı etimad və inama əsaslanan ikitərəfli münasibətlər formalaşdırılmış, inkişaf etdirilmişdir.
1994-cü il oktyabr ayının sonlarında Heydər Əliyev Türkmənistanın müstəqillik qazanmasının 3-cü ildönümü şənliklərində iştirak etmək üçün Aşqabada getdi. Onun çıxışlarından aydın oldu ki, Azərbaycan Prezidentinin məqsədi heç də yalnız şənliklərdə iştirak etmək deyildir. Aşqabadda jurnalistlərə verdiyi müsahibədə bu səfərin daha böyük bir məqsəd izlədiyi aydınlaşdı: “... Türkmənistan bizə bir qonşu, dilimizə və keçmişimizə görə yaxın bir ölkədir. Ona görə də mən demək istəyirəm ki, ölkələrimiz arasındakı əlaqələri möhkəmləndirək.Vaxtilə böyük səhvlər buraxılıb, Azərbaycanı Orta Asiya, ümumiyyətlə, Mərkəzi Asiya ölkələrindən uzaqlaşdırıblar. Mən istəyirəm ki, bu, aradan qaldırılsın. Güman edirəm ki, belə tədbirlər gələcəkdə keçmiş “İpək yolu”nun canlandırılmasına kömək edəcəkdir”.
Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir-birilə, o cümlədən bütün dünya ilə birləşdirilməsində Heydər Əliyevin tarixi “İpək Yolu” layihəsinin həyata keçirilməsi işində göstərdiyi səy və xidmətlər müstəsna əhəmiyyətə malikdir. Bu tarixi layihənin əsas məqsədi əhalisinin ümumi sayı 67 milyon nəfər olan (1991-ci il) Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarətdir. Bu isə həmin cümhuriyyətlərin 70 illik sovet dövründə yığılıb qalmış sosial-iqtisadi problemlərinin həll edilməsi və nəhayət, bu dövlətlərin siyasi və iqtisadi müstəqilliklərinin güçləndirilməsi üçün daha geniş perspektivlərin açılması deməkdir. Məhz buna görədir ki, dünya iqtisadiyyatı və region dövlətləri ilə geniş inteqrasiya bu ölkələrin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Heydər Əliyevin iqtisadi siyəsəti məhz bu məqsədlərə yönəlmişdir.
“Böyük İpək Yolu” layihəsinin reallaşdırılmasında və TDC-lərin qırılmaz tellərlə bir-birinə bağlanmasında Bakı-Tbilisi -Ceyhan boru xəttinin müstəsna əhəmiyyəti vardır. Ulu öndər Heydər Əliyev bunu böyük uzaqgörənliklə dərk etmiş və bütün qüvvəsini həmin xəttin gerçəkləşməsinə yönəltmişdi. Tarix onun bu uzaqgörənliyini qısa bir zamanda təsdiq etdi. Tərəddüd etmədən demək olar ki, Baykal-Amur magistralının tikintisi, qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xətti layihəsi, Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu Heydər Əliyevin türk dünyasının birləşdirilməsi istiqamətində əvəzsiz xidmətləridir.
Ümummilli liderimizin türk dünyasının birliyinin təmin olunması yolundakı tarixi xidmətlərindən danışarkən onu da vurğulamaq lazımdır ki, Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəm təməli məhz Heydər Əliyev tərəfindən ucaldılmışdır. Onun tarixi “bir millət, iki dövlət” ifadəsi hər iki dövlət əhalisinin dilinin əzbəri olmaqla gerçək həyatda bu dövlətlərin real siyasətinin əsasını təşkil edir. Çünki Heydər Əliyevin xarici siyasətində Türkiyə ilə əməkdaşlıq ilk sıralarda yer alır. Azərbaycan-Türkiyə əlaqələri türkdilli dövlətlərin iqtisadi əməkdaşlığının onurğa sütununu təşkil edir və regional əməkdaşlığın genişlənməsi üçün mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə olan hörmət və ehtiramını bu sözlərlə ifadə edir: “ Mustafa Kamal Atatürk bütün türk dünyasının tarixi şəxsiyyətidir. Bütün türk dünyasının əvəzsiz, ölməz lideridir”.
Bu gün dünyada 6 müstəqil türk dövləti mövcuddur. Keçən əsrin 90-cı illərindən başlayaraq, bu dövlətlərin birgə istəyi ortaq mənəvi mirasın qorunması və təbliğ olunması, işbirliyinin genişləndirilməsidir. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev türk dünyasının gələcəyinə böyük ümidlər bəsləyirdi. O deyirdi: “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir.”
Bəs Heydər Əliyevin türk dünyasının gələcəyinə böyük inamı nə ilə bağlıdır? Araşdırmalar göstərir ki, böyük iqtisadi və demoqrafik potensiala malik olan türkdilli cümhuriyyətlər intensiv olaraq qlobal iqtisadi sistemə qoşulmağa və onun verdiyi üstünlüklərin bütün parametrlərindən faydalanmağa böyük önəm verirlər.
Gürcüstan və Ukrayna hadisələri dünyanın yenidən qurulmasının, bəlkə də yenidən bölüşdürülməsinin əsasını qoymuşdur. Dünyanın ikiqütblükdən çoxqütblülüyə keçid dövrü başlanmışdır. ABŞ və AB – nin bütün dünyada hegemonluğunu gücləndirmək istəyi, eləcə də Rusiyanın sovet imperiyasını yenidən bərpa etmək səyləri daha da artmışdır.
Türk dünyası bu siyasi, iqtisadi və texnoloji potensialı əllərində cəmləşdirmiş nəhənglərin döyüş meydanının tən ortasında yerləşmişdir. Bu gün türk cümhuriyyətlərini dünya nəhəngləri öz nüfuz dairələri altında saxlamağa çalışırlar. Hazırda türk dünyası bu iki nəhəng qüvvə arasında bölünmüş kimi görünür. Amma hesab edirəm ki, son nəticədə qloballaşmadan ən çox qazancı böyük Türk soyu əldə edəcəkdir. Belə bir fikrin nə qədər əsaslı olduğunu görmək üçün aşağıdakı amillərə diqqət etmək lazımdır:
-Türk cəmiyyətinin dayandığı sağlam mənəvi təməl ona qloballaşmanın mənfi nəticələrindən yüksək dərəcədə qorunmaq imkanı verir. Həmin mənfi amillər isə məlum olduğu kimi bunlardır: milli-mənəvi dəyərlərin aşınması, mənəviyyatsızlıq nəticəsində genetik irsin ciddi təhlükə altına düşməsi, sağlam cəmiyyətin təməli olan ailə həyatının sarsılması, yer üzünün əşrəfi olan insanın zərərlı vərdişlər nəticəsində deqradasiyaya uğraması və başqaları. Uca Tanrı türk soyuna çağdaş sivilizasiyanı təhlükəyə sürükləyən həmin mənfi təsirlərdən qorunma və əksinə, onları özlərinin lehinə çevirmə imkanı vermişdir;
-qloballaşmanın yaratdığı yeni demoqrafik konyuktura türk cəmiyyətinin xeyrinədir və onun dünyada rolunun və təsirinin daha da artmasına şərait yaratmışdır. Qərb və Rusiyada əhalinin artımı sıfır nöqtəsinə yaxınlaşdığı və əhalinin yaşlanma prosesinin sürətləndiyi bir dövrdə türk dünyasında tamamilə başqa vəziyyət göz qabağındadır: əhalinin sürətli artımı və gəncləşməsi prosesi başlanmışdır. Müsbət demoqrafik faktor, yalnız türk dünyasının sərhədləri daxilində deyil, həm də bu sərhədlərdən kənarda çox böyük təsir gücünə malikdir. Avropa və Rusiyada türk əhalisinin geniş yayılması, sadəcə olaraq türk dünyasından “brain-drain”(beyin köçü) olaraq dəyərləndirilməməlidir. Bu, eyni zamanda türk kültürünün, türk ruhunun dünyaya yayılması, türkçülüyün dünyada bilavasitə və real olaraq tanıdılmasıdır. Bundan başqa, qərbin elm və texnologiyasının, qərb idarəçiliyinin yerindəcə mənimsənilərək, doğma yurda gətirilməsidir;
- Mustafa Kamal Paşanın “yurdda sülh, cahanda sülh” şüarı bütün türk cümhuriyyətlərinin daxili və xarici siyasətinin əsasını təşkil edir. Bu siyasət onlara özlərinin yaxın və uzaq qonşuları ilə dostluq əlaqələrini qurmağa, çox mürəkkəb regionda və bütün dünyada öz milli mənafelərinə uyğun strateji kurs yeritməyə şərait yaradır;
-yeniliksevər türk soyu qloballaşmanın iqtisadi, texnoloji və informasiya sahələrində müasir sivilizasiyanın gətirdiyi inqilabları çevik olaraq öz malı edir və cəmiyyətin tərəqqisi üçün səmərəli istifadə edir;
-qloballaşmanın təməlini təşkil edən neoliberal görüşlər və onun əsasında dünyada formalaşan liberal iqtisadi siyasət və bunun nəticəsi olaraq dövlətlərarası iqtisadi sərhədlərin aradan götürülməsi bir sıra siyasi maneələrə baxmayaraq, türk dünyasının bir-birinə və dünya ölkələrinə daha da yaxınlaşması üçün geniş imkanlar açır;
-türk dünyasının birləşməsində böyük əngəllərdən biri türk cümhuriyyətləri arasında uzun müddət birbaşa nəqliyyat əlaqələrinin, daha dogrusu, yolların olmaması idi. Bu da türk dünyasını parçalamaq istəyən imperiya dövlətlərinin illər boyu yeritdikləri siyasətin nəticəsidir. XIX əsrdə Orta Asiya və Qafqaz xalqlarının çar Rusiyası tərəfindən istilasından sonra onların min illərlə qaynayıb-qarışdıqları cənub qonşuları və diğər dövlətlər ilə ənənəvi əlaqələri kəsildi. Sivilizasiyaya İbn Sina, Nəsirəddin Tusi və minlərlə düha sahibləri bəxş etmiş bu ölkələrə “Rusiyanın ucqarı” damğası vuruldu. Müstəmləkəçilik siyasətini davam etdirən Sovet imperiyasında bu ölkələri dünya ilə birləşdirən çox az miqdar yollar yalnız Rusiya torpaqlarından keçirdi. Bu, yalnız görünən yollara aid deyildi, eyni zamanda, görünməyən mədəni-mənəvi yollara da aid idi. Orta Asiya xalqları və Azərbaycan dünya mədəniyyətinə yalnız rus mədəniyyəti ilə qoşulurdu. Dünya klassikləri əsasən rus dilindən tərcümə olunurdu. Bir sözlə, bu xalqların kainata baxmaq üçün yalnız bir pəncərəsi açıq idi: Rusiyanın yol verdiyi pəncərə...
Qərbin maddi və mədəni dəyərlərindən geniş yararlanmağa çalışan bu ölkələrin zəngin təbii sərvətləri Avropanın ehtiyaclarının qarşılanması üçün mənimsənilməyə başlanmış və dünya siyasətinin ana xəttindən birinə çevrilmişdir. Yeni İpək yolu probleminin yenidən aktuallaşması da Şərq və Qərb arasında enerji daşıyıcılarının Qərbə asan yolla çatdırılması üzərində ciddi işlə, yeni kommunikasiya xətlərinın açılması ilə əlaqədardır. Bu amil də türk dünyasının birləşməsi və dünyada rolunun artması üçün çox faydalıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin gerçəkləşdirilməsi strateji əhəmiyyət daşıyır və iqtisadi olmaqla bərabər, həm də siyasi və mədəni əhəmiyyətə malikdir;
-son dövrlərdə türk dünyasında bir-birinə yaxınlaşma və birləşmə cəhdləri, daha doğrusu, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi sürətləndirilmişdir. Türk dünyası Parlament Assambleyasının, TDC İşbirliyi Şurasının yaradılması böyük əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında əlaqələr “bir millət, iki dövlət” strateji xəttilə irəliləyir;
- bütün türk cümhuriyyətlərində islami dəyərlər daha da güclənir, hər yerdə türk ruhu yüksəlir. Türk dünyasının həmrəyliyi və birliyi, bütün dünyada yaşayan türklərin diasporlarının təşkilatlanması, mədəni-siyasi, iqtisadi əlaqələrin durmadan genişlənməsi Heydər Əliyev ideyalarının və arzularının müasir dünyada reallığa çevrilməsidir. Bir millət, yeddi dövlət və iyirmi doqquz qohum və əqrəbanın birlik və bərabərlik içində olması güclü olmaq deməkdir.
Türk dünyasının böyük oğlu Heydər Əliyev məhz bunu arzulamış və bütün şüurlu fəaliyyətini bu vacib işə həsr etmişdir.
Dünyamalı VƏLİYEV,
AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri,
iqtisad elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.